"Dərd əlindən bəmə qaçdım..."

 

Unudulmaz Xanəndə Ramiz Haciyevin Ruhuna Elegiya

 

 

Ötən əsrin 60-cı illərinin axırı - 70-ci illərinin əvvəllərində yaşadığım əyalət şəhərindəki evlərin demək olar ki, hamısında divar radiosu adlandırdığımız sehrli bir qutu vardı və o vaxtlar başqa bir sehrli qutu - televizor artıq məişətimizə ayaq açsa da, hər bir evin eyvanında divardan asılmış bu radio cihazları bizlərin - 10-15 yaşlı uşaqların dünyaya açılan pəncərəsi funksiyasını ləyaqətlə yerinə yetirirdi...

 

Hər bazar günü günorta saat 2-dən 3-ə kimi klassik muğamlarımız məhz o qutudan pərvazlanıb bütün Azərbaycanın səmasına yayılırdı... Mən Niyazinin "Rast", F.Əmirovun "Şur", "Kürd-ovşarı" simfonik muğamlarını, tarzən Hacı Məmmədovun "Orta mahur"unu, Qədir Rüstəmovun "Sona bülbüllər"ini, musiqi zövqümün formalaşmasında, musiqi mədəniyyətimizin incilərini tanımağımda müstəsna rol oynamış neçə-neçə sənət incisini ilk dəfə o qutunun "içində" tapmışdım. O qutudan doğulan o qədər dürlü-dürlü səs mənim ruhumun pasibanına çevrilmişdi ki...

O səslərdən biri isə mənim lap simsarım idi - "Ay Çiçək", "Elə xoşbəxtəm ki", "Anam yadıma düşdü", "Könül açdım" kimi bənzərsiz mahnılara can verən kövrək, titrək səs - xanəndə Ramiz Hacıyevin səsi.

Mən o səsi 100, 1000 səsin içindən dərhal tanıya bilərdim. Çünki bənzəri yox idi, məxmər kimi yumşaq, şüşə kimi kövrək, ipək kimi sərin, bulaq suyu kimi şəffaf bu səsin. Mənə elə gəlirdi ki, o səsin dediklərini ürəyimdə təkrar edə-edə əlimdə çırağa döndərib işığı ilə ən qatı zülməti də yara bilərəm - çünki o səs həm də işıqli səs idi.

Mənim əslən Ağdaş rayonundan olan mərhum anam (Allah haqq dünyasında olan bütün valideynlərə rəhmət eləsin!) bir dəfə bu səsə, bu ifalara vurğunluğumu görüb məni onun sahibi barədə məlumatlandıran ilk şəxs oldu: "Bala, bu oxuyan ağdaşlı xanəndə Veyis kişinin oğludur. İlk müəllimi də elə atası olub". Sonra da onun ilk lent yazılarının Ağdaşda necə əks-səda doğurması ilə bağlı bir ucu gedib ağdaşlılara çıxan kanallarla aldığı bir əhvalatı da danışdı və aradan 50 ilə yaxın vaxt keçəndən sonra da mən o əhvalatı xoş bir duyğu ilə, təbəssümlə yada salıram.

Sonralar o mahnıların sırasına daha sanballı ifalar əlavə olundu: "Mirzə Hüseyn segahı", "Zabul segah" dəstgahları, "Yaşılbaş sona", "Uca dağlar", "Anam yadıma düşdü", "Şəhla gözlüm"... mahnıları. Onlar da Ramiz Hacıyevin titrək, yumşaq, iddiasız səsində bənzərsiz və təkrarsız idilər.

Qəribədir, bu səsin sahibinin səsi kimi işıqli çöhrəsini (belə olduğuna qəti əmin idim) görmək, onun canlı ifasını dinləmək mənə nəsib olmurdu ki, olmurdu. Ramiz müəllim televiziyanın yox, radionun "balası" idi və o vaxtlar dünyaya açılan pəncərəsi yalnız radio və televizor olan və mənim kimi əyalatdə yaşayan neçə-neçə Ramiz Hacıyev pərəstişkarı da uzun müddət özlərinin bu arzularında umsuq qaldılar.

Dərd burasındaydı ki, çox vaxt layiq oldu-olmadı hər yetənə "palaz-palaz" yazılar həsr edən qəzetlər də, jurnallar da musiqisevərlərin, musiqi xiridarlarının "ustad" adlandırdıqları Ramiz Hacıyevi nədənsə yada salmırdılar.

Görəsən niyə? Bu nə sirr idi axı?

Sonralar mərhum tədqiqatçı (və xanəndə) Vəli Məmmədov öz sənət dostu haqqında kiçik bir oçerk yazıb yeni kitabına daxil etdi, musiqi mədəniyyətimizin yorulmaz tədqiqatçısı olan Rafael Hüseynov onu "Axşam görüşləri" proqramına qonaq çağırdı, 2002-ci ildə isə qələm dostum İntiqam Mehdizadə "Duyğular" silsiləsindən növbəti yazısını ona həsr etdi. Amma buna qədər mən Ramiz müəllimi axır ki canlı gördüm - televiziyanın ürəyi, necə deyərlər, axır ki "yumşalmış", onun konsertinə yarım saat vaxt ayırmağa cəsarət tapmışdı. Hərçənd o konsert Ramiz müəllimin sənətinin sanbalına uyğun tərtib olunmamışdı: saçını-saqqalını Azərbaycan muğamlarının, xalq mahnılarının, təsniflərinin ifası yolunda səxavətlə ağartmış Ramiz Hacıyev efirə xanəndə kimi yox, müğənni kimi çıxarılmışdı, oxuduqları ruhunu tamamlamayan bir fonda, ayaq üstə, qavalsız oxuyurdu və bu görüntülər onu əsl imicini qətiyyən tamamlamırdı...

Mən sonralar Ramiz müəllimi ikinci dəfə bir də kəşf etdim - bu dəfə virtual dünyanın qəlbi daşa dönmüş bir çox musiqi avtoritetlərinin yalan hay-həşirindən, ajiotajından uzaq sirli mekanında. Smartfon alıb youtubeə çıxış əldə edən kimi onun səhifələrində Ramiz müəllimin ifalarını axtardım və tapdım. Özü də nəinki ifalarını tapdım, həm də özü kimi sadə, iddiasız şəkillərini, gülümsər çöhrəsini, daxilinin saflığından xəbər verən gözlərini gördüm və bir də onun əksər ifalarını "müşayiət edən" bir fotoşəkli.

Fotoşəkillərdə zamanın bir anını əbədiləşdirib bütün zamanlar üçün diri saxlayan nəsə bir sirr var. Ramiz müəllimin bu kiçik ailə fotosunda da eləcə. Bu şəkildə Ramiz müəllim cavandır, 43 yaşı var, hələ 23 il də yaşayacaq və o, sədaqətli həyat yoldaşının, yeganə övlad payı - sevimli qızı Aytənin yanında xoşbəxtdir, gələcəyə, hər şeyin yaxşı olacağına inamlıdır, onu qarşıda hansı sarsıntıların, süprizlərin gözlədiyindən xəbərsizdir. Bilmir ki, yaşayacağı hər il onun kövrək, həssas ürəyinə yeni bir çat salacaq; kimlərinsə gözə görünməyən hökmü, hikkəsi, kimlərinsə çirkin əlləri ilə adı fəxri adlara təqdim olunanların siyahısından dəfələrlə çıxarılacaq. Axı niyə də o, yaxşı şeyləri yox, məhz bunları fikirləşməli idi? Xan Şuşinski, Mütəllim Mütəllimov, Yaqub Məmmədov kimi ustad xanəndələrin yaratdıqları incilərlə rəqabət aparmağa dözümlü olan "Mirzə Hüseyn segahı", "Zabul segah", "Cahargah" kimi dəstgahlarlara imza atan, "Çiçək", "Anam yadıma düşdü", "Könül açdım", "Elə xoşbəxtəm ki" kimi mahnılara əbədi möhrünü vuran, tez-tez rəsmi dövlət konsertlerinə dəvət alan, heç kimlə işi olmayan bir sənətkar nə üçün gələcəyə inamla baxmamalı idi ki?

Yaşlı musiqisevərlər təsdiq edər: Ramiz müəllimin ifasi ilə həyata vəsiqə alan "Çiçək" mahnısı indiki terminalogiya ilə desək 60-cı illərin əsl hitinə çevrilmişdi: el şənliklərində, toy məclislərində hamı bu mahnını sifariş edirdi, hamı, hətta balaca uşaqlar da öz sevinclərini hansısa bir işdə qazandıqları kiçik qələbələrini bu mahnının sözlərini, melodiyalarını zümzümə etməklə bildirirdilər. Tarzən - pedoqoq Vamiq Məmmədəliyev deyir ki, o vaxlar küçədə adamlar Ramizi barmaqla göstərib pıçıldaşırdılar: "Baxın, "Çiçəyi oxuyan bu oğlandır". Ramiz Haciyev bu mahnının havasında sənət aləminin sonsuz səmasında pərvaz edən qanadlı quşa çevrilmişdi.

Sonra bu xoşbəxtliyin səslə, sözlə ifadəsi kimi daha bir hit doğuldu - Ramiz Mustafayevin bəstələdiyi, Ramiz Hacıyevin oxuduğu və ondan sonra bugünədək heç kimin oxumağa cəsarət etmədiyi "Elə xoşbəxtəm ki" mahnısı. Bu mahnını oxuya-oxuya Ramiz Haciyev sanki özünün obrazını yaradırdı. "Bu gün elə xoşbəxtəm ki, sanki qanadlı quşam"...

Məgər belə deyildi?

A.Zeynallı adına musiqi məktəbində ustad xanəndə S.Şuşinskinin sinifini bitirmiş, gənc yaşlarından korifey sənətkarlarla çiyin-çiyinə çalışmaq xoşbəxtliyinə nəsib olmuşdu... Oxumağı bir yana, həm də peşəkar kaman ustası idi və Mədəni Maarif texnikomunda bu ixtisas üzrə dərs deyirdi (!), dövlət filarmoniyasının solisti kimi 13 muğam dəstgahı, 50-yə yaxın xalq və xeyli bəstəkar mahnısından ibarət repertuara malik idi.

Bəs sonra nə oldu axı?

İntiqam müəllim öz xatirə-oçerkində yazırdı ki, Ramiz müəllimin səsi 60 yaşından sonra da 20-25 yaşlarında olduğu kimi, təmiz, şaqraq idi, ötən illər bu səsin təravətinə qıymamışdı, onu kökdən salmağa cəsarət etməmişdi.

Amma Ramiz müəllimin səsinə qıymayan zaman onun özünə qıydı...

Bəlkə də zamanın yox, müvəqqəti də olsa zamanın məntiqini dəyişib öz məntiqlərini diktə edən kabus qüvvələrin işi idi bu?

Mən heç vaxt öz layiqli qiymətini almayanların bu haqsızlığa biganəliyinin, onların dilindən dövriyyəyə buraxılan "Nə, olsun, mən ad üçün, mükafat üçün oxumamışam ki" sözlərinin səmimiliyinə inanmamışam. Düzdür, sənətkarın dəyərini zaman müəyyən edir - burası məlum. Amma cəmiyyət miqyasında başqa bir dəyərləndirmə meyarları da mövcuddursa, bu meyarların əsas ünvanı da əsl dəyərlər olmalıdır, necə deyərlər, yağ ilə şora fərq qoyulmalı, ən doğru və ədalətli jest kimi hər şey öz adıyla çağırılmalıdır və yaradıcılığı ümumxalq rəğbəti qazansa da, bu meyarların məntiqini öz bildikləri kimi diktə edənlərin diqqətindən kənarda qalanların zahirən özlərini sındırmasalar da, içəridə qırılmaları, sınmaları çox təbiidir. İntiqam müəllimin yazısında da Ramiz müəllim özünü sındırmır, "Yəqin o siyahını tutanlar gənclərdir, yəqin məni tanımırlar" deyib bir növ vəziyyətdən çıxır. Amma baxın, onun ömür-gün yoldaşı Almaz xanım nə deyir: "Martın 23-də axşama yaxın dedi ki, darıxıram, çıxıram filarmoniyanın bağına. Hava qaralandan sonra qayıtdı. Rəngi ağappaq ağarmışdı. Son vaxlar ürəyində problemlər yarandığından narahat oldum, soruşdum ki, nə olub, Ramiz? Əvvəl dinmədi, sonra özünü saxlaya bilməyib dedi ki, ad alanların siyahısı qəzetdə çıxıb, mənim adımı yenə də kimsə əvvəlcədən siyahıdan çıxarıb. Ürək-dirək verib dedim, fikir eləmə, sən ad-san üçün oxumamısan ki? Həmişə bu fikrimi təsdiqləyərdi, amma bu dəfə dinmədi... Çay dəmlədim, içdik, söhbət etdik... Səhər onu yenə də pərişan gördüm. Dedim, istəyirsən işə getməyim? Qayıtdı ki, yox, get, narahat olma. Saat 12-dən sonra evə qayıdanda Ramiz artıq həyatda yox idi..."

Ramiz Hacıyevin qəribə ahənglə oxuduğu bir mahnı da var - "Könül açdım". Nədənsə mənə elə gəlir ki, bu bəstə "Elə xoşbəxtəm ki" mahnısı ilə birlikdə Ramiz Hacıyevin ömür hekayətinin, yaradıcılıq yolunun arzulardan güc alan nikbin başlanğıcının və məyusluq, sarsıntı ruhunda dil açan sonluğunun izahıdır. Ömür dastanının üvertürasında xoşbəxtlikdən özünü qanadlı quşla müqayisə edən xanəndə "Könül açdım"da öz taleyinə bir növ elegiya oxuyur:

Dərd əlindən bəmə qaçdım,

Bəyənmədi zildə məni...

Ürəyində "can-can" dedi,

Bəyənmədi dildə məni...

 

 

Əlisəfdər HÜSEYNOV

 

525-ci qəzet.- 2019.- 24 avqust.- S14.