Elmdən diplomatiyaya, diplomatiyadan elmə
Tanınmış diplomat, filosof, tarixçi
alim, uzun müddət İran İslam Respublikasında,
Pakistan, Əfqanıstan və
Ukraynada diplomat-səfir
kimi fəaliyyət göstərmiş, fəlsəfə
üzrə fəlsəfə
doktoru, dosent, tarix üzrə elmlər doktorluğu müdafiə etmiş Eynulla Mədətlinin adı ölkə ictimaiyyətinə yaxşı
məlumdur. Lakin saydığımız bütün
bu titullarından daha yüksəkdə dayanan bir adı
var Eynulla Mədətlinin: Ziyalı!.. Bu ad onun həm insani, həm də elmi və ictimai
fəaliyyətinin məcmusudur.
Mədətli Eynulla Yadulla oğlu 1954-cü il aprelin 18-də Naxçıvan MR Şahbuz
rayonunun Biçənək
kəndində anadan olmuşdur. O, 1975-ci ildə
Naxçıvan Dövlət
Universitetinin (Naxçıvan
Dövlət Pedaqoji İnstitutu) tarix fakültəsini fərqlənmə
diplomu ilə bitirmişdir. O, 1975-1996-cı illərdə
Naxçıvan Dövlət
Universitetində müəllim,
kafedra müdiri, prorektor, o cümlədən,
Naxçıvan Vilayət
Partiya Komitəsində
şöbə müdiri
işləmiş və
1991-1995-ci illərdə Naxçıvan
MR Ali Məclisinin deputatı
olmuşdur. Bu cür məsul vəzifələrdə çalışmaqla
yanaşı, Eynulla müəllim paralel olaraq elmi fəaliyyətini
də davam etdirmişdir. 1981-ci ildə o, Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasını uğurla
başa vurmuş,
1984-cü ildə fəlsəfə
üzrə fəlsəfə
doktoru elmi dərəcəsini, 1994-cü ildə
isə dosent elmi adını almışdır.
1996-cı
ilin fevralında o, Azərbaycan Respublikasının
Prezidenti, Ulu öndər Heydər Əliyev tərəfindən
Azərbaycan Respublikasının
Təbriz şəhərində
Baş konsulu vəzifəsinə təyin
edilmiş, eyni zamanda, 1996-2001-ci illərdə
Azərbaycan Respublikasının
İran İslam Respublikasındakı səfirliyinin
müşaviri olmuşdur.
E.Mədətli 2001-2002-ci illərdə
Azərbaycan Respublikası
Xarici İşlər
Nazirliyində müşavir
vəzifəsində çalışmış,
Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət İdarəçiliyi
Akademiyasında əvəzçiliklə
dosent işləmişdir.
Eynulla Mədətli 2002-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının
Pakistan İslam Respublikasında
fövqəladə və
səlahiyyətli səfiri
vəzifəsinə təyin
edilmiş, 2004-cü ildə
Prezident İlham Əliyev tərəfindən
Azərbaycan Respublikasının
eyni zamanda, iqamətgahı İslamabadda
olmaqla, Əfqanıstan
İslam Respublikasında
səfiri vəzifəsinə
təyin edilmişdir.
2010-cu ilin iyulun
15-də Prezident İlham
Əliyevin Sərəncamı
ilə o, Pakistan İslam
Respublikasından geri çağırılaraq Azərbaycan
Respublikasının Ukraynada
səfiri vəzifəsinə
təyin edilmişdir.
2015-ci ilin iyununda
xidmət müddəti
bitdiyinə görə
səfir vəzifəsindən
geri çağırılmışdır.
2016-cı
ilin yanvarından Eynulla Mədətli AMEA A.A.Bakıxanov adına
Tarix İnstitutunda aparıcı elmi işçi vəzifəsində
çalışmış və hazırda institutun "Mənbəşünaslıq
və tarixşünaslıq"
şöbəsinin əvəzçiliklə
aparıcı elmi işçisidir. 2018-ci ilin iyulun 4-də tarix üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün
"XX əsr Azərbaycan
tarixi məsələləri
İran tarixşünaslığında"
mövzusunda dissertasiya
işini uğurla müdafiə etmişdir.
Eynulla müəllim
hazırda (2017-ci ilin
mart ayından) AMEA Fəlsəfə
İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır. O, yüzdən
dən çox elmi və elmi-publisistik
məqalənin, o cümlədən,
iki elmi monoqrafiyanın müəllifidir.
Eynulla Mədətlinin
ictimai-siyasi fəaliyyəti,
elmi-fəlsəfi yaradıcılığı
çoxşaxəlidir. Onun bütün
bu fəaliyyəti haqqında bir məqalədə söhbət
açmaq təbii ki, qeyri-mümkündür.
Təqdim etdiyimiz yazıda
görkəmli ziyalımızın
elmi yaradıcılığının
yalnız bir istiqamətindən - Azərbaycanın
tarixinin ən pinsipial məsələlərinin
İran tarixşünaslığında
saxtalaşdırılmasına qarşı apardığı
mübarizədən söhbət
açacağıq.
E.Mədətlinin elmi yaradıcılığında
Azərbaycanın ən
yeni dövr tarixinin aktual və prinsipial məsələlərinin araşdırılması
mühüm yer tutur. Onun 90-cı illərin ikinci yarısında daha çox xaricdə çap etdirdiyi elmi məqalələri əsasən
bu qəbildəndir.
("Atatürkün başqanlığında
Erzurum konqresi və Nahçıvan sorunu"
// Üçüncü Uluslararası
Atatürk Sempozyumu,
3-6 Ekim 1995. Gazi Mağusa - Kuzey Kıbrıs Türk Cumhuriyyəti, cilt II,
Ankara, 1998; "Türkiyənin Azərbaycan siyasəti və Atatürk İran tarixşünaslığında"
// "Atatürk,Türk dünyası
və Azərbaycan"
simpoziumunun materialları,
Bakı, 1998; Türkiyenin
Azərbaycan siyaseti ve İran tarihçiliyində
Atatürk // Türk dünyası incelemeleri dergisi, sayı İÜ,
İzmir,1999; "1918-1920-ci illərdə
Naxçıvan bölgəsinin
korunması uğrunda
Türkiyənin mübarizəsi"
// XII Türk Tarix Konqresinin materialları,
Ankara, Türk Tarix Kurumu, 1999; "Naxçıvanda
qurulan "Araz türk hökumətinin"
İran tarixşünaslığında
dəyərləndirilməsi" // Atatürk 4. Uluslararası
Konqresi, 25-29 ekim 1999, Türküstan - Kazakistan).
E.Mədətlinin elmi axtarışlarının
əsas istiqamətlərindən
biri Azərbaycan tarixinin ən mühüm məsələlərinin
İran tarixşünaslığında
əks edilməsi, bugünkü İran tarixşünaslığının antiazərbaycan və antitürk mövqeyinin təhlil və tənqid süzgəcindən
keçirilərək tədqiqata
cəlb edilməsidir. O, hələ
İran İslan Respublikasında çalışdığı
illərdə öz elmi axtarışlarında
qeyd etdiyimiz məsələlərə xüsusi
diqqət yetirmiş və bu mövzuda
çox sayda elmi məqalələr çap etdirərək Azərbaycan tarixşünaslığına
dəyərli töhfələr
vermişdir.
Şovinist mövqeli İran
tarixçiləri vaxtı
ilə Gülüstan
(1813) və Türkmançay
(1828) müqavilələri əsasında Rusiya imperiyası və Qacarlar İranı arasında bölüşdürülən
Azərbaycanın bir hissəsində - şimalında
müstəqil Azərbaycan
dövlətinin yaranmasından
ehtiyatlanaraq real tarixin
saxtalaşdırılmasında ən primitiv metodlara əl atırdılar. Eynulla Mədətli ilk dəfə olaraq diplomat-alim kimi İran
tarixşünaslığında Azərbaycan həqiqətlərinin
təhrif edilməsinə
qarşı etiraz səsini ucaltmış və öz qələmini süngüyə
çevirərək bu
yolda əzmlə mübarizəyə başlamışdır.
Dəyərli alimin
2000-2010-cu illərdə bu
səpgidə 20-dən çox
elmi məqaləsi doğma dilimizlə yanaşı, dünyanın
müxtəlif dillərində
- türk, ingilis, rus, Ukrayna və
s. dillərdə nəşr
edilmişdir ("Heyət-e
Fövqəladeye Qafqaziyye"
sənədlər toplusunda
İran-Azərbaycan Cumhuriyyəti
münasibətləri haqqında"
// "Varlıq" jurnalı,
Tehran, 2000; "Şeyx Məhəmməd
Xiyabani və Seyid Əhməd Kəsrəvi münasibətləri"
// "Səhər" jurnalı,
Təbriz, 1379; "İrəvan
müsəlman yurdu olmuşdur. S. Sərdariniyanın
kitabı barəsində"
// Varlıq jurnalı,
Tehran, 1380; "Azərbaycan Cumhuriyyətinin (1918-1920) İranda
ilk səfiri ilə bağlı məqalə haqqında" // Varlıq
jurnalı. Tehran, 2001; "İranın
diplomatik mənbələrində
Azərbaycan Xalq Cumhuriyyətinin xarici siyasəti haqqında
(1919-1920-ci illər)" // Diplomatiya aləmi, sayı 7, Bakı; "İranın Fəvqəladə
Qafqaz heyətinin sənədlərində Azərbaycan
Xalq Cumhuriyyəti haqqında" // Tarix və onun problemləri,
sayı 4, Bakı,
2004; "Medieval Cultere of Azerbaijan and
its Influences in Iran, Afghanistan,
Pakistan and India" // Pakistan Journal of History and Culture, Vol.28,
July-December 2007; "Medieval culture of Azerbaijan (Speech by Dr. Eynulla Madatli - Ambassador of
the Republic of Azerbaijan in Pakistan Centre of Asian Civilizations)" //
Liberty International, Islamabad, November 2008" və
s.).
Müəllifin bu səpgidə yazdığı elmi məqalələr toplusu 2011-ci ildə Tarix İnstitutu Elmi şurasının qərarı ilə ayrıca kitab kimi çap olunmuşdur (Azərbaycan həqiqətləri İran tarixşünaslığında. Bakı, "Təhsil", 2011).
Qeyd etmək lazımdır ki, Azərbaycan tarixini saxtalaşdırmağı özünə peşə seçən iranlı tarixçi-şovinistlər təkzibolunmaz ilk mənbələrlə, real tarixi həqiqətlərlə hesablaşmadan Ərəb xilafətinin süqutundan sonra Azərbaycan və İran torpaqlarını, habelə digər qonşu ölkələri idarə edən bütün Azərbaycan-türk sülalələrini, o cümlədən, səfəviləri, əfşarları, qacarları, bu sülalələrin görkəmli nümayəndələri olan Şah İsmayıl Xətaini, Şah Təhmasib Səfəvini, Şah Abbas Səfəvini, Nadir şah Əfşarı, Ağa Məhəmməd şah Qacarı və başqa Azərbaycan-türk hökmdarlarını da İran-fars hökmdarları kimi qələmə verməkdən çəkinmirlər.
E.Mədətli qeyd edilən sahədə elmi axtarışlarını daha da dərinləşdirərək İran tarixşünaslığında aparıcı xəttə çevrilmiş -Azərbaycanın tarixi coğrafiyasını, dövlətçilik tarixini, Azərbaycan xalqının dilini və mənşəyini saxtalaşdırmaq cəhdlərini ifşa edən dəyərli elmi məqalələr ortaya qoymuşdur. O, həmin məqalələrdə İranda saxlanılan ilk mənbələrə əsaslanaraq, tariximizi ləkələməyə çalışan İran-fars şovinistlərinin Azərbaycan tarixinin bütün dövrlərinin saxtalaşdırılmasına həsr olunmuş əsərlərinin elmi təhlilini verə bilmişdir. Bundan əlavə, müəllif, həmin əsərləri kompleks şəkildə dərindən təhlil edərək müasir İran tarixşünaslığında Azərbaycan tarixinə olan qərəzli mövqeyi aydınlaşdıraraq, tariximizi saxtalaşdıranlara sarsıdıcı zərbə endirmişdir.
Tanınmış tarixçimiz keçən əsrin 90-cı illərində İran İslam Respublikasında diplomatik xidmətdə olan zaman başladığı elmi tədqiqatları görkəmli tarixçimiz akademik Yaqub Mahmudovun elmi məsləhətçiliyi ilə sonralar daha da genişləndirərək doktorluq mövzusu kimi araşdırmağa başladı. Bu araşdırmaların mühüm nəticəsi 2017-ci ildə onun "XX əsrin əvvəlləri Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında" adlı monoqrafiyasıdır. Bu tədqiqat əsərində İran tarixşünaslığının əsas inkişaf mərhələləri və səciyyəvi cəhətləri müəyyən olunmuş, İran tarixçilərinin Azərbaycan tarixinə müraciət etməsini şərtləndirən tarixi amillər aydınlaşdırılmış, Azərbaycanın tarixi coğrafiyası, dövlətçilik tarixi məsələlərinə, Azərbaycan xalqının, dilinin, mədəniyyətinin təşəkkülü məsələlərinə münasibət tənqidi təhlil sücgəcindən keçirilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və Qacarlar İranı ilə qarşılıqlı əlaqələrinin İran tarixçilərinin əsərlərində tədqiqi səviyyəsi öyrənilmiş, Cənubi Azərbaycanda mill-demokratik hərəkatların tarixi, o cümlədən, Məşrutə hərəkatının mühüm mərkəzinin Cənubi Azərbaycan olmasına münasibət, Ş.M.Xiyabani hərəkatının İran tarixşünaslığında tədqiqi səviyyəsi öyrənilmiş, dövrün qaynaqlarından istifadə edilməklə tənqidi təhlil edilmişdir.
Bir sıra İran tarixçilərinin əsərlərində hazırda İran İslam Respublikasının tərkibində olan Cənubi Azərbaycanın və İranın digər vilayətlərinin ən qədim yerli əhalisi - aborigenləri olan Azərbaycan türkləri "sonradan türkləşmiş" "qədim irandilli" əhali kimi qələmə verilir, müasir Azərbaycan Respublikasının ərazisi tarixi Azərbaycan torpağı deyil, guya, Azərbaycanla heç bir əlaqəsi olmayan "Arran" hesab edilir və s. Bu gün İran arxivləri və kitabxanalarında saxlanılan yüzlərlə ilk mənbələrin təsdiq etdiyi tarixi reallıqları heç bir elmi əsas olmadan inkar edən belələrinə tutarlı elmi cavab məhz E.Y.Mədətlinin elmi tədqiqatlarında verilmişdir.
Eynulla müəllimi qiyabi olaraq tanısam da, onunla əyani tanışlığım Tarix İnstutunda çalışmağa başladığı vaxta təsadüf edir. Müxtəlif elmi tədbirlərdə, ölkəmizdə və xaricdə keçirilən konfranslarda dəfələrlə bir yerdə olmuşuq. Eynulla müəllim vətənpərvər bir tədqiqatçı olmaqla yanaşı, həm də çox səmimi, təvazökar, qayğıkeş, bir sözlə, əvəzsiz yol yoldaşıdır. Eynulla müəllim hər şeydən öncə əsl ziyalıdır. Mən ona yaxınlaşan 65 yaşı ərəfəsində möhkəm can sağlığı, mənalı ömür, elmi yaradıcılığında uğurlar arzulayıram. Əziz Eynulla müəllim, Ulu Tanrı hər zaman Sizdən bu gözəl insani keyfiyyətlərinizi əskik etməsin!
Tofiq NƏCƏFLİ
AMEA A.A.Bakıxanov adına Tarix
İnstitutunun elmi
işlər üzrə direktor müavini
525-ci qəzet.- 2019.- 17 aprel.- S.11.