ADMİU-nun "SABAH"çı tələbələri Rus Dram Teatrının səhnəsində

 

 

Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin (ADMİU) "SABAH" qruplarının tələbələri Uilyam Şekspirin "Otello" pyesinin motivləri əsasında hazırladıqları "Otello əfsanəsi" tamaşasını dekabrın 4-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində təqdim ediblər.

Tamaşanı Təhsil naziri Ceyhun Bayramov, ADMİU-nun rektoru, professor Ceyran Mahmudova müxtəlif ali təhsil müəssisələrinin rektorları izləyiblər.

Mistik ballada janrında hazırlanmış tamaşanın quruluşçu rejissoru Gümrah Ömərdir. Tamaşada "SABAH" qruplarında IV kurs aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələr Ziya Ağa (Otello), Fidan İsmayılova (Dezdemona), Mətləb Abuşov (Kassio), Toğrul Qasımov (Brabansio), Mirsənan Kazımlı (Yaqo), Gövhər Şabanova (Emilya), Gövhər Fidan (Bianka), Elçin Əmirov (Rodriqo), Tural Kərimov (Hersoq) çıxış ediblər.

Qeyd edək ki, ADMİU-nun "SABAH" qrupları Uilyam Şekspirin "Otello" pyesinin motivləri əsasında hazırlanmış "Otello əfsanəsi" tamaşası ilə bu yaxınlarda Rusiyada keçirilən Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun 39-cu Beynəlxalq Tələbə Festivalında iştirak edib. Bolqarıstan, Polşa, Slovakiya, Rusiya Dövlət Teatr Sənəti İnstitutu, S.Gerasimov adına ÜDKİ, Moskva Bədaye Teatrının məktəb-studiyası, Şukin Şepkin məktəblərinin tələbələrinin sırasında ADMİU-nun "SABAH" qrupları da öz yerini alıb. Tələbələr festivalda "Dünya klassikasının milli fonda bənzərsiz şərhi" "Klassik dünya ədəbiyyatı motivləri əsasında çevik səhnə təcəssümü" diplomları ilə təltif olunublar.

"Otello əfsanəsi" tamaşası, həmçinin, 2019-cu ilin martında Rusiya Teatr Sənəti İnstitutunda keçirilən "QİTİS - ustad dərsi" festivalında "Ən orijinal tamaşa" seçilib. Otello rolunun ifaçısı, "SABAH" qrupunun tələbəsi Ziya Ağayev isə "Ən yaxşı kişi rolunun ifaçısı" nominasiyası üzrə mükafata layiq görülüb.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 6 dekabr.- S.8.