Saxurlar
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi ilə Jurnalist
Ekspert Mərkəzi İctimai Birliyi (JEM) "Azərbaycanda
yaşayan xalqları yaxından tanıyaq" layihəsinin
icrasına başlayıb.
İyul-noyabr
ayları ərzində icra olunacaq layihə Şuranın
2019-cu il dördüncü qrant müsabiqəsində
"Azərbaycanda yaşayan milli azlıqların mədəni
irsinin təbliğinə dair təşəbbüslər"
istiqaməti üzrə qalib olub.
Layihə
çərçivəsində Azərbaycanda yaşayan ləzgi,
tat, udi, Şahdağ xalqları, avar, ingiloy, yəhudi,
talış, saxur, kürd xalqlarının tarixi, dili, mədəniyyəti,
müasir yaşayış tərzləri barədə konkret
faktlara əsaslanan yazılar "525-ci qəzet"də dərc
edilir.
Məqalələr Azərbaycan Milli Elmlər
Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdindəki
Antropologiya Mərkəzinin əməkdaşları tərəfindən
hazırlanır.
10 yazının mətbuat orqanı vasitəsilə
oxuculara təqdim olunması prosesi başa çatdıqdan
sonra həmin məqalələrdən ibarət kitabça nəşr
edilərək, KİV orqanlarına hədiyyə veriləcək.
Sizə layihənin üçüncü
yazısını təqdim edirik. Yazı saxur xalqı
haqqındadır. Birinci məqalə ləzgi,
ikinci məqalə udi xalqına həsr olunmuşdu.
Azərbaycanda saxurlar Qax və Zaqatala rayonlarında
yaşayırlar. Özlərini "yıqbi"
adlandıran saxurların xeyli hissəsi Dağıstanın
Rutul rayonunda, Samur çayının mənbəyində məskunlaşıblar.
Onlar müsəlmandırlar və İslam
dininin sünni məzhəbinə inam gətirirlər. Saxur dili Şimali
Qafqaz dil ailəsinin Nax-Dağıstan qrupuna aiddir. Sovet dövründə
saxurların dilində ibtidai təhsil olmayıb. Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini
bərpa etdikdən sonra saxurların kompakt
yaşadıqları kəndlərin ibtidai siniflərində
bu dil tədris olunmağa başlanıb. Hazırda
saxur dili əsasən yaşlı nəslin nümayəndələrinin
səyi nəticəsində dağlıq ərazilərdə
yaşayan kəndlərin əhalisi arasında qorunub
saxlanır. Saxur əhalisinin əsas
ünsiyyət dili ölkəmizin dövlət dili olan Azərbaycan
dilidir.
Saxurlar Dağıstanın qədim
xalqlarındandırlar. Təxminən XIX əsrdə bu xalqın
nümayəndələri Azərbaycana köçərək,
daha sıx Qax rayonunda məskunlaşıblar. Saxurların Azərbaycana köçmələri
Sovet dövründə də davam edib. XX əsrin
60-cı illərində Dağıstanda yerləşən
Saxur kəndinin 40-dan çox ailəsi ölkəmizə
köçüb.
Dağıstan
və Azərbaycan saxurlarının məskunlaşdıqları
ərazi iki coğrafi zonanı əhatə edir: şum əkinçiliyini
və heyvandarlığı uzlaşdırmağa imkan verən
geniş alp çəmənlikləri olan yay otlaqları və
məhsuldar isti cənub yamacları. Bir çox
ailələr heyvanları ilə birlikdə, qışda
Dağıstandan Azərbaycana köçər, yayda gəldikləri
yurdlara qayıdardılar.
Saxur yaşayış məskənlərinin əsas tipi
saxurca "xiv" adlanır. Maraqlıdır ki,
saxurlar yaşayış evinə də "xiv" deyirlər.
"Xiv" isə saxur dilində qohumluq qrupu, nəslin
özəyi mənası daşıyaraq, qədim sosial
münasibətlərin göstəricisi kimi təqdim olunur.
Bundan başqa, yaşayış yerlərini göstərmək
üçün Azərbaycan sözləri olan "kənd",
"oba", "qazma", "qışlaq" ifadələri
də saxurların leksikonuna daxildir. Tarixdə
saxurların yaşadıqları kəndlər bir və ya bir
neçə qohum qrupların yaşadıqları məhəllələrə
bölünürdü. Məscid və
"qimqa" meydanı xalq yığıncaqlarının
keçirildiyi ictimai mərkəz rolunu oynayırdı.
Üstü
hamar torpaq örtüyü ilə bağlanmış,
küçəyə baxan divardan giriş qapısı kimi
istifadə edilən birmərtəbəli daş ev saxurların əsas yaşayış məskəni
sayılırdı. İkimərtəbəli təsərrüfat tikililəri evdən kənarda
qurulurdu. Bu tikililər kəndin kənarında
xüsusi ərazi kimi görünərdi. Azərbaycanda saxurlar düzən yerdə
çiy kərpicdən, saman və qamışla
örtülmüş qoşaçatılı damı olan
bir və bir yarım mərtəbəli evlər tikirdilər.
Hazırda etnosun yaşadığı müasir
evlər əsasən şüşəbəndli və ikimərtəbəlidir.
Ənənəvi saxur evləri bir qayda olaraq iki otaqdan
ibarət idi.
Onlardan biri qız evi olub "dəyə" adlanar və 1,5-2 metr dərinlikdə yerin altında yerləşərdi.
Bu evin ortasında saxurların "laxa"
adlandırdığı kürsü olardı. Qışda bütün ailə üzvləri bu evə
yığışar, ailə - "laxa" ətrafında
yerləşib, onun istisində isinərdi. "Laxa"da ocaq qalanardı. Bir
qayda olaraq bu tipli evlərdə pəncərə olmaz,
işıq ancaq ocağdan düşərdi. Evin ikinci otağından isə yaz-yay aylarında
istifadə edilər və ailənin bütün üzvləri
bu dövrdə burada yerləşərdilər.
Saxur kəndlərində
rast gəlinən ikimərtəbəli, pəncərəli və
daha münasib şəraiti olan evlər isə
"tavanalı" adlandırılan əhaliyə məxsus olub. Müasir dövrdə hər bir saxur kəndində
belə evlər üstünlük təşkil edir, əhali
daha abad, işıqlı evlərdə yaşayır. Evin daxili səhmanı yenilənib. Burada müasir şəhər evlərinə xas olan
bir çox cəhətlər mövcudur.
Saxurların təsərrüfat məişətində
aparıcı yeri qoyunçuluq tutur. Nisbətən qədimdə
yerli qoyun cinsləri daha üstünlük təşkil edib.
İri buynuzlu mal-qara təsərrüfatı isə
qoyunçuluğa nisbətən geniş yayılmayıb.
Bu da saxurların başlıca olaraq dağ ərazilərində,
zəngin yaylaqlara malik olmaları ilə izah edilməlidir.
Yayda yaylaqda bəslənən qoyun sürüləri,
qış vaxtı Alazan vadisi, Muğan qışlaqlarında
saxlanılardı. Məhz bu səbəbdən
saxurların hamısı Azərbaycanla, onun əhalisi ilə
sıx əlaqədə olub. Azərbaycan
şəhərləri saxurların heyvandarlıqla
bağlı olan məhsullarını satması
üçün bazar rolunu oynayıb.
Əkinçiliklə məşğul olan saxurlar
payızlıq taxıl, çovdar, arpa, pərinc, darı səpərdilər. Düzənliklərdə
irriqasiya işləri tətbiq edilər, əsasən
yazlıq buğda və qarğıdalı becərərdilər.
Heyvandarlıqda əsasən qoyunçuluğa
və atçılığa üstünlük verərdilər.
Müasir təsərrüfatlarda köçürmə
maldarlıq üstünlük təşkil edir, dağ
yamaclarında və çayətrafı terraslarda, kotan və
öküz cütündən istifadə etməklə, əkinçiliyi
dirçəldərdilər. Azərbaycan
saxurları bağçılığı, tərəvəzçiliyi,
tütünçülüyü, ipəkçiliyədaha
daha meyllidir.
Saxurların əsas məşğuliyyətlərindən
biri də sənətkarlıqdır. Qadınlar yunu əyirib,
ondan müxtəlif məişət əşyaları toxuyur,
kişilər isə zərgərlik, dəmirçilik,
silahsazlıqla məşğul olurdular. Saxur
qadınları bütün il boyu
xalça, palaz, xurcun, corab toxuyar, yundan hazırlanmış
iplikdən xüsusi toxuçuluq dəzgahlarında müxtəlif
adda geyimlər hazırlayardılar.
Saxurlar arasında çəkməçilik, dülgərlik,
daşişləmə sənətləri də üstün
yer tutub. Bu sənətlərə sahibi olan kişilər bir
tərəfdən el-obanın yerlərdə öz tələbatını
ödəyər, həm də ilin müxtəlif
vaxtlarında Azərbaycanın, Gürcüstanın şəhərlərinə,
kəndlərinə gedib, orada əhalinin sifarişini yerinə
yetirərdilər.
Saxurların ənənəvi yeməkləri əsasən
undan, ət və süd məhsullarından hazırlanır. Tərəvəz və meyvə,
ənənəvi qida kimi, az əhəmiyyət
kəsb edir. Onları yabanı ot bitkiləri
əvəz edir. Geniş yayılmış yeməklərdən
ət, pendir, sarımsaqla hazırlanmış xəngəl,
içi balqabaqdan hazırlanmış düşbərə,
yumurtalı kəsmik, qozlu gicitkən, ot yeməkləri,
buğda, yulaf, pərinc yarmasından hazırlanmış
sıyıq, ərik qurusu, balqabaq, müxtəlif
şorbaları göstərmək olar. İnək
südündən xama, ayran, süzmə, yağ,
qoyun südündən isə pendir alırlar. Saxur
çobanları heyvanın içalatına quyruq piyi, ətirli
otlar əlavə etməklə hazırlanmış içi
qarına, yaxud da bütöv cəmdəyə doldurur, dəriyə
bükərək közdə bişirirdilər. Saxur ənənəvi yeməkləri arasında Azərbaycanın
şimal-qərb bölgəsində bütün xalqlar tərəfindən
sevilən sürhüllünun xüsusi yeri var.
Qədim rəvayətlər saxurların özlərinə
xas bayramları haqqında xəbər verir. Məsələn,
əhali qışlaqlardan qayıdan zaman bayram təşkil
olunardı. Bu bayram zamanı cıdır,
güləş yarışları, it döyüşləri
təşkil olunardı, qurbanlar kəsilərdi. Ot çalmaq ərəfəsi başlamazdan əvvəll
müqəddəs dağlarda üç gün ərzində
Seyran adında yay bayramı keçirilərdi. Saxurlar Novruz
bayramını və bütün müsəlmanlar kimi Ramazan
və Qurban bayramlarını da qeyd edirlər.
Saxurların mədəniyyəti azərbaycanlıların
mədəniyyəti ilə sıx əlaqədə
inkişaf edib.
Onlarda mahnılar saxur dilində və Azərbaycan
dilində ifa edilir, hekayələr, nağıllar,
oxşamalar isə ana dilində söylənilir. Saxurların istifadə etdikləri musiqi alətləri
tar, saz, zurna, balabandır. Ümumiyyətlə
qeyd etmək lazımdır ki, saxurlar və Azərbaycan
türkləri arasında əlaqələr son dərəcə
sıx və möhkəmdir.
Müasir Zaqatala və Qax rayonları ərazisində əsrlərdən bəri davam edən birgəyaşayışın nəticəsi olaraq azərbaycanlılarla saxurlar arasında sıx inteqrasiya əlaqələri formalaşıb azərbaycanlıların və saxurların ənənəvi mədəniyyətlərində, məişətlərində oxşar cəhətlər çoxdur. Kəndlərində toy zamanı mahnılar həm saxur, həm də Azərbaycan dilində ifa olunur. Azərbaycanlılarla saxurlar eyni çalğı alətlərindən istifadə edirlər.
Bu gün Zaqatala şəhərində Saxur Mədəniyyət
Mərkəzi fəaliyyət göstərir. Bu
mərkəzin əsas fəaliyyət istiqamətləri
saxurların kompakt yaşadıqları yaşayış məntəqələrində
musiqi, rəqs kollektivlərinin formalaşdırılması,
saxur mədəniyyətinin təbliğindən ibarətdir.
2009-cu ildə dünya kino tarixində ilk dəfə saxur
dilində "Kürəyi qibləyə" bədii
qısametrajlı Azərbaycan filmi çəkilib.
525-ci qəzet.- 2019.- 3 avqust.- S.6.