Zəlimxansız bir il də keçdi...

 

ARADAN KEÇƏN MÜDDƏT ONUN "YAŞATSA, SÖHBƏTİ-SÖZÜ YAŞADAR ŞAİR ZƏLİMXANI QOCA DÜNYADA" HƏQİQƏTİNİ TƏSDİQLƏYİR

 

Şahanə MÜŞFİQ

 

Məndən salam olsun gündə yüz dəfə,

Yurdumun dili bal şairlərinə.

Ürəyi dumduru, ruhu tərtəmiz,

Halaldan da halal şairlərinə.

 

Yadıma gəlir, mənim uşaq ikən adını eşitdiyim ilk şair Zəlimxan Yaqub olub. Onda hələ çox kiçik idim, şeir nədir, ədəbiyyat nədir, şair kimdir bilməzdim. Amma evimizdə Zəlimxan adlı bir şairi sevirdilər.

 

Sonralar, yəni hərfləri, ədəbiyyatı, poeziyanı öyrəndiyim, şairin kimliyini dərk etdiyim zamanlarda Zəlimxan Yaqub adı daha çox marağıma səbəb olmuşdu. Bir neçə dəfə televizorda da görmüşdüm. Ucaboy, enlikürək, şəvə kimi qara saçlı, qədim kişilərə xas görünüşlü bu adam elə yüksək şövqlə danışır, şeir oxuyurdu ki, diqqət kəsilməmək mümkün deyildi.

 

Birində "Səni sevmək üçün gəldim dünyaya" deyirdisə, başqa vaxt "Biz niyə sevməyək bir-birimizi?!" - deyib sual edirdi. Bəzən "Həyatı duymaq"dan söz salır, bəzən isə "Suallar...suallar" deyib "Əbədiyyət" haqda düşüncələrə dalırdı.

 

Biz isə məktəbimizdəki vətənpərvərlik mövzulu tədbirlərimizdə daha çox onun və Məmməd Arazın şeirlərindən istifadə etdiyimizdən o, artıq mənim üçün "Vətən şair" idi. "Vətən deyəndə gərək adamın dodağı çatlasın, bayraq deyəndə gərək ürəyin yerindən oynasın" - deyən şairin şeirləri də məhz adamın dodağını çatladan, ürəyini yerindən oynadan şeirlərdir.

 

"Anam Qarabağ" deməkdən

dilim oldu dilim-dilim,

Mərd oğullar şəhid oldu,

sağ gedənlər sağ gəlmədi.

 

Bu misraları həyəcansız, ağrısız oxumaq olarmı?!

 

Yanvarın 21-i "Vətən şair"in doğum günü idi. Yaşasaydı, 68 yaşını qeyd edəcəkdi...

 

Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olan Zəlimxan Yaqub elə həmin kənddə də orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsil alıb.

 

1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

 

Z.Yaqubun fəaliyyəti bununla da yekunlaşmır. O, həm də uzun müddət ictimai xadim kimi xalqına, dövlətinə xidmət edib. 1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub.

 

Yaradıcılığa ilk dəfə 15 yaşında başlayan şairin ilk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti "Qələbə bayrağı"nda dərc edilib.

 

Şair müsahibələrinin birində "Kitab pasajı"nda işləyərkən əvvəllər işindən narazı olsa da, oranın həyatında silinməz izlər buraxdığını, gələcəyində həlledici rol oynadığını deyib. Belə ki, bütün gün kitabların arasında olarkən müxtəlif kitabları oxuyub, dünyagörüşünü zənginləşdirib, şair və yazıçılarla, cəmiyyətdə sayılıb-seçilən söz adamları ilə tanış olub. Dediyinə görə, hər dəfə kitablara baxanda öz-özünə sual edərmiş ki, görəsən, nə zamansa, mənim də kitablarım bu kitabların sırasında olacaqmı? Və tale elə gətirir ki, onun kitabları həmin rəflərdəki kitabların çoxusundan da yüksəkdə dayanır.

 

2005-ci ildə Xalq şairi fəxri adına layiq görülən, 2008-ci ildə Aşıqlar Birliyinə sədr seçilən şairin səsi yalnız vətənində deyil, vətənindən kənarda, sərhədlərin, dağların, yolların o tayında da tanınır və sevilir.

 

Zəlimxan Yaqubla bağlı heç unutmadığım iki xatirəm var. Onlardan biri budur ki, Zəlimxan müəllim mənim adını ilk eşitdiyim şair olmaqdan əlavə, məndəki ilk imzalı hədiyyə kitabın da müəllifidir: 2009-cu ildə 10-cu sinifdə oxuyarkən "Azərbaycan dili və ədəbiyyatı" fənnindən olimpiadanın rayon və şəhər turlarını birinciliklə bitirib sonuncu - respublika mərhələsinə imtahan verməyə getmişdim. Həmin gün seçki komitəsində işləyən anam bir müəllim yoldaşı ilə birgə onların seçki dairəsinə daxil olan Zəlimxan müəllim və ailəsi haqqında məlumatları yazmaq üçün onların evinə getmişdi. Qonaqları böyük hörmət və mehribanlıqla qarşılayan, özünəməxsus şux zarafatlarından qalmayan şair sonda "şairin sovqatı kitabı olar" deyibən onlara özünün imzalı kitabını hədiyyə etmək istəyir. Onda anam şairə məndən söz açır və hazırda imtahanda olduğumu, ədəbiyyatı və onun yaradıcılığını çox sevdiyimi danışır. Xahiş edir ki, ona çatacaq kitabı qızının, yəni mənim adıma imzalasın. Şair də 2006-cı ildə işıq üzü görmüş "Mən bir dağ çayıyam" adlı şeirlər kitabını "Şahanə qızıma gələcəkdə uğurlar diləyi ilə müəllifdən hədiyyə" imzası ilə anama təqdim edir. Bu kitaba həyatımın ən böyük sürprizi deyə bilərəm. Ədəbiyyatı sevən, amma ədəbi aləmdən çox böyük məsafələrlə uzaq olan bir yeniyetmə üçün bundan gözəl hədiyyə düşünə bilmirəm. Həmin günlərdə Zəlimxan Yaqubu gördüyü üçün anamı elə hey onun haqqında danışdırırdım. Ağlıma gəlməzdi mənim də çox yox, cəmi bir neçə il sonra onunla qarşılaşa, hətta söhbət edə biləcəyim.

 

2012-ci ilin payızında böyük şair Xəlil Rza Ulutürkün Akademik Milli Dram teatrında yubileyi qeyd olunurdu. Onda Bakı Dövlət Universitetinin tələbəsi idim. Fakültədən bizə cəmi 3 bilet göndərmişdilər.

 

Həmin gecədə kimlər yox idi ki... Kitablardan tanıyıb əsərlərilə sevdiyim, hörmət bəslədiyim, əlçatmaz hesab etdiyim şairlərin, yazıçıların çoxusu orada idi. Eləcə də Xalq şairimiz Zəlimxan Yaqub. Artıq xəstəliyinin ağır dövrlərini yaşadığından arıqlamışdı, üzündən halsızlıq, yorğunluq oxunurdu. Çıxışda qorxa-qorxa yaxınlaşdım, salamlaşdım. Güclə gülümsəməyə çalışdı, ehtiramla salamımı aldı. Ayaqüstü onun səhhəti, mənim təhsilim haqqında söhbət etdik və getdi...

 

Ondan sonra bir dəfə də hansısa tədbirdə gördüm. Sonra isə vəziyyəti daha da ağırlaşdı və 2016-cı ilin 9 yanvarında gözlərini əbədiyyən həyata yumdu.

 

Bir ədibin şəxsiyyətimi, yoxsa yaradıcılığımı önəmlidir deyə çox müzakirələr gedir. Kimi şəxsiyyəti, kimi də yaradıcılığı önəmli hesab edir. Mən isə şəxsiyyət yaradıcılığı, yaradıcılıq şəxsiyyəti tamamlamalıdır deyənlərdənəm. Zəlimxan Yaqub şəxsiyyəti poeziyasını, poeziyası isə şəxsiyyətini tamamlayan şair idi. Ən əsası o, kim olduğunu və nə istədiyini, hansı amala qulluq etdiyini çox gözəl bilirdi. Ona görə də bütün həyatı boyunca tutduğu mövqedən, dediyi sözdən bir kəlmə də kənara addım qoymadı. Bəlkə də bu, onun "ürəyindəki Tanrı işığından" irəli gəlirdi. Nə təsadüf ki, onun haqqında eyni sözləri şair Rüstəm Behrudi də deyib: "Bir adam var-sözü sazın pərdələrindən söküb mirvari kimi sapa düzən bir adam. O adam da özündən xəbərsiz içində işıq gəzdirir. O, Zəlimxan Yaqubdur".

 

Zəlimxan Yaqub şeirlərində ən çox Tanrısına müraciət edən, onunla söhbətləşən şairlərdəndir:

 

Yaratdıqca ürək, yaratdıqca əl,

Daşında gül açır, torpağında ləl.

Sənin yaratdığın hər şeydən gözəl,

Əsərin nə gözəl əsərdi, Tanrım.

 

"Yazıçıya, şairə hörmət etmək hamının borcudur... Xalqım məni yaxşı tanıyır" - deyən şairi xalqı ilə yanaşı, sənət dostları, ziyalılar, qələm yoldaşları da gözəl tanıyır və yüksək qiymətləndirirdilər.

 

Nizami Cəfərov onun haqqında deyirdi ki, "Zəlimxan Yaqub bu dünyaya xüsusi missiya ilə gəlib: onun vəzifəsi böyük sənətin mövqeyində dayanaraq, böyük idealları təqdiq etməkdən, xalqla dövlət arasında əsrlər boyu ehtiyac duyulan hormoniyanın yaranmasına sənətkar-mütəfəkkir xidməti göstərməkdən ibarətdir".

 

Bəxtiyar Vahabzadə onu xalqla eyni yaşda şair adlandırırdı: "Əgər şair xalq ruhundan doğan sözü deyə bilirsə, o, həqiqətən xalqın ürəyində əks-səda tapır. Əks-sədaya çevrilmək üçün isə xalqla eyni yaşda olmağı bacarmalısan. Zəlimxan Yaqub belələrindəndir".

 

Zəlimxan Yaqubu Hüseyn Arifə doğmalaşdıran, sevdirən cəhət məhz budur ki, "O, əsas enerjisini bəziləri kimi özünü təbliğə yox, təsirli, bəşəri mövzuları xalq ruhuyla milli zəminlə bağlamağa sərf edir".

 

Xəlil Rza Ulutürk onun çoxşaxəli istedadını bu cür dəyərləndirib: "Zəlimxan yeganə şairdir ki, Azərbaycanda heç bir təbliğata ehtiyacı yoxdur. İnciməsin Mikayıl, aktyora da ehtiyacı yoxdur. Çünki o, həm aktyordur, həm şairdir, həm aşıqdır, həm də küll halında, ensiklopedik lüğətdir. Natiqdir, böyük ictimai xadimdir" .

 

"Zəlimxan sinəsi dolu şairdir. Vətən və torpaq sevgisi, bəlkə də, Zəlimxan şeirində birincidir" - deyib Musa Yaqub.

 

Zəlimxan Yaqubun "gözünün işığı kimi" sevdiyi əsərlərdən biri Mövlud Süleymanlının "Köç" romanı olub. O, ədibin dilinin təmiz Azərbaycan dili olmasını yüksək qiymətləndirərdi. Görünür, Mövlud müəllim də onun haqqında eyni fikirdədir: "Sadəcə, bir şeyi deyim: onun yaradıcılığı mənim türkcəmin çox doğma sözlərindən, duyğularından götürülüb ki, bu duyğuların, sözlərin minlərcə yaşı var. Minilliklərin də ruhunu ifadə eləyir".

 

Rüstəm Kamal isə deyir ki, O, türk dilinin şairidir. O, Azərbaycan mənəviyyatının, Azərbaycan kişiliyinin şairidir.

 

Ədəbiyyatı, sazı, sözü canı qədər sevən şairimiz ömrünün axır zamanlarında "sazdan küsmüşəm, daha əvvəlki kimi çalıb-oxuya bilmirəm" -desə də, qələmi əlindən yerə qoymadı. Bu haqda deyirdi ki, "Yaradıcılıq mənim ruhumdadır, ürəyimdədir, içimdə, daxili dünyamdadır. Onu heç nə mənim əlimdən ala bilməz. Ölümdən başqa..."

 

Ölümü isə hər anında, hər saniyəsində gözləyir, ondan qorxmurdu. Çünki: "Ölümdən qorxmağa dəyməz. Hamı öləcək. Amma kişi kimi yaşamaq, bütün insanları ürəklə salamlamaq, ürəklə qarşılayıb yola salmaq, gözəl yaradıcılıq qoyub getmək mənim müqəddəs borcumdur".

 

Zəlimxan Yaqub ömrünü necə həssas, mərd yaşamışdısa, eləcə də başa vurdu. Eynən özünün də dediyi kimi:

 

Məni ömrün yolunda çox ölümlər haqladı,

Nə əqidəm sarsıldı, nə inamım laxladı.

Çətin gündə qollarım torpağı qucaqladı,

Ayaqda sürünmədim, baş ömrü yaşamışam...

525-ci qəzet  2018.- 23 yanvar.- S.6.