Başın sağ olsun, Paris...

 

 

Başın sağ olsun, Paris... 15 aprel sənin tarixinə közərmiş iz saldı... Dünya mədəniyyətinə 12-ci əsrdə bəxş etdiyin möhtəşəm abidəni miras qoyduğun xalq qoruya bilmədi...

 

Qəribədir, 8 əsrdən çoxdur varlığını qoruyan kilsə bir qığılcımın əlində çarəsiz qaldı... Yüzlərlə qiyam, vətəndaş müharibələri, siyasi çevrilişlər, reformasiyalar, inqilablar, dünya müharibələri görən Paris sabitlik içində yaşadığı 2019-cu ildə ən dəyərli varlığını itirdi. Düzdür, yanğın kilsəni tam olaraq məhv etməsə , 12-ci əsr qotik üslubuna, məğrur görkəminə böyük ölçüdə xələl gətirdi...

Yaxşı ki, Viktor Hüqo bugünü görmədi... Yoxsa, təsvirini səhifələrə sığdıra bilmədiyi Notr-Damın kül oluşunu görməyə dözə bilməzdi... Bəlkə utancından girməyə yer axtarardı... Ona görə ki, burjua inqilabına sinə gərən Paris öz əzəmətini qorumaqda aciz qaldı... Niyə bizə belə bir cəza verdin, Paris? Bəlkə, kimsə Notr-Damın xətrinə dəydi? Bəlkə sənə lazım olan dəyəri vermədilər? Hər il 13 milyon insanın ziyarət etməsi yordu səni? Bəlkə UNESCO qanadları altına ala bilmədi səni? Hərçənd 1991-ci ildən etibarən qurum səni qoruyacağına söz vermişdi...

 

Bəs indi Kvazimodo etsin? Esmeraldonun həsrəti bəs deyilmiş kimi 2-ci zərbəni sənmi endirdin ona? Bəlkə səni küsdürən Klod Frollo idi? Ancaq narahat olmaya bilərsən. Çünki Kvozimodo onu sənin qülləndən aşağı tullamaqla qisasını almışdı... Həm sənə, həm Esmeraldoya layiq olmadığı üçün... İndi sənin küllərinin qoxusu Jan Batistin burnuna dolub... Həyatı qoxlayaraq anlamağa çalışan bu gəncə bir ovuc külmü qismət oldu? Orta əsrdə balıq qoxuyan Paris küçələrinin yerini gül ətirli yollar tutsa belə, bugün tüstüdən başqa heç görə bilmirik... Jan Batistin hazırladığı mələk ətrindən geriyə qaldı? Sənin uğrunda qurban verdiyi 25 qızın qanı sənin küllərinlə birlikdə torpağamı qarışacaq? Sən həqiqətən səfilsən, ey Paris... Hüqonun demək istədiyi səfillik budur bəlkə ... Əlində olanı qorumağı bacarmayan bir millətin belə mədəni abidələrə sahib olması günah deyilmi? Ulu babalarından miras qalan kilsəni qorumaq bu qədərmi çətin gəldi sənə? İndi bir özünə kənardan bax... Gör necə səfil görünüşün var, Paris... Eyfel qülləsi səni əzəmətli göstərməz... Sənə tarixilik, qədimilik gözəllik verən məhz alova verdiyin Notr-Dam idi. Səncə İsa Məsih sizi bağışlayacaqmı? Bəlkə müqəddəs Məryəmə əl açasınız? O da fayda verməsə, müqəddəs ruhdan kömək diləyin... Çünki siz onun 8 əsrlik evini məhv etdiniz. İsa buna görəmi kilsələrdən kafirləri qovurdu? Gələcək nəsillər o yanarkən telefonla çəksinlər deyə? Kənardan heyranlıqla baxsınlar deyə? Bəlkə səni incidən Parisin adını daşıyan futbol komandası oldu? "Lill" klubuna səfərdə 1-5 hesabı ilə uduzmağımı incitdi səni? Çempionluq uğrunda inamla addımlayan “Paris Sen-Jermen”in belə bir oyunda 5 qol buraxması xətrinəmi dəydi?

 

Dərdini denən, Notr-Dam... Səfil Parisə ürəyini . Axı sən elə tarixin özüsən... isə... Günah səndə deyil əslində... Günah 1163-cü ildə sənin kimi möhtəşəm bir abidənin tikintisinə sərəncam verən Kral 7-ci Lüdovikdədir. Kilsənin təməli atılarkən Papa 3-cü Aleksandr hardan biləydi, 1250-ci ildə tikintisi başa çatacaq Notr-Dam Fransanın bütün yükünü, ağrı-acılarını çiyinlərində daşıyıb, sonra da kül olacaq? İndi səni bərpa etməyə çalışırlar... Əvvəlki gözəlliyinə qovuşacağına inanmaq istəyirəm... Ancaq bir şey dəqiqdir, daha sən əvvəlki Notr-Dam ola bilməyəcəksən... Yaralı, bədəni protezlə örtülmüş döyüşçüyə bənzədəcəklər səni... Niyə yox... Başın sağ olsun, Paris...

 

Bəxtiyar MƏCİDLİ

 

525-ci qəzet.- 2019.- 17 aprel.- S.7.