Xarab qrammofon, immuniteti zəiflədən
insanlar
Qrammofon dinləyərkən fikir vermisiniz? Val fırlandıqca gözünüz
yumulur və sizə elə gəlir ki, ruhunuz bir az əvvəl pambıq kimi ağ və yumşaq buludların üzərinə qalxaraq barmaqlarının ucunda rəqs edir.
Özünüzü rahatlığın
və xoşbəxtliyin
ağuşunda hiss edirsiniz.
Sanırsınız ki, dünya
dağılsa da, sizə heç nə olmayacaq. Heç dünyanın dağılmağına gərək
qalmır, val
fırlanarkən üzərindəki
ox anidən elə sürtülür ki, az qalır çıxan
səsdən beyninizin
qıvrımları büzüşüb
bir tikə olsun! Öz-özünə
düşünürsən ki, bu cür
İlahi duyğulardan
sonra az
öncə içinə
düşdüyüm nə
idi?! O an buludlar da, etdiyiniz
rəqs də, hava da qanadlanmağınız
da hamısı buxarlanıb yox olur. Yaddaşınızda təkcə həmin
dəhşətli səs
qalır. Yadınıza düşdükcə ürpənirsiniz,
dişləriniz qıcanır.
Bax, insan münasibətləri də
buna bənzəyir. Ruhuna sığal
çəkərkən, səni
zövqdən göyün
yeddinci qatına çıxardarkən, anidən
yerə necə çırpırsa, heç
ah çəkməyə imkanınız
belə olmur. Hələ əgər göy üzü kimi zənn etdiyiniz insan eqoistdirsə, onda qoy ölünü kənara, başla dirini ağlamağa! Əsas da "məni, mənə, mənim, özüm üçün,
özümə görə"
deyənlərdən nələr
çəkdi qarşı
tərəf, tək
Allah bilir. Bu insanlar sadəcə öz rahatlıqlarını
düşünürlər. Yox, burada qəbahət yoxdur, əlbəttə, insanın özünü
düşünməyi normaldır.
Lakin bunu şəxsi maraqlarını üstün
tutaraq, əzərək,
bir növ manipulyasiya yolu ilə edirsə, bax, fəlakət onda başlayır. "Səni sevirəm...
amma indi yox", "sənin üçün ölürəm...
amma indi yaşamalıyam" deyən
adamlar var. Nə sözlərinin təpəri
yoxdur, nə kəlmələrinin kəsəri.
Nə istədiklərini bilmirlər,
amma israrla arzulayırlar. Nə aradıqları
məlum deyil, amma bütün gün axtarışdadırlar.
Məsələn, su istəyirlər,
bulağı ayaqlarının
altına çəkirsən,
"mən su istəmirdim ki" deyirlər. Çörək istəyirlər, sünbül zəmilərini
önündə əkirsən,
"nəyimə lazımdır?"
söyləyirlər. Qalırsan gözünü döyə-döyə.
Nə etməyə çalışır,
nə arzulayır, nə diləyir, gözləntisi nədir deyə-deyə özünü
torpaq kimi ovub tökürsən.
"Gəl" deyir gəlirsən,
"get" deyir uzaqlaşırsan.
Bir də kənardan baxırsan ki, ayaqlarını yerə vura-vura səni istəyir. Öz-özünə deyirsən ki,
İlahi, bu nə işdir başıma gəlib?!
Mən bu insanla hansı dildə danışım,
necə davranım ki, anlaya bilim!
Çox
çalışırsan, çox
çabalayırsan baxırsan
ki, alınmır! Qərar verirsən və unudaraq yaşamağa başlayırsan.
Artıq onunla bağlı heç nə xatırlamıram deyərkən,
bir də görürsən ki, ya zəng edir,
ya mesaj yazır, ya da gəlib düz
qarşında dayanır. Başlayır bir yığın sözü muncuq kimi düzməyə.
Zəif damarından necə basırsa, bir də görürsən ki, çoxdan təslim olmusan.
Bir az keçir,
baxırsan ki, yenə yoxa çıxıb. Onda barmağını
dişləyərək düşünürsən
ki, məqsədi sadəcə özünü
yadına salmaq imiş. Belə adamlar silinib
getməmək üçün
bütün çirkli
işlərin altına
belə öz imzalarını atmaq iqtidarındadırlar. Amma buna
rəğmən yenə
də onu yox, özünü qınayırsan. Fikirləşirsən ki, bu qədər
eqoist, tutarsız, natamam insanın əsas mahiyətini necə dərk edə bilməmişəm.
Bir-iki söz deməklə, düz-əməlli
əmək sərf etmədən əllərinin
içində olmağınızı
istəyirlər. Minimum enerji
xərcləməklə, maksimum
nəticələrə çatmağı
hədəf alırlar.
Çıxarları üçün əllərindən gələni
edirlər. Yeri gələndə
önündə əyilməyə
də razı olurlar, yetər ki, eqoları oxşansın. Ciddi münasibət
onlar üçün
deyil, amma nə yardan doyurlar, nə əldən qoyurlar. Sizdən hər cür fədakarlığı gözləyirlər,
amma özləri bir yaralı barmağa məlhəm olmurlar. Empatiya duyğusundan kasaddırlar.
Varsa da, yoxsa da
öz hissləri, öz gözləntiləri,
öz istəkləridir,
gerisi təfərrüatdır.
Üşüyəndə istinizə, yalnız
qalanda qucağınıza, qaranlıqda olanda işığınıza gəlirlər.
Onlar üçün
ən yaxındakı yanacaqdoldurma məntəqəsi
kimi olursunuz. Tükəndiklərini,
artıq yol qət edə bilmədiklərini
düşünəndə dərhal özlərini sizə
çatdırırlar. Enerjinizi gənə
kimi gəmirib, yenə aradan
çıxırlar. Baxırsınız ki,
əcaib-qəraib bir münasibətin
içindəsiniz. Məsələ eşqdən
çıxaraq siçan-pişik oyununa çevrilir.
Əslində, bu kimi hallar siz tamamilə bitirmək
qərarı verəndə yaşanır. Burada
dərin fəlsəfəyə gərək yoxdur,
məsələ olduqca sadədir, adam sadəcə unudulmağı özünə
yedirtmir ona görə
də bu cür məntiqsiz
davranışlar sərgiləyir. Yaxşı, bəs, nə
etməli?! Əlbəttə, dabanınıza tüpürüb
qaçmalısınız. Çünki
gəl-getlər içində yaşayan insanlar immuniteti zəiflətməkdən
başqa heç bir işə yaramır!
Türkan
TURAN
525-ci qəzet.- 2019.- 10 avqust.- S.9.