Xoreoqrafiya Akademiyası beynəlxalq konfransda

 

 

Moskvada Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və Qnesinlər adına Rusiya Musiqi Akademiyasının təşkilatçılığı ilə "İncəsənət ali təhsil müəssisələri beynəlxalq məkanda" mövzusunda beynəlxalq konfrans keçirilib.

 

Konfransda Rusiyanın Mədəniyyət Nazirliyinin, Elm və Təhsil Nazirliyinin məsul şəxsləri, Rusiyanın aparıcı incəsənət universitetlərinin rektorları və prorektorları, onların MDB ölkələri və Avropa İttifaqından, o cümlədən, Fransa, Litva, Böyük Britaniya, Yunanıstan, Estoniya, İspaniya, Belarus, Macarıstan, Qazaxıstan, Özbəkistandan olan həmkarları, beynəlxalq ekspertlər, eləcə də, UNESCO ekspertləri və aparıcı təhsil reytinq agentlikləri olan QS (Quacquarelli Symonds) və THE (Times High Education) nümayəndələri iştirak ediblər. A.Y.Vaqanova adına Rus Balet Akademiyasının təklifi ilə Bakı Xoreoqrafiya Akademiyası (BXA) da konfransda iştirak edib. Akademiyanı informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadə təmsil edib.

Konfransın plenar iclasında Ə.Babazadə "Ali təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığın Azərbaycan modeli: problemlər və perspektivlər" və "Bakı Xoreoqrafiya Akademiyası elm, təhsil və sənətin qovşağında" mövzularında təqdimatla çıxış edib. Çıxışda son 15 il ərzində Azərbaycanda həyata keçirilən məqsədyönlü təhsil və mədəniyyət siyasətindən, təhsilinin mütərəqqi nailiyyətlərindən, ölkə başçısı cənab İlham Əliyevin bu sahəyə diqqəti və qayğısından, eyni zamanda, Azərbaycan təhsilinin maddi-texnikiqanunvericilik bazalarının gücləndirilməsi sahəsində görülən tədbirlər barədə danışılıb. Qeyd edilib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı, insan kapitalının formalaşması üzrə məqsədlər, respublikada təhsilin və ələlxüsus da ali təhsil sisteminin beynəlxalq standartlara cavab verməsi və beynəlxalq rəqabətliliyinin artırılması üçün münbit şərait yaradır. Odur ki, ölkə rəhbərliyi tərəfindən təhsil sahəsi üzrə yeni-yeni strategiyalar və uzunmüddətli dövlət proqramları qəbul edilir. Azərbaycanın incəsənət yönlü ali təhsil müəssisələri barədə ətraflı məlumat verən natiq, müsəlman Şərqinin incəsənət beşiyi olan Azərbaycanın, rəssamlıq, dekorativ-tətbiqi sənət, musiqi, teatr, kinoxoreoqrafiya sahəsində bədii təhsil nailiyyətləri barədə məlumatı konfrans iştirakçılarının diqqətinə çatdırıb. Auditoriyanın böyük marağına səbəb olan çıxış, bir çox sahədə, eyni zamanda, tələbə mübadiləsi, müəllimlərin stajçəkmə, ixtisasartırma və ikili diplom proqramlarının həyata keçirilməsi sahəsində əməkdaşlıq münasibətlərinin qurulmasına rəvac verdi.

Tədbirdə eyni zamanda incəsənət və mədəniyyət universitetlərinin reytinqlərinin formalaşdırılması, habelə incəsənət sahəsində beynəlxalq təhsilin aktual problemləri, incəsənət universitetlərinin beynəlxalq təhsil bazarında marketinqi, beynəlxalq təhsilin infrastrukturu, birgə təhsil proqramları, yay məktəbləri, akademik mobillik və digər əməkdaşlıq formalarına dair müzakirələr aparılıb.

Konfransın moderatorları qismində Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS) rektoru G.A.Zaslavski və Qnesinlər adına Rusiya Musiqi Akademiyasının İctimaiyyətlə əlaqələr üzrə prorektoru D.Kirnarskaya çıxış edib. Konfrans çərçivəsində Ə.Babazadə Qnesinlər adına Rusiya Musiqi Akademiyasının prezidenti, Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS), Macarıstan Rəqs Akademiyasının, Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektorları, Jurgenov adına Qazax Milli İncəsənət Akademiyasının, A.Y.Vaqanova adına Rus Baleti Akademiyasının və Moskva Dövlət Xoreoqrafiya Akademiyasının prorektorları ilə təhsil, elm və yaradıcılıq üzrə birgə layihələrinin həyata keçirilməsi barədə danışıqlar aparıb.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 6 dekabr.- S.11.