Naxçıvanda Ümumdünya Mətbuat
Şuraları Assosiasiyasının xətti ilə beynəlxalq
konfrans keçirilib
Noyabrın
30-da Naxçıvan şəhərində "Onlayn media və
sosial şəbəkələr: yeni dövrün
çağırışlarında jurnalist peşəkarlığı
və cəmiyyətin mənafeləri" mövzusunda beynəlxalq
konfrans keçirilib.
Bu məqsədlə
Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının
rəhbəri Melek Sule Akerin başçılıq etdiyi,
Assosiasiyanın üzvlərindən Ali Hancerlinin, Nurhan
Günsevin, Nik Nvolisanın daxil olduğu nümayəndə
heyəti noyabrın 30-dan dekabrın 2-dək Muxtar Respublikada səfərdə
olublar.
Azərbaycan
Mətbuat Şurasının sədri Əflatun Amaşovun,
Şuranın sədr müavini Umud Rəhimoğlunun, İdarə
Heyətinin üzvləri - "İki sahil" qəzetinin
baş redaktoru Vüqar Rəhimzadənin və "525-ci qəzet"in
baş redaktoru Rəşad Məcidin də
qatıldıqları tədbirin iştirakçıları əvvəlcə
Ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki
abidəsini ziyarət ediblər.
Sonra qonaqlar Heydər Əliyev Muzeyində olublar. Burada onlara
muzeydəki eksponatlar, Heydər Əliyevin həyat yolunun
müxtəlif istiqamətlərinə dair ətraflı məlumat
verilib. Muzeydə Ulu öndərin həyat
və fəaliyyətini əks etdirən dəyərli
eksponatlar sərgilənir. Qonaqlar
Ümummilli lider Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti
ilə xüsusi maraqlanıblar. Bildirilib
ki, muzeyin kitabxanasında 538 adda 1100-dən çox ədəbiyyat
nümayiş etdirilir.
Ulu öndər Heydər Əliyevin 1991-1993-cü illərdə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
işlədiyi vaxtlara aid eksponatlar diqqəti cəlb edib. Ali Məclisin
mətbuat xidmətinin həmin dövrə aid məlumatları,
"Şərq qapısı" qəzetinin nüsxələri
də muzeydə qorunub saxlanılır.
Qonaqlar muzeyin xatirə kitabına ürək sözlərini
yazıblar.
Naxçıvan
Dövlət Universitetinin Media Mərkəzi ilə yaxından
tanış olmuş konfrans
iştirakçıları universitet televiziyasına
müsahibə veriblər. Jurnalistika ixtisası üzrə təhsil
alan tələbələrlə
keçirilən görüşdə isə gənclərə
müasir dövrdə medianın fəaliyyət tərəflərindən
ətraflı söhbət açılıb, dünyada Mətbuat
Şurası institutunun missiyasının önəmli cəhətlərinə
nəzər salınıb. Burada həmçinin, Azərbaycan
Mətbuat Şurası İdarə Heyətinin üzvü Rəşad
Məcid özünün yeni çapdan çıxan "Qələmsiz
yazılanlar" kitabını gənc jurnalistlərə
bağışlayıb.
Universitetin İnformasiya Kommunikasiya Texnologiyaları və
Elektron Təhsil Şöbəsi ilə tanışlıq
zamanı məlumat verilib ki, universitet ərazisində elektron
imtahanların keçirilməsi mərkəzi burada yerləşir. Ali təhsil
ocağının sosial şəbəkə hesabları,
saytı, elektron sənəd dövriyyəsi buradan idarə olunur.
Universitetin
media mərkəzi ilə yaxından tanış
olan qonaqlara məlumat verilib ki, mərkəzin maddi texniki
bazası möhkəmlənib, bütün lazımi
avadanlıqlar, ötürücülər istifadəyə
verilib. Tələbələrin iştirakı
ilə burada verilişlər, xəbər, videoçarx və
sənədli filmlər hazırlanaraq təqdim olunur. Qonaqlar universitet televiziyasında veriliş
aparıblar.
***
Naxçıvan
Şəhər İcra Hakimiyyətinin akt zalında
keçirilmiş "Onlayn media və sosial şəbəkələr:
yeni dövrün çağırışlarında jurnalist
peşəkarlığı və cəmiyyətin mənafeləri"
mövzusundakı beynəlxalq konfransı Muxtar Respublika Ali Məclisi
Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsinin müdiri Ülvi Hüseynli açaraq
bildirib ki, Azərbaycanın hər yerində olduğu kimi,
Naxçıvanda da kütləvi informasiya vasitələrinin
inkişafı üçün hərtərəfli şərait
yaradılıb. Ötən illər ərzində
mediaya göstərilən dövlət qayğısı nəticəsində
muxtar respublikada peşəkar jurnalist ordusu formalaşıb.
O bildirib ki, bir əsrə yaxın tarixi olan Naxçıvan mətbuatı
bu gün əsl inkişaf dövrünü yaşayır. Muxtar respublika mediası ən müasir
avadanlıqlarla təmin olunub. Burada Universitet
televiziyası və radiosu da daxil olmaqla 3 televiziya, 3 radio, 9 qəzet,
ali təhsil və elm müəssisələrinin qəzet və
jurnalları, "Nuhçıxan" İnformasiya Agentliyi fəaliyyət
göstərir. Son illərdə media
qurumlarının saytları yenilənib, onlar geniş oxucu və
izləyici kütləsi qazanıblar.
Azərbaycan Mətbuat Şurasının sədri
Əflatun Amaşov çıxışında
Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının
fəaliyyət istiqamətləri ilə bağlı məlumat
verib. O
bildirib ki, Assosiasiya 1992-ci ildə ABŞ-ın müxtəlif
ştatlarının, Türkiyənin, Hindistanın,
Pakistanın, Banqladeşin, Nigeriyanın, Nepalın,
Tanzaniyanın və digər ölkələrin jurnalistlərinin
birgə yaratdıqları təşkilatdır. 2003-cü ildə təsis edilmiş Azərbaycan Mətbuat
Şurası 2005-ci ildən həmin qurumun üzvüdür.
Ümumdünya Mətbuat Şuraları
Assosiasiyasının məqsədi üzv ölkələrdə,
habelə dünyada söz və ifadə azadlığı ilə
bağlı məsələləri diqqətdə saxlamaqdan,
bununla əlaqədar hökumətlərə tövsiyələr
ünvanlamaqdan ibarətdir. Ə.Amaşov
vurğulayıb ki, 2019-cu il
üçün Assosiasiyanın toplantısı Bakıda
keçirilib. Həmin tədbirdə
ümumilikdə 40-dan çox nümayəndə iştirak
edib. Toplantı çərçivəsindəki
müzakirələrdə Azərbaycanın ayrılmaz tərkib
hissəsi olan Naxçıvanın Mətbuat
Şurasının da assosiasiyaya inteqrasiyası ilə əlaqədar
ideya yaranıb. MŞ sədri
Naxçıvan Mətbuat Şurasının Ümumdünya
Mətbuat Şuraları Assosiasiyasına üzv olması ilə
bağlı qeyd edib ki, yeni memorondumun imzalanması ölkəmizin
media mühitində əlamətdar hadisədir.
Ümumdünya Mətbuat Şuraları
Assosiasiyasının rəhbəri Melek Sule Aker bildirib ki,
informasiyanın getdikcə daha qlobal mahiyyət
daşıdığı dünyamızda söz və ifadə
azadlığı kimi dəyərlərin qorunması çətin
prosesə çevrilməkdədir. Çətinlik bir tərəfdən
internetin verdiyi imkanlardan sui-istifadə ilə
bağlıdırsa, digər yandan sahənin özünün
dinamik xarakteri nəzərə çarpır. Bu gün ən önəmli problemlərdən biri
sosial medianın tənzimlənə bilməməsi və
müəllif hüquqlarının pozulmasıdır. Bu problemin aradan qaldırılması
üçün tənzimləyici hüquqi bazasının
formalaşması bütün dünyada öndə duran məsələlərdəndir.
Ümumdünya Mətbuat Şuraları Assosiasiyası
da məhz bu mərama xidmət edən qurumdur. M.S.Aker rəhbərlik
etdiyi assosiasiyanın gələcəkdə Naxçıvan Mətbuat
Şurası ilə sıx əməkdaşlıq şəraitində
çalışması üçün konfansın
mühüm zəmin yaratdığını dilə gətirib.
Ümumdünya Mətbuat Şuraları
Assosiasiyasının üzvü, Nigeriyadan olan beynəlxalq
media eksperti Nick Nvolisa Nigeriyada və Orta Afrikada sosial
medianın tənzimlənməsi və bu sahədə olan
problemlər barədə məlumat verib.
Naxçıvan Muxtar Respublikası Dövlət
Televiziya və Radio Verilişləri Komitəsinin sədri
Sahil Tahirli çıxışına rəhbərlik etdiyi
media qurumunun texniki imkanları barədə geniş məlumat
verməklə başlayıb. O bildirib ki, Naxçıvan
teleradiosu 19 saat televiziya, 19 saat radio verilişləri
yayımlayır və gələcəkdə mövcud
göstəricinin artırılması planladırılır.
Bunun üçün hər cür texniki
imkanların olduğunu vurğulayan S.Tahirli
çıxışında telekanalın təqdimat
xüsusiyyətlərinə nəzər salıb. S.Tahirli əlavə edib ki, bu gün Muxtar
Respublikanın informasiya blokadası tam yarılıb. Naxçıvan televiziyası və radiosu dünyaya
açılıb və hər bir nöqtədə izlənilir.
Mətbuat orqanlarının,
"Nuhçıxan" İnformasiya Agentliyinin saytları və
sosial şəbəkə hesabları dünyanın 140
ölkəsində oxunur. Onlar ingilis və rus dillərində
əhəmiyyətli xəbər və məqalələr hazırlayaraq yayırlar. S.Tahirli onu da deyib ki, Naxçıvan mediası
sürətlə gəncləşir, gənc jurnalistlər
onlayn media üzərindən Naxçıvan həqiqətlərinin
yayılmasında yaxından iştirak edirlər. Təkcə son 5 ildə Naxçıvan Dövlət
Universitetinin jurnalistika ixtisası üzrə bitirən 20 nəfər
gənc Naxçıvan teleradiosunda işlə təmin edilib.
Naxçıvandakı "Şərq
qapısı" qəzetinin baş redaktoru Mehriban Sultanova
bildirib ki, media qurumlarının sosial şəbəkələrdəki
çoxminlik səhifələrinin yaradılması Muxtar Respublika
barədə operativ, dəqiq və qərəssiz
informasiyaların yayılmasını təmin edir.
Naxçıvan Muxtar Respublikasının Mətbuat
Şurasının sədri Rövşən Hüseynov rəhbərlik
etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz
açaraq diqqəti təşkil olunan müxtəlif yaradıcılıq
müsabiqələrinə, jurnalistika və söz sənəti
ilə əlaqədar hazırlanmış nəşrlərə
yönəldib. O, jurnalistika sahəsindəki tendensiyaların öyrənilməsi
və tətbiqi baxımdan Ümumdünya Mətbuat
Şuraları Assosiasiyası ilə əməkdaşlığın
önəmini vurğulayıb.
MŞ
İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin
baş redaktoru Vüqar Rəhimzadənin, MŞ sədrinin
müavini Umud Rəhimoğlunun və toplantıdakı
ayrı-ayrı şəxslərin
çıxışlarında bildirilib ki, Naxçıvanda
maddi-texniki bazanın gündən-günə gücləndirilməsi
buradakı KİV-lərin fəaliyyətinin müasir
dövrün tələbləri səviyyəsində
qurulması üçün geniş imkanlar açıb.
Konfransın sonunda Naxçıvan Mətbuat
Şurasının Ümumdünya Mətbuat Şuraları
Assosiasiyasına üzv olması ilə bağlı Əməkdaşlıq
Memorandumu imzalanıb.
***
Dekabrın
1-də Ümumdünya Mətbuat Şuraları
Assosiasiyasının üzvləri Naxçıvanın tarixi
ənənələrə malik "Şərq
qapısı" qəzetinin və "Əcəmi" Nəşriyyat-Poliqrafiya
Birliyinin, həmçinin, Naxçıvan Dövlət
Televiziyasının və "Nuhçıxan"
İnformasiya Agentliyinin fəaliyyəti ilə tanış olublar.
"Şərq qapısı" qəzetinin redaksiyasında olan qonaqlara məlumat verilib ki, 2010-cu ildə "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni kompleks istifadəyə verilib. Burada müasir şərait yaradılıb, yeni çap avadanlıqları quraşdırılıb.
Qeyd olunub ki, 2012-ci ildən istifadəyə verilən "Şərq qapısı" qəzetinin internet saytı bu ilin sentyabr ayında yenilənib. Qonaqlar qəzetin əməkdaşları ilə söhbət edib, burada yaradılan iş şəraiti ilə daha yaxından tanış olublar.
"Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyində qonaqlara məlumat verilib ki, 1997-ci ildə yaradılan nəşriyyat 2010-cu ildə yeni binada yerləşdirilib və burada yüksək poliqrafik göstəricilərə malik Almaniya istehsalı olan çap avadanlıqları quraşdırılıb.
Görüşlərdə əsas diqqət
sözügedən media qurumlarının kadr potensialı ilə
təminatına yönəlib. Məlumat verilib ki,
Naxçıvan MR Ali Məclisi sədrinin göstərişinə
əsasən Naxçıvan Dövlət Universitetinin məzunlarının
konkret sahələr üzrə işə götürülməsi
həyata keçirilir. Mövcud prosedur jurnalistika sahəsi
üzrə də tətbiq olunur və effektiv nəticələr
verir.
525-ci qəzet.- 2019.- 4 dekabr.- S.9.