Səhiyyəmizin
Sonası
Tibb aləmində çalışanlar yəqin ki,
Hippokratın “Gözəl davranış haqqında” əsərini
yaxşı xatırlayırlar. Həkimlik sənətini insana sevgi əxlaqından
ayırmayan Hippokrat yazırdı: “İnsana sevgi olan yerdə
sənətə də məhəbbət var”.
Bəlkə də bütün peşəkar həkimlik
fəaliyyəti boyu bu ülvi həqiqəti əsas
tutmasaydı, Sona xanım Əsgərova Azərbaycan səhiyyəsinə
üzağlığı gətirən istedadlı cərrah
kimi tanınıb sevilməsdi. Əgər bu amalla
xidmət göstərməsəydi tibbdə bu qədər
uğur qazana, ən əsası, pasiyentlərinin, sadə
insanların və el-obanın sevgisini qazana bilməzdi.
O, yaxşı bilir ki, həkimin başlıca qayəsi xəstəni
şəxsiyyət kimi həyata qaytarmaqdır. İnsana,
xüsusilə xəstəyə qayğı, ehtiram həkimdən
içdən gələn bir yanğı, həqiqi söz
yanğısı istəyir. Bu
yanğı ən çox onun davranışında
görünür və xəstəyə məlhəm olur.
Onun istər həyat, istərsə də təbabət fəlsəfəsinin
bir qayəsi var: insanı sağaltmaqla, onu həm də öz
məninə qaytarmaq, üzücü düşüncələrdən,
inamsızlıqdan xilas etmək... Təbii, Sona
xanımı öz həmkarlarından fərqləndirən əsas
cəhətlərdən biri də məhz bu olub. Əlbəttə, peşəkarlığı da
öz yerində.
Cərrah-ginekoloq, tibb elmləri üzrə fəlsəfə doktoru Sona Əsgərovanın iş prinsipi bu fikirlərinə söykənir: “Təbabətdə əxlaqla tibbi dünyagörüşün vəhdəti varsa, orada yüksək professionallıq da var! Həkim müalicə kursunu müəyyənləşdirməklə yanaşı, xəstəyə insani dəyərlər prizmasından yanaşmalı, onun şəxsiyyətinə dərin ehtiram göstərməlidir. Müalicədən əvvəl xəstənin xarakterini öyrənmək kimi mürəkkəb psixoloji prosesdən keçməlisən. Bax, ən çətini budur. Qaldı ki, düzgün müalicəyə!.. Mirzə Məhəmməd Təbrizinin belə bir fikri var. O, deyirdi: “Saatsaz saatın mexanizmini bilmədən onu təmir edə bilmədiyi kimi, həkim də xəstənin orqanizminin anatomik quruluşunu bilmədən onu müalicə edə bilməz...”” Tamamilə doğru fikirdir.
Onu yaxından görmək, eşitdiklərimin həyatda gerçəkləşdiyini görmək, müşahidə etmək istədim... Şahidi oldum ki, bu gün də onun üçün ağır keçib. Aparıcı cərrah olaraq çalışdığı German klinikasında çətin bir əməliyyatdan çıxmış, uzun mücadilədən sonra həm ananın, həm də körpəsinin həyatı xilas edilmişdi. Hər ikisinin vəziyyəti stabil idi: “Şükür Allaha, həyatları üçün bir təhlükə qalmadı!..” – deyib reanimasiya otağından çıxmış, arxayın olmaq üçün bir daha körpəyə baş çəkmişdi. Əmin olmuşdu ki, onun da vəziyyəti pis deyil.
Duydum ki, ürəyi fərəh hissi ilə döyünür. Yorğun olduğu aydınca görünürdü. Söhbət edə-edə ömür-gün yoldaşı Tofiq bəyin həmyerlisi olan bir xəstəsinin yaxınlarının içəriyə buraxılmayıb xəstəxananın qarşısında yağışın altında qalmasından çəkdiyi üzüntünü və axıtdığı göz yaşlarına dözməyib bütün var-dövlətindən keçərək onun üçün yaratdığı “ST MED” Tibb Mərkəzinə gəldik. O, ağır addımlarla iş otağına keçdi, masanın üszərindəki dolçadan stəkana su töküb içdi, ürəyinə bir qədər sərinlik gəldi. Yenicə kreslosuna əyləşmişdi ki, qapı döyüldü. Gələn tibb bacısı idi, ürəyi tez-tez döyünməyə başladı: “Allah eləməsin, birdən...” Fikirləri tamamlanmamışdı ki, tibb bacısı dilləndi: “Sona xanım, aşağıda bir qadın sizi görmək istəyir, çox təkid edir...” Rahat nəfəs aldı və: “Yaxşı, indi düşərəm” – deyib əlini telefonun dəstəyinə atdı. Növbətçi həkimlərdən bir daha ananın, körpənin vəziyyətini soruşdu. Və... hər şeyin qaydasında olduğunu dedilər...
Birinci mərtəbədə xəstələri ziyarət etmək üçün gələnlərə ayrılmış otağın qarşısında tibb bacısı onu gözləyirdi. O, qapını açıb içəri keçmək üçün Sona xanıma yol verdi. Otaqda xeyli adam vardı. Deyəsən, çoxu təzəcə əməliyyat olunmuş xəstənin yaxın qohumları idi. Tibb bacısı aralarındakı sadə geyimli, dərisi gün şüasının təsiridən qəhvəyi rəngə çalan orta yaşlı qadına üzünü tutub: “Sona xanımı görmək istəyirdiniz?” – deyib əli ilə həkimi göstərdi. Qadın hövlnak oturduğu yerdən qalxıb onlara sarı yeridi və əllərini göyə açıb yüksək səslə dedi: “Allah ömrünüzü uzun eləsin, həkim, həyat verdiyiniz, ölümün pəncəsindən aldığınız insanlara yaşatdığınız sevincə görə Tanrı mükafatınızı versin. Bu gün siz mənə dünyanı bağışladız. Balamı da, balamın balasını da mənə qaytardız...” O, Sona xanımın əllərini bərk-bərk sıxıb: “Tərifinizi çox eşitmişdim, deyirdilər ki, əlləri də, ürəyi də qızıldır. Bax, indi bu qızıl əllər mənim ovuclarımın arasındadır. Çox sağ olun, doktor”...
Sona xanım əllərini qadının ovucları arasından çıxararaq bir əli ilə onun kürəyinə toxundu, qadına gözaydınlığı verib: “Gözünüz aydın olsun, ana da, körpə də yaxşıdırlar. Əlimizdən gələni edəcəyik ki, heç bir problem yaranmasın, bir neçə gündən sonra isə evə yazacağıq...” – dedi.
Qadın dil boğaza qoymur, hey danışır və sevinc göz yaşları yanaqlarından üzüaşağı süzülürdü...
Deyirlər, şəfqət və mərhəmətin özünə məskən edib yerləşdiyi yerdir anaların qəlbi. Analıq, ana olmaq bütün məxluqata, canlı varlıqlara aid olsa da, insandakı bu xüsusiyyət daha üstün, daha fərqlidir. Çünki, ana övladının yalnız fiziki varlığını deyil, onun ruhunu da qidalandırır. Kainatın Rəbbinə ən yaxın olmaq qabiliyyəti ilə bəzənmiş, süslənmiş ana dünyaya insan gətirir, ona fiziki və mənəvi qida verir. Son nəfəsədək də heç bir umacağı olmadan övladlarının əziyyətini çəkir analar...
Öz anası yadına düşdü, xəyal çəkib onu çox-çox uzaqlara apardı...
Tərtər, doğma kəndi Kolanı, qıjıltı ilə axıb gedən dəlisov Tərtərçay bütün gözəlliyi, əzəməti ilə gözləri önünə gəldi. Əslində o yerləri bir an belə fikrindən çıxardığını heç xatırlamır da... Ona elə gəlirdi ki, o yerlər, o cənnətməkan vətən torpaqları qəlbinə, varlığına, bütün ruhuna hopub. Nə desə, nə danışsa, hansı yerdə, məqamda olsa da, düşüncələrinin baş köşəsində yalnız o gözəlliklər, əlçatmaz uşaqlıq, yeniyetməlik çağları, atalı-analı günləri qərarlaşıb... Ürəyindən dəli bir istək keçdi: - Kaş, o günlər bir də geri dönəydi...
1957-ci il idi. Dərs ili yenicə başlamışdı. Həmin il Sona da birincilərin sırasında idi. Vaxtilə atasına dərs demiş, onun müəllimi olmuş, həyatdan küskün Mahmud müəllimin sinfinə düşmüşdü. Hər gün ağır çantasını çəkə-çəkə, lakin böyük həvəslə gedirdi məktəbə. Məktəb həyatı ilk gündən cəlb eləmişdi onu. Lakin ikicə il böyük sevinc və fərəhlə, dərdsiz, qəmsiz oxuya bilir balaca Sona. Taleyin amansız gedişləri böyük arzularla yaşayan qızcığazı çox tez yaxalayır.
Hər şey 1959-cu il martın əvvəllərində atasını müayinə etmək üçün Bakıya həkimə apardıqdan sonra başlanır. Uşaqlara onlar şəhərdən dönüncəyədək bibiləri baxmalı olur. Hamısının bağrı qana dönür, illah da ki, Sonanın. Onun uşaq qəlbi elə həmin gündən kədərə məskən olur. Atasını itirəcəyindən çox qorxurdu. Və bir gün qorxduğu başına gəlir... Palatada Yaqub adlı iki xəstə yatırmış. Və iynələr səhv vurulur, Yaqub kişi komaya düşür. Üç gün sonra isə həyata vida edir. Həmin gündən hər şey dəyişir, anası – dəyanətli, məğrur Həcər xanım evin həm kişisi, həm qadını olur, balalarına həm atalıq, həm analıq edir, evin, ailənin bütün ağırlığını zərif çiyinlərinə götürür.
Çətin günlər idi, baramaqurdu saxlayır, yayın istisində hamı yaylaqlarda istirahət edəndə o, alın təri töküb beş kişinin işini təkbaşına görürdü. Tut ağacından yarpaq qırmaqdan əlləri qabar olur. Gecələrsə qollarının ağrısından yata da bilmir... Lakin yenə də gecəsini gündüzünə qatıb işləyir, övladlarına atalarının sağlığında olduğundan yaxşı baxmağa çalışır, daha çox qayğılarını çəkir. Çalışır ki, öhdəsində qalan altı uşağa atasızlığını hiss elətdirməsin. Bir dəfə də olsun “yoxdur” kəlməsini dilinə gətirmir. Müdrik qadın hər şeyi təkbaşına ölçüb-biçir, son qərarı da özü verir. Bütün bunları kənardan izləyən Sona çox kiçik olsa da, anasının gizlicə keçirdiyi həyəcanları yaxşı duyur, ona kömək etmək üçün çabalayır, çıxış yolları axtarır. Amma 10 yaşlı məktəbli qız nə edə bilərdi ki?!
Hələ uşaqlıqdan şəkil çəkməyi çox sevərdi. Atasının evə gətirdiyi qəzetlərin ağ yerləri həmişə onun cızma-qaraları, yazdığı çap hərfləri ilə dolu olardı. Məktəbdə oxuyanda bu həvəsi daha da artmışdı. Saleh müəllim ona şəkil çəkməyin bəzi qaydalarını da öyrətmişdi. “Əsərləri”nin ilk tamaşaçısı isə anası Həcər olurdu və o, çəkdiyi rəsmlərə elə gözəl qiymət verirdi ki! Lakin atasıınn portretini, nə qədər çalışsa da, istədiyi kimi yarada bilmirdi. Bunu özünə dərd eləmişdi.
Beləcə, dərslərini yaxşı oxuyur, məktəbin ictimai işlərində fəallıq göstərirdi. Müəllimləri, xüsusən də məktəbin direktoru Sabir müəllim Sonanı çox istəyir, onu həmişə önə çəkirdi. Orta məktəb illərində dəfələrlə məktəb və rayon komsomol komitəsinin fəxri fərmanları ilə təltif edilir. 1965-ci ildə kimya üzrə, 1966-cı ildə riyaziyyat üzrə olimpiadaların respublika mərhələsinin iştirakçısı olur.
Sabir müəllim, ağıllı məsləhətçi, kamil biliyə malik müəllim, ümidsizlərə ümid, atasızlara ata, kövrək qəlbli, vicdanlı, şair təbiətli bir insan idi. Riyaziyyatçı olsa da, məktəbdəki ədəbiyyat dərnəyinə özü rəhbərlik edirdi. Sonada da şeir yazmağa həvəs oyanmışdı, təbii ki, o şeirlərin ilk oxucusu Sabir müəllim olurdu. IX sinfi başa vuranda Sonanın təhsil müəssisəsinin ictimai həyatındakı rolu, təlim-tərbiyəsi nəzərə alınaraq Məktəbin Pedaqoji Şurası onun turist olaraq Moskvaya göndərilməsi barədə qərar qəbul etmişdi. Azərbaycandan kemiş Sovetlər İttifaqının paytaxtına göndərilən 50 nəfər şagirddən biri də Sona Əsgərova idi.
X sinifdə özünə peşə də seçmiş, daha doğrusu, anasının istəyi ilə həkim olmağı qərarlaşdırmışdı. Bu qərarın verilməsində gələcək xəstələrinin atasının qədərini yaşamasına imkan verməmək, onları dəqiq müayinə və müalicə etmək amacı da rol oynamışdı. Beləliklə, orta məktəbi gümüş medalla bitiriən gənc qız 1969-cu ildə N.Nərimanov adına Tibb İnstitutuna daxil olur. Artıq bütün dünya onun idi, sevincdən qanad açıb uçurdu sanki... Axı, anasının arzusu onu həkim görmək idi. O da bu şərəfli peşənin risklər və çətinliklər, eyni zamanda böyük sevinc və ondan imdad diləyən xəstə soydaşlarının minnətdarlıq duyğularının yaşadacağı zövq dünyasına doğru ilk mühüm addımını atmışdı... Dünyada ana arzusunu layiqincə yerinə yetirməkdən gözəl nə ola bilərdi ki?!
Gündəliyindən sətirlər: “Əslində, həyatda yeni heç nə yoxdur, o, bu və ya digər formada öz keçmişimizin, ata-analarımızın, öz kökümüzün yenidən təkrarı, ata-analarımızın həyat və talelərinin bir qədər dəyişik adlarla yenidən yaşanmasıdır. Çox sərt tərbiyə metodları vardı ailəmizdə. Bəlkə də belə yaxşı idi. Kimlərlə yoldaşlıq, dostluq etdiyini yaxşı bilməli, yaxşı və əla oxumalısan. Çünki, atam da, anam da bizi təhsilli, savadlı, əsl ziyalı kimi görmək istəyirdilər və bütün yollar bizi əxlaqi-mənəvi kamilliyə doğru aparırdı. Mənəviyyat, sevgi və öncə insanlıq idi bizə yol göstərən. Bizə bu aləmi sevdirən isə valideynlərimiz: atam Yaqub, anam Həcər olmuşdu!.. Həyatda qazandıqlarıma görə onlara minnətdaram...”
Sona ali məktəbdə yaxşı və əla qiymətlərlə oxuyur, görkəmli professorların dediklərini su kimi içinə çəkir, yazdığı referatlar, elmi tədqiqat işləri onu institutda daha da şöhrətləndirir. “İrinli yaraların müalicəsində fermantiv preparatların tətbiqi” adlı elmi işi isə daha böyük müvəffəqiyyət qazanır. İllər ötür, 1975-ci ildə ali məktəbi bitirib Bərdə şəhər xəstəxanasında cərrah kimi işə başlayır. Gənc və perspektivli həkim 1981-ci ildə “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunur.
Onun arzuları daha böyük idi... 1981-ci ildə sənətini daha da təkmilləşdirmək məqsədilə Xarkov Elmi-Tədqiqat Cərrahiyyə İnstitutunda bir il təcrübə keçib Bakıya qayıdır. Elmi-Tədqiqat Cərrahiyyə İnstitutunda işini davam etdirir. Yenidən doğma rayonuna qayıdan Sona 2001-ci ildə ailə vəziyyəti ilə əlaqədar təkrar Bakıya dönür. Suraxanı rayonundakı 3 saylı doğum evində öncə II ixtisasla mama-ginekoloq, sonra isə şöbə müdiri vəzifəsində çalışmağa başlayır.
O, harada işləyirsə, gözəl həkim və cərrah kimi böyük hörmət qazanır. Saysız-hesabsız insana həyat bəxş edir. Çoxillik həkimlik fəaliyyəti dövründə etdiyi bir əməliyyatın səsi-sorağı isə Bakıya qədər gəlib çatır...
Ağır bir əməliyyatdan çıxmışdı, növbəsi başa çatdığı üçün evə hazırlaşırdı. Elə bu dəm bir oğlan uşağı kabinetin qarşısında önünə keçib: “Həkim, qurban olum, kömək edin, atam ölür” – deyib göz yaşı tökürdü. Ürəyi tab gətirmir, xəstəyə baş çəkəndə gördüyü mənzərə onu təcili hərəkətə keçməyə məcbur edir. Orta yaşlarında bir kişi həyatla-ölüm arasında mübarizə aparırdı. Tənəffüs səthiləşmiş, nəbz zəifləmişdi. Buna həkimlər “sapvari nəbz” deyirlər. Bir an belə vaxt itirmədən onu əməliyyata götürən Sonanı xəstənin qaralmış qarın boşluğunu açdıqdan sonra gördükləri lap dəhşətə gətirir. Qarın boşluğunda tısbağa çanağına bənzər bir kütlə vardı, onu digər orqanlardan ayırıb mərkəzinə çatmaq istəyəndə ağzı açılır, həmin kütlədən 5-6 kilo qatılaşmış qəhvəyi rəngdə çirkab axır. O, hələ ki, nələr baş verdiyini anlamırdı. Birdən xəstədə həyat əlaməti yoxa çıxdı, o, kliniki ölüm keçirirdi. Çaşmışdı, düzü 25-30 illik cərrahlıq təcrübəsində belə bir hadisə ilə rastlaşmamışdı. Nə etməli, özünü itirmədən artıq çirki boşalmış “çanağı” kor-koranə surətdə kökündən bağlamaqla dərhal qanaxmanın qarşısını alır. Xəstəliyin səbəbini indi anlamışdı. Sən demə, ağır tikinti-betontökmə işində çalışan xəstənin bir neçə gün əvvəl iş zamanı qarın nahiyyəsinə zərbə dəyir, ağrıları götürmək üçün onun zədəli yerinə soyuq kompres əvəzinə, isti kərpic qoyulur. Bu da içəridəki irini qatılaşdırıb böyük bir kütləyə çevirir. Həmin kütlə indi şiş təsiri bağışlayırdı. Hələ ilkin olaraq əlləri ilə müayinə zamanı da qarın boşluğunda kişilərdə təsadüf olunmayan “kristal”ların mövcudluğunu hiss etmiş, onun nə olduğunu isə yalnız əməliyyat vaxtı bilmişdi. Lazım olan tədbirləri gördükdən sonra, xəstədə həyat əlamətləri bərpa edilir. O zaman bütün həmkarlarının heyrətlə danışdığı bu qeyri-adi cərrahi əməliyyat barədə isə: “Bu, bir təsadüf idi. Allah özü köməyə gəldi, çünki, müqaviməti olmayan, üzülmüş bir xəstəni ancaq Allahın yardımı ilə həyata qaytarmaq mümkün oldu...” – deyirdi.
Bəli, o, həmişə belə olub, uğurları heç vaxt başgicəllənmə yaratmayıb. İnsanların bitib-tükənməyən sevgisi ilə öyünməyib, təkəbbürdən uzaq olub. Uşaq, yeniyetmə, gənc Sona da belə idi, indiki ahıl xanım, müdriklik çağlarını yaşayan aqil həkim də... İllərin, uğurların onu dəyişməyə gücü yetməyib. Sonanın əməliyyatlarının uğurlu alınmasının səbəbləri çoxdur: savadlıdır, peşəkardır, məsuliyyətli, mərhəmətli və insansevərdir. Həm də cəsarətlidir. Elə vaxtilə rayon xəstəxanasında təzə işə başlayanda çoxlarının: “Heç qadından da cərrah olar?” – deyib ona etibar etməyənlərin fikrini də bu cəsarəti ilə alt-üst etməmişdimi?!
Bu cəsarəti, bu özünəinamı isə hələ tələbə ikən ona cərrahiyyə əməliyyatı etməyə icazə verən müəllimi Ənvər Əliyev yaratmışdı.
Sonanın həyat yolu hamar olmayıb, şəxsi ağrıları az imiş kimi, hələ odlu-alovlu müharibənin də dəhşətlərini görüb. Qarabağ hadisələrinin əvvəllərində çalışdığı Bərdə rayon xəstəxanası yaralı əsgər, qaçqın və köçkünlərlə dolu olurdu. O, təkcə həkim kimi yox, doğma, yaxın bir insan kimi ürəyi yaralı soydaşlarına qayğı göstərir, sağalmaları üçün əlindən gələni edirdi... Arzuları daşlara çırpılıb çilik-çilik olmuş, ümidləri soyuq şaxtaya düşüb solan gül kimi öləzimiş insanların faciəli qədərinə acıyır, ürəyi param-parça olurdu. Xocalı soyqırımında döş qəfəsinin yarısı yandırılmış cavanın sinəsindən rezin, şüşə qırıntılarını çıxardıqca, qolunu, qıçını itirmiş, bədəninin müxtəlif nahiyələrindən güllə və qəlpə yarası almış vətən sevdalı igidlərin yaralarına məlhəm olduqca, yüz dəfə ölüb-dirilirdi.
Bu hamar olmayan həyat yolunda ayaqda durmaq, öz cığırını açmaq, özünü təsdiqləmək üçün həyat dərsini anasından alırdı, namusu, qeyrəti ilə nəslinin adını uca tutan, cavan itirdiyi Yaqubunun yurdunu boş qoymayan, zəhmətkeş, cəfakeş anası Həcərdən. Gündəliyindən sətirlər: “Atamın qəbrinin üstünü düzəltdirmək üçün Papravənddən ağ daş gətirməyə anam özü getmiş, işin üstündə özü durmuşdu. Usta işləyir, daşın üstünə ərəbcə nəsə yazır, anam da əyilib onun işinə baxırmış. Bu zaman döşündən bir gilə süd axıb qəbir daşının üstünə düşür. Anam atam dünyasını dəyişəndə hamilə imiş və bacım, ailənin altıncı övladı Yaqutu onun vəfatından sonra dünyaya gətirmişdi. Gündəliyindən sətirlər: “Mən həyatda yalnız bir şeyə təəssüf etmişəm. Nə üçün oğlan doğulmamışam?! O vaxt, atamı itirəndə mənim 10 yaşım var idi. Atamın çarpayısında uzanıb onun yerində yatmaq istəyirdim. Gecə keçir, yuxum isə gəlmirdi. Gah atamın ölümünə qədər olan günləri xatırlayır, gah da bundan sonra necə yaşayacağımız barədə fikirləşirdim. Axı, anam tək idi, ağlaya-ağlaya üzümü göyə tutub dedim: “İlahi, əgər varsansa, məni iradəmdən döndərmə. Mən öz həyatımı anama həsr etmək istəyirəm. Məni bir an belə ondan ayırma. Ən böyük arzum budur...”
Tanrı eşitmişdi həmin gecə etdiyi duaları... Çünki geridə qoyub gəldiyi 70 illik ömrünün hər anını anasına həsr edib, ona bol-bol övlad sevinci yaşadıb, qardaş-bacılarına dayaq olub.
Hazırda çalışdığı ST MED Tibb Mərkəzinə və German klinikasına onun adını deyib gələnlərin isə sayı durmadan artır. İlk dəfə qəbuluna gələn xəstə ilə o qədər mehriban, səmimi, sakit, özünəinamı yansıdan ləngərli səslə, aramla danışır, onu hörmətlə dinləyərək elə içdənliklə dərdini demək, ürəyindən keçənləri dilinə gətimək imkanı verir ki, xəstə öz gələcək həkiminə anındaca inanır, savadlı mülahizələrini dinlədikcə isə onun simasında öz xilaskarını tapdığına əmin olur...
Yaşının bu çağında da tükənməz enerji ilə işləyən Sona xanım, demək olar ki, sutkanın neçə-neçə saatını cərrahiyyə əməliyyatlarında olur. Əməliyyatı isə sıradan olmur, xəstənin daxili orqanlarına o qədər ehtiyatla, həssaslıqla və bir zərgər dəqiqliyi ilə yanaşır ki... Xəstə orqanları kəsib atmağa yox, mümkün qədər qoruyub saxlamağa çalışır, qadına dünyanın ən böyük sevincini yaşadıb onu ana edən mühüm orqanını kəsib çıxarmağa deyil, saxlamağa, bacardıqca müalicə etməyə daha çox üstünlük verir. Bir sözlə, o, misilsiz həkim, əlləri qızıla tay unikal cərrahdır.
Sona xanım xoşbəxt anadır, çünki bu gün sonsuz məhəbbətlə öz varisini yetişdirir - qızı İlahə Qasımzadə də həkimdir və onun işini, yolunu davam etdirmək əzmindədir.
Ömrünü insanları xəstəliklərin əlindən alıb sağaltmaq, onları yenidən həyata qaytarıb yaşatmaq kimi xeyirxah bir işə həsr edən Sona xanıma ömrünün müdriklik çağının zirvəsində qalmağı, insanlara sevinc və yaşamaq eşqi bağışlamaq kimi qutsal işini bundan sonra da eyni əzmkarlıqla davam etdirmək üçün daha uzun ömür arzulayırıq.
Esmira FUAD
525-ci qəzet.- 2019.- 10 avqust.- S.10.