UNEC-də Universitetlərarası 1-ci Kitabxana Forumu

 

Ədalət Muradov: "Universitet kitabxanaları arasında kitab mübadiləsi sisteminin qurulmasının vaxtı çatıb"

 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ölkədə ilk dəfə olaraq Universitetlərarası 1-ci Kitabxana Forumu keçirilib.

Forumda çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda müəyyən edilmiş məqsədlərə nail olmaq baxımından kitabxanalar xüsusi əhəmiyyətə malikdir. Rektor təhsilin keyfiyyətinin artırılması, qloballaşan dünyada kitabxanaların hər kəsə əlçatanlılığının təmin edilməsi üçün universitet kitabxanalarının çağdaş, innovativ sistemlərlə ayaqlaşmasının zəruriliyini qeyd edib. Rektor vurğulayıb ki, müasir universitet kitabxanasının inkişafı informasiya məkanında, təhsil sistemində və elmi kommunikasiyada baş verən dəyişikliklərin sürətinin artması ilə səciyyələnir. UNEC-də tədris prosesinin informasiya təminatının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlardan biri kimi universitetdə fasiləsiz, yeddi gün 24 saat fəaliyyət göstərən, 24/7 kitabxananın yaradılması göstərilib. Eyni vaxtda 104 tələbəyə xidmət göstərmək imkanı olan 24/7 rejimli kitabxanada tələbələrin rahat və istənilən vaxt informasiya-bilik əldə etməsi üçün zəruri şərait var. Bir ildir fəaliyyət göstərən 24/7 kitabxana Azərbaycan, türk, ingilis və rus dillərində zəngin fonda, bir milyona yaxın elektron resursa çıxış imkanına malikdir. 3 mərtəbəli kitabxananın II və III mərtəbələrində ixtisaslaşmış və geniş fonda malik, açıq rəf sistemi ilə tərtib olunmuş oxu zalları fəaliyyət göstərir. Burada məşhur kitabxanaların elektron resurslarına, o cümlədən, "Oxford University", "Cambridge University", "The MIT", "Duke University", ECONBIZ, JSTOR, "Duke University Press" və EBSCO bazalarına daxil olmaq mümkündür. MDB məkanında Azərbaycanla yanaşı, bu tip kitabxanalara yalnız Rusiya və Ukraynada rast gəlmək mümkündür. Qafqaz Universitetləri arasında isə ilk dəfə UNEC-də 24/7 rejimli kitabxana yaradılıb.

Ə.Muradovun dediyinə görə, UNEC-də təşkil olunan Universitetlərarası 1-ci Kitabxana Forumunda təhsil sistemində universitet kitabxanalarının funksionallığının artırılması, tələbələrə və tədqiqatçılara daha açıq və əlçatan olması, onların öz resurslarını və xidmətlərini ali təhsil müəssisələrinin tədqiqat və təhsil fəaliyyətinə inteqrasiya etməsi kimi bir sıra məsələlər müzakirə edilib: "Kitabxana universitetin məlumat mərkəzi kimi açıq elm təşəbbüsünə yardım etməli, universitet alimlərinin tədqiqat nəticələrini, kontentini tam və keyfiyyətlə dünya məlumat və bilik məkanında nümayiş etdirməlidir. Elmi kommunikasiyanın mürəkkəbləşməsi və onun on-line rejimə keçməsi tədqiqatın bütün mərhələsində tədqiqatçılara kömək etməyi universitet kitabxanaları qarşısında əsas vəzifə kimi qoyur. Kitabxanaların "anbar" modeli öz əhəmiyyətini sürətlə itirir. Çap olunmuş kitabların əsas məlumat mənbəyi rolunu itirməsi və bununla yanaşı, məlumat bolluğu təmin etmiş müasir texnologiyalar kitabxana məkanının təşkilində nəzərə alınmalıdır. Universitet kitabxanalarının modernləşməsi və onların göstərdiyi xidmətlər spektrinin genişləndirilməsi vəzifəsi kitabxananın mövcud idarəetmə modelinin təkmilləşdirilməsini, eləcə də innovasiyaların genişləndirilməsini, istedadlı və peşəkar kadrların qorunması və cəlb edilməsini tələb edir. Bütün bunlarla yanaşı, rektor həm də təklif edirəm ki, Azərbaycanda Universitet Kitabxanaları Assosiasiyası yaradılsın".

Rektor qeyd edib ki, universitet kitabxanalarının elektron informasiya resursları birləşdirilsin və həmin resurslara vahid pəncərə çərçivəsində giriş imkanı yaradılsın. Bunun üçün isə ilk növbədə universitet kitabxanalarının elektron kataloqlarının vahid şəbəkəsi yaradılmalıdır. Bununla yanaşı, universitet kitabxanaları arasında kitab mübadiləsi sistemi qurulsun. Həmçinin, universitet kitabxanalarının aldıqları yeni kitablar haqqında vahid məlumat mübadilə sistemi yaradılsın".

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov deyib ki, UNEC rektoru Ədalət Muradovun Universitetlərarası 1-ci Kitabxana Forumunda səsləndirdiyi Azərbaycanda Universitet Kitabxanaları Assosiasiyasınin təsis olunması, universitet kitabxanalarının elektron informasiya resurslarının birləşdirilməsi və həmin resurslara vahid pəncərə çərçivəsində giriş imkanının yaradılması təklifləri dəstəkləyir: "Rektor forumda çox əhəmiyyətli təkliflər səsləndirdi. Mən rektorun təkliflərini, ümumiyyətlə, forumun təşkilini yüksək qiymətləndiriblər".

K.Tahirovun sözlərinə görə, Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrin elm və təhsil sahəsində fəal iştirakının təmin olunması, yüksək nailiyyətlər əldə etməsi istiqamətində mütəmadi olaraq xüsusi layihələr həyata keçirilir. Bu diqqət və qayğının nəticəsidir ki, bu gün UNEC-in tələbələri hər sahədə böyük uğurlar qazanır, yeni-yeni layihələrə imza atır, ictimai-siyasi sferada yüksək fəallıq nümayiş etdirirlər: "UNEC-də yeni bir kitabxana layihəsi - "24/7 kitabxana" açıldı. Layihənin reallaşmasında Milli Kitabxana da yaxından iştirak edib. Belə ki, yeni tipli kitabxanada tələbələrə Azərbaycan Milli Kitabxanasının zəngin elektron bazasından birbaşa, maneəsiz istifadə etmək imkanı yaradılıb. Artıq UNEC-in tələbələri, universitetin pedaqoji heyəti Milli Kitabxananın 60 min kitab, 140 min qəzet və jurnal, 15 min dissertasiyadan ibarət elektron bazasından 24/7 kitabxanada rahatlıqla istifadə edə biləcəklər. Milli kitabxana ilə yanaşı, burada dünyanın məşhur universitetlərinin kitabxanalarının, o cümlədən, elmi platformaların bazalarına daxil olmaq mümkündür. Azərbaycan Milli Kitabxanası UNEC-də açılan 24/7 kitabxana layihəsini alqışlayır və bu işdə onlara uğurlar arzulayır. Belə layihələrin gerçəkləşdirilməsi bugünkü Azərbaycanın iqtisadi və mənəvi yüksəlişinin real təcəssümüdür".

Tanınmış təhsil üzrə ekspert, fəlsəfə doktoru Etibar Əliyev də rektor Ədalət Muradovun universitet kitabxanalarının elektron informasiya resurslarının birləşdirilməsi, həmin resurslara vahid pəncərə çərçivəsində giriş imkanının yaradılması və universitet kitabxanalarının elektron kataloqlarının vahid şəbəkəsinın yaradılması təkliflərini dəstəklədiyini bildirib. Onun fikrincə, rektorun bu təklifləri dəstəklənməli və bu istiqamətdə ciddi addımlar atılmalıdır.

E.Əliyev əlavə edib ki, "24/7 kitabxanası" UNEC-də həm tədris prosesinə, həm də elmi-araşdırmaların aparılmasına müsbət təsir göstərir: "Bəzən tələbələrdən gələn müraciətlərdə deyilir ki, hansısa konkret mövzuya həsr edilmiş, ixtisaslaşdırılmış ədəbiyyatları əldə etmək çətindir. Məhz bu kimi kitabxanaların yaradılması ixtisaslaşdırılmış ədəbiyyatlara çıxış məsələsini həll etməyə töhfə verəcək".

Məhz bu səbəbdən təhsil sahəsində innovativ layihələrə müsbət yanaşdığını qeyd edən E.Əliyev vurğulayıb ki, dünyanın aparıcı universitetlərində müasir kitabxanalar fəaliyyət göstərir: "Beynəlxalq reytinq cədvəllərində kitabxana ali təhsil müəssisəsinin qiymətləndirilməsi zamanı əsas meyarlardan biri hesab edilir. Burada həm kitabxananın tutumu, informasiya-kommunikasiya texnologiyaları ilə təchizatı, elektron resurslara, digər universitetlərin bazalarına çıxış imkanları əsas götürülür".

Təhsil eksperti Məlahət Mürşüdlü UNEC ölkədə ilk dəfə olaraq Universitetlərarası 1-ci Kitabxana Forumu keçirilməsini müsbət qiymətləndirib. O deyib ki, rektor Ə.Muradovun Forumda səsləndirdiyi təklifləri dəstəkləyir: "Mən əminəm ki, rektorun bu təklifləri ictimaiyyət tərəfindən dəstəklənəcək və onların reallaşdırılması istiqamətində müsbət addımlar atılacaq".

M.Mürşüdlü qeyd edib ki, cəmiyyətdə informasiya əldə etmək üçün əsas yerlərdən biri də kitabxanadır. Müasir kitabxana öz elektron sənəd fondunu, elektron resurslarını mütəmadi olaraq zənginləşdirir, verilənlər bazası yaradır, istənilən elektron materialı bütün sutka boyu, həm də kitabxana binasından kənarda belə çatdıra bilir. Yəni kitabxana bu gün kitab əldə etmək, onu saxlamaq, qorumaq və oxuculara müvəqqəti istifadəyə vermək kimi ənənəvi funksiyaları ilə yanaşı, həm də bütün kitabxana proseslərinin tam kompüterləşdirilməsi nəticəsində virtual informasiya mərkəzinə çevrilməkdədir: "Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində müasir proqram təminatı, yüksək sürətli fiber optik internet xətti və ən yeni parametrlərə sahib kompüterlərlə təchiz edilmiş kitabxananın fəaliyyət göstərməsi təqdirəlayiq haldır. Son illər UNEC-də təhsil keyfiyyətinin artırılması, tədrisin düzgün idarə olunması istiqamətində ciddi addımlar atır, dünyanın bir çox ölkələrində Azərbaycanı layiqincə təmsil edir. Bu ali təhsil ocağının son vaxtlar önəmli tədbirlərə ev sahibliyi etməsi də xüsusi vurğulanmalıdır. Tələbələrin təhsilə yüksək səviyyədə sahiblənməsi üçün yeni vasitələrdən istifadə edilir, dünyanın tanınmış universitetləri ilə tələbə mübadiləsi edilir. UNEC-in hədəfi dünya səviyyəli universitetlər sırasına çıxarmaqdır. Mən əminəm ki, UNEC-də həyata keçirilən bu yeniliklər qısa müddətdə onu beynəlxalq məkanda tanıdacaq və UNEC beynəlxalq səviyyəli universitetə çevriləcək"

Qeyd edək ki, Forum çərçivəsində geniş kitab sərgisi və endirimli kitab satış-yarmarkası da təşkil edilib. Qonaqlara, həmçinin, UNEC-in 24/7 kitabxanası ilə tanışlıq imkanı verilib. Tələbələr isə UNEC-in 24/7 Kitabxanasının 1 yaşına həsr olunmuş fləşmob keçiriblər. Forumun davamında Ali təhsil müəssisələrinin kitabxanalarının XXI əsrdə qarşılaşdıqları əsas problemlər, perspektivlər və hədəflər ətrafında diskussiyalar aparılıb. Forum zamanı UNEC KİM ilə ADA Universitetinin kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandum da imzalanıb.

Universitetlərarası I Kitabxana Forumunun 2-ci günündə UNEC Kitabxana İnformasiya Mərkəzi və Tələbə Elmi Cəmiyyəti İQuiz İntellektual klubunun birgə təşkilatçılığı ilə "Biliyin carçıları" milli kvest yarışması keçirilib. Yarışda dörd komanda "Səfəvi" (Texnologiya və Dizayn), "Xəlifə" (Ekspertiza və Standartlaşdırma), "Ameteurs" (Maliyyə və Mühasibat), "Green wich" (Maliyyə və Mühasibat) adlı komandalar birincilik uğrunda mübarizə aparıb. Yarışda "Ameteurs" komandası qalib gəlib. Yarışan komandaların hər birinə sertifikatlar və kitablar təqdim olunub. Qalib komanda isə Tələbələrlə iş üzrə prorektor Səadət Qəndilovanın təqdimatı ilə UNEC rektoru, professor Ədalət Muradov tərəfindən imzalanmış diplomla mükafatlandırılıb.

Yarışın ardından UNEC Kitabxana İnformasiya Mərkəzinin 24/7 kitabxanasında iqtisadçı-ekspert Vüqar Bayramovun tələbələrlə görüşü keçirilib. Görüş tələbələrin istəyi ilə baş tutub. Görüşdə Vüqar Bayramov ölkədə mövcud iqtisadi vəziyyət, dünya dövlətləri ilə müqayisədə Azərbaycanda neft və qeyri-neft sektorunun inkişafı, xarici investorların ölkəyə cəlb edilməsi və sair kimi məsələlərdən danışıb. İqtisadçı-ekspert, həmçinin, tələbələri maraqlandıran suallara cavab verib. Sonda isə Vüqar Bayramov görüşdə aktiv iştirak edən tələbələrə imzalı kitab təqdim edib.

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2019.- 7 dekabr.- S.9.