Öz yaradıcılıq iqlimi olan sənətkar - Yusif Həsənbəy

 

Qurban BAYRAMOV

Tənqidçi-ədəbiyyatşünas

(Əvvəli ötən sayımızda)

 

Əsərləri Mirzə İbrahimov, Bəkir Nəbiyev, Qılman İlkin, Qabil, Fikrət Qoca, Hüseyn Abbaszadə, Nazif Qəhrəmanlı və başqa qələm dostları tərəfindən yüksək qiymətləndirilmiş Yusif Həsənbəyin bədii yaradıcılıq imkanlarının daha böyük bir sferaya və mərhələyə keçidi Azərbaycan dövlətçiliyinin müstəqillik dövrünə düşür.

 

Bu mərhələyə qədər Yusif Həsənbəy bir şair, tərcüməçi, dramaturq, publisist kimi tanınsa da, geniş masştablı nasir kimi az tanınırdı. Doğrudur, onun maraqlı novellalar, hekayələr müəllifi kimi ara-sıra nəsr nümunələri ilə rastlaşsaq da, yeni əsrdə o, birdən-birə roman müəllifi kimi oratya çıxdı. "Sualtı döyüşlər" romanı (2001) bu janrın yeni və təzə bir nümunəsi kimi qarşılandı, Yazıçılar Birliyində və başqa ictimai yerlərdə geniş müzakirələri keçirildi, təqdimatı oldu, haqqında ədəbi tənqidin maraqlı fikirləri ortaya çıxdı...

 

Yazıçılar Birliyindəki təqdimatda məruzəçi mən idim və həmin məruzənin mətni "Nəsrimiz: yeni mövzunun yeni bədii həlli" adında ("Ədəbiyyat qəzeti" (2002) irihəcmli ədəbi-tənqidi məqaləm dərc olundu...

 

Bu romanın özəlliyi nədən ibarət idi? Ən əvvəl, mövzu seçimində və mövzuya yanaşma üsulunda! Süjeti və ideyanın bədii həllinə gedən təhkiyə isə ənənəvi roman janrının uğurlu davamı idi.

 

Azərbaycan qədim dənizçi ölkəsi olmasına baxmayaraq (Tur Xeyerdal Qobustan qayaüstü rəsmlərinə görə Azərbaycanı dünyada dənizçiliyin beşiyi adlandırmışdı; Azərbaycanda rəsmi dənizçilik idarəsi 1858-ci ildə yaradılmış, dünyada ilk buxar gəmisi Xəzər dənizində üzmüş, 1901-ci ildə Xəzər dənizçilik donanmasında 788  gəmi olmuşdur), hələ bu romana qədər Azərbaycan dənizçilərinin həyatından bəhs edən irihəcmli bir bədii əsər yazılmamışdı və doğrudan da təəccüblü o idi ki, bu heç kimin diqqətini cəlb etməmişdi. Dənizçilik ölkələrindən biri olan Azərbaycan, onun paytaxtı Bakı (hələ Bakı limanına qədər tarixən Azərbaycanda Xəzərsahili qədim şəhərlərimizdə bir neçə böyük ticarət limanları mövcud olmuşdu) şəhərinin dəniz donanmaçılarının həyatından, fəaliyyətindən bəhs edən bədii əsər yazılmamışdı...

 

Yusif Həsənbəy "Sualtı döyüşlər" romanı ilə dünya ədəbiyyatı ənənələrindən bəhrələnərək sırf real dənizçi həyatından bəhs edən, bu sahədə işləyən müasirlərimizin, həməsrlərimizin obrazlarını real həyat lövhələrində canlandıran, müasir dənizçi məişətini bütün nüansları ilə əks etdirən yaxşı bir əsər yazıb, Azərbaycan ədəbiyyatında bu mövzuda ilk bünövrə daşı qoymuş, yeni bir mövzu istiqaməti müəyyənləşdirmişdir... Bununla Azərbaycan bədii nəsrinin dövriyyəsinə yeni mövzu daxil olmuş, aktual, çağdaş ədəbi-bədii fakta çevrilmişdir.

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bu roman haqqında deyib: "Şair, populyar mahnı mətnlərinin müəllifi kimi tanınan Yusif Həsənbəyin romanını oxudum, sevindim. Kitabda dənizçi həyatından və müxtəlif ölkələrdən aldığı təəssüratı qələmə alan müəllif maraqlı obrazlar yaradıb. Yusif Həsənbəy mövzuya aid olan həyatı dərindən öyrənib, uzaq ölkələrdən keçərək o yerlərin insanlarının həyatına nüfuz edib və tanış olduğu sferaları əsərinə bacarıqla gətiribdir".

 

Belə bir müvəffəqiyyətli yaradıcılıq işindən sonra Yusif Həsənbəy yeni enerji ilə qələminə sarılır, bir-birinin ardınca müxtəlif janrlarda yazdığı əsərləri ilə mətbuatda çıxış edir, bir-birindən maraqlı bədii nümunələr yaradır. "Onu çağırırlar" (2005), "Vicdan yol açır" (2006), yuxarıda bəhs etdiyimiz "Sarı Çalı" povestləri, "Tanrımla söhbət" (2007), "Cənnətin bağlı yolları" (2007) poemaları, "Dəniz aclığı", "Təkan" kimi hekayələri, müxtəlif şeirləri, publisist yazıları bu mərhələnin dəyərli bədii məhsullarıdır.

 

Yusif Həsənbəyin "Sualtı döyüşlər. Next" (2012) kitabına onun son illərdə qələmə aldığı iki romanı və "Təkan" povesti daxil edilib. Müəllifin qəhrəmanları həyatlarının ən çətin anlarında belə ən yaxşı insani keyfiyyətləri - düzgünlüyü, səmimiliyi, doğruluğu və xeyirxahlığı saxlamağa çalışır. Yazıçı ədəbiyyatımızda az işlənən dəniz, eləcə də çağdaş gənclik mövzusuna özünəməxsus üslubda yanaşır.

 

Yusif Həsənbəyin maraqlı, diqqətçəkən əsərlərindən biri "Təkan" ("Ədəbiyyat qəzeti", 20 dekabr, 2007) - xatirə motivində yazdığı sənədli hekayəsidir. Hekayədə ədəbiyyatın zəhmli yollarında mənəvi sıxıntılar keçirən, mühitin biganəliyindən psixoloji  deqradasiyaya uğrayan istedadlı şairə nəhəng, müqtədir, şöhrət çələngi gəzdirən, dağ siqlətli bir sənətkarın (qəhrəmanının probrazı müqtədir Xalq yazıçımız İlyas Əfəndiyevdir) qayğısından, köməyindən, ona güc-qüvvət, təkan verməsindən söhbət açılır. Xatirə elə çözələnir ki, bu böyük sənətkara adi insanların məhəbbəti, hörməti, izzəti ilmələnir, aşkarlanır, görsənir və son olaraq ümumxalq məhəbbətinin ifadəsinə çevrilir... Bu hekayə sonra genişləndirilərək 2014-cü ildə povest janrında oxuculara təqdim edilmişdir ("Təkan", Bakı,"Azpoliqraf", 2014, 80 səh.). Povestin ideya-estetik xəttində əsas cəhət ondan ibarətdir ki, insan həyatındakı təsadüflər ilahi zərurətdən yaranır. Və bu təsadüf elə bir zərurətə çevrilir ki, bütöv bir həyatın məna və məzmununu şərtləndirir. İnsanın həyatındakı təsadüflər, əslində, onu məqsədinə doğru aparan yolda bir əlamət, bir rəmzdir. Bu rəmzlər mahiyyət etibarı ilə insanın sonadək anlamadığı, dərk etmədiyi ilahi "sifətlər"dir. Müəllif povestdə, həmçinin xeyirxahlıq, vicdanlılıq, dürüstlük kimi yüksək mənəvi-əxlaqi keyfiyyətləri ustalıqla oxucusuna təlqin edir.

 

Demək olar ki, bu əsərlərin hamısında müasirlik, ictimai problemlər, sosial mühitin sıxıntıları, milli-mənəvi, əxlaqi dəyərlər, bu dəyərlərə insani münasibətlər, ruhi məqamlar, intellekt sahibi olan bəşər üzvünün Tanrısı ilə saflıq axtarışlarında ruhi söhbətləri, iç dünyadan "cənnətin" nədənsə üzümüzə bağlı qalan yollarının axtarışları, bu yolları yenə mənəviyyat açarı ilə "vicdanın açarı ilə açmaq istəyi, insanı təmizliyə, mənəvi saflığa çağırış istəkləri, arzuları Pir babanın bizlərə qoyub getdiyi Pir bulağının itirdiyimiz saflığına, duruluğuna"  inama qayıdış bəzən zəif, bəzən güclü, amma təmiz, xoş yazıçı niyyəti ilə qələmə alınmışdır.

Bu cəhətdən "Cənnətin bağlı yolları" poeması xüsusən fərqlənir. Burada "cənnət" mistik obraz deyil, Cənnət kimi gözəl olan Qarabağa işarədir:

 

Üz tutmamış yaramdı  Qarabağım!

Nə sönür, nə qaysaqlanır,

Sulandıqca dağlanır,

Dağıdılmış yuvamdı  Qarabağım!

Nə qədər ki,

Düşmən əlindədir torpağımız,

Yatdığımız yuxu haramdı, qardaşlar,

İçdiyimiz su haramdı...

 

Onun bu qəbildən olan poemalarında, ümumiyyətlə, şeir yaradıcılığında gerçəklik, həyatilik emosional müstəvidə təqdimi yaxşı bir cəhddir, amma mühitlə səsləşən, həmahəng olan və sadəliyə meyilli emosionallıqdır. Yusif Həsənbəyin şeirlərində psixoloji-analitik təhlildən çox real hadisələrə müraciət, monoloqlar üstündür. Onun ictimai məzmunlu şeirləri birtərəfli monoloqdur, dialoqa çevrilmir; şairin oxuculara ünvanlanan düşüncələridir. Şairin üslubunda poetik-bədii situasiyanın tərənnümdən çox, şərhinə üstünlük verilir... Ümumiyyətlə, Yusif Həsənbəyin misra intonasiyasında bir nəsr düzümü, nəsr sərbəstliyi var. Həmçinin, nəsrində, xüsusən povest və hekayələrində sadə lirizm, şairanə müşahidələr üstünlük təşkil edir. Onun təhkiyəsində  şeir dilinin sintaktik biçimləri yer alır. Və bu biçimli hekayələr oxucusuna lirik, şairanə effekt aşılayır...

 

İndinin özündə də, Yusif Həsənbəy böyük Səməd Vurğun demiş "Əlimdədir hələ qələm!" devizi, gənclik enerjisi ilə yazıb-yaradır.

 

Müstəqillik dövrünün mətbuatında tez-tez silsilə şeirləri dərc edilir. Bu şeirlərdəki lirizm, yeni deyim tərzi, gənclik ehtirası, orijinal qafiyə və bənzətmələr diqqəti cəlb edir. Onun bu yaxınlarda "525-ci qəzet"də dərc edilən "Bahar gəlir",  "Səndən heç nə istəmirəm", "Məhəbbət şirin acıdır", "Qocalar tələsmir", "Dənizdə fırtına var" şeirlərinə göz atdım və bu şeirlərdəki coşğun ovqatı elə bil özünün "Qocalar tələsmir" şeirində təsvir etdiyi:

 

Alnım qırış-qırış, sanki xış kəsib,

 Basır kipriyimi codlaşan qaşım!

Qamətimi elə hey dikəltsəm də,

Qurşaqdan yuxarı qalxmayır başım!

 

- qocaman şair yazmayıb! "Səndən heç nə istəmərəm" şeirindəki şövqə, ehtirasa diqqət yetirin:

 

 Bir sən olasan, bir də mən,

Səndən heç nə istəmərəm!

Ölüm istərəm əcəldən,

Səndən heç nə istəmərəm!

...İstəsəm qaynar ağuşlar,

Dolana boynuma saçlar,

Qarışa ağıllar, huşlar!

Gəlsin baş-başa qaşların.

Od püskürsün baxışların!

Sel-sel axsın göz yaşların!

Yağdır başıma yağışlar.

Qoy məni yaxsın atəşlər,

Sönsün gözümdə günəşlər.

Gözlərin köksümə xəncər,

Sözlərin qəlbimə şeşpər!

Səndən heç nə istəməsəm,

Tökülər başıma daşlar!

Dondurar yazımı qışlar!

Çəkərəm şövqümə neştər.

Yetər sona bu təşvişlər

Səndən heç nə istəmərəm!

... Yusif, dəryadı səbrimiz,

Hər möhnətə dözərik biz.

Nola bir düşə qəbrimiz,

Məzarda yox,

Yar qoynunda, o cənnətdə,

Sinə boyu, qol boyunca,

Sən doyunca, mən doyunca.

Aşkar öpüşə qəlbimiz, -

Odlara düşə qəlbimiz.

Bir ocaqda külə dönsək,

Uf demərəm,

Ancaq səndən,

Səndən heç nə istəmərəm.

 

Allahverdi Eminov haqlı olaraq yazır ki: "Yusif Həsənbəy sədaqətini, ülviliyini qorumaq naminə, poeziyanın ən kövrək və kontrastlı  imkanlarını gerçəkləşdirmişdir.  Epitetlər, poetik assosiasiyalar, zərif nüanslar məhəbbətin bakirəliyini  işıqlandırır".

 

Yusif Həsənbəy həm yaradıcılığının, həm də həyatının müdriklik çağlarını yaşayır. Bu, çətin, əzablı, axtarışlı, səmərəli, zəngin, öz iqlimi, ab-havası olan yaradıcılıq ömrünün çox dəyərli məqamı deməkdir. Yusif Həsənbəyə yaradıcı ömrünün 85-ci məqamında möhkəm sağlamlıq, sözdən süzülən yeni-yeni uğurlar, yorulmazlıq arzulayıram.

 

525-ci qəzet.-2018.-31 yanvar.-S.6.