Yaşıdım şeirlərin müəllifinə

 

 

 

İlk şeirini mən təvəllüd tapan ili yazıb...

 

Oğlan olsaydım, "bir igidin ömrü" yazardım, yəqin.

 

Deyildiyi kimi, qəlbən şair olanlar təkcə kağız üzərindəki şeirlərindən görünmür:

Quş quşla ötmür, balası, 

Şair şairlə dilləşmir.

Quş budaqda oxuyur,

Şair varaqda.

Əslində, şeir yazmaq hissi oyadan hissəmiz - tam mənasıyla bizə heç vaxt aydın olmayacaq. Əgər bu ehtiyac nədən necə doğur bilmiriksə, onda özümüzü hər şeyi bilən kimi göstərmək lazım deyil. Onun şeirlərindəki "Həqiqətin, Gözəlliyin, Yaxşılığın" varlığına inam bütün bildiklərimizi üstələyir:

Yel vurduqca tökülür,

nöqtələr

"Göy" suala bükülü

Nöqtələr

Qələm-varaqdı, bir

nöqtələr

Göydə Allahdı, yerdə

nöqtələr

Nümunə gətirilən şeirlərin dilindən deyim tərzindən, diqqətli oxucu söhbətin -müdrikliyin yazını qarşılayan Qulu Ağsəsdən getdiyini müəyyənləşdirdi yəqin.

 

Şeirdə bilik xətrinə bilik göstərmək lazım deyil. O şey ki, başlanğıcını duyğulardan götürmür, o poeziyada sıfırlanmağa məhkumdur. Çünki duyğu hadisələri adilikdən çıxarır, onun səbəb - istintaq əlaqələrini ləğv edir. Duyğu vasitəsilə "olanların" (bəzən "olmayanların") özündə dərki baş tutur. Şeirin vəzifəsi bu qavrayışı çatdırmaqdır. O, bunu yaxşı bacarır:

olar, bir səhər durub görəsən,

Divarlar üstünə Allah yazdırıb.

Qış günü soyuqdan ölən ağacın

Yasına mart ayı yarpaq yazdırıb...

Bəzən şairlər haqqında qərib bir ifadə işlədilir: "məhsuldar şair". (İnsan özünü qızmar günəş altında kəhrəba xaralların sıralandığı barlı Aranın məhsuldar qızıl tarlalarında hiss edir...) Onu ürəklə bu "kateqoriya"ya daxil etməyə bilərsiniz. Sözün məsuliyyətini hiss edən qələm adamı kimi, öz şeirləri "öz senzurasından keçmir" çünki.

 

Sitat: "Şeir göz yaşı kimi olmalıdır, yağış kimi hamının başına yağmamalıdır".

 

Gecə-gündüz "vacib işlə məşğul olub" söz dəyirmanında şeir üyüdənlər, cavanlaşmaq üçün mistik gənclik çayında çimən qocaları xatırladır. Arada bir oradan çıxmağı öyrənməsə, məhv olacaqlarını unudanları az olmur. Bu mənada kimsə Q.Ağsəsi "şeir yazmaq işi" ilə məşğul olan görməyib. Şeir onun üçün "bir " deyil, bir qisimdir. (Öz diliylə desək: "hecada -"pilləkənləri sayan", sərbəstdə - "gözü ayağının altını görməyən", şeirdə - "liftə minən".)

 

bütün hallarda Sevgi yaratdıqlarının mayasıdır.

İşdi - qəzadı

Səndən əvvəl ölsəm,

Məni son mənzilə aparırlar görsən,

Vəsiyyətimə əməl elə:

Arxamca su at,

Uğur dilə.

Saçını yolma,

Köksünü ötürmə.

Allahın yanına gedirəm

Ürəyinə ayrı şey gətirmə.

Canında fəlsəfə daşımayan şeir gizli müttəfiqlikdən kənar saxlanılmış üçüncü dünya ölkələrinə bənzəyir. Qulu Ağsəs yaradıcılığında materiya həqiqət, varlıq, idrak, insan, cəmiyyət s. kimi məsələlər bir-birinə o qədər diffuziya edir ki, "insan-dünya", "insan-Tanrı", "insan-ölüm" paradiqmaları oxucunun dünyagörüşünə təsir edir. Ancaq burada zərif bir məqam var: şair yolunu yaxşı tanıyır, lazım olmayandan artıq söz söyləmir. Sərhəddi keçsinmi, keçməsinmi - oxucunun öz öhdəsinə buraxır:

Hərəmiz borcludu bir can ölümə,

Ölsək , tapmarıq əncam ölümə.

Tanrı qırmır bizi...

                Ancaq ölümə yoxladır.

Xəbərin varmı? - Bilmirəm.

ya

Narı sümürürsənsə,

Süddən yanıqsan...

Gözünlə qaşının arasında

Qapı açılan gün...

O yanlıqsan...

 

Hər bir cəmiyyətin öz zəif yerləri, öz ağrılı nöqtələri var. Şair bu "odlu nöqtələri" tapır, acımadan, dərdin yarasına duz səpə-səpə, insanların eşitmək istədikləri mövzuları dərinləşdirərək incə bir ironiya ilə faciəvi həqiqəti qəbul etdirir:

Qaralar məhəlləsi:

Milli Qəhrəmanın

xatirə lövhəsi altında

dilənən qadın duası:-

...Yalandı!

Yalandı!

Dünyada ən şirin şey

Vətən deyil,

Dünyada ən şirin şey

İnsandı...

Onun təyinatı hansısa yollar təklif etmək, nəzəriyyələr qurmaq deyil. Lakin həlli tələb olunan ziddiyyətləri çözməkdən qaçmayıb. Sanki cəmiyyət, həyati əhəmiyyətli bir orqanıdır o, bu orqana görə cavabdehdir.

Yaxşı Pisi heç vaxt qarışdırmır.

Haqqı yenmir, Haqdan enmir.

Şükür o göydəki ismin halına

Şükür yağışına, şükür qarına.

Şükür adımızı öz jurnalına

Əcəl adqoydudan qabaq yazdırıb...

Ömrün əlli  qapısının qırxını Sözlə açan, yaşıdım şeirlərin  müəllifinə fəth etdiyi Zənginliyində, Ucalığında  qalması diləyi ilə

 

Rusiya, Voronej

 

 

Günay SƏMA ŞİRVAN

 

525-ci qəzet.- 2019.- 20 aprel.- S.12.