"Əsas məqsədimiz region gəncləri arasında sahibkarlıq
ideyalarını təbliğ etməkdir"
Nigar Ələsgərova
"Odlar Yurdu" Gənclər İctimai Birliyinin həmtəsisçisi
və sədridir. Artıq
səkkiz ildir
rəhbərlik etdiyi təşkilat digər qeyri-hökumət təşkilatları
arasında xüsusi fəallığı ilə
seçilir.
Birlik İtaliya,
Norveç, Rumıniya,
Yunanıstan, Bolqarıstan,
Belçika və bir sıra başqa
Avropa ölkələrinin
keçirdiyi layihələrin
tərəfdaşı olub. Nigar xanımla Birliyin əsas məqsədi, prioritet istiqamətləri,
həyata keçirilən
layihələr, gələcək
planlar və hədəflər barədə
söhbətləşdik.
- Nigar xanım, "Odlar Yurdu" Gənclər İctimai Birliyi nə vaxt təsis edilib?
- 2012-ci ildə Gəncə şəhəri ölkənin
ilk Gənclər Paytaxtı
seçildi. Elə bu hadisədən
təsirlənərək eyni
zamanda, ölkəmizdə
müşahidə olunan
ictimai prosesləri, dövlətin gənclər
siyasətinin əhəmiyyətini
və bu siyasətin gənclərin
inkişafı üçün
yaratdığı real imkanları,
gənclər təşkilatlarının
respublikanın ictimai-siyasi
həyatında fəal
iştirakını nəzərə
alaraq 15 iyun 2012-ci ildə birliyimizi təsis etdik.
- Birliyin yaradılmasında
əsas məqsəd nə idi?
- Qeyd etdiyim kimi,
"Odlar Yurdu" regionda təsis olunmuş bir təşkilat idi. Gəncə
2-ci böyük şəhər
olmasına baxmayaraq, burada gənclər təşkilatlarının sayı
və mövcud olanların əhatə dairəsi kifayət qədər deyildi. Bu səbəbdən birliyi təsis edərkən, fəaliyyəti
ilə bağlı planlar qurarkən daha geniş auditoriyanı, müxtəlif
sahələrə marağı
olan gəncləri əhatə etməyə çalışdıq. Çoxşaxəli fəaliyyət qurmalı olduğumuza inandıq.
Birliyin məqsədi gənclərin
təhsil, elm, səhiyyə,
mədəniyyət, sahibkarlıq,
idman, həmçinin
vətənpərvərliyin təbliğatına, milli-mənəvi
dəyərlərin qorunmasına
və cəmiyyətin
digər sahələrinin
inkişafına cəlb
edilməsi, könüllülük
işinin təşkili
və gənclər sahəsində beynəlxalq
əməkdaşlığın təmin olunmasıdır.
- "Odlar Yurdu"
Gənclər İctimai
Birliyi tərəfindən
bugünədək hansı
layihələr həyata
keçirilib? Prioritet istiqamətlər hansılardır?
- Bu sualın cavabı olduqca genişdir. Mümkün
qədər dolğun
və eyni zamanda, konkret cavab verməyə çalışacam. Birlik 2018-ci ilə
qədər 5 prioritet
istiqamətdə fəaliyyət
göstərirdi. 1) Könüllük.
Bu istiqamətdə fəaliyyətimizin əsas
məğzi region gəncləri
arasında könüllülük
fəlsəfəsini təbliğ
etmək və daha çox gənci bu istiqamətdə
maarifləndirməklə, könüllü
fəaliyyətə cəlb
etmək idi. Təsadüfi deyildi ki, Gənclər və İdman Nazirliyinin Gənclər Təşkilatları Milli
Şurası ilə birlikdə həyata keçirdiyi "Azərbaycan
Könüllülük Xidməti"
layihəsində "göndərən"
və "qəbul edən" statusunda 2 təşkilatdan biri idik. Proqram çərçivəsində
müxtəlif regiondan
bir könüllü qəbul edir, həmçinin, müxtəlif
regionlara könüllü
göndərə bilirdik.
Bundan başqa, fəxrlə deyə bilərik ki, ölkədə 7 gənclər təşkilatından
biriydik ki, Avropa Komissiyasının
"Avropa Könüllülük
Xidməti"ndən akreditasiya
almışdıq. İndiyə kimi isə artıq
3 dəfə "KönüllüSƏN"
layihəsini icra etmişik. "Könüllü
aylığı", "Könüllülər məktəbi"
və s. kimi layihələrdə bu prioritet istiqamətdə icra etdiyimiz layihələrdir. Həmçinin, ölkədə həyata
keçirilən yerli
və beynəlxalq layihələrdə fəal
gənclərin könüllü
kimi fəaliyyətini
də təmin etmişik.
2-ci vacib prioritet
isə "İntellektual
inkişaf" idi. Bu istiqamətdə davamlı
intellektual oyunlar, çempionatlar həyata keçirmişik. "Azərbaycan İntellektual
Oyunlar Klubu" İB
ilə də əməkdaşlıq memorandumu
çərçivəsində əlamətdar günlərə
həsr olunmuş kütləvi çempionatlar
həyata keçirmişik.
"V Odlar Yurdu"
Müstəqillik Kuboku
bu səpkidə icra etdiyimiz sonuncu çempionatdır.
3-cü prioritet istiqamət "aktiv vətəndaşlıq" çərçivəsində
isə müxtəlif
aktuallıq kəsb edən mövzularda gənclərin maariflənməsi,
proseslərə gənclərin
cəlb olunması istiqamətində layihələr
həyata keçirmişik.
Misal üçün "Gənclik
və Multikulturalizm; gələcək vəd edən həqiqətlər"
layihəsi multukilturalizm
ilində həyata keçirilib. "Turizmin
İnkişafı və
Gənclər-I Forum Turizm
ilində keçirilib
və bu mövzuda ilk forum idi. "Sinerji Forumu", "Sosial iş - Cəmiyyətin İnkişafı" ,
"Fərdi İnkişaf
Akademiyası" (1 və
2) layihələri, "Mini MBA-Hər kəs üçün" və
s. gənclərin sahibkarlıq
fəaliyyətinə cəlb
olunması tədbirləri
və s. bu prioritet çərçivəsində
icra olunanlardır. "Hamımız birimiz üçün"
xeyriyyə tədbiri,
müxtəlif xeyriyyə
aksiyaları da bu istiqamətə daxil idi.
4-cü prioritet istiqamət
isə "Ətraf mühitin mühafizəsi"
idi. "Gənclər ətraf mühitin mühafizəsində", "Ətraf mühit və MƏN" Qış
Məktəbi və s
layihələr, onlarla
təlim, seminar, aksiya
və sosial media təşəbbüsləri bu
istiqamətdə həyata
keçirilən fəaliyyətlərdəndir.
5-ci istiqamət isə
"Dövlətçilik və vətənpərvərlik"
idi. Qərb bölgəsində gənclərin iştirakı
ilə "Keçmişi
öyrən, gələcəyini
qur" adlı ilk televiziya layihəsi, müxtəlif ideoloji mahiyyət daşıyan tədbirlər bu istiqamət çərçivəsində
idi. "Gənclik ONUN İmzasıdır"
Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə dünyada
2-ci böyük Canlı
İmza fləşmobunu
Gəncə şəhərində
həyata keçirdik.
Bu hadisə Ümumilli
Liderin əziz xatirəsinə olan sevginin göstəricisi olmaqla yanaşı, ölkə və ölkə hüdudlarından
kənarda diqqət cəlb etmiş, səs salmışdı.
Həmçinin, ölkədə yeni fləşmob ənənəsinin əsasını
da qoydu.
Beynəlxalq əməkdaşlıq isə
xüsusi fəaliyyət
olaraq diqqətdə saxlanılır və bir çox ölkələrdə "Erasmus Plus" (Bolqarıstan, Belçika,
Rumıniya, Macarıstan,
Norveç, Yunanıstan,
İtaliya, Türkiyə,
Gürcüstan) proqramı
çərçivəsində həyata keçirilən
layihələrin tərəfdaşı
olmuşuq. 2 böyük
beynəlxalq layihəni
ölkədə həyata
keçirmişik. 2014-cü
ildə "İdman və mədəniyyət;
əl-ələ", 2016-cı ildə "Gəncə
-2016 Avropalı Gənc
Yazarların Hekayələrində"
Beynəlxalq layihələri
Gəncə şəhərinin
2016-cı ildə Avropa
Gənclər Paytaxtı
seçilməsinə həsr
olunmuşdu.
2019-2021-ci "Odlar Yurdu" Gənclər İB-nin Strateji Planına uyğun olaraq isə cari ildə "könüllük fəlsəfəsinin təbliği", "aktiv vətəndaşlıq", "gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması" və "beynəlxalq əməkdaşlığın inkişafı" əsas prioritetlərdir. Aktiv vətəndaşlıq çərçivəsində cari ilin "Nəsimi ili" elan olunması münasibətilə Azərbaycan Gənclər Fondunun dəstəyi ilə "İmadəddin Nəsimi-650 illik DƏYƏR" layihəsini icra etdik. Layihə çərçivəsində mühüm məlumatları əks etdirən "Zaman mənəm" sənədli filmi, "İki aləmdə varım" adlı 11 qəzəldən ibarət audio kitab hazırlandı. Azərbaycan və ingilis dilində Nəsimi haqqında faktları özündə əks etdirən kitabça da hazırlandı. Hazırlanmış materialların regionlar və paytaxtda ümumilikdə 10 təqdimatı baş tutdu.
Hal-hazırda isə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə "Dövlət Proqramının vəzifələrindən olan - 2.1.17-ci bəndi, həmçinin, Dayanıqlı İnkişaf Məqsədləri üzrə 13-cü məqsədi əsas tutaraq könüllü gənclərin ətraf mühit sahəsində maariflənməsinə xidmət edən "Ətraf mühit və MƏN-2" Könüllü Gənclərin Yay Məktəbi layihəsinin hazırlıqları ilə məşğuluq. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatların Dövlət Dəstəyinin dəstəyi ilə icra olunur. Beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində isə cari ildə Türkiyənin İzmir şəhərində icra olunan layihənin tərəfdaşı olduq və 5 nəfər gənclə təmsil olunduq. Növbəti layihə isə dekabr ayında Almaniyada baş tutacaq və yenə də 5 nəfərlə təmsil olunacağıq.
"Gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması" istiqamətində isə cari ilin fevral ayinda ölkədə ilk dəfə "Brave Heart-Region Gənclərinin I Sahibkarlıq Forumu" layihəsini icra etdik. Əsas məqsəd region gəncləri arasında sahibkarlıq ideyalarını təbliğ etməklə, sahibkarlıq bacarıqlarını inkişaf etdirmək idi.
Ümumilikdə birlik indiyə kimi müxtəlif sərgilərdə, respublika tədbirlərində təmsil olunub. Uğurlu fəaliyyətinə görə dövlət və özəl qurumlar tərəfindən təltif olunub. Hal- hazırda Gəncə və Bakı ofisləri fəaliyyətdədir.
- Rəhbəri olduğunuz təşkilat gənclərin mənəvi inkişafı istiqamətində hansı işlər görür?
- Cəmiyyətin mənəvi zənginliyi onun gələcəkdə düzgün inkişafının təməl meyarlarından biridir. Gənclər Təşkilatı olaraq bunu dərk edir və çalışırıq ki, layihələrimizdə, ümumi fəaliyyətimizdə bu məqama xüsusi önəm verək. Yuxarıda adlarını qeyd etdiyim layihələr, istər Nəsimi yaradıcılığının gənclər arasında təbliği, tolerantlıq fəlsəfəsinin, mədəni kütləvi tədbirlər, məxsusi dəyərlərin qorunmasının təbliği bu istiqamətdə fəaliyyətimizə misaldır.
- Gələcəkdə hansı layihələrin həyata keçirməyi planlaşdırırsınız?
- Bundan sonra da təşkilatımızın "Strateji Planı"nda qarşıya qoyulan hər 4 prioritet istiqamət və ölkənin ictimai həyatında mühüm əhəmiyyət kəsb edən mövzularda gənclərin maariflənməsi və proseslərə daha aktiv cəlb olunması istiqamətində keyfiyyətli layihələrin icrasına davam edəcəyik. Ənənəmizə sadiq qalaraq "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının da müvafiq bəndlərinin icrası çərçivəsində müvafiq fəaliyyət sərgiləyəcəyik. Beynəlxalq əməkdaşlıq imkanlarımızı daha da genişləndirmək üçün çoxşaxəli fəaliyyəti davam etdirmək niyyətindəyik.
Yuxarıda qeyd etdiyim kimi, hal-hazırda isə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Ətraf Mühit və MƏN-2" Könüllü Gənclərin Yay Məktəbinə hazırlaşırıq. Düşərgəyə qatılmaq istəyən könüllü gənclər "Odlar Yurdu" Gənclər Birliyinin "Facebook" sosial şəbəkəsindəki mövcud səhifəsinə daxil olub, qeydiyyat linkindən qeydiyyatdan keçə bilərlər. Düşərgə 2019-cu ilin "Gənclər Paytaxtı" Şamaxı şəhərində təşkil olacaq.
S.QARAYEVA
525-ci qəzet.- 2019.- 17 avqust.- S.5.