Mehman Rəsulovun “Payız adamı”   

 

 

Sonuncu dəfə Bəhram Bağırzadənin “Arzular gerçəkləşir” kitabının təqdimatında olmuşdum. Bilmirəm təsadüfdür, ya yox, futbol azarkeşi olaraq tanınan Bağırzadə kimi dünən kitabının təqdimatında qatıldığım Mehman Rəsulovun da yolu vaxtı ilə “Neftçifutbol klubundan keçib. Uzun illər ANS-də çalışmış, hazırda “Real TV”də fəaliyyət göstərən Mehmanın  dünən “Libraffda “Payız adamı” şeirlər kitabının təqdimatı gerçəkləşdi.

M.Rəsulovun hələ 2000-ci illərin əvvəlində "Söz" ədəbi dərgisində şeirləri çap olunub. 2013-cü ildə ssenarisi əsasında "Arzuların ardınca" bədii filmi çəkilib. 2016-cı ildən etibarən "Söz" ədəbi layihəsinin iştirakçısı, 2017-ci ildə ARB telekanalında yayımlanan "Xalqın şairi" müsabiqəsinin finalçısı olub.

Təsadüfi deyil ki, dünənki tədbirə idman mətbuatının üzvləri ilə yanaşı, əbəbiyyat adamlarının da marağı az deyildi. Şair Baba Vəziroğlu çıxış edərək, Mehman Rəsulova gələcək yaradıcılığında uğurlar arzuladı: Sevindirici haldır ki, “Xalqın şairi” layihəsindən sonra bu kitab işıq üzü gördü. Müəllif başladığı işi yarımçıq qoymadı. Bu gün biz “Payız adamı”nın işığına yığışmışıq. İnanıram ki, Mehman bundan sonra da bizi şeirləri və kitabları ilə sevindirəcək”.

“Xalqın şairi” layihəsinin münsiflərindən olan ədəbi tənqidçi Məti Osmanoğlu da öz növbəsində gənc şairə müvəfəqiyyətlər arzuladı.

Layihənin rəhbəri Mübariz Əsgərov isə Mehmanın bundan sonra təkcə idman jurnalisti kimi deyil, şair kimi də tanınacağını qeyd etdi: “Layihəmiz bir çox şairi üzə çıxardı. Onların əksəriyyəti gənclərdi. Mehman da yarışda orijinallığı ilə seçilən şairlərdəndi. Mən onu idman jurnalisti kimi tanıyırdım, amma bundan sonra həm də şair kimi ədəbiyyatımıza xidmət edəcək”.

Ön söz müəllifi Əvəz Qurbanlı isə bunları söylədi: “Mehman yaradıcı olmaqla yanaşı, təvazökar insandı. Ön sözdə öz qeydlərimi etmişəm. Müəllif barədə çox danışmaq istəmirəm. Kitabı oxuyandan sonra onu daha yaxşı tanıyacaqsız”.

Tədbir boyunca tanınmış incəsənət nümayəndələri şairin yeni kitabındakı şeirlərindən səsləndirdilər.

Qeyd edək ki, “Payız adamı” kitabı "TEAS Press" Nəşriyyatında çap edilib.

 

İBRAHİM

 

525-ci qəzet.- 2019.- 17 aprel.- S.12.