Qeybə çəkilmişlər

 

hekayə

 

 

Gecəyarısı təngnəfəs yuxudan oyandım. Kimsə yoxdu. Lap kinolardakı kimi. Hamı qeybə çəkilmişdi, hamı yoxa çıxmışdı, səs-səmir gəlmirdi.

 

Dəhşətli sakitlik içimi yeyib-bitirməmiş qonaq otağına keçib özümə bir stəkan sərin yox, buz kimi soyuq su süzdüm, o dəqiqə başıma çəkdim. Kresloya yapışıb yerimdə qurcuxa-qurcuxa hər şeyi təzədən fikirləşməyə başladım, ya da cəhd elədim buna, alınmadı. Olanların başqa adı yoxdu ki. Bildiyin bütün insanlar izsiz-tozsuz yox olmuşdular. Özümü birtəhər sakitləşdirib onların yoxluğundan necə istifadə edə biləcəyim haqda düşünmək istədim, ancaq bu cəhdim eyni sonluğa düçar oldu. İstəyirdim, dünyadakı yeganə insan kimi hər kəsin alqışından, diqqətindən zövq alım, di gəl, alqışlayan vardı, pərəstişkar.

 

Yuxudan oyanmasam, bəlkə , heç belə olmazdı. Hamı yaşayardı indi. Qonşular yenə gecənin bir aləmi dreli götürüb baş-beynimizi aparardı, rayondan gələn qohumlarımız yan otaqda söhbət edərdi, anam mətbəxdə nəsə mızıldana-mızıldana yemək bişirər, mən mənasız, boş kitablar oxuyardum. , gərək, oyanmazdım, belə düşünürdüm o gecə. Ancaq bir halda ki, oyağam, gərək məsələnin axırına çıxaydım. Ola bilərdi ki, bu, yuxudu. Yaxud da dəli olmuşdum ya bəlkə, mənə vəhy gəlmişdi?! Bir az şişirtdim, ancaq mümkündü ki, son günlər yaşadığım gərgin, stresli günlər ucbatından belə qəribə psixoloji "hadisələr" yaşayırdım. Ağlıma hər cür ehtimal gəldikcə qrafinin bütün suyunu stəkan-stəkan içib axırına çıxdım. Həzm edə bilməmişdim heç nəyi. Divarın o tayında anam yatırdı axı həmişə, indi yoxdu. Qohumlar, qonşular, gecəyarı efirə çıxıb gözəgəlimli sinəsi budlarıyla biz kişiləri riqqətə gətirən aparıcı xanım, lap elə, məhəlləmizi tinbətin gəzişib iylənən bomj da, Fələstini bombalayan İsrail prezidenti , Türkiyəyə sanksiya tətbiq edən Amerika rəhbəri yox idi, a kişi, yox idi , dünyada gözmuncuğuna oxşar məndən savayı ins-cins yox idi! İki küçə o tərəfdə hürən itlərdən savayı susqunluğuma səs verən canlı deyilən zad da qalmamışdı! Təkdim, tənhaydım... Bu qəraib vəziyyətə necə təpki verməli - qəzəblənməli, yoxsa üzülməlimi - etməliydim? Kəsdirə bilmirdim heç nəyi. Fikrim-zikrim, elə bil, həmin insanlarla birlikdə ərşə çəkilmişdi. Bir halda ki, yoxdular, neyləyək? Ən yaxşısı yatmaqdı. Oyanıb ağıllı başla nəsə fikirləşərəm, bəlkə , kimsə oğurlayıb onları, bir animasiya filmi vardı e, lap ordakı kimi...

İşdir , ola bilər, dünyada mümkün deyil, axı? Belə uğursuz təskinlikdən sonra özümü güc-bəla yuxuya verdim. Ancaq niyəsə görə, həyəcandan yatdığım kimi oyandım... Qan-tər içində, nəfəsim gedir, ancaq gəlmir, özüm ki, görən olsa, deyər, dalınca atlı qaçırdı, a kişi? Düz deyərdi , o halətiydi? Yatmağımla oynamağım 10 dəqiqə çəkərdi, ya 15. Bircə ondan xəbərim var ki, yerimdən qalxıb təzədən su içməyə gedəndə qulağıma xorultu səsi gəldi. İnanmazsınız, mən ömrümdə ilk dəfəydi ki, xorultu səsini belə acgözlüklə dinləyirdim. O qədər ki, hətta qulaqlarımla ağlayacaqdım. Bu, babamın səsiydi. Qaçaraq keçib bir-bir yan otaqlara baxdım. Hamı yerindəydi. Anamın kürəyinə çəkdiyi odeyal sürüşüb yerə düşmüşdü, götürüb ehmallıca üstünü örtdüm. Qonaqlar da çarpayılarında yenidən peyda olmuşdu. Xoşbəxtliyim ucu-bucağı görünməz okeana çevrilmişdi, aşıb-daşırdı məhz həmin okeanın suyunda qeyb olanadək zənn eləyirdim ki, yarımca saatlıq bədbəxtliyə düçar olduğum həmin vaxt kəsimi yəqin, yuxuydu, xəyaldı, xatirəydi, hər nəydisə , gerçək deyildi, oldu, keçdi, qurtardı.

Səhərisi dostlarımla görüşəcəyimiz yerə onlardan qabaq gəlmişdim. Ətrafa nəzər salanda nəsə qəribə şeylər hiss elədim... Fikir verdim, elə bil, bu dəfə insan axını yüngülləşmişdi, adamların içindən nəyisə götürüb aparmışdılar, sanki hamı kölgələşirdi... Şəhəri dünən gecə ulduzlara hürən itlərin sükutu bürümüşdü. Nəydi bu? Anlamırdım. Hətta o gün dostlarımla oturub domino oynayanda əlimdəki altıqoşanı öldürən Rəhmanı o biri turda məğlub eləyən anda mənə elə gəldi ki, qarşımdakı insan yox, ölümdü. Həmin günü beləcə duruxmuş vəziyyətdə keçirdim. Elə bil, uşaqdım, ağaca çıxmışdım əl atdığım bütün budaqlar sınıb eləmirdi, birbaşa yoxa çıxırdı. Təsvir elədiyim vəziyyətdən fərqli gündə deyildim açığı. Həmin gecədən sonra insanların sözləri, vədləri, andları önəmsizləşməyə başlamışdı. Sürətlə ümidsizliyə düçar olurdum. Ağlımda min cür fikir cövlan edirdi. Adamlar vaxtdan ibarətdir onların bütün fikirləri öz zamanları qədər gerçəkdir. İndi Rəhman olmasın, Cavid olsun, Toğrul olsun, efirdəki sinəli aparıcı, ya da drellə başımızı aparan qonşu olsun, onların hansı gerçəkdi? Özü bu ümidsizlik məni ən çox onda incitdi ki, axşam gəlib anamın boynunu qucaqlayanda ətrini qoxladım anam mənə pıçıldadı - yəqin, hiss eləmişdi oğlunun qəribsəmiş halını: "Anan həmişə yanındadı".

Allah haqqı özümü güclə saxladım, hönkürəcəkdim, ürəyim sıxıldı, nəfəsim daraldı, dünya başıma döndü, istədim deyim, qurban olum, ana, mənə həyat boyda ölüm danışma, dözmürəm. O gün yoxa çıxmışdın, sən , dostlarım da, hətta ən zəhləmgetmiş tanışlarımız da, hamı yoxa çıxmışdı. Mən gördüm bu lənət yoxluğun dəhşətini. İndi sənin bu sözlərin məni yeyib bitirir. Bir bütöv qrafinin suyunu içib sərxoş olduğum gecədən bu yana ömrümdə belə təsiredici cümlə eşitməmişdim: "Anan həmişə yanındadı".

O gündən sonra dəyişməyə başladım. Dərs otağına girəndə kimsə görmürdü məni, uşaqlar elə bilirdi, daha oxumuram. Dostlarla görüşəndə əhvalımı soruşmaq indi kimsənin yadına düşmürdü. Görünən dağa bələdçi, axı? Hər şey məlumdu. Bu yazıq oğlan dəli olub da. Adam da heç bir yuxudan ötrü cəmiyyətdən uzaqlaşar? Ha-ha-ha!

- Məcnun!

- Məcnun?

Bu xitabdan sonra bir qədər özümə gəldim, çox yox, az, lap az. Heç olmasa, ondan ötrü ki, Məcnunun eşqi ilahiyə, Allaha idi Allah yox olmurdu, qeybə çəkilmirdi, əksinə, qeybin özü Onun sərəncamındaydı ən azından, vaxtsa yoxa çıxacaq əzizlərim onun hüzuruna gedəcəkdilər. Məcnun xitabını sevmişdim. Bəli, mən, məcnundum. Sevdiyim biri vardı, aşiq olduğum, bağlandığım, ruhumu verdiyim ilahi varlıq...

Bir gün axşamçağı dərsdən gəlib anamı bərk-bərk qucaqladım. Ona dedim ki, həmişə yanındayam. Gülümsədi, cavab vermədi, sadəcə susdu, həmin gecənin səssizliyi tək... Sonra şam yeməyimi bitirib sevdiyim qadınla qovuşmağa tələsdim. Parkda görüşdük salamlaşdığımız andaca əllərindən tutdum, eynisini ona da pıçıldadım: "Həmişə yanındayam". Al rəngli gözləri işıldadı, boynuma sarılıb dedi ki, məni çox sevir, lap çox. Sonrakı bir saat boyunca şəhərdə gəzişdik, hiss edirdim ki, nəhayət, hər şey qaydasındadı, artıq rahat nəfəs ala bilirdim, , bir ki, xanımım da tez-tez susurdu... Beləcə, o gün gecəyə kimi bütün dəyərli dostlarımla tək-tək görüşdüm, danışdım, eləsi vardı, görüş alınmadığı üçün lap quruca mesaj yazdım: "Həmişə yanındayam".

üç gün sonra, yeni il gecəsi, evimizdəki hər kəs yatan kimi sakitcə qonaq otağına keçdim, qrafindəki təkanlıq suyu bitirib xoşbəxtlik okeanında qeyb oldum. Məni kimsə axtarmadı. Kimsə...

Qeyd: Bu hekayənin müəlliflik hüququ sizin vicdanınız tərəfindən qorunur.

 

 

Mir Çingiz AĞAZADƏ

 

525-ci qəzet.- 2019.- 7 dekabr.- S.21.