Xətaişünaslığa yeni töhfə

 

 

Şah İsmayıl Xətai Heydər oğlu (1486-1524) görkəmli dövlət xadimieyni zamanda, istedadlı bir şair kimi tariximizə daxil olmuşdur.

Vaxtilə hələ orta əsr təzkirəçilərindən şairin öz oğlu Sam Mirzə ("Tohfeyi-Sami"), Lütfəli bəy Azər ("Atəşkədə"), Əliqulu xan Valeh ("Riyazüş-şüəra") və başqaları Şah İsmayıl Xətaidən bir şair kimi qısaca bəhs etmiş və şeirlərindən bir-iki beyt misal gətirməklə kifayətlənmişlər. Təəssüf ki, bu təzkirəçilər şairin "Divan"ı haqqında əsaslı məlumat verməmişlər.

Orta əsr tarixçilərindən Həsən bəy Rumlu ("Əhsənüt-təvarix"), Mirxond ("Rövzətüs-səfa"), İskəndər bəy Münşi Türkmən ("Tarixi-aləmarayi-Abbasi") və başqaları da təzkirəçilərdən irəli gedə bilməmişlər.

Xətainin əlyazmaları XVII əsrdən başlayaraq elm aləmində tanınmışdır.

XIX əsrədək, Avropada Xətai əsərləri əlyazmalarının elmi təsviri işinə başlanana qədər yaxın Şərq müəllifləri şairin əlyazmaları haqqında buna bənzər şəkildə, yəni çox qısa və səthi məlumat vermişlər. RusiyaAvropa şərqşünaslarından H.Purqştall, Ş.Rio, A.Krımski, E.Bloshe, G.Perç, V.Minorski, E.Rossib. Xətai əsərlərinin nəşri və tanıdılması sahəsində xeyli faydalı işlər görmüşlər.

Xətainin bir sıra qədim əlyazmaları AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun fondunda, Şərq və Qərb ölkələrinin kitabxanalarında qorunub saxlanır. Sankt-Peterburq, Paris, London,  Berlin, Vatikan, Daşkənd, İstanbul, Qahirə, Tehran, Təbriz və s. şəhərlərdə də Xətai əsərlərinin qədim əlyazma nüsxələri vardır.

XX əsrdə Xətainin əsərləri istər vətənimizdə və istərsə də xarici ölkələrdə bir neçə dəfə nəşr edilmişdir. 1919-cu ildə ədib Y.V.Çəmənzəminli "Azərbaycan ədəbiyyatına bir nəzər" adlı əsərində şairin həyat və yaradıcılığından qısa şəkildə danışdıqdan sonra Xətai divanından bəhs etmiş, nümunə üçün 2 qoşma və 4 qəzəlini də öz kitabında vermişdir. Çəmənzəminli həmin kitabında Xətai külliyatının Təbrizdə çap olunduğunu da qeyd etmişdir.

Prof. Bəkir Çobanzadənin "Xətainin yaradıcılığı və dili" adlı monoq-rafiyasını və S.Mümtazın Şah Xətai ədəbi irsinin tədqiqi və nəşri sahəsindəki faydalı xidmətlərini də qeyd etmək lazımdır. Ədəbiyyatşünas S.Mümtaz "Şah Xətai" adlı məqaləsində şairin həyat və yaradıcılığından bəhs etdikdən sonra onun lirik qəzəlini nümunə üçün "Maarif və mədəniyyət" jurnalında (1923, ¹4) çap etdirmişdir. Jurnalın digər nömrələrində (1923, ¹ 8, 9, 10, 11) ilk dəfə olaraq çap etdirdiyi Xətainin "Dəhnamə" məsnəvisini Əlyazmalar fondunda saxlanılan "Mənaqibi-Şeyx Səfi" (1019-1610-cu il) əlyazmasındakı nüsxə əsasında hazırlamışdır. Daha sonra prof. B.Çobanzadə və S.Mümtaz 1930-cu ildə Xətai "Divan"ını Britaniya və Ərdəbil nüsxələri əsasında tərtib etmişlər.

Xətai ədəbi irsinin nəşri sahəsində ədəbiyyat müntəxəbatlarının da rolu qeyd edilməlidir. Şah İsmayıl Xətai əsərlərinin ayrıca kitab halında nəşrinə 1946-cı ildən başlanılmışdır. Bu sahədə ilk təşəbbüsü şairin ədəbi irsinin tədqiqi və nəşri sahəsində faydalı xidmətləri olan akad. H.Araslı etmişdir. Müəllif Xətainin "Dəhnamə" poemasını ixtisarla 1946-cı ildə çap etdirmişdir. Kitabda həmçinin, müqəddimə və poemada gedən bir sıra ərəb-fars tərkibləri, qədim Azərbaycan sözlərinin lüğəti də verilmişdir. "Dəhnamə" daha sonra H.Araslı tərəfindən  Sankt-Peterburq və Bakı əlyazma nüsxələri əsasında çap olunmuşdur.

Xətai irsinin nəşri sahəsində görülən faydalı işlərdən biri 1946-cı ildə Azərbaycanın İranla mədəni əlaqələr cəmiyyəti tərəfindən ərəb əlifbası ilə çap olunan şah İsmayıl Xətainin "Qəzəllər" kitabıdır. Kitabın giriş hissəsində Z.İbrahimovun "Böyük dövlət xadimi" və H.Araslının "Şah İsmayıl Xətainin ədəbi yaradıcılığı" adlı məqalələri dərc edilmişdir. Kitaba şairin 166 lirik qəzəlini daxil edən H.Araslı Əlyazmalar fondunda saxlanılan Xətai "Divan"ından, Britaniya muzeyi nüsxəsi ilə Ərdəbil nüsxəsi əsasında tərtib edilmiş əlyazmadan istifadə etmişdir.

1964-cü ildə Mirzə Abbasov tərəfindən tərtib edilmiş Xətainin "Seçilmiş əsərləri" kitabına 169 qəzəl, 31 qoşma, 9 bayatı və 1 rübai daxil edilmişdir. Əzizağa Məmmədovun nəşr etdirdiyi iki cildlik Xətai əsərləri də diqqəti cəlb edir. Avropada Şah İsmayıl Xətai irsinin tədqiqi və nəşri sahəsində görülən əhəmiyyətli işlərdən şərqşünas prof. V.Minorskinin "The Poetry of Shah Ismail I" adlı əsərini göstərmək olar. 1942-ci ildə Londonda çap edilən bu əsərlə V.Minorski özünə qədər olan Avropa şərqşünaslarından daha sox irəli getmişdir. 48 səhifədən ibarət olan bu əsərin müqəddiməsi ingiliscə olub, 6 hissədən ibarətdir. Əsərdə giriş, Xətai divanının Avropanın müxtəlif kitabxanalarında saxlanılan qədim nüsxələrinin biblioqrafiyası, şeirlərinin dili və vəzni, məzmunu, əlyazma nüsxələrinin təhlili və qədim sözlərin lüğəti verilmişdir. Əsərin sonuna isə Xətainin Azərbaycan dilində seçilmiş 19 şeirinin tənqidi mətni və bu şeirlərin ingiliscəyə sətri tərcüməsi əlavə edilmişdir.

Türkiyədə Xətai ədəbi irsinin tədqiqi və nəşri ilə əsasən Sadeddin Nüzhet Ergun məşğul olmuşdur. Müəllif 1930-cu ildən başlayaraq "Bəktaşi şairləri" adlı kitabına Xətainin heca vəzni ilə yazılmış 44 şeirini, "Bəktaşi şairləri və nəfəsləri" kitabının 1944 və 1955-ci il nəşrlərinə 23 heca vəzni və 7 əruz vəznilə yazılmış şeirlərini daxil etmişdir.

Xətai irsinin tədqiqi və nəşri sahəsində çalışan türk müəlliflərindən Abdulbaqi Gölpinarlı 1953-cü ildə çap etdirdiyi "Qayğusuz Abdal, Xətai, Qul Hümmət" adlı kitabçaya şairin cünglərdən topladığı əsərlərindən 27-sini daxil etmişdir. 1959-cu ildə Neapolda Turxan Gəncəyi  tərəfindən şairin qəsidə və qəzəllərinin tənqidi mətninin çap edilməsi də maraqlı faktdır. Xətai əsərlərinin ərəb əlifbası ilə tərtib edilmiş tənqidi mətnində divanın Paris nüsxəsi (948-1541) əsas götürülmüşdür. Kitaba 232 qəzəl və 27 qəsidə daxil edilmişdir.

Tanınmış türk alimi, prof.dr. Muhsin Macitin "Xətai" divanını geniş ön söz və əlavələrlə çap etdirib ədəbi ictimaiyyətə təqdim etməsini xətaişünaslıqda irəliyə doğru atılmış böyük bir addım saymaq olar. Uzun və gərgin əməyin sonucu olaraq ortaya çıxmış Xətai əsərlərinin yeni tənqidi mətni bir neçə baxımdan diqqətə layiqdir. Qardaş Türkiyə Cümhuriyyətinin prezidenti R.T.Ərdoğan, başbakanı B.Yıldırım, eləcə də Kültürturizm bakanı N.Kurtulmuşun  ön söz və təqdimatıyla açılan bu dəyərli kitabı vərəqləyərkən mətnşünaslıqda xeyli təcrübəsi olan araşdırmaçı alimin Xətai əsərlərinin tənqidi nəşrini hazırlayarkən nə kimi çətinliklərlə qarşılaşdığı gözlərimiz önündə canlanır.

Şah İsmayıl Xətai əsərlərində Nəsimi şeirlərinin güclü təsirini görən müəllif hətta hökmdar şairin Nəsimiyə yazdığı bəzi nəzirələrin Nəsimiyə "mal edildiyini" də göstərir. Eyni zamanda, Karamanlı Nizamininbir qəzəlinin Xətai divanında eynilə verildiyini bildirir. Əhməd Paşanın "Ey dost" rədifli bir qəzəlinin isə iki beyt azaldılaraq Xətai divanına salındığını vurğulayır.

S.Nazifin bir zamanlar M.F.Köprülünün Xətaini Azərbaycan ədəbiyyatının bel sütunu adlandırmasına qarşı çıxdığını qeyd edən M.Macit, dolayısıyla bu fikrə tərəfdar olduğunu göstərir. O da maraqlıdır ki, sonralar Köprülü Xətainin şairlik qüdrəti haqqındakı böyük fikirlərindən daşınmış, 1947-ci ildə "İslam Ensiklopediyası"na yazdığı "Füzuli" maddəsində Şah İsmayılı daha çox "Yəsəvi gələnəyindən və Yunus poeziyasından təsirlənən bir sufi şair olaraq" təqdim etmişdir.

Son illərdə Türkiyədə Ahmet Yaşar OcakAhmet Karamustafanın çalışmalarıyla üzə çıxan Vəfailik üzərinə Ayfer Karakaya-Stumpin apardığı araşdırmalar qızılbaşlığın yayıldığı coğrafiyada yəsəvilikdən daha çox, vəfailiyin təsiri olduğunu göstərməkdədir. Təəssüf ki, bu maraqlı izah-qeyd müəllif tərəfindən inkişaf etdirilərək tam açıqlanmır, sadəcə məlumat olaraq qalır.

Bir çox Şərq ölkələrində, özəlliklə Anadoluda öz varlığından keçib şahın varlığında yox olmaq arzusuyla "Xətai" təxəllüsünü işlədən təəssübkeş "şairlərin" ortaya qoyduqları örnəklərin zaman keçdikcə Şah İsmayılın şeirləri arasına qarışması fikri həqiqətə uyğundur. Bunun nəticəsində cüng və məcmuələrdə "Xətai" təxəllüslü, fəqət gerçək yazarı bilinməyən şeirlərin sayı artmışdır. Bunu həm heca, həm də əruz vəznli əsərlərə aid etmək olar. Təsadüf deyil ki, əski divan nüsxələrində ümumən 250-260 şeir olduğu halda, sonrakı nüsxələrdə şeirlərin getdikcə artması nəzərə çarpır. O da maraqlıdır ki, müəllif məhz həmin şeirlərdə vəzn və qafiyə qüsurlarının daha çox olduğunu ehtimal edir.

Xətai divanının "Əli" və "eşq" kəlmələri üzərində qurulduğunu deyən M.Macitin diqqəti cəlb edən başqa maraqlı bir qeydi əsərlərindən gətirdiyi bəzi misralara söykənərək hökmdar şairimizin qulağı sırğalı portretini cızmasıdır.

Xətai sözlərin səm etsün ol mah,

Ki, şəhlər guşinə lö`lö gərəkdür.

Xətai poeziyasının təsir dairəsini diqqətlə izləyən müəllif XVI yüzildə nəzirə məcmuəsi tərtib edən Ədirnəli Nizami və Pərvanə bəy kimi Osmanlı şairlərinin də Xətai qəzəllərinə nəzirələr yazdığını qeyd edir.

Xətai divanının əlyazma nüsxələri arasında ən mükəmməl nüsxələrdən biri kimi Sultan əl-Kurrai kitablığı nüsxəsini göstərir. Bu nüsxə, müəllifin fikrincə, 1546-cı ildə Yari tərəfindən Məhəmməd xan tərzində köçürülmüşdür. 11 vərəqdən ibarət Kitabxaneyi-Məclisi-Şurayi-Milli nüsxəsinin şair hələ həyatda ikən köçürüldüyünü diqqətə çatdırır.

Xətainin uşaqkən, hələ Lahicanda gizli yaşadığı dövrdə Qurani-kərimin üzünü köçürməsi və onu Nəcəfdə hz. Əli türbəsinə bağışlaması rəvayətinə toxunan Macit İ.H.Ərtaylanın da onun Şah Mahmud və Hacı Məhəmməd Təbrizidən xətt dərsi alması haqdakı fikrini dəstəkləyir. Hətta sülüs və nəstəliq xəttiylə köçürdüyü "Kəlimati-Murtəzaiyyə" adlı əsərin Münihdə Baryera Dövlət Kitabxanasında saxlandığını bildirir. İstanbul Universitet Kitabxanasında da Şah İsmayılın əl yazısıyla bəzi murakkaların tapıldığını və başqa ehtimalları araşdırıb saf-çürük edən M.Macit Xətainin sağlığında köçürülmüş, əvvəldən və sondan naqis olan 3 divan nüsxəsinin olduğunu da təsdiqləyir.

Alman alimləri Karl LachmannPaul Maasın "Texkritik" (1927) əsərinə əsaslanan tədqiqatçı alim "Nüsxələrin soyağacını çıxarmaq yöntəmi"ni klassik əlyazmalara tətbiq etməyi məqsədəuyğun sayır. Fikrimizcə, özlüyündə müsbət və mütərəqqi hal kimi diqqəti çəkən bu prinsipdən biz də yararlanmalı, klassik əlyazma nüsxələrinin öyrənilməsi və təhlilində bu metoddan geniş istifadə etməliyik. Bu prinsiplə hərəkət edən və özünə qədərki araşdırma və nəşr variantlarını tutuşduran müəllif Şah İsmayılın ölümündən qısa bir zaman sonra divanına əlavələrin edilməsi, Nəsimiylə Xətainin bəzi şeirlərinin qarışdırılması, Osmanlı şairlərindən Şeyxi, Əhməd Paşa və Karamanlı Nizaminin bəzi qəzəllərinin Xətaiyə mal edilərək nüsxələrə salınması qənaətinə gəlir.

Onu da deməliyik ki, indiyədək nəşr edilmiş Xətai divanlarında 19 qəsidə, 440 qəzəl, 1 müsəddəs, 2 məsnəvi ("Dəhnamə" və "Nəsihətnamə"dən başqa), 10 tuyuq, 1 qit`ə və 1 mətlə` olmaqla 474 türkcə şeir vardı. Azərbaycan və İranda çıxan Xətai divanlarında çoxu mətlə` olmaqla 32 farsca, 1 ərəbcə şeir olmasına baxmayaraq, M.Macit yazma nüsxələrdə yer alan 1 təxmis və 4 qəzəl olmaqla farsca cəmi 5 şeiri yeni divana salmağı məsləhət bilmişdir. Uzun və gərgin əməyin nəticəsi olaraq ortaya çıxan bu Xətai divanında müəllif ən mötəbər əlyazma nüsxələri və indiyədək müxtəlif ölkələrdə nəşr edilmiş divanları tutuşdurmuş, qısaltmalar, transkripsiya əlifbası vermiş və hər səhifədə nüsxə fərqlərini göstərmişdir. M.Macit divana 200-ə yaxın səhifəlik geniş bir ön söz yazmışdır ki, Xətainin mühiti, dövrü, şəxsiyyəti və yaradıcılığı haqqında mükəmməl bir araşdırma təsiri bağışlayır.       

Görkəmli türk alimi, prof.dr. Muhsin Macitin böyük zəhmət və fədakarlıqla araya-ərsəyə gətirdiyi, müxtəlif ölkələrdə geniş oxucu kütləsinin yararlana biləcəyi Xətai divanı, həqiqətən də, ümumtürk ədəbiyyatının, özəlliklə, xətaişünaslığın yeni uğuru kimi dəyərləndirilməlidir. Bu münasibətlə biz Muhsin bəyə dərin minnətdarlığımızı bildirir, genişdolğun  elmi fəaliyyətində daha böyük yaradıcılıq uğurları arzu edirik.

 

Fəridə Əzizova

Filologiya elmləri doktoru

Zəkulla Bayramlı

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2019.-  12 aprel.- S.12.