Süni intellektin labüd hegemonluğu

 

 

Sürətlə dəyişən dünyamız, modern düşüncə, intellektual bilik, nanotexnoloji yeniliklər bizi meqadəyişmələr çevrilmələr erasına qovuşdurub.

 

Artıq müasir dünya real fikir, real ideya fəlsəfə ilə yaşayır. İnsanlar azad yaşamaq, nikbin olmaq istəyirlər. Onun ədəbiyyatı, incəsənəti, mədəniyyəti qəm-kədərdən uzaqlaşmaq missiyasını yerinə yetirməyə çalışır.

 

Dövrlə, zamanla ayaqlaşmaq istəyən yaradıcı insan realist ayıq-sayıq, fəlsəfi düşüncə tərzi sağlam, intellektual səviyyəsi isə yüksək olmalıdır.

 

Lakin cəmiyyətin böyük bir qismi bu dəyişmələrə, elmi-texniki yeniliklərə adekvat ola bilmir. Çünki dəyişikliklər elə böyük sürətlə baş verir ki, hər beşillik onilliklər arasında texnoloji inkişaf baxımdan böyük bir "kanyon" yaranır. Bəşər övladı isə bu yeniliklərə hazır olmadıqda, bu inkişafın bir hissəsinə çevrilmədikdə böyük problemlər baş verir. Buna görə insan düşüncə olaraq, ideya olaraq daim yenilənməli, özünü "refreş" eləməlidir.

 

Dünya artıq yaratmaq bəhsində, kəşf etmək arzusunda, məntiqi, rasional düşüncənin təməlində yüksəlir.

Süni intellekt sistemləri, nüvə fizikası, nanotexnologiyalar, biometriya, informasiya texnologiyaları, riyazi modelləşdirmə, molekulyar biologiya, gen mühəndisliyi, biotibb, o cümlədən, humanitar ictimai elmi istiqamətlər üzrə fundamental tətbiqi tədqiqatlar yüksək səviyyədə inkişaf dinamikası içindədir. Süni intellekt həyatımızın ayrılmaz hissəsinə çevrilib, ona hakim kəsilib.

 

Texnologiya ilə dəyişən insan - post-insan yaratdığı süni intellektlə durmadan inkişaf edir. Kiber-bio-texno inqilablar dalğası insanın mexaniki qurğu ilə birləşməsi - "cyborg" yaratmaq tendensiyasını ortaya qoyub (İngilis dilində "cyberneticorganism" sözlərinin qısaldılmış formasından düzəlib. Neil Harbisson ilk rəsmi Siborqdur). Gen dəyişikliyi üzrə yeni texnologiyalar yaradılıb: CRISPR/Cas9. Yəni insan artıq DNT-sinin əsiri deyil.

 

Bəs bu ya digər meqadəyişmələr ünsiyyət vasitəsi kimi dilə necə təsir edir edəcək?

 

Bu dəyişikliklər göstərir ki, süni intellektlə işləyən robotlar öz dillərində ünsiyyət quracaq. Yəni süni intellektin ünsiyyət dili yaranacaq. Bunun ilk qığılcımları da artıq mövcuddur. "Facebook" şəbəkəsinin süni intellektlə işləyən çat botları öz dillərini yaratmış danışmışlar. Belə ki, FAIR ("Facebook"un Süni İntellekt Araşdırma Laboratoriyası / Facebook AI Research) tədqiqatçıları tərəfindən yaradılan söhbət botları öz dillərini yaratdıqdan sonra həmin proqram söndürülüb. FAIR- çalışan elm adamlarının süni intellektə sahib olan çat botların bunu necə etdiklərinə dair hələ ki konkret bir məlumatı yoxdur. Amma süni intellektin danışdığını biliblər.

 

Süni intellekt dili fikri daha sürətlə ifadə etməyə hesablanır. "Facebook" çat botları öncə ingilis dilində ünsiyyətdə olsalar da, sonradan sürətli ünsiyyət üçün yeni dil yaradıblar. Süni intellekt dili təbii dillə müqayisədə sintaktik quruluşuna görə sadələşəcək. Yəni fikrin ifadəsində mürəkkəb konstruksiyalı cümlələr nəzərə çarpmayacaq. Zəka o qədər güclü olacaq ki, "arifə bir işarə kifayət edəcək".

 

Süni intellektin öz aralarında yaratdığı ünsiyyət dili zamanla təbii dili sıxışdıraraq qlobal dil səviyyəsində müəyyənləşəcək. Ümumiyyətlə, insan zəkasının inkişafı göstərir ki, ideyalar, fikirlər təbii dil olmadan da anlaşıla biləcək. Yəni gələcəkdə təbii dilə ehtiyac qalmayacaq. Belə ki, ünsiyyət modeli (dinləyib-anlama danışma, oxu-yazı) dəyişdikdən sonra təbii dil tarixə qovuşacaq informasiya mübadiləsi beyinlə birbaşa əlaqə üsulları ilə həyata keçiriləcək.

 

Robotlaşmağa doğru böyük bir yol almışıq, lakin dilin fəaliyyəti nəticəsində yaranan ünsiyyət forması hələ ki ən optimal variant olaraq qalmaqdadır...

 

Sərvər ŞİRİNOV

AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı

 

525-ci qəzet.- 2019.- 24 avqust.- S.13.