Yusif Həsənbəy yaradıcılığının təkamül yolları

Şair, dramaturq və nasir Yusif Həsənbəy ədəbiyyatımızda şəxsiyyəti kimi yaradıcılıq mövqeyini saxlayıb, daim cəmiyyət həyatında, sosial proseslərdə fəal olub.

 

Mən bu fikrimi sözgəlişi ifadə etmədim: ötən əsrin 60-cı illərindən onun yaradıcılığına bələdəm, ədəbi proseslərdə öz sözünü deməkdən çəkinməyən, haqsız mübahisələrə qarşı dözümsüz şəxsiyyət kimi tanımışam. Təbii ki, illər öz işini görür, yaşın üstünə yaş gəlir, lakin təsirsiz ötmür, bir şərtlə, xüsusilə, içində xalq, Vətən məhəbbəti, öləziməyən sevgi olana "dəyib-dolaşmır", gəncliyində necə yazıbsa, "kökdən" düşmür. Bunun ən bariz nümunəsini cəsarətlə deyərdim ki, Yusif Həsənbəydə görmək mümkündür.

Necə ki, iki il öncə Yusif Həsənbəyin "Qayıda bilmərəm, gözləmə məni" şeiri deyərdim oxucular arasında "bomba" kimi partladı və onun qəlpələri cavanların qəlbini isindirdi, yaşa dolmuşların qəmli, çox-çox uzaqlarda qalmış xatirələrini oyatdı. Bax, şeirin akselativliyi və afektivliyi bu məqamlarda özünü göstərir, axı, poeziyada da fizikanın "qravitasiya" - cazibə qüvvəsi mövcuddur! Şeir nə gizlədim, məni elə tutdu ki, təəssüratımı cilovlamadım, geniş məqalə ilə çıxış etdim və bir neçə qəzet həmin yazımı səhifələrinə çıxartdı. Bu faktı ona görə xatırladıram ki, şair Yusif Həsənbəy poeziyaya hansı templə gəlmişdisə, o ruhda da yazır. Son poemalarından biri "Siziflərin qiyamı" qələmə aldı, akademik Nizami Cəfərov və bu sətirlərin müəllifi yüksək fikir söylədilər.

Yaradıcılıq, xüsusilə, poeziya barədə proqnoz vermək çətin məsələdir, çünki bu fenomen əslində, yazardan da asılı olmur, ilahidən kodlaşmış bir möcüzədir: baş tutmaya da bilir. Əlbəttə, şair, yazıçı, alim doğulanlar üçün bu qapı açıqdır! Belə bir nikbin qənaəti bu günlərdə çapdan çıxmış "Göy qurşağı - cənnət körpüsü" kitabı (Bakı, "Şirvannəşr", 2019) bir daha təsdiqlədi.

Yusif Həsənbəyin kitabında toplanmış şeirlər, poemalar və bir povest dövrün ictimai-siyasi və sosial-mənəvi proseslərini özündə ehtiva edən bədii nümunələrdir, lakin "siyasiləşmiş" poeziya deyil. Poeziya biliyin xüsusi forması deyil, şairin öz həyat təcrübəsini hisslərilə təhlil süzgəcindən keçirib əsərin materialına çevirir. Şairin vəzifəsi yaşadıqlarını ümumiləşdirməkdir, başqa sözlə, oxucuya şəxsi həyat təcrübəsindən irəli gələn təəssüratların bütövlüyünün özünü qaytarmaqdır. Yusif Həsənbəy sadə deyimlərdən fərqli olaraq Ulu öndər Heydər Əliyevə həsr etdiyi şeir və poemalarını həqiqətin mövcudluq forması kimi qələmə almışdır. "Karvan" poema-pritçası yığcam olsa da, həcmcə, məzmun - ideya baxımdan siyasi bir hadisənin: Ümummilli Liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi münasibətilə qələmə alınıb. Bu həmin zaman kəsiyi idi, respublikada xaos yaranmışdı, hakimiyyətə inamsızlıq formalaşmışdı. Ölkə belə bir vəziyyətdə davam edə bilməzdi, yetkin siyasi və dövlət xadiminə ehtiyac vardı. Bu gəlişin tarixi olaya çevriləcəyinə şübhə yox idi. Yusif Həsənbəyin bir sənətkar kimi poetik enerjisi siyasi-sosial istiqamətə yön almaya bilməzdi və "Karvan"ı yazdırdı. Poemanın adında həqiqətdən irəli gələn rəmzi məna vardır. Dəvələrdən ibarət karvan susuz, ağac bitməyən qumluq səhradan keçir və irəlidə Sarıban gedir. Çətin, keşməkeşli səfərdir, amma ümidi qırılmayan inamdır. Bu yol rəvan deyil:

Torpaq cadar-cadar,

Yatağından toz qopan

Çayları susuz

Bürkülü bir səhrada,

Şəfəqlərlə

Süngülü bir səhrada

Tənbəl-tənbəl sürünür köç!

"Köç" məfhumunda xoşagələn əlamət olmur: məcburiyyətdən hadisə baş verir. Eləcə də ulu torpaqlarından qovulan köçkünlərin taleyi. Başqa fəlakətlərin baş verəcəyi də istisna deyil. Bu ab-havanı duyan şairin idrakı gerçəkliyin (yaxud baş verəcək hadisənin) dərin qatlarına nüfuz edir, sosial-mənəvi cəhətlərini poetikləşdirir. Təbii bunu nəsrlə də ifadə etmək mümkündür, lakin poeziyanın dililə vurğulamaq şairin işidir.

Onun "İnanmışıq, inanırıq", "Bakıya gəmi gəlir" şeirləri Heydər Əliyevin siyasi addımlarının poetik təsvirilə bağlı yazılıb. Bu tarixlər mənim yadımdadır və kinolenti kimi gözlərim önündən keçir. 1994-cü ildə hökuməti qanunsuz yolla ələ keçirmək cəhdində bulunan bəzi siyasi qüvvələr ölkədə qarmaqarışıqlıq yaratmağa səy göstərirdi, hətta respublika vətəndaş müharibəsinin bir addımlığında idi. Bu vaxt (4 oktyabr, 1994) Heydər Əliyev televiziya ilə üzünü xalqa tutdu, demokratiyanın qorunmasına çağırdı. Bu faktı xatırlatmaqda iki məqamı nəzərə aldım. Birincisi, belə bir müraciət tarixin elə mərhələsində baş verir, xalq sanki başını itirmişdir, siyasi və mənəvi dəyərlər təhlükə qarşısındadır, ikincisi isə poeziyanın mahiyyətindən, şairin təbiətindən irəli gələn poetik məqamlardır.

Poemada şairin səmimiliyi onunla oxucu arasında adekvat münasibəti reallaşdırır.

Oxucu əsərlə tanış olub onun mahiyyətinə varır və Ulu Öndərin obrazını yenidən yaradır yaddaşında.

Yusif Həsənbəy vaxtaşırı nəsrə də müraciət edir, hekayə, povest və roman yazır, bu, şairin nəsr təfəkkürünün epik zənginliyini sübut edir. "Göy qurşağı - Cənnət körpüsü" kitabında "Əbdül dayı" povesti verilib. Əsərdəki hadisələr bizdən çox aralanmasa da, mürəkkəb bir qısa dövrə təsadüf edir, uydurulmuş hadisələrdən və əyləndirici situasiyalardan uzaqdır, eyni zamanda, çoxobrazlıdır.

Povest dinamik süjet üzərində cərəyan edir, hadisələrin vəhdəti pozulmur, müəllif təhkiyəsi Əbdül dayının və sahibkar Məhərrəmin xarakterini gizlətmir, həyat epizodları birbaşa montaj edilmir. Məhərrəm Qorxun - Qaraxanlı yolunu "UA2" maşını il gedərkən Əbdül dayıya - bibisinin ərinə rast gəlir və yol yoldaşı olurlar. Gənc və orta yaş həddinə çatmış Əbdül dayını yazıçı belə təqdim edir sualı özünə verməklə: "Bəlkə sanballı bir təşkilatın rəhbəri, ya varlı-karlı kişi, sözü daşdan keçən nüfuz sahibidir? Xeyr. Nə eləsindən, nə beləsindən! Qohumdu! Amma nə olsun ki? Əbdül dayı qohum yox, lap Allahın bacısı oğlu olsa belə qabağından yeməyən Məhərrəm onun başına dolanmayacaq!" Həqiqətən, Əbdül dayı çoxuşaqlı ailənin başçısı, əlinin qabarı ilə dolanan kişidir. Məhərrəm isə başqa bir qütbdə dayanan gənc, bibisi qızını (Əbdül kişinin qızı Nurcahanı) sevən "əlləm-qəlləm", pul qazanmaq arzusunda olandır. Əbdül dayının belə bir əqidəsi vardır: "Yaradanın yaratdığını yaşatmaq borcumuzdur" və bir addım da bu fikrindən geri çəkilmir.

Yazıçı Yusif Həsənbəy Məhərrəm surətilə zərif şəkildə sahibkarlıq peşəsinin nüanslarına toxunur, onun mahiyyətinə işarələr edir: alqı-satqı, ticarət münasibətləri sağlam düşüncənin məhsulu olmalıdır: insanların həyat tərzində, məişətində olan silki - korporativ hədlər fərdlərin maddi vəziyyətini, sərvətlərini ciddi qaydada tarazlaşdırar, bir şərtlə, insanın sağlam yaşamasına yönəldilsin. Müəllif ölkədəki hərc-mərcliyi Məhərrəmin dar, məhdud, utilitar yanaşması ilə oxuculara çatdırır. Bəli, müstəqilliyimizin ilk illərində "özəlləşdirmə"nin acı taleyini yaşamışıq. Heydər Əliyevin hakimiyyətə ikinci gəlişindən sonra ictimai mühitdə oyanış, qayda-qanun, nizam-intizam bərqərar olmağa başladı. Məhz Əbdül dayının gözlərtisi də bu deyildimi?! Əbdül dayı halallığı sevəndir və Məhərrəmi də bu əxlaqa çağırır, praktik (yol əhvalatları ilə bağlı) əməllərilə. Yazıçının təhkiyəsindən: "Əbdül dayı basıb-kəsən, atıb-tutan olmasa da, fit anlayan, işarə qanan adamdı. Məhərrəmin onun bostanına atdığı daşları nəinki görür, o, hətta bu daşların əlvan rənglərinə heyran olurdu". Əbdül dayı namuslu kişidir. "Qız yükü, duz yükü! İndi əksər valideynlər qızlarını dallarına şəlləyib meydan-meydan, bazar-bazar gəzdirirlər ki, çox yağlı olmasa da, heç olmasa ortabab bir müştəriyə ötürsünlər".

Müstəqilliyimizin ilk illərində ictimai və mənəvi həyatımızın əxlaqi dayaqları titrəyirdi, insanlar tənzimlənmənin qayda-qanunları cızığından çıxırdı, ona görə ki, bu tənzimlənmə insanın həm obyektiv, həm də subyektiv sahələrini əhatə etməkdə acizdi, lazım gəlirdi ki, nüfuzlu bir şəxsiyyət - böyük dövlət xadimi hakimiyyətin idarə olunma mexanizmini yoluna qoysun və bu dahi artıq ölkəyə qədəm qoymuşdu, bölgələri gəzir, əhalinin durumu ilə, əhval-ruhiyyəsilə, iş şəraitilə tanış olurdu. Bu xəbər Qaraxanlı elatına da çatmışdı. Və burada oxucu Əbdül dayının halal boya-başa çatdırdığı, oxutdurduğu rəssam-xalçaçı qızı Nurcahanla tanış olur.

Ulu öndərin gəlişi xəbəri əsərə təsadüfi düşməmişdir: mən povestə siyasi-sosial rəng vermək fikrindən uzağam, yazıçının belə bir ideyası da yoxdur. Lakin Yusif Həsənbəy əxlaqi sərvətlər müstəvisində qanunlara, prinsiplərə, davranış normalarına hörmətindən ictimai rəyi nəzərə almışdır. Xalq, əhali Ulu Öndər Heydər Əliyevin siyasi-sosial-mənəvi kursunu alqışlayır; bu isə obyektiv göstəricilərlə xarakterizə olunur. Bu, fərdlərin və sosial qrupların əxlaqi seçmədə rəyidir, ilkin əxlaqi mövqeyidir.

Povestdə obrazlar bizə tanış və doğmadırlar, sevməyi və nifrət etməyi bacarırlar, bu "ikilik"də məcburiyyət yoxdur, inandırma vardır. Bir də Məhərrəm obrazının simasında "təmizlənmə" - Aristotelin "katirsis"i. Bu intəhasız yolda gənc rəssam xalçaçı Nurcahanın da təsiri yox deyil. Yeni nəsil dünyaya təzə, sağlam uşaqlar gətirəcəklər. Hər bir ictimai quruluş bəzi situasiyaları xarakterizə olunur, əgər onun idarəetmə sükanı arxasında xalqın nüfuzunu qazanmış lideri dayanmışsa, belə olanda insanlar əxlaqi seçim edir, azad, sərbəst qərarlar qəbul edir. İctimai rəy bu cür situasiyalara ümum əhəmiyyətli qiymət verir. Ayrıca fərd üçün də bu qiymət, bu nümunə də əxlaqın mövcud etalonlarını daha da möhkəmləndirir, bu stabil, dəyişməz kurs - yol siyasi, ictimai xadimin qəhrəmanlıq tərcümeyi-halının tərkib hissəsinə çevrilir.

Yazıçı Yusif Həsənbəy "Əbdül dayı" povestində görkəmli şəxsiyyətin həyat fəaliyyətinin canlı timsalı kimi əxlaqi ideala malik olduğunu göstərir. Eyni zamanda, gənc nəsil həyat fəaliyyətinin mühüm sərvət meyllərini, mənəvi dəyərlərini formalaşdırır.

Mən şair və yazıçı Yusif Həsənbəyin yaradıcılığından (kitabdakı əsərləri xatırladıram) aldığım təəssüratı - poeziyasını və nəsrini bir-birlərindən ayırmaq istəmirəm, bu bədii nümunələr üzvi vəhdət yaradır, vaxtilə deyilmiş bu obrazlı fikri xatırladım: "Bədii əsərin ayrı-ayrı elementləri bir-biri ilə dəstəkdəki güllər kimi yox, çiçəklənmiş bitkinin hissələri kimi birləşirlər".

 

 

 

Allahverdi EMİNOV

Pedaqogika üzrə fəlsəfə elmləri doktoru, dosent

 

525-ci qəzet.- 2019.- 4 dekabr.- S.17.