Keçidlər

 

Hekayə  

 

 

 

I. Gecə...

Günəş hündür binaların arxasında yavaş-yavaş qürub edir. Artıq göy üzünün ixtiyarı gecədədir. Ətrafı işıqlandıran küçə lampaları, gecənin gəldiyini bütün şəhərə car çəkir. Bir azdan şəhərə sükut çökəcək, metro çıxışları susqunlaşacaq, şəhər meydanları lala dönəcək. Bu gecə yer üzü ilə göy üzünün vəhdəti bir-birini tamamlayır. Ulduzlar isə artıq göy üzündə görünməyə başlayıb. Qadın həyası ilə qaranlıq səmada ay öz yerini almadadır. İnsanlar bir-bir evlərinə çəkilir. Bütün şəhər gecənin əsarətində mürgüləyir. Evsiz-eşiksiz küçə adamları özlərinə gecəni keçirmək üçün sığınacaq axtarır. budur, şəhər ölüm səssizliyinə bürünüb. Ara-bir bu səssizliyi küçə itlərinin hürüşməyi aradan qaldırır, sanki itlər gecənin səssizliyinə musiqi bəstələyir. Səkilər insan addımını, kimsəsiz küçə heyvanların kiçik ürkək addımına dəyişir. Artıq şəhər böyük bir boşluq içində gecə ilə tək başınadır...

II. Darıxmaq...

Elə bil gecənin köynəyinə, göy üzünə pessimist duyğular toxunub. Səma ki əyninə qara donunu geyindi, insanlar özlərini tənhalığın, yalnızlığın ovcunda tapır. Bəlkə elə bunun üçün ən çox gecələr darıxırıq.

 

Yəqin ki, çətin olur gündüzlər izdihamın içində itirdiklərimizin dəyərini anlamaq. Darıxan adamlar özlərini göy üzündəki ay kimi hiss edir, yüzlərlə ulduz arasında tənha qalmaqdır ayın qisməti...

 

Darıxmaqla gecənin qarşılıqlı əlaqəsi insanın bütün hisslərini iflic edir. Hər şeyə rəğmən bir müddət sonra darıxmaq üçün gecənin gəlişini səbirsizliklə gözləyirsən. Sanki darıxan sadəcə insanlar deyil, əşyalar belə tutqun gecənin vahiməsində darıxır. Parklarda uşaq yelləncəkləri körpələr, dayanacaqlar insan nəfəsi, küçələr isə əl-ələ verib gəzişən sevgililər üçün darıxır. Payızın yağışı, qışın qarı, baharın rəngarəngliyi kimidir gecənin darıxmağı. Hər şey öz vaxtında, öz yerində gözəldir...

III. Musiqi Üsyan...

Səssizliyin pərdə arxasında böyük üsyanlar yaşanır. Etirazlar səngimək bilmir. İnsan daxilən azadlıq hissini daha yaxından duymaq istəyir. Ən böyük aclıq mənəviyyatın, ruhun aclığıdır. Gecələr ruhumuzun qidası olaraq köməyimizə musiqilər çatır. Çünki onlar bizim ifadə edə bilmədiyimiz bütün hissləri, notlar vasitəsilə kamuflyaj edilmiş bir halda ruhumuza ötürür. Musiqi gecənin ən yaxın dostlarından biridir.

 

İnsanlar müxtəlif olduğu kimi, onların musiqi ehtiyacları da müxtəlif olur: Rok, Caz, Pop, Klassik s.

 

Musiqi dinləmək darıxmağı bir qədər yüngülləşdirir, bir növ ağrı kəsici vasitə kimi istifadə olunur.

 

Mənim üçün gecənin əvəz edilməz musiqiləri bunlardır:

 

1.Mark Eliyahu - Drops, Through me

 

2.Pilli Bebek - Olsun, Delilik, Fotoğraf, Kızım, Haram geceler s.

 

3.Paolo Nutini - İron Sky

IV. Sərxoşluq...

Ay ulduzlar öz yerini aldı. Darıxmaq hissi içimizdə ixtiyarsız şəkildə baş qaldırdı. Səssizliyin səsini musiqi pozdu. Sanki bu gecə hələ çatışmayan isə var. Təbii ki, bu, içkidir, içkisiz gecəni təsəvvür etmək belə çox çətindir. Darıxmağın zirvəsinə çatmaq üçün ulduzlardan, aydan, qara donlu səmadan zövq almaq üçün içki vacib nüansdır. Musiqi ilə sadəcə ruhumuzun aclığını ödəyə bilərik, gecə üçün mütləq damaq dadımıza uyğun, zövqümüzü oxşayacaq içki olmalıdır. Gecə üçün içki seçimi etmək, olduqca məsuliyyət tələb edən çətin məsələdir. İçki seçərkən nələrə diqqət edilməlidir?! İlk öncə gecənin dərəcədə kədərli olduğuna qərar vermək lazımdır. Unutmağımı istəyirsən, xatırlamaqmı?! Bu sualın cavabını bilmədən, buna tam əmin olmadan, tələskənlik edib seçim etmək məcburiyyətində qalmayın...

V. Yeni gün yeni ümid...

Günəşin ilk şüaları şəhərin canına istilik ötürür. Bu, artıq yeni bir günün başlanğıcı, yeni bir ümid deməkdir. Susqun metro çıxışları yenidən öz səs-küyünə qovuşur, şəhər meydanları insanla dolub daşır. Parklarda körpələr, dayanacaqlarda insanlar, şəhərdə əl-ələ gəzişən sevgililər yeni bir günün ümid ətrinə sarılmış sabahında görünməyə başlayır. Saatın əqrəbləri insanları qovmaqla məşğuldur. Gecədən səhərə bir qədər darıxmağın yaratdığı can sıxıntısı, içkidən yaranan baş ağrıları, ağlımızda isə musiqisinin incə notları qalıb. Gecədən səhərə sağ çıxa bildiksə, günəşin istisini, şüalarını üzümüzdə hiss edə bildiksə bu o deməkdir ki, heçüçün gec deyil. Necə deyərlər, ümid hər zaman mövcuddur...

 

 

Kənan İSMAYIL

 

525-ci qəzet.- 2019.- 10 avqust.- S.14.