Azərbaycanda kitab mədəniyyəti haqqında monoqrafiya

 

Məqaləyə İslam Sadığın sözləri ilə başlamaq istəyirəm: "Kitab xalqın, toplumun, ayrı-ayrı fərdlərin, bütövlükdə cəmiyyətin mədəni inkişafının əsas stimulverici mənbələrindən biridir. Bu gün nə ayrı-ayrı insanların, nə də cəmiyyətin mədəni inkişafını kitabsız təsəvvür etmək olmaz. Kitabı oxucuya çatdırmadan, onun istifadəsinə vermədən, kitabdakı bilikləri insanların malı etmədən, kitabın cəmiyyətin mədəni inkişafındakı vəzifəsini yerinə yetirməsini təmin etmək mümkün deyil".

Əlbəttə, Azərbaycanda kitab mədəniyyətinin yaranmasının, formalaşmasının böyük tarixi vardır. Hərtərəfli axtarışlar aparıb bu tarixi dərindən araşdıran, maraqlı məlumatlar əldə edərək, onları bir araya toplayıb kitab şəklində çap etdirən İslam Sadıq oxuculara yeni kitabını töhfə etdi.

Beləliklə, filologiya elmləri doktoru İslam Sadığın müəllifliyi ilə "Azərbaycanda kitab mədəniyyəti" adlı monoqrafiya 2019-cu ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən "Renessans-A" nəşriyyatında 248 səhifə həcmində işıq üzü görmüşdür.

Nəşrin redaktoru Əlövsət Ağalarov, buraxılışına məsul Aslan Cəfərov və Ələddin Əsədzadədir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maddi dəstəyi ilə işıq üzü görən bu kitab olduqca əhəmiyyətli bir mövzuya - "Azərbaycanda kitab mədəniyyəti"nə həsr olunmuşdur.

Səkkiz fəsildən ibarət olan bu monoqrafiyanın birinci fəsli "Kitab anlayışı. Qədim kitablar" adlanır. Bu fəslin daxilində 6 yarım fəsil öz əksini tapmışdır ki, bu da mövzunu daha aydın izah etməyə əlverişli şərait yaradır. Ümumiyyətlə, bu fəsildə kitab sözünün izahı, kitabın mahiyyəti, əhəmiyyəti, yazının kəşfi, yazı növləri, əlifbalar haqqında, yazı materialları, qədim kitabələr, kitablar, əlyazma kitabları, əlyazmaların üzünün köçürülməsi, xəttatlar və xəttatlıq sənəti, kitab mədəniyyəti, kitabın yazılması və nəşri, çap mədəniyyəti, redaktə mədəniyyəti, oxu mədəniyyəti, oxucu mədəniyyəti, kitabxana mədəniyyəti, kitabxanaçı mədəniyyəti, kitabın cəmiyyətdə rolu haqqında aydın təsəvvür yaradan biliklər əldə etmək mümkündür.

İslam Sadıq qeyd edir ki, "demokratik prinsiplərə əsaslanan, humanist qanunlar üzərində qurulmuş, insan amilinin aliliyi təmin edilmiş hər bir cəmiyyətin həyatında kitabın çox böyük rolu var...Bu gün bir çox planetlərin Avropa alimləri tərəfindən kəşf olunduğu deyilsə də, əslində, onların hamısı Şumer gil kitablarından götürülmüşdür. Şumerlər on iki planeti tanıyırdılar və onların hərəkət trayektoriyalarını çəkmişdilər. Avropa alimləri həmin trayektoriyalar əsasında planetləri axtarmağa başlamış, onların yerlərini dürüst müəyyən edərək elmə öz "kəşfləri" haqqında bilgi vermişlər. Türklər dünyanın ilk kitab yaradan xalqıdır. Qobustan, Gəmiqaya və Pamirdəki Saymalı daş, Orxon-Yenisey abidələri dünyanın ən qədim kitab muzeyləridir. Şumer gil kitablarını yaradanlar da kitab mədəniyyətini Qobustandan İkiçayarasına aparmışlar" [26-28].

Müəllif haqlı olaraq qeyd edir ki, yuxarıda haqqında danışılan məsələlər hələ də lazımınca öyrənilməmiş, dünyaya tanıdılmamışdır.

Monoqrafiyanın ikinci fəsli "Azərbaycanda kitab" adlanır. Burada isə oxuculara 8 yarımfəsil təqdim olunur: 1) "Qobustan və Gəmiqaya dünyanın ilk açıq kitab muzeyidir"; 2) "Türk xalqlarında yazı və əlifba mədəniyyəti"; 3) "Azərbaycanın qədim kitabları"; 4) "Azərbaycanın əlyazma kitabları"; 5) "İlk mətbəələrin yaranması"; 6) "Azərbaycan kitabı"; 7) "Azərbaycanda ilk çap kitabları"; 8) "Azərbaycanda kitab və nəşriyyat tarixinin öyrənilməsi".

Müəllif qeyd edir ki, "Əlyazma kitabları kağız materialdan istifadə etməklə hazırlanan Azərbaycan kitabının birinci mərhələsini təşkil etmişdir. Azərbaycanda kitab istehsalının ikinci mərhələsinə çap kitablarının meydana çıxması ilə başlanmışdır. Bu mərhələ indidavam edir" [58-59].

İslam Sadıq ikinci mərhələ olan çap mərhələsini də öz növbəsində 3 dövrə bölür: 1) 1920-ci ilə qədər olan dövr; 2) 1920-ci ildən 1991-ci ilə qədər olan dövr; 3) 1991-ci ildən sonrakı dövr - Müstəqillik dövrü. Həmçinin müəllif qeyd edir ki, Azərbaycanın ilk çap kitabları birinci dövrə aiddir ki, bu dövrbir çox xüsusiyyətləri ilə seçilir.

İslam Sadıq apardığı araşdırmalar nəticəsində qətiyyətlə qeyd edir ki, Azərbaycanın ilk çap kitabları çox geniş və mürəkkəb anlayışdır, məhz onu dar çərçivədə başa düşmək olmaz. O, bu məsələyə geniş müstəvidə, dövrün, zamanın, şəraitin bütün mənzərəsini hərtərəfli öyrənib, onun işığından baxmaq lazım gəldiyini aydın şəkildə izah edir.

Azərbaycanın tanınmış, tərəqqipərvər, millətini sevən ziyalıları daim xalqın gələcəyini düşünürbunun üçün də əllərindən gələni əsirgəmirdilər. Məhz bu baxımdan kitabın üçüncü fəsli xüsusi maraq doğurur. "Azərbaycan ziyalıları və kitab" adlanan üçüncü fəsil mən deyərdim ki, ən maraqlı fəsillərdən biridir. Burada Nizami Gəncəvinin, Nəsrəddin Tusinin, Şah İsmayıl Xətainin, Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundovun, Həsən bəy Zərdabinin, Nəriman Nərimanovun kitab haqqında dərin fikirləri, kitabçılıq işinin inkişafı üçün gördükləri işlər və s. ətraflı şəkildə şərh olunur.

Monoqrafiyanın IV fəsli "Çap maşını və kitab nəşri" adlanır ki, burada da çap maşınlarının kəşfi, kitab nəşrində dönüş, kitab nəşrinin mətbəə mərhələsi, poliqrafiya materialları haqqında müəllif tərəfindən maraqlı məlumatlar şərh olunur.

Müəllif qeyd edir ki, kitaba marağın və tələbatın zaman-zaman artmağı onun sayca çoxalmasına ciddi ehtiyac yaratmışdır. Ona görə də insanlar kitabın sayını çoxaltmaq üçün müxtəlif üsullar axtarırdılar. Bu cür axtarışlar nəticəsində çap maşını kəşf edilmişdir. Burada çinli Bi Senin (1041-ci ildə) mütəhərrik çap literini hazırlaması, İ.Quttenberqin ilk çap maşınını kəşf etməsi, A.Zenefelderin litoqrafiya (daşbasma) üsulu ilə kitab çapının ixtirası, kitab mətnlərinin yığılmasında "fotoyığım" üsulundan istifadə və s. haqqında maraqlı məlumatlar oxuculara təqdim edilir.

Ümumiyyətlə, çap maşınının ixtirası və çap üsulu ilə kitab buraxılması dünya xalqlarının əksəriyyəti tərəfindən böyük mədəni hadisə kimi qarşılanmışdır. Bu üsulla kitab çapı qısa müddətdə dünyanın bir çox ölkələrinə, o cümlədən, ölkəmizə bəlli olmuş, çap avadanlıqları ölkəyə gətirilməyə başlamış, yeni-yeni mətbəələr yaradılmışdır.

"Azərbaycan Dövlət Nəşriyyatı - "Azərnəşr"in yaranması və Azərbaycanda kitab mədəniyyəti" adlanan beşinci fəsildə ümumilikdə "Azərnəşr"in yaranma tarixinə nəzər salınmış, bu haqda maraqlı faktiki materiallar mənbələr əsasında oxuculara təqdim edilmiş, "Azərnəşr"in fəaliyyəti işıqlandırılmış, "Azərnəşr"in bazasında yaranmış nəşriyyatlar haqqında məlumat verilmiş və nəhayət, "Azərnəşr"in kitab və kitabçılıq işinin inkişafında oynadığı rol müəllif tərəfindən dəyərləndirilmişdir.

Monoqrafiyanın VI fəsli "Kitabın texniki göstəriciləri" adlanır. Burada mövzunun açılması üçün müəllif 6 yarım fəsildə qruplaşmalar aparmışdır: 1) "Kitabın məzmununa görə növləri"; 2) "Kitabın üz qabığına görə növləri"; 3) "Kağızın və kitabın ölçüləri"; 4) "Bir səhifənin mətnli və mətnsiz hissələrinin nisbəti"; 5) "Kitabın həcminin hesablanması". Bu fəsil ümumilikdə kitabın texniki tərtibatı ilə bağlı olan məsələləri özündə ehtiva edir.

"Nəşriyyatda redaktə işi" adlanan yeddinci fəsildə redaktor sənəti, redaktorun vəzifələri, redaktorun nəşriyyatda oynadığı rol, redaktənin ilkin prinsipləri, redaktə işinin əsas məqsədi, əlyazmanın dəyərləndirilməsi, redaktor-müəllif münasibətləri, nəşriyyat redaktoru, redaktə işi, redaktənin növləri, redaktə normaları, redaktənin sxemi, redaktənin keyfiyyətinə təsir göstərən amillər, əlyazmanın hərəkət mexanizmi s. haqqında məlumatlar öz əksini tapmışdır.

Nəhayət, kitabda sonuncu fəsil "Kitab ticarətinin təşkili" adlanır ki, burada kitabın oxucuya çatdırılması yolları araşdırılmış, Azərbaycanda kitab ticarətinin tarixinə nəzər salınmış və xüsusilə də ölkəmizdə kitab ticarətinin təşkili məsələləri haqqında oxucuya müəyyən məlumatlar verilmişdir.

İslam Sadıq qeyd edir ki, nəşriyyat yaradıcılıq təşkilatı olsa da, eyni zamanda, konkret bir istehsalat müəssisəsidir. Onun istehsal etdiyi məhsul kitab və kitabçalardır. Kitabın da bir əmtəə məhsulu olaraq həm istehlakçısı, həm də istehsalçısı var. Kitabın istehlakçısı oxucudur deyən İ.Sadıq, belə qənatə gəlir ki, kitabın nəşri ilə yanaşı, onun oxucuya çatdırılması da mühüm məsələlərdən biridir. Oxucusu olmayan, yaxud vaxtında öz oxucusuna çatırılmayan kitab dəyərini itirmiş pul kimidir.

Sonda qeyd etmək istəyirəm ki, sözügedən monoqrafiya poliqrafik cəhətdən gözəl tərtib edilmişdir. Dili rəvandır, oxunaqlıdır. Kitabı oxuyarkən bir daha şahidi olursan ki, kitab əhəmiyyətli mövzuya həsr olunmuşdur. Daim öz aktuallığını qoruyub saxlayan mövzulardan olan Azərbaycan kitab mədəniyyəti böyük bir tarixi özündə ehtiva edir. Bu dövrü araşdırmaq, müəyyən məsələlərə aydınlıq gətirmək yazardan bacarıq və səriştə tələb edir. Təbii ki, İslam Sadıq Azərbaycanda böyük imzadır və ona görə də bu işin öhdəsindən bacarıqla gəlmişdir. Onun adı poeziyasevərlərə yaxşı tanışdır. Lakin İslam Sadığın yaradıcılığı çoxcəhətlidir. Neçə-neçə kitablarımızda redaktor kimi onun adı var. Çünki İslam Sadıq uzun illərdir ki, redaktor kimi Azərbaycan kitablarının üzərində gözünün nurunu əridir. O kitabçılıq işinə böyük əmək sərf etmiş tanınmış ziyalılarımızdan biridir. İslam Sadıq haqqında, məhz onun redaktorluq əməyi haqqında "Redaktorluq zirvəsi" adlı elmi məqaləm "Kitabşünaslıq və nəşriyyat işi": elmi-nəzəri və təcrübi jurnalda (2015, 1., s.59-64) dərc edilmişdir. Həmin məqalədə mən onun redaktorluq fəaliyyətindən söhbət açmışam, necə böyük səriştə və bacarığa malik olmasından bəhs etmişəm. Əhəmiyyətli mövzuya həsr edilmiş bu monoqrafiya isə Azərbaycan kitab xəzinəmizə zənginlik gətirən qiymətli mənbələrdən biridir.

 

Leyla ABASOVA

Tarix üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2019.- 4 dekabr.- S.22.