Nadir yubiley

 

 

Qarşıdan gələn may ayının 4-də (söhbət 1903-cü ildən gedir - V.Q.) Krım tatarlarının "Tərcüman" qəzetinin redaktoru İsmayıl bəy Qasprinski publisist fəaliyyətinin 20 illiyini qeyd etməyə hazırlaşır.

Əgər yubiley ideyanın təntənəsinin bayram edilməsi, bəlli bir gündə bu ideyanın gerçəkləşməsinə sərf olunan ömrün mühüm anlarının göz önündən keçirilməsi, geriyə qayıdıb görülən işlərə nəzər salmaq və təbii şəkildə həmin işlərdən zövq almaqdırsa, o zaman heç bir yubilyar özünü cənab Qasprinski kimi məsud və xoşbəxt saya bilməz. Bu xoşbəxtlik özünü nə tərifli sözlərdə, nə gurultulu alqışlarda, nə xalq şənliklərində, nə də minnətdarlıqla dolu etiraflarda göstərəcək. Əsla! Qaranlıq tatar mühitində heç bir qələm adamı xidmətlərinin miqyasından asılı olmayaraq fəaliyyətinin bu şəkildə etirafına ümid bəsləyə bilməz. BuSenkeviçin yubileyini təmtəraqla qeyd edən polyak cəmiyyətidir, nə də Hüqonu çiyinlərində gəzdirən fransız xalqıdır! Yox! Bura hətta zəruri minnətdarlıq hisslərini də yetərincə ifadə etməyə qabil olmayan qaranlıq tatar mühitidir!

Lakin yubiley sahibinin yaşadığı ömürdən, gördüyü işlərdən həqiqi məmnunluq və xoşbəxtlik duyması özünü sadəcə zahiri təmtəraqdamı göstərir? Məncə, yox! Düşünürəm ki, bütün həyatını buya başqa ideyanın gerçəkləşməsinə sərf etmiş hər bir yubilyarın həqiqi böyük xoşbəxtliyi ilk növbədə üzərinə götürdüyü xeyirxah missiyanın mahiyyətinə varmasında, keçdiyi çətinlik və əldə etdiyi nəticələrdən daxilən məmnun qala bilməsidir. Bu mənada cənab Qasprinskinin xoşbəxtliyi böyükhüdudsuzdur. Onu yalnız insan ayağı dəyməmiş boş və vəhşi səhrada məskən salan, sonra isə ağlı, iradəsi və zəhməti bahasına həmin səhranı bol məhsul yetirmək üçün yararlı vəziyyətə gətirən əkinçinin duyduğu xoşbəxtlik və böyük daxili məmnunluq hissi ilə müqayisə etmək olar.

Hələ görülməli işlər çoxdur, lap çoxdur. Amma bununla belə əkinçi həyatının qürub çağında tarlasını nəzərdən keçirib qürurla deyə bilər: "Baxın, təkbaşına nə qədər gördüm! Heç kimdən kömək ummadan ərazini ilan-çayandan təmizlədim, bataqlıqları qurutdum, alaq otlarını, tikanlı kolları bir-bir kökündən qazıb çıxardım. İndi toxum səpməyə təmiz yer var. Əlbəttə, ətrafda hələ öldürülməmiş ilan-çayan, qurudulmamış bataqlıq qalıb. Amma bundan sonra daha övladlarımın başı üzərində aclıq və ölüm təhlükəsi asılmayacaq. Onlar sadəcə başladığım işi davam etdirməlidirlər. O zaman minnətdar torpaq çəkdiyim zəhmətlərə görə nəslimi səxavətlə mükafatlandıracaq".

İsmayıl bəy Qasprinski həmin dövrə qədər tatarlar üçün tam yeni bir sahə olan nəşriyyat işinin əsasını qoydu, bu işi əzmlə davam etdirib layiqli səviyyəyə çatdırdı. Cənab Qasprinsikinin hansı ağlagəlməz çətinliklərlə üzləşdiyini, hansı keçilməz maneələri dəf etdiyini təxmini də olsa anlamaq üçün sadəcə tatar mühitində yaşamaq, yəni tatar olmaq lazımdır. Cənab Qasprinski bu işə başlayanda soydaşları arasında nəinki çap məsələlərindən xəbərdar olan, hətta mürəttib işinin öhdəsindən gələ bilən bir nəfər də yox idi. Ona görə də cənab Qasprinski qəzetin həm mürəttibi, həm çapçısı, həm redaktoru, həm də yeganə əməkdaşı kimi fəaliyyət göstərməli olmuşdu. Bütün çətinliklərə baxmayaraq, bir tərəfdən daxilindəki müqəddəs işıq, o biri tərəfdən isə xalqına və maarifə bəslədiyi sonsuz məhəbbət ona tutduğu yoldan çəkilməyə imkan verməmiş, güc və qüvvəsini artırmışdı. O, cismi və zəkası ilə gecə-gündüz yorulmaq bilmədən çalışırdı. Daxili, mənəvi maneələrlə müqayisədə zahiri, texniki çətinliklər heç bir şey idi. Qəzet çıxmağa başlayandan sonra həmvətənlərini oxumağa həvəsləndirmək üçün nə qədər güc, ağıl, enerji, bacarıq, fərasət və ehtiyatlılıq nümayiş etdirmək lazım idi! Cənab Qasprinski qəzet nəşri ilə bir sırada həm də oxucu yaratmaq, oxucu tərbiyələndirmək haqda düşünməli idi. Lakin qarşısına qoyduğu məqsədə sonsuz sədaqət ona hər çətinliyə üstün gəlməyə imkan verirdi. Qasprinski fəaliyyətə başladığı dövrə qədər çevrəsindəki tatar cəmiyyəti yalnız sxolastika qanunları ilə idarə edilmişdi. Boş, mənasız, həlli qətiyyən mümkün olmayan səmərəsiz problemlərdən başqa onu heç vaxt hansısa həyati bir məsələ maraqlandırmamışdı. Ətrafda isə həyat qaynayıb-daşır, kükrəyən dalğalarla boş, bəhrəsiz sxolastika adasını hər an yuyub aparmaqla təhdid edirdi. Amma bu fəlakətli vəziyyət də heç vəchlə cəmiyyətin diqqətini çəkmirdi. O, yenə cəhalətindən, əqli geriliyindən, əxlaqi naqisliyindən məmnun halda köhnə yaşam tərzini sürdürməkdə davam edirdi. Bu alınmaz qalaya hansı yolla  yaxınlaşmaq mümkün idi? Bir nöqtədə donub qalmış mühitdə həyat zərrələrini necə hərəkətə gətirmək olardı? Elmin, maarifin, fəlsəfi fikrin nurlandırıcı, yeniləşdirici şüalarını ora necə yönəltmək olardı? Ən adi bir coğrafi anlayışı, tarixi adı, elmi termini uzun-uzadı izah etmək lazım gəlirdi. Qəzet eyni zamanda, həm məktəb, həm də qarşıya qoyulan məqsəd və can atılan həyat üçün rəhbər rolunu oynamalı idi. Lakin redaktorun hər an nümayiş etdirməyə məcbur qaldığı ehtiyatlılıqla, özünüsözünü daim nəzarətdə saxlamaq zərurəti ilə müqayisədə bütün bunlar o qədər də böyük çətinlik sayıla bilməzdi. İsmayıl bəy demək olar ki, hər söz, hər ifadə üzərində düşünməli idi. Hər fikri, hər deyimi böyük diqqətlə, min dəfə götür-qoy etməli, onun bədxahların dilində hansı mənalar alacağını əvvəlcədən göz önünə gətirməli idi. Necə deyərlər, səma yerə heç nəyi bağışlamır. Odur ki, göylərdə yaşadıqlarını zənn edənlər özlərini hər zaman könüllü şəkildə yuxarıların "müdafiəçiləri" sayırdılar.

Yəqin bu səbəbdən də heç bir şey sxolastik düşüncədəki kimi xırdaçı deyil. Heç bir şey aşkar cahillik kimi daim qüsur axtarışına çıxmır. Belələri hər hərfdə nə isə bəd bir işarə görürlər, hər kəlmədə "müqəddəs əsasların" çökdürülməsinə xidmət edən cinayətkar niyyət axtarırlar. Sxolastik mühitdə yaşayarkən siz özünüzü daim polis nəzarəti altındakı adam kimi aparmalısınız. Ani bir ehtiyatsızlığa yol verdinizmi, sonunuz çata bilər. Cənab Qasprinsikidən öz kiçik qayığını sualtı qayaların arasından keçirmək və sağ-salamat sahilə çatdırmaq üçün nə qədər dözüm və ehtiyatlılıq tələb olunurdu!

Təəssüf ki, bütün bu işləri görərkən böyük tatar maarifçisi tamamilə fərqli və gözlənilməz çətinliklərə qarşı da mübarizə aparmalı idi. O, necə deyərlər, daimi loyallığı barəsindəki sənədi yanında gəzdirməli və özünü mətbuatın mühafizəçiləri sayan adamların ilk tələbi ilə çıxarıb göstərməli idi. Bu sonuncular xırdaçılıq etmək məsələlərdə sxolastiklərdən heç də geridə qalmırdılar. Təkcə elə tatar dilində qəzet nəşri onların nəzərində artıq "mövcud qaydaların pozulması" idi. Odur ki, "Tərcüman"ın nəşri ilə bağlı yazılan protokolların ardı-arası kəsilmirdi. Nə etmək olardı? Rusiyada mütərəqqi düşüncəli müsəlmanların taleyi belədir! "Öz" müsəlmanları onları "müqəddəs əsasları dağıtmaqda" təqsirləndirir, rusların arasından çıxmış "maarifpərvər qanun qoruyucuları" isə "ictimai asayişi pozmaqda" günahlandırırlar!

Hər iki tərəfdən ittihamlar yağış kimi yağır. Belə şəraitdə hansı işi görmək, hansı addımı atmaq daha məqsədəuyğundur? Qorxaq, prinsipsiz adamlar, özünü reklam və faydalı sövdələşmə axtaran diribaş işbazlar belə situasiyalardan çox gözəl baş çıxarırlar. Onlar bir tərəfin izzəti-nəfsini oxşamaq, qarşı tərəfə isə yaltaqlıq etməklə hər iki cəbhəni istismar altına salmağa çalışırlar. Təbii ki, belələri cəmiyyətə heç bir xeyir vermir, heç bir faydalı görmürlər. Çünki mahiyyət etibarı ilə başdan-başa zərərli mühitin təmsilçiləridir. Zərərli mühit isə həyati başlanğıca malik heç bir bəhər yetirə bilməz.

Yalnız qeyri-adi iradə möhkəmliyi, başladığı işə böyük məhəbbət, doğma xalqa və maarifə sonsuz sədaqət nəticəsində belə vəziyyətlərdə mənliyini və şəxsiyyətini qorumaq, tarazlığın pozulmamasına nail olmaq mümkündür.

Cənab Qasprinski bütün həyatı boyu məhz belə şəxsiyyət olub. Müsəlmanları maarifə alışdırmaq, onları zəka prinsiplərinə əsaslanan mədəni həyata səsləmək və bu yolla da bəşəriyyət ailəsinin tam hüquqlu üzvünə çevirmək aradan keçən iyirmi il ərzində onun həyatının dəyişməz məqsəd və məramını təşkil edib. Onu ruhlandıran, ona gücdözüm verən mənəvi amillər tədricən tatar mühitinə yol tapıb, bu gün üzərində ilk cücərtiləri görmək səadətinə qovuşduğumuz   bəhərli tarlaya çevrilib.

Cənab Qasprinski indi qürurdaxili məmnunluq hissi ilə bu cücərtilərə baxa   özünü əsla aldatmadan deyə bilər: "Bütün bunları mən etdim. Həyatda çox az adama bunca görmək nəsib olur. Sənə minnətdaram, taleyim!"

Cənab Qasprinskinin iyirmi ildən bəri maarifə və tərəqqiyə səslədiyi tatarların üzərinə isə yalnız bir vəzifə düşür: onlar hamısı bir nəfər kimi ürəkləri müəllimlərinə minnətdarlıq hissi ilə dolu halda Allaha yalvarıb İsmayıl bəyə müqəddəs fəaliyyətini bundan sonra da eyni əzmlə davam etdirmək üçün güc və qüvvət arzulamalıdır.

 

Rus dilindən tərcümə edən: Vilayət Quliyev

 

Əhməd bəy Ağaoğlu

 

525-ci qəzet.- 2019.- 24 avqust.- S.10-11.