Tüdor sülaləsinin uğurları və
bədbəxtliklər seriyası
(Əvvəli
ötən şənbə sayımızda)
Paris Füsunkar Yelenaya vurulduğuna görə vətəni
Troyanı, onu viran qoyan müharibənin başlanmasına və
acı nəticələr gətirməsinə səbəb
olmuşdu. Böyük ailədən yalnız Priam sağ
qalmışdı, iki oğlu - Hektor və Paris
döyüşdə həlak olmuş, arvadı Gekuba və
qızı Kassandra işğalçı yunanlar tərəfindən
əsir götürülmüşdü. Ona
görə də Priamın taleyi tarixdə qarğış,
lənət rəmzi kimi istifadə olunur. VIII Henrinin
övladları da taxt-taca yüksəlsələr də, bədbəxt
oldular, VI Eduard ailə qurmamış, qızı I Mariya
dünyaya övlad gətirməmiş, Elizabet isə ərə
getməməklə övladsız taleyi yaşamaqla həyatdan
getmişdilər. Bəlkə də, lap elə sülalənin
banisi VII Henrinin üzərinə düşən lənət,
Yorkçulara qarşı qəddarlığı, bu, nəzərə
alınmasa belə, sülalənin taleyində az
rol oynamamışdı. VIII Henrinin təkcə
arvadlarının deyil, həm də dövrün məşhur
xadimləri və ziyalıları olan böyük mütəfəkkir
Tomas Morun və yepiskop Con Fişerin ölümünə bais
olması heç də onun ailəsinə xoşbəxtlik gətirə
bilməzdi. Onun özü də
ömrünün son 11 ilini dəhşətli ağrılarla
və xəstəliklərlə mübarizədə
keçirmişdi.
Onun bacısı Marqaret də, elə bil ki, bədbəxtlik
mənbəyi, talesizlik simvolu idi. O, Şotland kralı olan əri ilə
on il yaşamış, kral IV Ceyms
İngiltərəyə qarşı başladığı
müharibədə həlak olmuşdu. Sonra
qadın iki dəfə ərə getməklə, həyatında
böyük çətinliklər yaratmışdı.
Onun oğlu, kral V Ceyms körpə ikən taxt-taca
çıxsa da, yeniyetməliyini dustaqda saxlanmaqla və digər
çətinliklər içərisində keçirmiş,
anasının və Olbani hersoqunun regentliyindən azad olub,
müstəqil idarəçiliyə başlasa da, atası
kimi İngiltərə ilə müharibəyə
girişmiş, məğlub olmuş və az sonra 30
yaşında ölmüşdü. Onun 6
gün əvvəl doğulmuş qızı Mariya Styuart
kraliça elan edilmişdi. Marqaretin nəvəsi
olan bu qızın taleyi də ağır olmuş, fransız
printsi, sonrakı kral II Fransiskə ərə getmiş, evləndiklərindən
bir qədər sonra əri ölmüşdü. Dul
qadın kimi Mariya Styuart Şotlandiyaya qayıtmış,
burada iki nəfərə ərə getmiş, gələcək
Şotlandiya kralı VI Ceymsi - İngiltərə kralı I
Ceymsi dünyaya gətirmiş, intriqalara aludə olduğundan
iflasa uğramış və sığınacaq almaq
üçün İngiltərəyə qaçmış,
orada dustaq edilmiş və doqquz il sonra, 1587-ci ildə
kraliça Elizabetə qarşı sui-qəsddə iştirak
ittihamı üzrə təqsirləndirilərək edam
edilmişdi. Marqaretin nəslinin bədbəxtlikləri
bununla da yekunlaşmamışdır. Mariya Styuartın nəvəsi,
I Ceymsin oğlu, İngiltərə kralı I Karl da, parlamentlə
münaqişə zəminində başlanan inqilab nəticəsində
1649-cu ildə edam olunmuşdu.
İngiltərədə
və Avropa dövlətləri tarixində kralın edam olunması ilk hadisə idi, lakin sonralar
kiçik də olsa, bir ənənə şəklini
aldı.
Tüdor sülaləsinin ailə üzvlərinin bədbəxtlikləri
qədim yunan mifologiyasını yada salır, ona görə də
ədəbiyyatın da diqqətindən kənarda
qalmamışdır. Sülalələr bir-birini əvəz
etdi, 1714-cü ildə kraliça Annanın ölümü
ilə Styuartlar sülaləsinə də son qoyuldu, heç
bir varis olmadığından, alman qohumları olan I Corc -
Hanoverlər sülaləsi İngiltərə taxt-tacına
çıxdı. Bu sülalənin adı I Dünya
müharibəsi vaxtı almanlarla ingilislərin düşmən
kimi vuruşmalarına görə dəyişdirilib, Vindzor
sülaləsi adlansa da, indiyədək taxt-tacda qalmaqla,
İngiltərədə ən uzun ömürlü sülaləyə
çevrildi, onun artıq 300 ildən yuxarı yaşı
vardır.
Şotlandiya kralı IV Ceymsin öz arvadı Marqaretə,
Tüdorlar nəslinin və ata qatili kimi özünün də
lənətə gəlməsi barədə dəfələrlə
dedikləri heç də əbəs deyildi, sonrakı hadisələr
onun öncə görməsini, demək olar ki,
bütünlüklə təsdiq etdi. Həqiqətən də
Tüdor sülaləsi və Şotlandiya kralnın
özü və ailəsi çox sayda bədbəxtliklərlə
üzləşməli oldu. Lənətə
gəlməni bəziləri mistika əlaməti, onun ortaya
atılmasını cəhalət nümunəsi hesab edir.
Əgər tarix boyu real hadisələr bunu təsdiq
edirsə, onlara necə saxta bir izah yarlığı vurmaq
olar. Bir sıra misallar lənətin
ağır zərbəyə çevrildiyini heç bir
şübhəyə yol verilmədən sübut edir.
Bizim
eradan əvvəl XIII əsrdə, Homerin də
"İliada"da yazdığı kimi Troyanı məhv edən
Aqamemnonun törətdiyi amansızlıqlar cavabsız
qalmamış, onun ailəsində
ardıcıl faciələr baş vermişdi. Ata
qızını Troyaya yollanarkən allahlara qurban vermiş,
arvadı qızının qisasını almaq
üçün on il sonra vətəninə
qayıdan ərini məşuqu ilə birlikdə
öldürmüş, sonra atanın qisası naminə
oğul Orest öz doğma anası Klitemnestranı və onun
məşuqunu qətlə yetirmişdi. Lənətə
gəlmiş ailədən ata, ana və qız övladı
vaxtından əvvəl həyatla vidalaşmalı olmuşdu.
Qədim
Romada vətəndaş müharibələri vaxtı dövlət
hakimiyyətini tutmaq üçün b.e.ə. 60-cı ildə
Qney Pompey, Yuli Sezar və Mark Krass birinci Triumvirat adlanan ittifaq
yaratdılar və çox şeyə nail oldular. Lakin hər üçü böyük ambitsiyalarla
yaşadığından Triumvirat 53-cü ildə
dağıldı. Onlar öz əməlləri
ilə lənətə gəlmişdilər və həyatlarını
acı sonluqla başa vurdular.
Mark Krass
qətllərdən ilham alan diktator
Sullanın tərəfdarı kimi edamlardan və proskriptsiya
siyahısına düşənlərin əmlaklarının
müsadirəsindən böyük var-dövlət
toplamışdı. B.e.ə. 71-ci ildə isə
çox qan tökməklə Spartak üsyanını
yatırtmışdı. O, Appi yolunun üstündə
Kapuyadan Romaya qədər olan 130 km məsafədə əsir
götürülmüş 6 min qulu çarmıxa çəkdirmişdi.
Romada ən qatı düşmənlər
üzərində də belə dəhşətli cəza tətbiq
edilməmişdi. Krass 53-cü ildə
Mesopotamiyada parfiyalılarla döyüşdə məğlubiyyətə
uğramış, özü də həlak olmuşdu. Düşmən Krassın başını teatr səhnəsində
dığırladıb, əhalini əyləndirirdi.
Qney Pompey (Böyük Pompey) də lənətin nəticəsi
olan faciədən yaxa qurtara bilmədi. O da gəncliyində Sulla tərəfdarı
olmuş, Spartak qul üsyanının yatırılmasında
iştirak etmişdi. Axır mərhələdə
üsyançılarla vuruşsa da, onunla
öyünürdü ki, bu zərərli alaq otunu
kökündən məhz o çıxarmışdır.
49-cu ilin yanvarında Yuli Sezar qanuna məhəl
qoymayaraq Rubikonu keçib, Romanın dövlət ərazisinə
girdikdə, ölkədə vətəndaş müharibəsi
başlandı. Sezar Romaya doğru irəliləyəndə
Pompey panikaya düşüb, tərəfdarları və hərbi
dəstəsi ilə birlikdə Yunanıstana qaçdı.
Sezar onun arxasına düşdü və 48-ci
ildə Fessaliyadakı Farsal döyüşündə Pompey
qüvvələrini məğlubiyyətə uğratdı.
Pompey bu dəfə Misirə qaçdı və
Ptolomey sülaləsinin axırıncı gənc
çarının göstərişi ilə orada
öldürüldü. Onun başı
Aleksandriyaya gələn Sezara hədiyyə kimi verildi. Krass və Pompey təkcə öldürülməmişdi,
onların kəsilmiş başları müvafiq olaraq təhqir
və hədiyyə əşyasına çevrilmişdi.
Yuli Sezar b.e.ə. 58-51-ci illərdə Alp
dağlarından şimaldakı bütün Qalliyanı Romaya
tabe etdirmişdi. 49-45-ci illərdə Pompeyin tərəfdarlarını
darmadağın etdi və mühüm dövlət vəzifələrini
öz əlində cəmləşdirdi. O, faktiki olaraq
monarxa çevrilmişdi, 44-cü ildə ömürlük
diktator elan edilmişdi. Lakin respublika
quruluşunun qatı tərəfdarları buna dözməyib,
qəsd hazırladılar və 44-cü ilin martında
Sezarı Senat binasında qətlə yetirdilər. Sezarın ölü bədəni Pompeyin
büstünün aşağısında
uzanmışdı. Nəhayət,
çarlıq eşqinə düşən Sezar da hədsiz
ambitsiyasının qurbanına çevrildi. Digər tərəfdən,
Sezar heç də az qanlar
axıtmamışdı. Tarixçi Plutarxın
yazdığına görə, Sezar Qalliyada hücumla 800
şəhər tutmuş, 300 tayfanı özünə tabe
etmiş, 3 milyon nəfərdən ibarət düşmənlə
vuruşmuş, onlardan 1 milyonunu döyüş cəbhəsində
məhv etmiş və həmin saydada adamı əsir
götürmüşdü. Göründüyü
kimi, Sezar Qalliyanı qan gölünə çevimişdi.
Qədim Romanın üç görkəmli xadimi öz
dəhşətli əməllərinin haqqını ödəmək
məcburiyyətində qalaraq, ömürlərini faciəli
şəkildə baş vurmuşlar, məgər bu, azmı
şeyi deyir.
Roma imperatorlarının xeyli hissəsi də öz sələfləri
kimi ömürlərini qətllərlə, intiharla başa
vurmuşdu. Kaliqula öldürülmüş, Klavdini arvadı
Aqrippina zəhərləyib öldürmüş, Neron
özünü intihar etmişdi. Onun ölümündən
sonra baş verən Aralıq dövründə - b.e. 69-cu ilində üç imperator - Qalba,
Otto və Vitelli bu vəzifəyə elan edildiklərindən
az sonra öldürülmüşdülər.
Rusiya çarları da Roma imperatorlarının taleyini yaşamalı olmuşdular. III Pyotr arvadı II Yekaterinanın təşkil etdiyi qəsd nəticəsində devrilmiş və qətlə yetirilmişdi. İmperatriçə II Yekaterinanın oğlu, çar Pavel öz oğlu I Aleksandrın razılığı ilə qurulan qəsd nəticəsində həyatdan getmişdi. Napoleon üzərində qələbənin mühüm müəlliflərindən biri olan I Aleksandrın özünün ölümü də müəmma pərdəsinə bürünmüşdü. Onun 1925-ci ilin sonunda yoxa çıxması barədə ölkədə şayiələr gəzirdi. Ölümündən əvvəl imperatorun ruhi sağlamlığı həqiqətən də pozulmuşdu, ətrafındakılardan daha çox şübhələnir və daha dindar olmuşdu. Bəzi tarixçilər belə nəticəyə gəlmişlər ki, bu, şizofreniyanın bir növüdür. 1925-ci ilin avqustunda arvadının şiddətlənən xəstəliyinə görə Rusiyanın cənubuna səfər etmişdi. 19 noyabrda (1 dekabrda) Taqanroqda tif xəstəliyindən ölmüşdü. Lakin şayiələrə görə, o, ölməmiş, başqa ad altında rahibə çevrilmişdi. I Nikolay Krım müharibəsindəki ağır məğlubiyyətə dözə bilməmiş, 1855-ci ildə ölmüşdü. Çar II Aleksandr xalqçılar tərəfindən 1881-ci ildə qətlə yetirilmişdi. Onun nəvəsi II Nikolay isə bolşeviklər tərəfindən arvadı və uşaqları ilə birlikdə 1918-ci ildə Yekaterinburqda güllələnmişdi. Görünür, Romanovlar sülaləsi lənətlənibmiş və 300 illik hökmranlıqdan sonra axırıncı varisinin də qətli ilə tarixdən silinmişdi.
Həmin XIX və XX əsrlərdə lənətlər bir sıra başqa dövlət rəhbərlərini də təqib etmişdi. 1848-ci ildən Avstriya impertoru olan Frants İosifin ailəsinə də ağır faciələr üz verirdi. Onun kiçik qardaşı I Maksimilian Habsburq 1864-cü ildə ingilis-fransız müdaxiləsi nəticəsində Meksikada prezident olmuşdu, 1867-ci ildə Meksikanın milli qəhrəmanı və prezidenti Benito Xuaresin göstərişi ilə güllələnmişdi. Frants İosifin gənc oğlu Rudolfla münasibətləri pis idi. Rudolf sevgilisini öldürməklə yanaşı, özü də intihar etmişdi. 1898-ci ildə Cenevrə gölünün sahilində imperatorun arvadına güllə atılmış və o ölmüşdü. Yaxın qohumu, ershersoq və imperatorluğa namizəd olan Frants Ferdinand arvadı ilə birlikdə 1914-cü ildə Sarayevoda gənc serb millətçisi Qavrila Printsip tərəfindən qətlə yetirilmişdi. Bu hadisədən I Dünya müharibəsinin başlanması üçün bəhanə kimi istifadə edilmişdi. İmperator Serbiyaya müharibə elan etməsi ilə I Dünya müharibəsinə start verilmişdi. Frants İosif iki il ərzində müharibənin dəhşətlərini müşahidə etmişdi. Müharibəni başlamaqla əslində, imperiyasının gələcək məhvinə imza atmışdı. 68 illik taxt-taca sahib olmasını 1916-cı ildəki ölümü ilə başa vuran Frants İosifdən sonra hakimiyyətə gələn I Karl I Dünya müharibəsindəki məğlubiyyət hesabına imperiyanın ləğv edilməsi ilə əlaqədar iki il sonra taxt-tacla vidalaşmalı olmuşdu və daha dörd il sonra 35 yaşında Portuqaliyaya məxsus olan Madeyra adasında sürgündə ölmüşdü.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2019.- 7 dekabr.- S.22.