Məğlubluq kompleksi
Nə az-nə
çox, düz 17 gündür dünyanın
gözü Türkiyədədir. Məlum olduğu
kimi, martın 31-də
qardaş ölkədə
bələdiyyə seçkiləri
keçirilmişdi. Doğrudur, seçki
ölkənin bütün
ərazilərinə şamil
olunmuşdu. Amma həmişə
olduğu kimi, yenə bütün gözlər İstanbula dikilmişdi.
İstanbul Böyük Şəhər
Bələdiyyəsi başqanlığına
namizəd kimi rəqiblər Cümhuriyyət
Xalq Partiyasının
(CHP) namizədi Əkrəm
İmamoğlu ilə
Ədalət və İnkişaf Partiyasının
(AKP) namizədi Binəli
Yıldırım idi. Gərgin mübarizədən
sonra seçki başa çatdı.
Ali Seçki Qurumu (YSK) Əkrəm İmamoğlunun 26 min səs
fərqi ilə qalib gəldiyini açıqladı. O gündən
bu yana
şəhər uğrunda
bir savaş açılıb, gəl
görəsən. Ağız
deyəni qulaq eşitmir! Qopan hay-küy qapıbir
qonşudan gəlirmiş
kimi sərhədin bu tayında eşidilir. Yox, bu, hələ
hamısı deyil.
AKP seçkinin nəticələrinə etiraz
edib və bir çox rayonda səslər yenidən sayılıb.
İndiyədək sayılma prosesi
davam edir. Gərginlik isə bitmir ki, bitmir!
Əkrəm İmamoğlu "Mandatımı verin" deyir, Binəli Yıldırım "Bu seçki
mundar olub" söyləyir. Prosesləri yaxından
izləyərkən maraqlı
məqamlara şahid olursan. Tərəflərin üz cizgilərinə,
davranışlarına, vücuduna,
danışıq tərzlərinə
fikir verəndə heyrətlənirsən. Birinin üzündə
sakitlik müşahidə
edilir, digərində
gərginlik. Bir tərəf
meydanlardan, insanların
arasından çıxmır,
digər tərəf seçkidən sonra görünməməyə çalışır.
Biri danışanda səsi çağlayır, o birininki
isə zorla eşidilir. Öz-özünə fikirləşirsən ki, gör, məğlubluq
hissi insanı nə hala salır.
Hansısa sənəd üzərində
elan edilməsinə gərək yoxdur, qaçan gözlərdən,
topuq vuran dildən, titrəyən səsdən özünü
bəlli edir. Məqsədim siyasətdən yazmaq
və ya Türkiyənin mövcud durumunu analiz etmək deyil. Məni maraqlandıran məğlubiyyət
kompleksinin insana yaşatdıqlarıdır.
Təkcə siyasətdə yox, həyatımızın istənilən
məqamında bu hissi avtomobil qəzası kimi bir-birimizə çırpılaraq
yaşayırıq. Gah rulu çeviririk, gah əyləcə güc gəlirik, baş verməməsi üçün
dirənirik, dirəndikcə
çabalayır, çabaladıqca
uçurumun dibinə
düşürük. Çox vaxt hadisələr bu intervalla davam
edir. Guya, yenilməkdənsə ölməyi üstün tutan insanlar yoxdur? Az
olub, qadının sevgilisi tərəfdən
məruz qaldığı
xəyanətə görə
intihar etməyi? Ya da, kişinin tərk edildikdən sonra özünü asaraq həyatına son qoymağına neçə
dəfə şahid olmuşuq? Hansımız özümüzü çox sevdiyimiz insanların həyatına
yüz illik çinar ağacı kimi bərkitməyə çalışmamışıq? Münasibətlərdə şir
pozisiyasında olduğumuz
halda, az
olub, "gedərəm
ha" sözünü eşidib
pişiyə dönməyimiz?
Yaxşı işimiz, ad-sanımız,
dəbdəbəli həyat
tərzimiz, tabeçiliyimizdə
onlarla işçi olduğu halda, evdə arvadın qarşısında dizlərimizin
tir-tir titrəməsi
heç olmayıb?
Əlbəttə olub!
Çünki hamımızın
dirəndiyi bir divar var: "Məğlub olmaq və itirmək" adlı kələ-kötür,
boz, hündür divar...
Bu, dəhşətli kompleksdir. Biz yenilmək hissini yaşamamaq üçün nələrə
göz yummuruq, İlahi! Riyakarlığa kor oluruq, sevgisizliyə susuruq, özümüzü yalana
inandırırıq. Həyatımızı "üç
meymun"un ürəyinə yükləyirik:
görməmişik, eşitməmişik,
bilmirik prinsipinə qüsursuz şəkildə
əməl edirik. Nə olur olsun, bircə
o hissi yaşamayaq deyə hər hoqqadan çıxırıq.
Başımıza sığal çəkib
boynumuzdan vurmağa hazır olanlara söykənirik. İtirməyək deyə çalınan
hər havaya oynamağa hazır oluruq. Uduzmaq hissi beyni bütün əzablardan daha çox incidir. İnsanın üzündə yazıq sima yaradır, acizləşdirir,
gücsüz görkəm
verir. Yaşadığımız ağrıların, problemlərin əksəriyyətinin
səbəbi bundan qaynaqlanır.
Bax, münasibətlərimiz
pozulanda da belə davranırıq. Hadisələr elə gətirir ki, vaxtı ilə bir baxış,
ürək çırpıntısı
ilə bağlandığımız
insanların həyatına
zəncirləsələr də,
dözüb dayana bilməyəcək vəziyyətə
gəlirik. Ayrılıq məqamı yetişir, havalanırıq, ağrı
içində qalır,
yerlə yeksan oluruq. Həmin bircə getməsin
deyə ağılasığmayan
hər şeyi reallaşdırmaq istəyirik.
Bu münasibətlə o qədər dartışıb,
çəkişirik ki,
vücudumuzun sınıq-salxaq
vəziyyətə düşdüyünü
görə bilmirik.
Ayılanda fərq edirik
ki, təkcə bədənimiz yox, ruhumuz da şikəst
qalıb. Bizi bu vəziyyətə qədər
gətirib çıxardan
səbəb qəbul etməyi bacarmamağımızdır.
İnsan
alışqanlıqlarından əl çəkəcək qədər
cəsarətli deyil. Hələ əgər
bu işə xeyli enerji xərcləyibsə, üz
çevirib getməyə ürəyi gəlmir.
Yox olmağa, hər gün bir az
tükənməyə razı olur, amma əl çəkmir. Çoxumuz
beləyik. Hər şey bitir,
amma biz ucundan tutub ucuzluğa
getməyə davam edirik.
Sevgi ölür, cəsədini
özümüzlə aşağı-yuxarı
daşıyırıq. İş qabiliyyətimizi
itiririk, israrla
üz-gözümüzə bulaşdıra-bulaşdıra əlləşməyə
davam edirik. Çarəsiz,
qayğılı ruh halına bürünürük. Vəziyyəti faciələşdirib
dağ boyda edirik, gözümüz o qədər bağlı olur
ki, axırda o
dağın altında qalacağımızı da görə bilmirik. Özümüzü
yaratdığımız labirintin, dolanbac yolların içərisinə
atırıq. Bilinməzliyin ortasında var-gəl edirik. Halbuki qəbul etsək,
hər şey qaydasına düşəcək.
Amma bacarmırıq! Bu
isə düyün düşmüş
yumağı daha qarışıq hala salır. İstənmədiyimizi bilə-bilə
cilddən-cildə giririk. Yenidən diqqət
çəkək, bizi qəbul etsinlər
deyə baş vurmadığımız
axmaqlıq qalmır. Şəxsiyyətimizdə haçalanma da elə bu ərəfələrdə yaranır. Beləliklə,
özümüzü həm gözdən,
həm könüldən salırıq. Yıxılan xəyallarımızın
yerinə daha tutarlılarını qoysaq, yenidən başlaya
bilərik. Bunun üçün
isə reallığı görə bilmək şərtdir.
Qəbul etmək boyun əymək deyil, mövcud vəziyyətin
şərtlərinə ağılla uya
bilməkdir.
Türkan
TURAN
525-ci qəzet.- 2019.- 17 aprel.- S.17.