Raskolnikovlar və Kərəmlər

 

Kədər doğuran haldır ki, Qafqaz bu günə qədər Rusiyanın daxili quberniyaları üçün terra incongnita (naməlum torpaqlar - V.Q.) olaraq qalır. Hər iki paytaxtın (MoskvaPeterburq - V.Q.) nəzərində diyarımız hələ də LermontovPuşkinin təxəyyülündəki fantastik, nağılvari obrazını yaşatmaqdadır. Qafqaz  qüdrətli və cazibədar təbiəti ilə bu günün özündə də ötən əsrin ortalarından başlayaraq romantikaya meylli  gəncləri cəzb edib kamına çəkən "ölüm vadisi" kimi qalır. Paytaxtlar bir təxəyyül ətaləti nəticəsində bizim günlərdə də LermontovPuşkinin sehrli poetik lövhələrinin təsiri altında yaşayır və yerli xalqların son əsr ərzində Rusiya ilə birgə keçdiyi əxlaqi-mənəvi ünsiyyət yolunu - bu uzun və çətin yolu bilərəkdən görməməzliyə vururlar. Onların  nəzərində bizim dağlarda hələ də abreklər qaynaşır, xasiyyətimiz həmişəki kimi tünddür, şəhərlərimiz şiş qayalar, dəhşətli uçurumlar üzərində tələm-tələsik qaraldılmış təkəm-seyrək daxmalardan ibarətdir, yeganə məşğuliyyətimiz  isə təpədən dırnağa qədər silahlanıb keçilməz meşələrdə kiminsə qanını axıtmaq üçün ora-bura at səyirtməkdir.

Paytaxt mətbuatının Qafqaz haqda həmişə hər şeyi əyri güzgüdə göstərən, həmişə cahilliyə yol yoldaşlığı edən  nifrət ruhu, eləcə də hüdudsuz, heyrətamiz kobudluq və qabalıqla dolu  mülahizələri də buradan qaynaqlanır. Əgər heç vaxt Qafqaza ayağı dəyməyən bir xarici, hətta adi bir rus vətəndaş sadəcə paytaxt qəzetlərinin rəylərinə əsaslanıb diyarımız haqda bir qənaət hasil etmək istəsə, istər-istəməz Qafqazın böyük  quldur yuvasından başqa bir yer olmadığını,  qafqazlıların isə quldurluqdan başqa heç bir "mülki peşəyə" yiyələnmədiklərini düşünəcək...

Mersi pour phoennour! (Çox-çox təşəkkürlər! - V.Q.)

Amma həqiqətin gözünə dik baxsaq, mədəni yüksəliş nöqteyi-nəzərindən keçilmiş yol həqiqətən çox uzundur. Təvazökarlıqdan kənar səslənsə də, hətta deyərdim ki, çox böyükdür. Hindistan bizdən əvvəl, Əlcəzair isə təxminən bizimlə eyni vaxtda işğal olunub. İngiltərə, FransaRusiya mədəniyyətləri arasında müəyyən fərqlərin mövcudluğuna, hindlilərin və əlcəzairlilərin dünyamiqyaslı yüksək mədəniyyətdən istifadə nöqteyi-nəzərindən bizimlə müqayisədə daha geniş imkanlardan istifadə etmələrinə rəğmən qafqazlılar həm Hindistanı, həm də Əlcəzairi çox geridə qoyub. Onların heç biri mədəniyyət baxımından bizimlə müqayisə oluna  bilməz. Bu mənada hətta Rusiyanın bir sıra daxili quberniyalarını da qabaqlamışıq. Onun şərqindən, şimalından, cənubundan irəlidəyik. Nağıllardakı daxmalar artıq xeyli vaxtdır ki, fabrik və zavodlarından yüksələn fit səslərinin qulaq batırdığı, yüzlərlə məktəbində on minlərlə vətəndaşının hər gün dünya mədəniyyəti ilə ünsiyyət qurduğu cah-cəlallı şəhərlərə çevrilib.

Dağ cığırları artıq Rusiyada ən çox gəlir gətirən dəmiryollarına çevrilir. Keçmiş abreklərin (Şimali Qafqaz qaçaqları - V.Q.) nəvə-nəticələri özlərini bütünlüklə torpağa həsr ediblər. Onlar sakitcə tarlalarını becərir, sürülərini otarırlar. Bir çoxları hətta öz "mənini" cəsarətlə ümumdövlət səviyyəsinə qaldırır, həyatlarını dövlət xidmətinə, elm və maarifə, ictimai fəaliyyətə həsr edirlər. Bizim üçünyer  ayrılmış bütün həqiqətən faydalı müəssisələr - məsələn, müəyyən məhdudluqlara baxmayaraq, işlərini yenidən quran məhkəmələr, habelə şəhər özünüidarəsi Rusiyanın daxili quberniyalarındakı qədər yaxşı olmasa da, pis də işləmirlər.

Əlbəttə, diyarımızı bütün yeniliklərə qovuşdurmağın şöhrəti, şəksiz Rusiyaya aiddir. Və Qafqaz buna görə əbədi minnətdar olacaq. Lakin digər  tərəfdən onu da  etiraf etmək lazımdır ki, qafqazlılar mədəni həyata münasibətdə həmişə qeyri-adi həssaslıq nümayiş etdiriblər. İndiyə qədər öz istedad və kapitalları ilə mədəniyyətin geniş yayılmasına az yardım göstərməyiblər. Çevrilib ətrafınıza nəzər salın: istər böyük şəhərlərin küçələrinə, istərsə də bütün ölkə boyu hər tərəfə səpələnən, məmləkətin  abadlaşdırılmasına təkan verən, ölkənin maddi rifahını yüksəldən  bütün böyük ictimai-mədəni müəssisələr əsas etibarı ilə yerli xalqların qüvvə və kapitalı əsasında qurulmayıbmı?

Belə böyük səxavətlə məktəblərdə, müxtəlif müəssisə və cəmiyyətlərdə  xalq kütlələrinin ehtiyaclarını təmin etməyə yönələn nəcib xeyriyyəçilik ruhu öz miqyas və mahiyyəti etibarı ilə heyrətamiz deyilmi? Bu mənada bizdə bütün hindlilərin  Hindistanda, bütün ərəblərin Əlcəzairdə gördüklərindən daha çox görülüb.

Lakin əgər diyarımızın Rusiya daxilindəki mədəni həyatla ünsiyyəti arzuolunan sürət və fəallıqla davam etmirsə, burada qafqazlıların nə günahı var? Məgər neçə müddətdən bəri Qafqazda da zemstvo müəssisələrinin, ali texniki məktəblərin, universitetlərin açılması, xalqa kiçik həcmli kreditlərin verilməsi ilə əlaqədar məsələ qaldıran, yalvaran, xahiş edən bu diyarın sakinləri deyillərmi? Həyatımızın mədəni şəkildə və sürətli inkişafı sadalanan məsələləri artıq çoxdan gündəliyə çıxarıb. Qafqazlılar isə, yuxarıda da qeyd etdiyim kimi, vaxtı çatmış tələblərin yerinə yetirilməsi zəruriliyi ilə bağlı artıq çoxdan və dəfələrlə məsələ qaldırıblar. Əgər səsləri eşidilmirsə, əgər həllini tələb etdikləri işlərə əncam çəkilmirsə, nəticədə rəsmi dairələrin etinasızlığı bəzən yerlərdə  spontan həyəcan və etirazlar doğurursa, burada qafqazlılarmı günahkardır? Mətbuatın  mədəni həyatımızın fakt və gerçəklərini, eləcə də problemlərini saya salmaması, görməməzliyə vurması nə qədər ləyaqətli və vicdanlı hərəkətdir? Məgər Qafqazla bağlı yayılmış  qondarma "quldur" mifinin vaxtı artıq çoxdan geçməyibmi? "Kaspi"nin səhifələrində gətirilmiş rəqəmlərdən də göründüyü kimi, daxili Rusiya cinayətlərin sayına və təsnifatına görə bizim diyardan da yüksək göstəricilərə malikdir və belə vəziyyət bəzi yerlərdə hətta kütləvi xarakter daşıyır.

Əslində, Qafqazın Qaçaq Kərəmləri olduğu kimi, daxili Rusiyanın da yetərincə çoxsaylı və biri-birindən fərqli Raskolnikovları var. Bütün məsələ sadəcə sosial-psixi müxtəliflikdədir.

Bir tərəfdə Raskolnikovlar soyuq məntiqlə, əvvəlcədən nə edəcəklərini bildikləri, hətta özlərinə bəraət qazandırmaq üçün öncədən elmi və məişət dəlilləri toplayıb gördükləri halda Kərəmlər  ilk impulsun təsiri altında, demək olar ki, mexaniki şəkildə silaha əl atır, çox vaxt hətta nə üçün məhz belə yol seçdiklərinin fərqinə də varmadan cinayət törədirlər.

Raskolnikov öz "işini" sevən peşəkardır. Hazırladığı "etüdün" bütün mizanları arasında əvvəldən tarazlıq yaradır, hətta əməlindən müəyyən dərəcədə həzz alır. Kərəm isə ani bir təsadüfün təsiri ilə hərəkət edən diletantdır. Birincilərin qüsuru təbiətlərindən, ikincilərin qüsuru isə şəraitdən irəli gəlir. Hər iki cinayətkar tipin göstərilən psixoloji xüsusiyyətləri həm onların  cinayət əməllərinin motivinə, həm də cinayətlərin hansı üsulla törədildiyinə aydınlıq gətirir. Əgər Raskolnikovlar  maddi (bəzən həm də çox cüzi!) motivlərdən çıxış edərək cinayətə əl atırsa, Kərəmlərin hərəkətverici qüvvəsi demək olar ki, həmişə mənəvi impulslardır, öz anladığı mənada şərəf məsələsidir, intiqam amilidir. Soyğunçuluq, maddi qazanc onun hərəkətlərində həmişə yardımçı motivdir, sadəcə bir aksessuardır.

Raskolnikovlar qana hərisdirlər, qurbanlarına işgəncə verməkdən həzz alırlar. Bu məqsədlə də balta, atəşkeş, iri mətbəx bıçağı kimi ağrı və əzab verici alətlərdən istifadə edirlər.  Son dərəcə güclü, anidən baş qaldırmış  hissin təsiri altında cinayət törədən Kərəmlər isə qətl prosesindən heç bir həzz almırlar. Ona görə də məhvedici təsirini dərhal göstərən ölüm vasitələrinə -ovxarlı xəncərə, yaxud tüfəngə əl atırlar. Bundan başqa, Raskolnikovlar daim aramızda dolaşır, bizimlə birgə yaşayırlar. Heç birimiz onun çıxaracağı ölüm hökmündən sığorta edilməmişik. Kərəmlər isə əksinə, sanki gözlənilən təhlükə ilə bağlı cəmiyyəti duyuq salmaq məqsədi ilə özlərini insanlardan təcrid edirlər. Saylarına görə cəmiyyətdə Raskolnikovlar Kərəmlərdən qat-qat çoxdur. Elə gün olmur ki, Rusiya qəzetləri buya digər Raskolnikovun dəhşətli cinayətləri barədə xəbərlər çap etməsinlər.

İndi sual edirik: bu iki cinayətkar tipdən hansı daha ziyanlıdır, hansı daha təhlükəlidir? Cəmiyyət özünü onların hansından daha çox qorumağa çalışmalıdır? Əgər Rusiyanın daxili vilayətlərinin gah bir, gah da digər yerində yeni Raskolnikovlar peyda olursa, bu ölkədə Raskolnikovlardan başqa cinayətkar olmadığını iddia etmək nə qədər doğru səslənir? Lakin həm Raskolnikovların, həm Kərəmlərin təbiətinə, psixologiyalarına nüfuz edib, onların ruhunu, qəlbini, düşüncəsini, nəhayət sosial şəraitini və iqtisadi vəziyyətini öyrənib belə nəticəyə gəlmək mümkündür ki, onlar əslində, zorən cinayətkarlardır. Bu baxımdan da  həm birinciləri, həm də ikinciləri islahedilməz insanlar saymaq doğru olmazdı.

Təbiətdə anadangəlmə cinayətkarlar  və qaçılmaz cinayətlər yoxdur. Bunlar ikisianormal hadisələrdir. Ağlını, qəlbini, hisslərini itirməyin, yaxud insanı dəli olmaq dərəcəsinə gətirən sosial-iqtisadi amillərin təsiri ilə meydana çıxırlar. Bütün insanların ağıllarını, qəlblərini, qarınlarını (xüsusi ilə bu sonuncunu!) mümkün dərəcədə bol və keyfiyyətli qida ilə doydurun! Görəcəksiniz, o zaman nə cinayət, nə də cinayətkar  qalacaq!

Beləliklə, istər Qafqazdakı qaçaq-quldurlar, istərsə də Rusiyanın daxili quberniyalarındakı cinayətkarlarla bağlı gümanlar sonda bayağı qida məsələsi üzərinə gəlir - beyinləri və mədələri qidalandırmaq üçün yemək! Normal məktəblər və maddi təminat - bu iki amilin quldurlara və canilərə qarşı ən yaxşı mübarizə üsulu olduğunu sağlam ağıl və insana məhəbbət daim bizə pıçıldamaqdadır.

Belə aydın məntiqi nəticənin labüdlüyünə baxmayaraq, son vaxtlar nədənsə  Qafqazdakı "quldurlar" məsələsinə xüsusi diqqət yetirən "Novoe vremya" qəzeti mövcud ictimai bəlanı aradan qaldırmaq üçün orijinal və gözlənilməz yol təklif edir.  Bu da Qafqaz müsəlmanları arasında hərbi mükəlləfiyyətin tətbiqidir. Hərbi mükəlləfiyyətin quldurluqla nə əlaqəsi var? Biz bunu başa düşmürük. Aha, az qala yaddan çıxmışdı: axı adını çəkdiyim mətbu orqan məntiq deyilən anlayışın nazı ilə çox da oynamır. Ona görə də belə patetik sualların "Novoe vremya" üçün heç bir əhəmiyyəti yoxdur. Əlbəttə, müsəlmanlar da bütün Rusiya vətəndaşları kimi ümumdövlət əhəmiyyətli mükəlləfiyyət daşımağa borcludur. Əslinə baxsan, şamil olunan güzəştdən ilk növbədə onlar özləri özlərini təhqir edilmiş sayırlar. Lakin hərbi mükəlləfiyyət məsələsinin quldurçuluqla əlaqələndirilməsi bu insanlar üçün daha təhqiramiz səslənir. Belə həyasız cəsarət nümunəsini yalnız cənab Suvorinin rəhbərlik etdiyi mətbu orqan göstərə bilərdi. Müsəlmanlara münasibətdə hərbi mükəlləfiyyəti quldurçuluq məsələsi ilə bağlayarkən o, özünü qətiyyən aşağıda səsləndirəcəyimiz suallara cavab tapmaq əziyyətinə salmayıb: Qafqazda quldurçuluqla məşğul olan yalnız müsəlmanlardırmı?  Hərbi mükəlləfiyyət Qafqazın xristian xalqları arasında quldurçuluq hallarını aradan qaldıra bilibmi? Axı çoxdan hərbi xidmətə cəlb olunmalarına baxmayaraq, bu xalqlar quldurçuluq məsələsində müsəlmanlardan qətiyyən geri qalmırlar.

Lakin cənab Suvorinin rəhbərlik etdiyi qəzetin təkliflərinin orijinallığı bununla  məhdudlaşmır. O düşünür ki, quldurlardan ibarət ordudan vətənə əla müdafiəçilər yetişdirmək olar.

"Novoe vremya"nın özünün "yaramaz"  və "quldur" adlandırdığı əsgərlərdən  təşkil olunmuş vətənpərvər ordu! Nə gözəl səslənir!

Əgər belədirsə, o zaman niyə ordunu həbsxanalarda və Sibirdə əbəs yerə əzab-əziyyət çəkən saysız-hesabsız məhbuslar hesabına böyütməyək, qüvvətləndirməyək?

Belə təşəbbüsdən qazanan həm də dövlət xəzinəsi olardı.

Bizim cuşa gəldikləri zaman heç bir sərhəd tanımayan "xilaskarlarımız" bəzən necə də cəfəng ideyalar uydururlar!

 

Rus dilindən tərcümə edən Vilayət Quliyev

 

Əhməd bəy Ağaoğlu

 

 

525-ci qəzet.- 2019.- 10 avqust.- S.6.