Nəsimi və aşıq yaradıcılığı  

 

 

Anadilli poeziyamızda fəlsəfi qəzəlin və qəsidənin, Aşıq yaradıcılığında qıfılbənd deyişmələrin, "Əlif-lam" və "Tərs əlifba"nın banisi, qoşma və divani kimi janrların təkamülünə təkan verən, Azərbaycan ədəbiyyatı tarixində müstəzad, mürəbbe və tərcibəndlərin yaradıcısı Nəsimi klassik poeziyamızı və aşıq yaradıcılığını məzmun və ideya baxımından zənginləşdirən, məktəb yaradan nəhəng şairimizdir.

 

Ədəbi-bədii fikir tariximizdə müstəsna missiyası olan Nəsimi bədii ideyalarını, humanist görüşlərini bu gün də anlaşıqlı bir dildə ehtiva etmiş, özünün genetik yaddaşına həkk olunmuş xalq, el-oba düşüncəsinin daşıyıcısı olan poetik sistem yaratmışdır. Başqa sözlə desək, yüzlərlə ibrətamiz xalq ifadələrinə, kəlmələrə, atalar sözlərinə füsunkar poeziyasında həyat vermişdir:

 

Çün hər nə kim əkərsən, axır biçərsən anı.

Söz bilənə yetər, bir söz, özgə sualə düşməsin.

Ey Nəsimi, aqibət verər yelə,

Bivəfa ilə yeyən nanu nəmək.

 

Şair yeri gəldikcə məharətlə sinonimlərdən, antonimlərdən və s. bol-bol istifadə edir:

 

Çün bəqasızdır cahanın mülkü malü dövləti.

Tükəndi əqlimin səbri, qərarı qalmadı canın. s.

 

Şairin indiyə qədər yalnız AMEA-nın Əlyazmaları İnstitutunda bir cüngdə təsadüf edilən, İraq Divan nüsxəsində yer alan "Olmaz" rədifli şeiri də deyilənləri təsdiqləyir:

 

Kişi kim mərifətdə kamil olmaz,

Ona nuri inayət hasil olmaz.

Şəriətdə mükəmməl olan adəm,

Təriqət aləmində qafil olmaz.

Xüdayə, verməgil cahilə dövlət

Cahilə dövlət billahi layiq olmaz.

Xəlayiq qüssə ilən oldu ağü ah

Qəmü qüssədən nəsnə hasil olmaz.

Hünər babında laf etmə, Nəsimi!

Özün öyən kişilər aqil olmaz.

 

Nəsimi yaradıcılığı şifahi xalq ədəbiyyatı və aşıq poeziyası ilə qoşa inkişaf etmiş, aşıq yaradıcılığına yeni janrlar gətirmiş, formaca onun inkişafına təkan vermişdir. Bu təsiri şairin qıfılbənd bağlamalarında bariz şəkildə görmək olur:

 

Niyə dörd oldu suyu irmağın?

Səkkiz oldu qapısı uçmağın?

Tuba ağacının nədir yemişi?

Həq onu ər yaratdı, yoxsa dişi?

 

Şairin "Divani" üstündə yazılmış bağlamaları da çoxdur. Çox böyük və maraqlı "Nədir" bağlamasından verdiyimiz misralar şairin bağlamaları haqqında dolğun təsəvvür yaradır:

 

Doqquz ata, yedi ana, dörd dayədən ver xəbər,

Du çəharü pəncü şeşin saqi, binasi nədir?

Yedi yer gög, yedi dərya, yedi ayət, yedi xət,

Yedi müshəf, Musaya, çün yedi bəyzası nədir?

 

Ordubadlı Aşıq Kərim (XVII əsr) və göyçəli Aşıq Ələsgərin "Yeddidi" qıfılbəndləri Nəsiminin bağlamalarına çox bənzəyir, Nəsimi şeirinin poetik intonasiyası, "janr yaddaşı" dərhal duyulur.

 

Ordubadlı Kərimin qıfılbəndindən:

 

Məndən salam olsun Məlik paşaya,

Nə şəcərdi, onun budağı yeddi?

Yüz iyirmi dörd min şahın içində,

Yanıb şölə çəkər çırağı yeddi?

Nə güldü ki, aləm doymaz iyindən,

Necə doymaz Leyli Məcnun xoyundan,

Nə çeşmədi içmək olmaz suyundan,

Başı birdi, başdan ayağa yeddi?

 

Aşıq Ələsgərin qıfılbəndindən:

 

Məğrurluq eyləyib ustadam deyən,

O hansı ağacdı, tağı yeddidi?

O ağacda bir quş yuva salıbdı,

Çarpaz sinəsinin dağı yeddidi?

 

Nəsiminin "bağlamalar"ına rübailərində daha çox təsadüf edilir:

 

Əlləm əl-əsma ibarətdir nədən?

Sureyi-taha işarətdir nədən?

Adəmi-xaki kinayətdir nədən?

Lovhi-məhfuzi bəşarətdir nədən?

 

***

 

Ol nədir ki, hayu-huyi altıdur?

Kim görübdür bir sədəfdə altı dür?

Bistü həştdən dişxarı heç nəsnə yox,

Fövq başı, təht ayağı altıdur?

 

***

 

Həq dedi kim, yer yedivü göy yedi,

Laməkan taxtında gizlidir yedi.

Gizlü aləmdə əyan  oldu yedi.

Dörd yedi bir kəz nədən oldu yedi? s.

 

(Bax: Həmid Araslı. Azərbaycan ədəbiyyatı: Tarixi və problemləri. Bakı, "Gənclik", 1998, səh.283; İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Bakı, "Azərnəşr", 1973, səh. 583, 605, 609).

 

Nəsiminin qıfılbənd bağlamaları demək olar ki, bütün görkəmli aşıqlara təsir edibdir. Biz görkəmli aşıqlar deyəndə bütün aşıq şeirinin ecazkar nümunələrini yaradan, ağır məclisləri yola verən, dastan qoşan, "bağlama deyişmələr"də cəsarətlə iştirak edən, bədahətən şeir demək qabiliyyətini nümayiş etdirən, aşıq şeir şəkillərindən yerli-yerində istifadə edə bilən, bütün aşıq havalarından xəbərdar olan, özü aşıq havaları yaradan "Dədə" aşıqları nəzərdə tuturuq. Hər aşıq "qıfılbənd bağlama" yarada bilməz. Bağlamaları yaratmaq  dərk etmək üçün gərəkdir ki, "Şəriət" və "Təriqət" elmindən xəbərdar olasan. Ordubadlı Kərim (XVII əsr), Xəstə Qasım (XVIII əsr), Ləzgi Əhməd (XVIII əsr), Meşkinli Məhəmməd (XIX əsr), Şəmkirli Hüseyn (XIX əsr), Aşıq Ələsgər və Bozalqanlı Hüseyn hər iki elm sahəsini mükəmməl bilən qıfılbənd ustaları kimi məşhur olmuşlar.

 

Ləzgi Əhmədlə Xəstə Qasımın "Bağlama deyişmə"si deyilənlərə əyani sübutdur:

 

Ləzgi Əhməd:

 

O nədir ki, dayanıbdır dayaqsız?

O nədir ki, boyanıbdır boyaqsız?

O nədir ki, doğar əlsiz-ayaqsız?

Üç ay keçər ayağı var, əli var?

 

Xəstə Qasım:

 

Göy bir çadır, dayanıbdır dayaqsız.

Ayla-Gündü, boyanıbdır boyaqsız.

Qurbağadır, doğar əlsiz-ayaqsız.

Üç ay keçər, ayağı var, əli var.

 

"Qıfılbənd bağlama"lar çağdaş aşıq-şairlərimizin yaradıcılığında da geniş yayılmışdır. Aşıq Şəmşir, Mikayıl Azaflı, Aşıq Ədalət, Aşıq Qurban, Narınc Xatun və başqaları bu janrda qələm çalmış və uğur qazanmışlar.

Hətta Aşıq Şəmşir aşıq yaradıcılığının zirvəsi olan təcnislə 5 bəndlik qıfılbənd yaratmışdır. Aşıq-şairin təcnis-qıfılbəndindən bir bəndi təqdim edirik:

 

Doxsan dörd min səcdə qılır birinə,

Otuz mini ikram edir pirinə.

On ikisi tac qoyubdu sərinə

Altısı gəşt edir qaş arasında.

 

Azaflı Mikayılın da qıfılbəndləri, "bağlama deyişmə"ləri çoxdur. XX əsrin 2-ci yarısında yazıb-yaradan bu aşığın da qıfılbəndləri, "bağlama-deyişmələri" dinlə, təbiətlə, dünyanın gedişatı ilə bağlıdır.

 

Aşıq-şair Səlyan aşıqları Ədalət, Qurban və Neftçaladan Narınc Xatunun qıfılbəndlərini açmışdır. Qıfılbəndlər aşıq yaradıcılığında sınaq meydanıdır. Burada nümunə üçün Aşıq Ədalətin beş bəndlik qıfılbəndinin 2 bəndini və Mikayıl Azaflının açmasını verməyi münasib bildik:

 

Aşıq Ədalət:

 

Bir ağacdı, iki budaq, dörd də nar,

Dörd bağçadı, dörd bağbandı, dörd də nar.

Dörd almadı, dörd heyvadı, dörd də nar.

O nardan bir dəstə üz mənə göndər.

 

Mikayıl Azaflı:

 

Bir ay iki yarım, ay həftəsi dörd,

Adınası dörd, çərşənbə dörd, xası dörd.

Şənbəsi dörd, bazarı dörd, dəsi dörd,

Bir ildə dörd fəsil, döz, göndərirəm.

 

Aşıq Ədalət:

 

Ədalət sirrini eyləməz aşkar,

O nədir könüldə tutmayır qərar?

O nədir hər şeydən çox tələb sorar,

Bilməsən sözümü saz mənə göndər.

 

Mikayıl Azaflı:

 

Azaflı Mikayıl eyləsin aşkar,

Fikirdir, tutmayır könüldə qərar.

Tamahdı, hər şeydən çox tələb sorar

Sözlərin üstündən söz göndərirəm.

 

Bu qıfılbəndin üstündə çox dayanmağımın səbəbi var. Nəsiminin ilk nümunələrini yaratdığı "bağlamalar", "qıfılbəndlər" inkişaf etdirilərək o səviyyəyə çatmışdır ki, aşıqlar zəmanəmizdə bir-birini qıfılbəndlə imtahana çəkir.

 

Yaxın vaxtlara qədər qıfılbəndi aça bilməyən aşıqlar məğlub hesab edilir və sazı əlindən alınırmış. Aşıq Ədalətin qıfılbəndinin sonuncu misrası deyilənlərə sübutdur: "Bilməsən sözümü saz mənə göndər", yəni məğlub olduğuna görə sazını göndər.

 

Akademik Həmid Araslı "qıfılbənd bağlamalar"dan danışarkən yazır: “Nəsimi əsərlərində aşıq şeirimizdə deyişmələrdə çox istifadə olunan tapmacavari şeir növünə də təsadüf edilir” (Azərbaycan Ədəbiyyatı: Tarixi və problemləri, səh.282).

 

Əslində, qıfılbəndlərdə hər sətir ayrıca cavab tələb etdiyinə görə tapmaca ilə heç bir əlaqəsi yoxdur. Tapmacavari şeir forması isə bizim 1992-ci ildə bir janr kimi üzə çıxardığımız "bayatı-tapmacalar"dır. Bayatı-tapmacaları fərqləndirən cəhət ondan ibarətdir ki, bayatı formasında olan bu janr bir cavab tələb edir.

 

Məsələn:

 

Ya qanı;                   Buz bağlar;

Ver muradım, ya qanı,         Qışda çaylar buz bağlar.

Dəryadan bir quş uçdu        Aşıq bir hikmət görüb

Nə əti var, nə qanı.          Od içində buz bağlar

(Gəmi).         (Bişmiş südün qaymağı)

 

"Bayatı-tapmacalar"a hətta çağdaş aşıqlarımızda da təsadüf edilir. Aşıq Şəmşirdən verdiyimiz iki nümunə deyilənləri təsdiqləyir:

 

Ayağı-əli qandı,

Dodağı-dili qandı.

Möcüzə dərya gördüm

Suyu duz, gülü qandı.

İki at var uzaqda,

Bərqərardı hər vaxtda.

Qarası adam yıxar

Ağı gəzər qucaqda.

(Aşıq Şəmşir. Şeirlər. "Yazıçı", 1980, səh.240-241).

 

Aşıq Hüseyn Şəmkirlinin (XIX əsr) heç bir aşıqda təsadüf etmədiyimiz, "Divani" aşıq havası üstündə yazılmış, qıfılbənd adı ilə təqdim edilən üç bənddən ibarət "Verir" adlı maraqlı şeiri vardır. Şeiri burada verməyi münasib bildik:

 

Bu gün bir heyvanat gördüm, zənbur kimi şan verir,

Xörəyi yük ilə gəlir, nəfəsi duman verir.

Dindirirsən danışmağa, nalə verir asmana,

Nə yerdədi, nə göydədi, sədri üstə yan verir.

Bir başı var, bir ayağı, gör neçə damağı var,

İki qolu, bir boğazı, tək bircə dodağı var.

Əyləşibdi bir məqamda, neçə min oylağı var,

Qoy eşitsin, hamı bilsin, hər gələnə nan verir.

Gəl biçarə Aşıq Hüseyn, qıl sözünü müxtəsər,

Abı onun bol olanda olur dəli, dəngəsər.

Eşidənlər, fikir verin bu sözümə sərbəsər,

Əgər ki, ağam olmasa, sidqinə güman verir.

(Bax: Aşıq ədəbiyyatı antologiyası. Bakı, 2017, səh.202).

 

Məlumdur ki, qıfılbənd qoşma üstə yazılır və hər sətri cavab tələb edir. Lakin üç bənddən ibarət "Verir" şeirinin yalnız bir cavabı var: - "Dəyirman". Göründüyü kimi, ustad aşıq yaradıcılıq axtarışında olmuş, aşıq yaradıcılığını zənginləşdirmişdir.

 

Nəsiminin aşıq yaradıcılığına gətirdiyi yeniliklərdən biri də "Əlif-lam" və "Tərs əlifba"dır. Akademik Həmid Araslı şairin üç "Əlif-lam" və iki "Tərs əlifba"sını vermişdir (Bax: Nəsimi. Seçilmiş əsərləri. Bakı, "Azərnəşr", 1973, səh.527-538).

 

"Əlif-lam"da hər misranın ilk kəlməsinin ilk hərfi ərəb əlifbasının sıra ilə düzülüşü əsasında verilir. Məsələn:

 

Əlif - Əla qamətin hər kim görər bican olur,

Bey - Bəşarət buldu hər kim dilbəri sultan olur,

Tey - Təmənna vəslini etdim, niyazım bax budur,

Sey - Səna etməklik üçün uş canım qurban olur.

Cim - Cümlə xubların sultanı sənsən, ey pəri,

Hey - Hüsn içrə nigarım Yusifi-Kənan olur və s. 

 

"Tərs əlifba"da isə şeir əlifbanın son hərfi ilə başlayır və ilk hərfə doğru gedir və "Tərs əlifba" şeir şəkli yaranır.

 

Klassik ədəbiyyatımızın və "İlahiyyat" elminin bilicisi, tanınmış alim Hacı Firudin Qurbansoy "Əlif-lam" və "Tərs əlifba" üzərində tədqiqat aparmış, Nəsimi şeirlərinin poetik açmasını hürufilik nöqteyi-nəzərindən araşdırmışdır (Bax: Hacı Firudin Qurbansoy. İmadəddin Nəsimi. Bakı, "Elm", 2019).

 

Nəsiminin "Əlif-lam" və "Tərs əlifba"sı sayəsində Hürufizm ideyaları təkcə divan ədəbiyyatında deyil, aşıq poeziyasında da öz əksini tapmışdır.

 

Maraqlıdır ki, "Əlif-lam" aşıqlar arasında daha çox "Əlif-bey" kimi tanınır.

 

XX əsrin 2-ci yarısında Azaflı Mikayılla Molla Əhməd arasında baş tutan, Aşıq sənətində hələlik sonuncu olan "Bağlama-deyişmə"də bu ifadəyə təsadüf edilir: "Azaflı narazılığını bildirdi:

 

- A Molla Əhməd, məclisin qaydası var, divanidən sonra təcnisə keçərlər. Sən isə birbaşa qıfılbənd bağlamaya keçdin.

 

Molla Əhməd başladı əsib-coşmağa:

 

-  Bura bax, mənə "Əlif-bey" öyrətmə. Bağlamanın cavabını ver, bilmirsənsə, sazını qoy get (Bax: Mikayıl Azaflı. Qoca Azaflıyam. "Nurlan", 2008, s.580).

 

"Əlif-lam"ın diqqətəlayiq nümunələrini Aşıq Ələsgər və el şairi Musa yaratmışlar. Sayat Nova da bu janrda qələmini sınamışdır.

 

Təsəvvür yaransın deyə, el şairi Musanın "Qoşma" üstündə yazılmış "Əlif-lam"ının 1-ci və sonuncu misralarını təqdim edirik:

 

"Əlif" - Allah ismin əzbər eylədim,

"Bey" - buyurdu lütf ehsan çağıdır.

"Yey"ə yalvar, Musa, səni qul eylər,

Nazlı yarə yalvarmağın çağıdır.

(Salman Mümtaz. "Azərbaycan ədəbiyyatı (El şairləri). Bakı, "Nurlan", 2005, səh. 233-234).

 

Həyatı boyu yaradıcılıq axtarışlarında olan, aşıq poeziyasının bütün şəkillərində qələmini uğurla sınayan, "Şəriət" və "Təriqət" elmini mükəmməl bilən, qoşma, divani üstündə "Əlif-lam"ı ilə bərabər, Dədə Ələsgər gəraylı üstündə 36 misralıq şeirində "Əlif-lam"ın ən gözəl nümunəsini yaratmışdır:

 

İbtidakı "əlif" - Allah,

"Bey" - birliyə dəlalətdi.

"Tey" - təkdi, vahidi-yekta,

Arif bu elmə bələddi...

 

***

 

Ələsgər, tutduğun günah,

Bağışlansa, çox hörmətdi.

(Aşıq Ələsgər, I cild, Bakı, "Elm", 1973, səh.73-74).

 

Söhbət açdığımız bu iki aşıq şeir şəklindən - "Bağlama" və "Əlif-lam"dan, eləcə də şairin çoxsaylı divani və qoşmalarından görmək olur ki, dahi Nəsimi aşıq yaradıcılığına necə qüvvətli təsir etmişdir.

 

Nəsimi əsərlərinin təsir gücü hər şeydən əvvəl onun canlı xalq dilindən bəhrələnərək xalq ruhunda yazması ilə bağlı olmuşdur.

 

Nəsiminin zamanından altı əsrdən artıq vaxt keçməsinə baxmayaraq, əsərlərini asanlıqla oxuyur, dilinin şirinliyinə valeh olur və sevirik.

 

On ildən artıq Nəsimi haqqında ikicildlik poema üzərində işləyən Xalq şairi Qabil şairin dilinin saflığına, sadəliyinə, axıcılığına həsəd apararaq yazmışdır:

 

O uzaq, o qədim lisana bir bax,

Büllur bulaq kimi süzülər, çağlar.

Əsər var yazılıb otuz il qabaq,

Otuz cür lüğətə ehtiyacı var.

 

Heyrətamiz poeziyası ilə dövründən çox yüksəkdə duran Nəsimi qüdrətli şair idi. Akademik Möhsün Nağısoyun doğru olaraq qeyd etdiyi kimi, Nəsiminin böyüklüyü ondadır ki, o dövrdə ana dili olan türk dilini ərəb və fars dilləri səviyyəsinə qaldıra bilmişdi. Bu, böyük hünər idi.

 

 

 

Qəzənfər PAŞAYEV

Professor

 

525-ci qəzet.- 2019.- 20 aprel.- S.16-17.