Milli-mənəvi duyğuların Güneydə pərvəriş tapan təcəssümü

 

Təbrizli Məmmədrzanin yaradiciliği haqqinda

 

 

Son dövrlərdə məhsuldar yaradıcılıq mərhələsi yaşayan, nəsr dilinin saflığına xüsusi diqqət yetirən Güneyli mühacir yazarlardan biri də Təbrizli Məmmədrzadır.

 

O, 1966-cı ildə Təbriz şəhərində doğulmuş, orta təhsilini də burada alıb. Uşaqlıq çağlarından ədəbiyyata və milli musiqiyə meyl etmiş, ilk muğam dərslərini Təbrizdə Həsən bəy Dəmirçi və ustad Əli Səliminin qurduqları muğam dərslərinə qatılmaqla mənimsəyib. 1996-cı ildə siyasi görüşləri səbəbindən mühacirətə getmək məcburiyyətində qalıb.

 

Türkiyədə TRT başda olmaqla bir çox tv-kanalında fərqli proqramlara qatılıb, müxtəlif mətbuat orqanlarında çalışıb. 2000-ci ildə Hollandiyada düzənlənən mahnı müsabiqəsində ikinci yeri tutub. 2011-ci ildə Norveçdə baş verən terrora qarşı bəstələdiyi mahnıya görə, Norveç Kralı və Baş nazirindən təşəkkür məktubu alıb, 2012-ci ildə dil və mədəniyyət festivalında "Hederspris" Onur Ödülünə layiq görülüb. Hazırda Norveçin paytaxtı Oslo şəhərində yaşayır.

 

Ədəbi yaradıcılıqla ciddi olaraq mühacirət dövründə məşğul olan M.Təbrizlinin "Son gecə" adlı ilk kitabı 2009-cu ildə, "Qartal balası" adlı ikinci kitabı isə 2011-ci ildə nəşr olunmuşdur. Onu da qeyd edək ki, müəllifin "Son gecə" romanının yenidən işlənmiş variantı Norveç dövlət qurumlarının dəstəyi ilə 2015-ci ildə Norveç dilində də nəşr edilmişdir. O, öz əsəri barədə bunları deyir: "Sadəcə mən yox, bəlkə bu kitab siyasi nədənlər və Güney Azərbaycanda göstərdikləri fəaliyyətləri səbəbi ilə vətəni məcburən tərk edib Avropaya, Amerikaya köçənlərin də hekayəsidir. Kitabda həmçinin, Azərbaycan tarixi və Güney Azərbaycanın yaşadığı problemlər də anladılır... Ancaq çoxu Güneydə və Təbrizdə keçən öz hekayəmdir".

 

Müəllifin dediklərinin həqiqiliyinə və səmimiyyətinə inanmaq, öz vətənindən didərgin düşmüş minlərlə Güneyli fəalın, o cümlədən, elə onun özünün də Vətəndən ayrılıq əzablarını dərk etmək üçün kitabdakı Taymaz obrazının Təbrizdə keçirdiyi son ayrılıq gecəsi ilə bağlı kədərli sətirləri oxumaq kifayətdir: "Bu da son gecə! Sabahdan ayrılıq başlayır. Bu günə qədər heç Vətəndən, ailədən ayrılıb uzaqlaşmadı, əsgərlikdən başqa. Onda da əsgər idim, ancaq heç olmasa, iki ayda bir yol izinə gəlmək imkanı vardı... Görəsən, bir də bura qayıda biləcəyəmmi? Yoxsa Təbrizə həsrət qalacağam? Tanrı o günü göstərməsin..." - deyə, pıçıldadı. Özündən asılı olmayaraq beynindən "Qalmağım daha yaxşı olmazmı?" sorusu keçdi. Ancaq tez də özünü ələ alıb, bir az ucadan kəskin səslə özünə cavab verdi: - Yox, getməliyəm! Ən doğrusu da budur!"

 

Dildə insanın yaşadığı sıradan bir hadisəni ifadə edən söz kimi səslənən "ayrılıq" kəlməsi əslində, M.Təbrizlinin az qala bütün əsərlərindən qırmızı xətlə keçən və ancaq onun kimi vətənindən, doğmalarından uzaqlarda mühacir həyatı yaşamağa məhkum olan insanların içini yeyən faciənin adıdır...

 

Erməni faşistlərinin qanlı cinayətlərinin ifşası, Azərbaycan xalqının Qarabağ uğrunda apardığı haqq işinin təntənəsinə inam M.Təbrizlinin hekayələrində mühüm yer tutur. Yazıçının janrını "uzun hekayə" kimi müəyyən etdiyi "İz" əsərindən məlum olur ki, ermənilər Quzeydə olduğu kimi, Güneydə də əllərinə fürsət keçən kimi xalqımıza zülm etməkdən çəkinmirlər. Tehrandan gəlmiş Hartonıyan adlı polis rəisi xana töycü verməkdən imtina edən Ataman adlı Azərbaycan türkünü soyuqqanlılıqla gülələməkdən həzz alır. Hadisənin şahidi olmuş Özgür bəy türk dilini yaxşı bildiyi halda, Azərbaycan türkləri ilə tərcüməçi vasitəsi ilə danışan həmin qansız ermənini belə xarakterizə edir: "Biz fars dilini bilmədiyimiz üçün Hartonıyan adlı rəisin dediklərini xanın oğlu bizə çevirdi. Ancaq mən rəisi yaxşı tanıyırdım, o adam türk dilini çox yaxşı başa düşürdü, ancaq danışmaq istəmirdi. Hartonıyanı mən Təbrizdən tanıyırdım. O, Təbrizin Barnavak məhəlləsində boya-başa çatmışdı. Üstəgəl, ailəsi ilə Osmanlı dönəmində Türkiyədən Urmu şəhərinə gəlmişlər. Onlar Osmanlıdan qaçıb Güney Azərbaycanın batı bölgəsinə sığınırlar.

 

Xalqımız gələn ermənilərə qucaq açıb hər baxımdan yardım edir. Ancaq onlar baş memar fransızların fellərinə uyurlar. Sığındıqları Azərbaycan torpaqlarında dövlət qurmağa çalışırlar. Rus inqilabı dönəmində ruslar geri dönərkən yaraqlarını ermənilərə verirlər. Daha sonra ermənilər stratejilərini uyqulamaq üçün əliyalın Azərbaycan millətinə saldırırlar. On minlərlə Azərbaycan türkünün qanını axıdırlar".

M.Təbrizlinin "Qartal balası" povestinin əsas süjetində də erməni-türk qarşıdurması - Qarabağ savaşı durur. Ancaq burada həm də Güneydə millətin oyanması və öz qardaşlarının haqq işi yolunda uf demədən canlarından keçməyə hazır olmaları ön plana çəkilir.

 

Yazıçı Əmir Pəhləvan əsər barədə fikirlərini belə bölüşür: "Dil və üslub, qramatik qayda, zəngin folklor çəkisi ilə oxucunu valeh edən "Qartal balası"nı mən "ruhun qidası" da adlandırardım. Bəzən müəlliflər öz fantaziya manerası ilə təbiiliyi özləri də bilmədən komik vəziyyətə salaraq oxucuda əndirəbadi hisslər yaradırlar. Bu, ələlxüsus kitaba yeni marağı və həvəsi olanlar üçün daha da təhlükəlidir. Çünki oxucu ilk qarşılaşdığı belə bir bəsit və ağır nəfəsli əsərlə qidalanmalı olur. Lakin M.Təbrizlinin bu əsərində Azərbaycanın yatmış, bəkə də dilçi alimlərinin tədqiq etməmiş elə folklor söz birləşmələrindən istifadə olunub ki, hətta bəzi ləhcə deyimlərini bədii-ədəbi söz kimi də qəbul etmək mümkündür..."

 

"Qartal balası"na ön söz yazmış professor Vaqif Sultanlı da müəllifin əsərlərinin bədii xüsusiyyəti haqqında danışarkən bunları ön plana çəkir: "Uzun hekayə və öyküləri birləşdirən ümumi cəhət onların canlı, gerçək müşahidədən qaynaqlanması, təbii, səmimi bir dillə qələmə alınmasıdır. Bütövlükdə yazıçının əsərlərinin dili Azərbaycanın son dərəcə zəngin və bənzərsiz Güney ləhcəsinin özəlliklərini əks etdirməkdədir".

 

Kitabda oxucunun diqqətini cəlb edən əsərlərdən biri də "Xan nənəm" hekayəsidir. Hekayənin süjet xətti çoxillik ailə dəyərlərinin daşıyıcısı və qoruyucusu olan nənə obrazı ətrafında cərəyan edir. O, təhkiyəçinin atasının "Kraliça arı" adlandırdığı Ana arı kimi başçısını itirmiş böyük bir ailənin böyüyündən tutmuş körpəsinə qədər hər kəsin qayğısına qalır, onları birliyə, səmərəli fəaliyyətə təşviq edir. Nənə həm də tarixi yaddaşın daşıyıcısıdır. O, keçmişdə baş verən hadisələr haqqında həqiqi məlumatları, xüsusən də Milli Hökumət dönəmində baş verənləri gənc nəslə doğru-dürüst anlatmağa çalışır.

 

Nənənin dediklərindən yalnız nəvələrinin deyil, oxucuların da əxz edəcəyi çoxlu şeylər var. Bəlkə də onların çoxu 1941-ci ildə Sovet təyyarələrinin Təbrizin məhəllələrini və ətraf dağları bombalayıb onlarla günahsız insanı qətl etdiyini, yaraladığını ilk dəfə eşidirlər...

 

Necə ki, Xan nənə sağdır, ailə üzvləri "işçi arılar" kimi birlikdə və güclüdürlər. Amma o, dünyasını dəyişdikdən sonra hər şey alt-üst olur, hərə bir tərəfə dağılır. Hətta iş o yerə çatır ki, hər an bir-birindən xəbər tutan ailə üzvlərindən biri "Mən qardaşlarımı haçan gördüyümü xatırlamıram" - deyə, acı təəssüf hissi keçirir.

Bizim fikrimizcə, hekayədəki Xan nənə obrazı əslində, milli lider anlayışını ifadə edir. Bəlkə də yazıçı burada Güney Azərbaycan toplumunun bu gün yaşadığı faciələrin kökündə milləti ətrafına cəm edəcək, vahid məqsəd uğrunda arxasınca aparacaq liderin olmamasına işarə edir...

 

M.Təbrizli öz obrazlarına verdiyi adlarla da diqqəti cəlb edir. O, Güneydə yaşayıb fəaliyyət göstərən, rəsmən ərəb-fars adları daşıyan insanlardan fərqli olaraq, əksər qəhrəmanlarına prinsipial bir yanaşma ilə türk adları qoyur, bəzən də bunun üçün söz yaradıcılığı üsulundan istifadə edir. Bunu aydın görmək üçün onun bir sıra obrazlarının adlarına nəzər salmaq kifayətdir: Axın, Üstünbay, Ataman, Tarkan, Yılmaz, Özgür, Ərən, Öndər, Alp, Özərxan, Bəycan, Çətin, Gəncaslan, Taymaz, Dəmirəl, Atabəy, Birgül, Songül, Şənay, Turaq, Alqın və s.

 

Əlbəttə, ilk nəzərdə ədibin bu hərəkətini bir müddət içərisində yaşadığı türk ədəbi-mədəni mühitinin təsiri ilə də izah etmək mümkündür. Lakin onun siyasi baxışlarını, İran tarixinə və mənsub olduğu xalqın son iki əsrdə keçdiyi əzablı yola münasibətini öyrənincə digər, daha inandırıcı arqumentlər ortaya çıxır.

 

Bizim fikrimizcə, yazıçının bu prinsipiallığını İranda hələ Rza şah dönəmində başlayan və bu gün də davam edən milli ayrı-seçkiliyə, şovinizmə, Azərbaycan türklərinə milli adlar qoyulmasının qadağan edilməsinə qarşı bir üsyan da hesab etmək olar. Fikrimizə dəstək üçün onun əsərindən bir parçaya diqqət yetirək. Burada hökumət adamlarından biri rəsmi adlarını dəyişdirənlərə hədə-qorxu gəlir, hətta xain adlandırır: "Yeni dəb düşüb, yerindən qalxan adını dəyişdirib yabançı adlar qoyur. Sizlər vətən satqınlarısız, gül kimi İran İslam adlarını bəyənməyib Türkiyə, Azərbaycan adları seçirsiniz. Bu, vətənə, islama sayğısızlıq, xəyanət deməkdir".

 

Burada istər-istəməz Güneyin böyük milli mücadilə şairi Səhəndin məşhur "Taleyimə sən bax!" adlı şerindən bu parçanı xatırlamamaq olmur:

... Taleyimə sən bax!

Düşüncələrim yasaq,

duyğularım yasaq,

keçmişimdən söz açmağım yasaq.

Gələcəyimdən danışmağım yasaq,

ata-babamın adın çəkməyim yasaq,

anamdan ad aparmağım yasaq!

Adlara münasibət baxımından M.Təbrizlini böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlı ənənələrinin Güneyli davamçısı da adlandıra bilərik. Belə ki, C.Cabbarlının bir zamanlar ədəbi və demoqrafik dövriyyəyə daxil etdiyi Sevil, Almaz, Yaşar, Dönməz, Gündüz və başqa obrazların adları istər ədəbi əsərlərdə, istərsə də xalq arasında çox geniş populyarlıq qazanmışdır.

 

Bununla yanaşı, M.Təbrizlinin əsərlərini oxuduqca onun həm də çağdaş Türkiyə ədəbi dilinin güclü təsirinə məruz qaldığını da görməmək olmur. Yazıçının poetik sintaksisində də müasir Türkiyə türkcəsinin izləri açıq-aşkar sezilir. Örnək üçün onun hər hansı bir əsərindən istənilən parçaya nəzər salmaq kifayətdir. Hətta bu təsiri savadsız kəndlilərin dilində də görürük ki, bu da nəsrdə obrazın fərdiləşdirməsinin zərərinə işləmiş olur. "İz" hekayəsinin qəhrəmanı Oğuz bəy küçədə rast gəldiyi savadsız kəndli Qaya bəydən qonşusu Sərdar əmini xəbər alarkən kəndli ona belə cavab verir:

 

"- Doğrudur, bu gün sabah mən də evinə uğradım, evdə deyildi. Əskidən tez-tez dağa çıxardı, indi bu son illərdə evdən-eşikdən çıxmır..."

 

Mahmizər MEHDİBƏYOVA

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2019.- 23 avqust.- S.7.