Azərbaycan Milli
Radiosunda uşaq proqramları
11 dekabr - Beynəlxalq Uşaq Televiziya və Radio
Günüdür.
Uşaq ailənin bəzəyidirsə, həm də millətin,
ölkənin, dövlətin taleyinə məsuliyyət
daşıyan gələcəyidir. Bu gün
uşaqların sağlam böyüdülməsi, milli mənəvi
ruhda yetişdirilməsi, düzgün tərbiyə
olunması dövlətin əsas prioritet istiqamətlərindən
biridir ki, Azərbaycanımızın sabahı hərtərəfli
sağlam nəsilə sahib olan vətəndaşlarımıza
etibar edilsin. Uşağın fiziki və mənəvi
inkişafında ən böyük məsuliyyət ailənin
üzərinə düşür. Lakin gəlin
görək müasir dövrdə uşağın yetişməsində
ailə tərbiyəsi kifayət edirmi? Günün
çoxusunu bağçada, məktəbdə keçirən
uşağın düşdüyü mühit onun
formalaşmasında necə rol oynayır? Valideynlərlə
yanaşı, müəllimlər də sidqi-ürəkdən
çalışırmı ki, balacalara ancaq yaxşı
xüsusiyyətləri yeridə bilsinlər? Bu kimi suallara cavab verməkdə acizlik çəkirik.
Ürək ağrısıyla da olsa etiraf etməliyik
ki, uşaq psixologiyasını dərindən duya bilən tərbiyəçilər,
sözün əsl mənasında pedoqoqlar, hətta
övladına qayğı ilə yanaşmağı bacaran
valideynlər belə cəmiyyətdə elə də
çox deyil.
Psixoloqlar hesab edir ki, adi bir xoşagəlməz hadisə
uşağın durumuna təsir edər, hafizəsini zədələyə
bilər. Valideyn, xüsusilə analar ailənin
sıxıntısından üzüləndə
övladının varlığını unudur, maddiyyat
dalınca qaçır, körpəsini yadlara etibar edir.
Evə yorğun gələndə də
azyaşlıya diqqət ayırmır, nəvaziş göstərmir.
Məktəbli balasının günü necə
yaşadığı ilə maraqlanmır, nə yediyi, nə
içdiyinin fərqinə varmır. Qida rassionuna
düzgün fikir vermir, fastfood yeməkləri ilə
qidalanmasına sanki özü şərait yaradır. İsti xörəklərdən təcrid olunan
uşağın yemək zövqünün, ağız
dadının dəyişməsinə bilavasitə bais olur.
Başa düşmür ki, sağlam qida ən
vacib amillərdən biridir. Anlamır ki,
onun xoşbəxtlik sandığı o maddiyat adi məsuliyyətsizliyi
üzündən uşağına gələcəkdə
böyük problemlər yaşadar, bir ana kimi
özünün ən böyük əzabına çevrilə
bilər.
Bağça
tərbiyəçiləri və müəllimlər də
bu gün
uşaqla işləməyin düzgün mexanizmlərini
qura bilmirlər. Bununla bağlı yüzlərlə
konfliktli olaylar eşidirik ki, maddi cəhətdən tam təmin
olunmayan tərbiyəçinin uşaqla davranışı
necədir. Məktəbdə də eyni
aqibət yaşanır. Valideyn
imkansızdırsa, məktəb fondunun təminatından məsrəfini
əsirgəyirsə, ayrı-ayrı fənn müəllimlərindən
repititor tutmağa çalışmırsa, onun
övladına diqqət göstərilməyəcəyi hər
birimizə gün kimi aydındır.
Ailədə, bağçada, məktəbdə diqqətdən
kənar qalan, nəvazişdən məhrum olan uşaq
hansı insani xüsusiyyətləri mənimsəyə bilər? Yaxşını
pisdən, ağı qaradan, dostu düşməndən necə
ayırmağı bacarar?
Evlərdə, təlim-tərbiyə müəssisələrində
azyaşlıya olan etinasızlıq, laqeydlik adi küçələrdə,
ictimai yerlərdə də açıq-aşkar hiss olunur. Dəfələrlə
şahidi olmuşam ki, ictimai nəqliyyata çiynində ağır
çantası ilə ayaq üstündə duran bir
uşağa kimsə diqqət etmir, əksəriyyəti adi nəzakət
xatirinə belə əlindəki yükünü alıb
saxlamağı lazım bilmir. Özündən
böyüyə yer verməyib oturubsa, o uşaq ən
ağır təhqirlərə məruz qalır. Bir adam o uşağa öz evindəki övladı
kimi yanaşmır, başa düşmür ki, o, yuxusuz, ac ola
bilər. Fiziki cəhətdən zəif
olduğuna görə gedəcəyi məsafəni qət etməyə
gücü yetmədiyi üçün oturmaq məcburiyyətindədir.
Həqiqətən əksər sərnişinlər
azyaşlılarla kobud davranır, birinə qəfil toxunarsa,
"çiynindəkini əlinə götür, mənə
niyə dəyməlidir" deyib qarşısındakı
uşağı acılayır.
Uşaqların formalaşmasında, məlumatlanmasında
kütləvi informasiya vasitələrinin də rolu
danılmazdır. Televiziyanın, radionun böyük təsir
gücünə malik olduğu nəzərə alınaraq
1994-cü ilin aprelində Kann şəhərində BMT-nin
Uşaq Fondu (YUNİSEF) tərəfindən 11 dekabr - Beynəlxalq
Uşaq Televiziya və Radio Günü elan edilib. O zamandan hər
il dekabrın ikinci bazar günü
dünyanın bütün aparıcı teleradio şirkətləri
efiri uşaqların və uşaq verilişlərinin
ixtiyarına verir.
Ölkəmizin
qanunvericiliyində də uşaq siyasəti bir çox ali sənədlərdə yetərincə əksini
tapıb. Bununla bağlı kifayət qədər
qanunlar qəbul edilib. Azərbaycan 1992-ci
ildə BMT-nin "Uşaq Hüqquqları haqqında"
Konvensiyasına, 2002-ci ildə isə Konvensiyanın iki əlavə
protokoluna qoşulub. 1998-ci ildə ölkəmizdə
BMT-nin "Uşaq Hüquqları haqqında"
Konvensiyasının müddəalarını özündə
əks etdirən "Uşaq Hüquqları haqqında"
Qanun qəbul edilib. Qanunun 3-cü maddəsində
deyilir ki, uşaqlar barəsində dövlət siyəsəti
hər bir uşağın zəruri maddi və məişət
şəraitində böyüyüb tərbiyə
olunmasının, mütərəqqi tələblər əsasında
təhsil almasının, layiqli vətəndaş kimi
formalaşmasının təmin edilməsinə yönəldilir.
Dövlət siyasəti milli və yerli xüsusiyyətlər
nəzərə alınmaqla yaradılmış məqsədli
uşaq sosial proqramları əsasında həyata
keçirilir.
Bu proqramların yerinə yetirilməsinə dövlət
orqanları ilə yanaşı, digər hüquqi və fiziki
şəxslər də iştirak edə bilərlər... Qanunun daha diqqət çəkən bir hissəsi Reklamda
uşaqların müdafiəsi adlı bir
bölümüdür (maddə 11-1). Uşaqlara
mənəvi və fiziki baxımdan zərərli təsirin
qarşısını almaq məqsədi ilə uşaqlara
aid olmayan əmtəənin reklamı onlar üçün nəzərdə
tutulmuş kütləvi informasiya vasitələrində,
teleradio proqramlarında (verilişlərində), audio və
video materiallarda yerləşdirilə bilməz (maddə
11-1.1.5.). Yaxud dərslikdə, dərs vəsaitində,
tədris materialında, məktəb gündəliyində, dəftərdə,
albomda, uşaqlar üçün nəzərdə
tutulmuş kitabda reklam qadağandır (maddə 11-1.2.)
Uşaqlar üçün verilişlər "Reklam
haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə
uyğun olaraq reklamla kəsilə bilməz (maddə 11-1.3.). Uşaqlara mənəvi və
fiziki baxımdan zərərli təsir göstərə bilən
reklam məktəbəqədər və ümumi təhsil
müəssisələrinin ərazilərindən müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən
yaxında ola bilməz (maddə 11-1.4.).
"Uşaqların zərərli informasiyadan
qorunması haqqında" Azərbaycan Respublikası Qanununun
5-ci maddəsinə əsasən, uşaqlar üçün nəzərdə
tutulmuş informasiya məhsullarının yaş təsnifatı
aparılır. Qeyd edək ki, informasiya məhsulları
ölkə ərazisində dövriyyə və istehlak
üçün nəzərdə tutulan kütləvi
informasiya vasitələri məhsulları, audiovizual məhsullar,
kompüter və digər elektron oyunlar, habelə mədəni-kütləvi
tədbirlər və telekommunikasiya şəbəkəsi
vasitəsilə yayımlanan digər informasiya məhsullarıdır.
Əfsuslar
olsun ki, reallıqda bu gün məktəblərin yanında fəaliyyət
göstərən internet oyun evləri, karaokelər, Topaz
oyunları və s. əyləncə obyektləri
azyaşlıları özünə rahatca cəlb edir. Əlinə pul düşən azyaşlı internet
oyunlarına alüdə olur və saatlarını belə
yerlərdə keçirir. Nə qədər
ki, belə məkanların sahibi azyaşlı müştərinin
mənafeyini düşünməyəcək, orada normal vətəndaşlıq
qayəsindən danışmaq qeyri-mümkündür. Cəmiyyətdə bu kimi halların
çoxalması eyni ilə vəziyyətinin daha da mürəkkəbləşməsinə
gətirib çıxaranda xoş gələcəkdən
danışmaq inandırıcı görünmür.
Teleradiolarımızda uşaq verilişləri ürəkaçan
səviyyədədir? Bütün kanallarda, efirlərdə
qanunun tələblərinə uyğun olaraq balacaların
bilgilənməsi üçün proqramlar varmı? Bu barədə danışmayacam.
Çünki görünən dağa nə bələdçi!
İndiki hansı məşhur bir uşaq
proqramının adını çəkə bilərik ki,
reytinqi ilə gündəmi tutsun, onun kifayət qədər
çoxmilyonlu dinləyicisi olsun?
Vaxtilə Azərbaycan radiosunda "Biləyən"
verilişi vardı. Ona hətta böyüklər də diqqətlə
qulaq asır, məlahətli aparıcılardan, xüsusilə
Savalan babadan çox şey öyrənirdilər.
Xalq
artisti Ofelya Sənani "Biləyən" rolunu elə həvəslə,
şövqlə
oynayırdı ki, onun səsi hələ də
qulağımdadır:
Biləyənəm
Biləyən
Bilgilərim
təzədir,
Əlini
ver dost olaq,
Mən
biləni sən də bil...
Verilişə çoxlu məktublar gəlir və
Savalan babaya suallar ünvanlanırdı. Bu gün deyəcəksiniz
ki, uşaqlar radioya qulaq asmır, televizora baxmır, bir
sözlə, Savalan babadan yox, internetdən öyrənirlər.
Uşaqlara radionu dinləmək vərdişi
aşılanarsa, maarifləndirici verilişlər
hazırlanarsa və diqqətlə təbliğ olunarsa, əlbəttə,
teleradio uşaqların inkişafında öz
sözünü deyə bilər. Çox
böyük təsir gücünə malik olan kütləvi
informasiya vasitələrinin üzərinə bu sarıdan
böyük məsuliyyət düşür.
Bu gün öz ənənəsinə sadiq qalan Azərbaycan
milli televiziyasında və radiosunda uşaq redaksiyaları fəaliyyət
göstərir. Ana televiziyanın "Uşaq və gənclik
proqramları" baş redaksiyasının əsas məqsədi
Azərbaycanda həyata keçirilən dövlət gənclər
siyasətini təbliğ etmək, cəmiyyətin aparıcı
qüvvələrinin potensial imkanlarını üzə
çıxarmaqdır. Redaksiyanın əsas
istiqamətləri sırasında uşaq və gənclərin
maarifləndirilməsi, onların nailiyyətlərinin
tamaşaçılara çatdırılması dayanır.
"Uğur düsturu", "Yay
tapşırığı", "Şirin yuxular"
verilişləri uşaqların
dünyagörüşünün formalaşmasında əhəmiyyətli
rol oynayır.
Qocaman radiomuzda Uşaq verilişləri baş
redaksiyasında uşaqlarla işləməyi bacaran peşəkar
heyət çalışır. Azərbaycan
balalarına gələcəyin qurucusu, sabahın vətəndaşı
kimi baxan redaksiya uşaqların təlim-tərbiyəsinə,
əyləncə və istirahətinə, maraq və
dünyagörüşünə yaradıcı
yanaşır. "Uşaqlara uşaq kimi
baxmaq ideyasından uzaq olan əməkdaşlar
hazırladıqları bütün verilişlərdə bu
ideya və məfkurəyə sadiq qalmağa
çalışırlar". Mövsümi vaxtlara uyğun
olaraq uşaqlar üçün hazırlanan verilişlərin
adı və məzmunu il ərzində dəyişir
və efirə yeni vəsiqə alır. "Uğur",
"Məktəb illəri", "Böyük tənəffüs"
və "Dünyanı tanıyın" verilişləri
efirə yeni vəsiqə alan proqramlar sırasındadır. "Sabaha pəncərə", "Yaşıl
planet" uşaqların dünyagörüşünün
formalaşmasında, coğrafi məlumatlarının
genişlənməsində öyrədici rola malikdir.
"Anasının balası", "Haydı, qoçaqlar" verilişlərinin
ana xətti balacalara Vətən və ana məhəbbəti
aşılamaqdır. "Boğça",
"Uşaqdan xəbər al" proqramları bir qədər
yumor üstə köklənən verilişlərdəndir.
Uşaq verilişləri redaksiyası "Navalça", "Bəhər", "Əsrlərə səyahət" verilişləri ilə də uşaqları şənləndirir. Həmçinin, "Şirin yuxular" nağıl proqramı axşam efirində yer alır.
Bu verilişlərin araya-ərsəyə yetməsi gərgin əmək tələb edir. İstedadlı uşaqları tapmaq, onları efirə cəlb etmək, hər dəfə rəngarəng proqramlar təqdim etmək elə də asan iş deyil. Azərbaycan radiosunun uşaq verilişlərinin əməkdaşları tez-tez bağçalarda olur, məktəbləri gəzir və balaca müsahibləri axtarıb tapır və radioya dəvət edirlər. Bu işdə Təhsil Nazirliyi ilə sıx ünsiyyət qurulur, radionun uşaq auditoriyası üçün məzmunlu verilişlərin hazırlanmasından ötrü hər iki qurum əlaqəli şəkildə çalışır.
Bununla bağlı bütün
qurumlar birlikdə çalışarsa, uşaqları radioya,
televiziyaya bağlamaq, onların diqqətini bu istiqamətə
yönəltmək xeyir gətirə bilər. Əgər
yaxşı verilişlər hazırlanarsa, balacaların
dünyaya baxışının düzgün
formalaşmasında bu verilişlər mühüm rol
oynayar. Düşünülmüş dövlət siyasətinin
gerçəkləşməsi mümkünləşər.
Uşaqla təmasda olan valideyn, tərbiyəçi, müəllim,
aparıcı, redaktor və s. hər biri bir ideya uğrunda
mübarizə apararsa, balacalar cəmiyyətə layiqli vətəndaş
kimi təqdim olunacaq. Gəlin bir günümüzü yox,
bütövlükdə ömrümüzü, bütün fəaliyyətimizi
uşaqlara həsr edək ki, gələcəyimiz sual
altında qalmasın. Unutmayaq ki, biz nəyi təlqin ediriksə,
uşaq onu götürür. Sonda 11 dekabr Beynəlxalq
Uşaq Televiziya və radio günü münasibəti ilə
bütün uşaqları və onlara böyük ümidlər
bəsləyən, sağlam əqidəli yetişməyi
üçün var gücü ilə çalışan
böyükləri təbrik
edirəm...
Şəlalə
MƏHYƏDDİNQIZI
Azərbaycan
Radiosunun redaktoru
525-ci qəzet.- 2019.- 11 dekabr.- S.17.