Sən ömürlük qismətimsən...

 

baş verdi canım-gözüm?

Qəzəbləndin yenə mənə.

Anlamadım qəzəbini,

Neylədim ki, axı sənə?

Aramızdan əsdi külək,

Hava döndü, duman gəldi.

Fikirləşdim, nədən belə?

Ağlıma yüz güman gəldi.

Çəmənliklər olan yerdə,

Nə çəkirsən dağa məni?

"Dağa" dözmək asan deyil,

Bükmə vaxtsız ağa məni.

Əcəb heçdən qəmə düşdüm,

Bir az qayğın, rəhmin olsun.

Qəm gətirmək sənlik deyil,

Nəyə lazım zəhmin olsun?!

Sən ömürlük qismətimsən,

Tanrı səni mənə verib.

Taleyimiz gül bağından

Butamızı qoşa dərib.

Qov qüssəni, üzün gülsün,

Məni niyə incidirsən?

Zakir səni hədsiz sevir,

Sənsə ona zülm edirsən.

 

Çıxmamısan yadımdan...

 

Belə küskün, qəmli ötmə yanımdan,

Kim salıbdır səni məndən narazı?

Qəlbimdəsən, çıxmamısan yadımdan,

Gündə yüz yol xatırlaram ən azı.

Çox gözlədim, bəlkə döndün yanıma...

Can gətirdin sənsiz qalan canıma.

Könlüm səni hopdurubdur qanıma,

Alnımıza qoşa düşüb bu yazı.

Yadındamı gəzdiyimiz oylaqlar,

Sərin sulu, durna gözlü bulaqlar?!

Necə oldu viran qaldı yaylaqlar,

Duman örtdü, çən bürüdü "Qur yaz"ı?!

Ayrı düşdük qurduğumuz saraydan,

Sinəm yandı dilimdəki haraydan.

Məlul-məlul boylanırıq "bu taydan"

Axıdırlar aramızdan "Araz"ı.

Bu ayrılıq günümüzü qaraltdı,

Xəzan oldu, bağçamızı saraltdı.

Otlaqlarda qanqal bitdi, kol artdı,

Fələk aldı əlimizdən dəryazı.

Tale bizə qara günlər gətirdi,

Çox sevənlər bir-birini itirdi.

Yurd həsrəti ömrümüzü bitirdi,

Heç olmadı ömrümüzün bəyazı.

salıbdır səni məndən narazı?..

 

Rübailər

Deyirlər, bu dünya düzələn deyil,

Durmadan fırlanır, düz gələn deyil.

Üzmə ürəyini, narahat olma,

Qopub məhvərindən üzülən deyil.

 

***

 

bulud aylanır başımın üstə,

Alnım qırış salır qaşımın üstə.

Soruşdum, bu halın nədir yozumu?

Dedilər, yaş gəlir yaşımın üstə.

 

***

 

Boylandım həsrətlə göy yaylaqlara,

Qayıtmaq istədim ötən çağlara.

Qaldım yamaclarda əsdi dizlərim,

Yaş məni qoymadı qalxım dağlara.

 

***

 

Çalışma dolanı boşaltmaq üçün,

Öyrətmə əlini daş atmaq üçün.

Çalış izin qalan bir dünya yarat -

Özünü əbədi yaşatmaq üçün.

 

***

 

Saz çalıb söz qoşmaq ozanlarda var,

Sözü nəzmə çəkib yazanlar da var.

Yol getsən görərsən, aralarında,

Yolunu dəyişib azanlar da var.

 

***

 

Yenə axşam oldu, hava qaraldı,

Yarı gözləməkdən səbrim daraldı.

Əcəba, görüşmək istəmirdisə,

Mənim ürəyimdə niyə yer aldı?

Vətən Bayatıları

 

Ən gözəl yar vətəndir,

Vətən ruhdur, bədəndir.

Üzmə ruhu bədəndən,

O, səni var edəndir.

 

***

 

Getdi qora bağımdan,

Çıxdım "Qarabağ"ımdan.

Bilsən qara qanlar

Axdı qara bağrımdan.

 

***

 

Dünya mülkü genişdir,

Hər yan yoxuş, enişdir.

Vətənsiz, yurdsuz olmaq

Ən çətin, müşkül işdir.

 

***

 

Tərifləmə yad eli,

Doğma olmaz yadelli.

Öz elini sevməyən

Ya nadandır, ya dəli.

 

***

 

Hamı sevir Londonu,

Gedib geyir o "don"u.

Ayrılmaram Bakıdan,

Olsa Londondan 10-u.

 

***

 

Mən aşiqəm "Şabran"a,

Mən vurğunam "Nabran"a.

Hər ikisi gözəldir,

Yaraşıqdır Arrana.

 

***

 

Şabran qədim bir şəhər,

Bağlarında bar-bəhər.

Boylan "Çıraqqala"dan,

Gör Şabranı hər səhər.

 

***

 

Ey mənim dağlı kəndim,

Üzü duvaqlı kəndim.

Sən Şabrana bəzəksən,

Xalça-sumaqlı kəndim.

 

Zakir BAYRAMLI

 

525-ci qəzet.- 2019.- 6 dekabr.- S.15.