Allah vergisi...
Bəzən futboldan doyanda üz tutduğum başqa bir idman növü olur - peşəkar boks. Futbol qədər
olmasa da, hər halda həm populyarlığına,
həm də kommersiya gəlirlərinə
görə peşəkar
boksun döyüşləri
tamaşaçıları özünə ən çox cəlb edən yarışlardandır.
Və əlbəttə, bu idman növünün adı gələndə hamının gözünün
qabağında birmənalı
olaraq ilk əvvəl
o canlanır - Məhəmməd
Əli.
Məhəmməd Əli mənim ən çox rəğbət bəslədiyim,
hətta ideallaşdırdığım
yeganə idmançıdır. O dərəcədə
ki, ara-sıra Feysbukda örtükə,
"Whats app"ımda
isə profilimə belə onun şəklini qoyuram və yaxın dostlara ordan zəng edəndə zarafatla deyirlər ki, Məhəmməd Əli zəng vurur :))
Onun barəsində
daha çox ölümündən sonra
(3 iyun, 2016) oxumağa
başladım və bir çox halda heyrətimə səbəb olan məqamlara rast gəldim. Ən çox ona görə ki, 20 illik boksçu karyerasında başından
yüzlərlə zərbə
alan Əlinin
beyini saat dəqiqliyi ilə işləyirdi. Bu, yəqin ki, hər adama, hər idmançıya nəsib olmayan Allah vergisi, lütfi idi. Məhəmməd
Əli tək idmançı deyildi, həm də hazırcavablığı ilə
xüsusən Amerika mediasını heyran edən usta bir natiq idi.
2001-ci ildə, Nyu-Yorkdakı
qoşa binalara təyyarənin girməsi
ilə bağlı bir yerli jurnalist
onu təxribata çəkməyə cəhd
etmiş və İslam dinini aşağılayan bu sualı vermişdi:
- 11 sentyabr terrorunu törədənlərlə eyni
dini paylaşmaq necə bir hissdir?
Əlinin
cavabı dahiyanə idi!
- Mənim nə hisslər keçirdiyimi bilmək istəyirsiniz? Siz Hitlerlə eyni dinə mənsub olmağınızla
hansı hissi keçirirsinizsə, mən
də onu keçirirəm!
Ümumiyyətlə, Əlinin İslama, Allaha sevgisi ilə bağlı yanaşması diqqət çəkir, bununla bağlı fikrini obrazlı və sərrast ifadə etməsi yaxşı mənada təəccüb
doğururdu. "Allah məni
bu xəstəliyə
(parkinson - A.B.) ona görə düçar etdi ki, göstərsin: birinci sən deyilsən, mənəm!"
- bunu da nə zamansa Əli demişdi.
Onu bütün
başqa idmançılardan
fərqləndirən bir
xüsusiyyəti də
vardı. Özü peşəkar boksun
əfsanəsi olsa da, hər zaman
idmanda zorakılıqlara
(gözünüzün önünə
qaydasız döyüş
gəlsin) qarşı
idi və bununla bağlı həmişə fikirlərini
bildirərdi. Aşağıda təqdim etdiyim də elə həmin fikirlərdən biridi. Bu günlə
yüzdəyüz səsləşir.
İdman adıyla insan qanından milyonlar qazananlara aiddir:
"Ceyms Ellis mənimlə
döyüşdən sonra
kritik vəziyyətdəydi. Mənə
görə, əgər
boksçu döyüşü
davam etdirə bilməyib uduzursa və kanata
yıxılırsa, daha
onu var qüvvə
ilə vurmaq lazım deyil. Ellis mənim dostum
idi. Onun ailəsi var
və o da yaşamaq istəyir.
Yalnız dava barədə
düşünmək axmaqlıq
olardı. Bəzən özüm
də başqalarının
döyüşünə baxıram
və onda bir anlıq düşünürəm ki,
yəqin mən də axmağam. Bütün bunlar xoruz döyüşünə
bənzəyir. Döyüşçülər bir-birini tanımır
və bir-birini öldürməyə hazırdılar.
Onlar qan axıdırlar, bir-birilərinə
elə zərbələr
endirirlər ki... Bu qəzəb hardandı?
Kimə və niyə bu qədər əsəbiləşməlisən? Amma ətrafda insanlar var axı. Bir qismi qışqırır:
"O güclüdür!" Digərləri isə deyir,
"yox, o birisi güclüdür". Və
sonra hamısı bir ağızdan deyir: "Hə, məhv elə onu!" Onlar döyüşməyə başlayırlar. İnsanlar isə
bu zaman isti yerlərində yayxanıb pivə içə-içə "ha-ha-ha" edib şaqqanaq çəkirlər. Biz isə döyüşürük.
Artıq
burundan qan açılıb, göz
partlayıb, dişlər
qırılıb, beyin
silkələnməsi var. Bunlar
nəyə görə
edilir? Yalnız insan adlandırılanların
həzz alması üçün! Bu, vəhşilikdir!
Belə şeyləri görəndə
özümə söz
verdim ki, heç vaxt bu cür döyüşmərəm.
Mən rinqdə yaxşı olacağam, rəqs edəcəyəm, qələbəni
zorakılıqla deyil,
xalla qazanacağam.
Floyd Patterson, Çorc Çuvalo,
Karl Mildenberqer və
Henri Kuperlə görüşdə
belə olmuşdu. Görəndə ki, onun qaşından qan fontan kimi açılıb,
özüm bilərəkdən
onu uzaqlaşdırdım.
Axı, onun ailəsi, uşağı var. Kanatdan
ümidsizcəsinə sallanan
insanın döyülməsini
başa düşə
bilmirəm. Köməksiz halda olan birinə
zərbə vura bilmərəm. Mən belə
etmirəm!"
Və heç
vaxt etmədi də.
Çünki o, təkcə bir boksçu və döyüşçü
deyildi, insanlığı, ədaləti
bilən bir böyük
şəxsiyyət idi.
Aydın
BAĞIROV
aydinbagirov@gmail.com
525-ci qəzet.- 2019.- 17 aprel.- S.23.