Nur simalı Şəhlamız  

 

 

Azərbaycan musiqişünaslığında layiqli yer tutan alimlərimizdən biri - Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Şəhla Həsənova-Mahmudovanın vəfatından bir il keçir.

Mehriban, gülərüz, xeyirxah, istedadlı Şəhla... Onun gözəl, qədim, “musiqili” adını nə vaxt ilk dəfə eşitdiyimi indi xatırlamağa çətinlik çəkirəm. Tanışlığımızın təfərrüatları da dəqiq yadımda deyil. Yəqin ki, bu hadisə 70-ci illərin sonuna, mənim Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin nəzəriyyə şöbəsinə keçdiyim dövrə təsadüf edir. İxtisas müəllimimiz Flora xanım  bir neçə il öncə onun sinfini bitirmiş Şəhlanı öz ən bacarıqlı yetirmələrindən sayır, onu bizə nümunə gətirərdi. Sonradan bildim ki, o, tanınmış alimlər, pedaqoqlar, Universitetin şərqşünaslıq fakültəsində neçə-neçə tələbə yetişdirmiş Həsən müəllim və Fəxrəntac xanımın övladıdır. Onun elmə, biliyə sevgisi elə ailədəki ənənələrdən mayalanmışdır.  

Müəyyən yaş fərqinə baxmayaraq –  biz Ü.Hacıbəyli adına Konservatoriyaya daxil olduğumuz ildə Şəhla artıq bu təhsil ocağını bitirmişdi, – mən  gələcək həmkarımın nəzərəçarpan uğurlarından bixəbər deyildim. Bilirdim ki, o, müxtəlif  ciddi müsabiqələrdə, o cümlədən, tələbə - tədqiqatçıların Ümumittifaq  müsabiqələrində mükafatlara layıq görülmüş,   tələbə və gənclərin “azadlıq adası”- Kubada keçirilən XI Ümumdünya festivalına ezam olunmuş, silsilə verilişlər aparmaq üçün televiziyaya dəvət edilmiş, təhsilini bitirər-bitirməz  o zaman  musiqi məbədi saydığımız  konservatoriyaya  işə götürülmüşdü.

Bəli, Şəhla məktəb və konservatoriya həyatımızda olduqca əlamətdar bir fiqur idi.  O dönəmdə doğma dilə bələd olan musiqişünaslar yox dərəcəsində idi. Odur, Şəhla bizim sayca məhdud, nə deyim, o qədər də  böyük hörmətə malik olmayan Azərbaycan şöbəsinin əsl ulduzuna çevrildi. Deyə bilərəm ki, o, bizim təhsil illərimizin əsl kumiri idi. Mükəmməl musiqi duyumu, analitik təfəkkür, nadir qavrama qabiliyyəti kimi  xüsusiyyətlərə malik Şəhla rahatlıqla, əgər belə söyləmək olarsa, gülə-gülə oxuyur, çoxsaylı, mürəkkəb fənlərin öhdəsindən asanlıqla  gəlirdi. Özü də gənc musiqişünas dərslərə olduqca ciddi yanaşırdı: biliklərini durmadan genişləndirmək məqsədini qarşısına qoyaraq o, müəllimləri də özü seçir, ancaq ən təcrübəli, ən istedadlı olanlardan bəhrələnirdi. Onun insan kimi qətiyyəti, iradəsi, musiqiçi kimi  məziyyətləri gündəlik  müntəzəm zəhmətlə  uzlaşdırılaraq parlaq nəticələrə gətirirdi: məktəbi qızıl medalla bitirmiş, Konservatoriyada ən ali təqaüdə layiq görülmüş, Tələbə Elmi Cəmiyyətinin sədri seçilmişdi. 

Eyni zamanda rus dilinə də mükəmməl yiyələnərək Şəhla gələcəkdə Konservatoriyanın hər iki şöbəsində dərs demək imkanı qazandı. Musiqişünaslıq elmi sahəsində sanballı biliklər,  geniş dünyagörüşü,  mühazirələrinin əsas müddəalarını fortepiano arxasında  çalıb illüstrasiya etmək kimi nadir keyfiyyət ona  gözəl müəllimtək nüfuz qazandırdı. Onu sevirdilər, ona etibar edirdilər, onunla daim məsləhətləşirdilər.

İlk ən güclü təəssüratlarımdan biri Şəhlanın Filarmoniyada şan-şöhrətli türk bəstəkarı Əhməd Ədnan Sayqunun Dördüncü simfoniyasının ifasından əvvəl söylədiyi ön sözdür. Bu miqyaslı lövhənin Azərbaycan Dövlət simfonik orkestri tərəfindən  tanınmış türk dirijoru Gürer Aykalın rəhbərliyi altında ifası 80-ci illərin əvvəlində   Bakının musiqi həyatında böyük bir hadisə oldu. Şəhlanın məhz  doğma Azərbaycan dilində  tanış olmayan əsər barədə çıxışı öz-özlüyündə əlamətdar hadisə idi. Həm də bəlli idi ki,  bu mürəkkəb əsər haqqında  danışmağı  Şəhlaya xüsusi  tələbkarlığı ilə fərqlənən maestro Niyazi təklif etmişdir.   Niyazinin, görünür,  Şəhlanın səlis azərbaycancası,  danılmaz natiqlik bacarığı haqda məlumatı var idi – televiziyadakı çıxışlarını seyr etmişdi. Sonralar Şəhla maestro ilə görüşünün  bütün təfərrüatlarını kövrək duyğularla xatırlayırdı. Gənc musiqişünasın  bilik səviyyəsini  yoxlamaq  məqsədilə Niyazi onu öz  evinə  dəvət etmiş, Həcər xanımın zövqlə hazırladığı çay süfrəsi arxasında qəfil sualları ilə imtahana çəkmişdir.  Lakin çox keçmədən  bu sorğu-sual, Şəhlanın təbirincə,  musiqi haqqında maraqlı söhbətə çevrilmiş, sənət ilə bağlı ən müxtəlif məsələləri əhatə edərək, iki musiqiçinin fikir mübadiləsi kimi  davam etmişdir. Niyazi gah qədim dövrə, gah orta əsr musiqiçilərinin yaradıcılığına dönür, gah XX əsrə qayıdaraq, Ravel, Stravinski, Gerşvinə yönəlir, gah  da milli bəstəkarlıq məktəbinin nailiyyətlərinə, milli ənənəvi sənətə, muğamlara  toxunurdu.  Həmin görüş, Şəhlanın dediyinə görə, Niyazini  özünü anlamaq, onun bədii meyillərini, hansı üslublu musiqiyə üstünlük verməsini başa düşmək,  müvəffəqiyyətinin təməlində  zəngin mənəvi dünyasının durduğunu dərk etmək  baxımından da əlamətdar  idi.  Bu söhbətin yekununda isə  gələcək konsertdəki çıxışını, səslənəcək əsəri müzakirə etməyin zəruriliyini bildirən  gənc musiqiçiyə  Maestro müdrikcəsinə: “get, qızımcan,  heç narahat olma, həmin çıxışını da, deyəcəklərini də özün tapacaqsan. Bunu sənə Niyazi deyir”, – söyləmişdir. Bəli, Şəhla gələcəkdə nədən danışırsa-danışsın,  nədən yazırsa-yazsın, hər mövzuya dərindən  varmaq, fikrini ifadə etmək üçün lazımi, dəqiq, sərrast sözləri tapmaq kimi valehedici bacarıq sərgiləyirdi.

Əlbəttə, bizim televiziyamızın  tarixində o zaman lap cavanson dərəcə cazibədar Şəhlanın müəllifi və aparıcısı olduğu “Sehrli səslər evciyi” musiqili-maarifləndirici silsilənin xüsusi  yeri var.  Həmin verilişlər hətta sanballı tədqiqat mövzusu da olub. Uşaq auditoriyasına ünvanlanan   bu  silsilənin hər buraxılışı üçün  ssenari yazarkən Şəhla o qədər təxəyyül və erudisiya sərgiləyirdi!  O proqramlara baxan hər kəs aparıcı xanımın  “köməkçisi” Do-Re-Mi adlı kuklanı xatırlayır: məhz o kukla ilə dialoqda Şəhla ən kiçik tamaşaçılara musiqi sənətinin ən önəmli hadisələri haqqında asan qavranılan oyun, əyləncə şəklində danışmağa çalışırdı. Ancaq  heyfsilənmək olar ki, bir neçə il davam edən bu silsilə sonralar dayandırıldı. Açıq deyim ki, indinin özündə belə televiziyamızda ən mürəkkəb, ən vacib uşaq auditoriyasına ünvanlanan belə bir peşəkar səviyyəli veriliş yoxdur.

Bir çoxları Şəhlanın maarifpərvər proqramlarını bir məktəb adlandırır.  Belə insanlardan biri hal-hazırda Vyanada fəaliyyət göstərən həmyerlimiz musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bir sıra diqqətəlayiq tədqiqatların müəllifi Fərəh Tahirovadır.  “Culture meeting Point”  mədəniyyət assosiasiyasının musiqi rəhbəri  kimi  o, Academia Musica  adlı musiqi təhsil ocağının şagirdlərini bir araya gətirərək, 2019-cu ilin iyununda  Şəhla Mahmudova- Həsənovanın xatirəsini “Sehrli səslər evciyi Do-Re-Mi ilə” adlı əhatəli proqramla yad etmişdir. Burada o, sanki, Şəhla xanımın o verilişlərinin formasını bərpa etmiş, musiqi əsərlərinin, əgər belə demək olarsa,  şəhlasayağı təqdimat üsullarını  uğurla tətbiq etmişdir.

Çox təəssüf edirəm ki, son illər Şəhla televiziya ekranlarında  az görünərdi.  O, qiraətçi, təhkiyəçi istedadına malik idi, buya digər əsərin mahiyyətini aydın açmaq, auditoriyanı  dinləyiş dalğasına kökləmək iqtidarında idi. Yadımdadır ki,  2008-ci ildə bizi eyni bir  gündə filarmoniyanın salonunda  Arif Məlikovun Bakıda keçirilən festivalı haqqında verilişlər silsiləsi ilə əlaqədar çəkirdilər. Mən ustadın simfoniyalarını, o isə baletlərini şərh edirdi. Şəhla “Məhəbbət əfsanəsi” tamaşası haqqında elə şövqlə danışırdı, burada  möhtəşəm libretto, novator xoreoqrafiya və sarsıdıcı musiqinin vəhdətindən doğan harmoniyanı  elə gözəl təsvir edirdi.

Bir neçə il  əvvəl Şəhlaya böyük həftəlik musiqi  verilişini aparmaq təklif olundu. O isə həmmüəllif qismində məni cəlb etdi. İkilikdə biz Qara Qarayevə  həsr etdiyimiz ilk verilişin ssenarisini yazdıq. Lakin, təəssüf,  həmin layihə naməlum səbəblərdən reallaşdırılmadı. Şəhla ilə işləmək rahat idi – biz bir-birimizi ani olaraq anlayırdıq.

Buradaca Şəhla xanımın Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmiş  “Azərbaycan musiqisi”, “Azərbaycan muğamı”,  görkəmli  bəstəkar Müslüm Maqomayevə həsr olunmuş “Yarımçıq qalmış motiv” sənədli filmlərinə yazdığı ssenariləri qeyd edərdim.

Musiqişünaslığımızda və musiqi pedaqogikasında  Şəhlanın araşdırmaları  özünəxas yer tutur. Vaxtında onun “Azərbaycan muğamının tematizmi” mövzusunda  namizədlik dissertasiyası  musiqi elmində  diqqətəlayiq hadisə oldu və hətta elmi çevrədə canlı  polemika doğurdu. Növbəti mərhələ - doktorluq dissertasiyası müasir Azərbaycan musiqisində ənənə və müasirlik probleminə  həsr olunmuşdu. Araşdırmanın müddəalarını müəllif tanınmış bəstəkar Musa Mirzəyev yaradıcılığından nümunələrlə illüstrasiya etmişdir. Onu da deyim ki,  elm aləminə can atan bir sıra  “zirək”  gənc həmkarlarımızdan  fərqli olaraq, Şəhla dissertasiya üzərində kifayət qədər uzun müddət işləmiş, onu müdafiəyə təqdim etməyə tələsməmişdir. Hərçənd Şəhla bir dəfə etiraf etdi ki, məqsədyönlü çalışsaydı, elmi işini daha tez bitirə bilərdi: çoxsaylı administrativ işlər,   tədrislə bağlı qayğılar onu əsas hədəfdən yayındırırdı.

Metodiki xarakter daşıyan işlər arasında mən “Musiqi tarixi üzrə mühazirələr”i qeyd etməliyəm. Azərbaycan dilində  nəşr olunan bu kitablarda  ayrı-ayrı  dövrlərə  aid üslubca müxtəlif bəstəkarların yığcam səciyyəsi verilir. Doğma dilimizdə xüsusi ədəbiyyatın  hələ də qıtlığı şəraitində bu kitabçalar hamını -  pedaqoq və tələbələri  zəruri dərs  vəsaiti ilə təchiz edir.

Ümumiyyətlə, Şəhla hər hansı bir mövzu ilə özünü məhdudlaşdırmırdı. Onun elmi, publisistik maraq dairəsi geniş idi: burada ənənəvi sənət, çağdaş musiqi,  ifaçılıq, estetik tərbiyəyə aid materiallara da yer ayrılırdı. Şəhlanın meyillərinin diapazonu haqqında “Musiqili palitra” adı ilə nəşr olunan məqalələr toplusu əyani təsəvvür yaradır. Palitra həqiqətən də rəngarəng alınmışdı!

“Musa Mirzəyev. Biblioqrafiya” və  Azərbaycan bəstəkarlıq məktəbinin layiqli təmsilçisinin yaradıcılığını  müfəssəl işıqlandıran “Musa Mirzəyev” monoqrafiyasına görə isə  Ş.Həsənova Humay Milli mükafatına layiq görülmüşdü.

Son işləri arasında ifaçılıq sənətimizin Lütfiyar İmanov, Hacı Məmmədov, Əhsən Dadaşov kimi müqtədir simalarına həsr olunmuş kitablarını, habelə AMEA-nın “Musiqi tarixi” çoxcildliyi üçün yazdığı  oçerkləri qeyd edərdim.

Şəhla xanım həmişə  həyatda fəal mövqe tutmuşdur. O, müxtəlif illərdə  BMA-nın Elmi Şurasının üzvü, Dissertasiya Şurasının elmi katibi,  Azərbaycan Prezidenti yanında AAK-ın Ekspert Şurasının sədr müavini,  1997-ci ildən, yəni açıldığı zamandan ömrünün sonunacan BMA-nın magistratura  şöbəsinin dekanı kimi çalışmışdır.

Şəhlanın dözümü, çətin vəziyyətlərdə müvazinətini qoruyub saxlamaq bacarığı  hamıya bəlli idi. Lakin bir xoşagəlməz vəziyyətdə - Bakıda işıq üzü görən sanballı nəşrdə zəhməti keçənlərin adları qeyd olunmamışdı   - mən onu əsəbi və ədalətsizlikdən  hiddətlənmiş  gördüm.  Davamlı vaxt, səhhət  hesabına ərsəyə gələn böyük bir sanki  hədər yerə icra olunmuşdu!

Bakıda mütəmadi olmadığımdan mən onu yalnız ildə bir neçə dəfə - Musiqi Akademiyasında qiyabiçi tələbələrə mühazirə oxumaq üçün gələrkən - görə bilirdim. Son görüşümüzü xatırlayıram:  yorğun görünürdü, amma ovqatı yaxşı idi, gözləri də gülürdü. Ümumiyyətlə, Şəhla  nikbin insan, həyat aşiqi idi, məxsusi qadın məlahəti  ilə fərqlənirdi.  İncə yumor hissi, təkrarsız təbəssüm də  onun məftunedici obrazını tamamlayırdı. İstər-istəməz şairin  bir  misrası yada düşürdü : “Nə qədər yaraşır insana gülmək”...

Odur, həyat dolu bu gözəl xanımın vəfatı bizi çox pərişan etdi. O, hamının sevimlisi idi – dostların, həmkarların, tələbələrin. Bu gün mənə onun haqqında keçmiş zamanda yazmaq çətindir.  Daim Yevgeni Yevtuşenkonun “Bu dünyada maraqsız insan yoxdur” şeiri qulağımda səslənir: mən də şairtək Şəhlanın yoxsuzluğundan sarsılıb, haray çəkmək  istəyirəm...

Biz,  uzun illər  Bakı Musiqi Akademiyasının “Musiqi tarixi” kafedrasında Şəhla ilə çiyin-çiyinə çalışanlar, onun həsrətini hələ çox uzun  müddət çəkəcəyik. Axı biz  ən parlaq həmkarlarımızdan biri – gözəl alim, istedadlı pedaqoq, geniş profilli musiqişünas, əsl professionalı itirdik. O, ümumiyyətlə, bizim konservatoriya həyatımızın  ayrılmaz  əhəmiyyətli bir hissəsi idi – ömrümüzün o dəyərli, kövrək duyğular doğuran hissəni itirdik. Bəstəkar Afaq Cəfərovanın yazdıqlarında böyük həqiqət var: “Bu həyatda belə  bir işıqlı, ağıllı, səmimi, son dərəcə geniş ürəkli Şəhlamızın yoxluğu necə də böyük ədalətsizlikdir! Heç bir söz ona  olan sevgimizi axıracan ifadə edə bilməz...”

Lakin Şəhlanın kitabları, televiziyadakı lent yazıları  qalır. Mənə elə gəlir ki, bu zəngin material əsasında Şəhla xanım haqqında  televiziyada maraqlı və ibrətamiz film çəkmək mümkündür. Doğma Bakı Musiqi Akademiyasında da Şəhla xanımın xatirəsini elmi konfransla yad etmək yaxşı olardı: axı o sevimli Konservatoriyamıza, televiziyamıza o qədər qüvvə və zəhmət sərf etmişdi. Zəif təskinlikdir, amma... Amma  onda biz Şəhlamızın -   nur simalı insan, vicdanlı dost, həssas,  son dərəcə gözəl insanın xatirəsi  qarşısında borcumuzu qismən  ödəmiş olardıq... ancaq qismən...

 

Zümrüd DADAŞZADƏ

 

525-ci qəzet.- 2019.- 10 avqust.- S.11.