Sükutun poetik cazibəsi

 

Səlim Babullaoğlunun poeziyasına bir baxış

 

 

Tanıdığım insanlar haqqında yazmaq həmişə mənə çətin olub. Ona görə yox ki, fikirlərimdə və sözlərimdə obyektivliyi və ya səmimiliyi qoruya bilməkdə çətinlik çəkə bilərəm, ona görə ki, tanıdığım insanları obraz kimi, surət kimi təsvir etmək məndə bir az narahatlıq, qarşı tərəfin dolğunluq və bütövlük baxımından təqdimatında kasadlığın olmasından ehtiyat etmişəm. Həm də mənə elə gəlir ki, tanıdığın adamları sözlə ifadə eləmək ancaq mistik, izaholunmaz, sehirli bir varlığın təkidi və tələbi ilə baş verməlidir.

İlk vaxtlarda sözü, fərqli və bir o qədər də sadə şeir portretləri ilə qarşılaşdığım tanınmış şair, tərcüməçi, esseist Səlim Babullaoğlunun poeziyası haqqında düşüncələrimi sözdə əks etdirmək, onun poetik dünyasını mənim gördüyüm və hiss etdiyim yöndə tanıtmaq gücünü özümdə tapdım. Bu gücün və istəyin arxasınca getdikcə barmaqlarımın klaviaturada rəqsini müşahidə etdim. Yazmaq, həm də "söz adamı" haqqında yazmaq üçün, mən bu günü gözləmirdim əslində. Necə ki, şeir yazmağın xüsusi bir təqvimi yoxdu, eləcə də haqqında yazacağın birini təsvir etməyin xüsusi bir günü olmur. Ancaq bu yazı ya təsadüfdən, ya zərurətdən məhz Səlim Babullaoğlunun ad günü ərəfəsinə təsadüf etdi. Buna deyək mistik halət və keçək mətləbə.

Şeir sənəti-sözlərin şəklini çəkən və onu yeni rənglərlə boyanan şairlərin təsəlli aldığı və bəlkə hamıdan, hər şeydən yorulanda dincələ bildiyi yeganə bir dünyadır. Bu dünyada sözlər ilahi bir gücə, anlaşılmaz bir varlığa çevrilir. Bu gücün, bu varlığın aşkara çıxması və ya izah olunması isə çox çətin məsələdir. İngilis filosofu Con Lokk cəmiyyətlə bağlı fikirlərində sözlərin insan həyatına və yaşamına təsirindən danışarkən qeyd edirdi ki, şairlər eynən filosoflar kimi dünya haqqında danışırlar, məqsəd isə birdir: "Onlar dünyanı dəyişmək istəyirlər..."

Şeirlərində dünyanın dəyişməsini, dünya rənginin daha dolğun və ümidverici olmasını istəyən Səlim Babullaoğlu insan, həyat və sevgi anlayışlarına sözün imkanları daxilində yeni məna və forma verir, ürəyini və hisslərini bu anlayışların daha dəqiq və spesifik açıqlanması üçün istifadə edir...

 

Gündəlik üzücü işləri, vərdişləri nəzərə almasaq,

bir də doğuşun və qürbun səmtini,

onda heç kim sabahı yaşadığı kimi gözləmir.

Bura gələ-gələ ilk cümlə haqqında düşünürdüm,

Kağız üstündə o təxminən belə ola bilərdi:

adam həmişə danışmaq istəyir,

amma çox vaxt lazımi yerdə

istədiyi adamların əhatəsində olmur.

"Coratdakı balıqçı uşaqlarına ədəbiyyat dərsi" şeirində fəlsəfi, psixoloji və mistik əhval-ruhiyyə, insan və onun qayğıları fonunda ümidlərinin rəngi aydın şəkildə sezilir. Məhz bu baxımdan Səlim Babullaoğlu insan həyatının rənglərini incə, fərqli və anlaşıqlı formada verməyi bacarır.

Poeziyada insan xarakterinin və yaşantılarının təhlili, estetik cizgilərin əks olunması vacib məsələdir. İnsanı göydən yerə endirmək, sonra onu yenidən yerdən göyə qaldırmaq və oxucular üçün insanın hansı məkanda qərarlaşmasına səlahiyyət vermək isə məxsusi və fərdi bir əlamətdir. Bu əlamət Səlim Babullaoğlunun yaradıcılığında oxucular üçün verilmiş bir imtiyazdır. Aşağıdakı şeirdə olduğu kimi:

 

Sözlər lüğətlərdən qocadı,

Xoşbəxtlikdən çox-çox qədimik biz.

Cavab var sualın acıdı,

Amma sükutundur son sual, cavab, priz.

Çətində əsilzadədir ümidlər,

Talelər öncəgörən qaraçıdır.

Bizi nə tülkülər, nə qurdlar aldadıb diddilər,

Yalnız insanlar ki, bic və yırtıcıdır.

Doğrudu, elin gözü tərəzidir,

Adamların da əli əyridir: bu da bulmaca.

Bəzən olur ki, daşa dəymir,

Ümidlər itir, əriyir, havadaca.

İnsan üçün ümid hava, su kimi vacib bir komponentdir. Ümidi olmayan biri həyat və ölüm arasında çırpınan quş kimi acizdir. Şair insanın ümidini onun həyat kodeksi hesab edir. Tale, qismət və ömür səhifələrini vərəqləyən şair aydın və hamının başa düşəcəyi dildə yazır. Bu məqamda mən bir oxucu kimi düşünürəm: "Görəsən, şair insan həyatının yollarını hansı tərəfdə axtarır? Bu yolların əvvəli harda başlayır və axırı harda bitir?"

Əgər müqayisə və paralel yaradıcılıq körpüsü qursaq, mən Səlim Babullaoğlunun şeirlərində təbiətin içində yeni dünyanın insanını görürəm, onun acizliyini, həm də gücünü hiss edirəm. Şairin şeirlərindəki hər misra ideya yüklüdür, məna, həm də dərin məna tutumuna malikdir. Keçmiş, gələcək və bu günün kadrlar şəklində göz önündən keçməsi düzüm və nizam baxımından dinamikdir. Həyat həqiqətləri bədii yöndən misra boyu səpələndikcə maraqlı fon yaranır:

Bir az uzaqlarda axtarın məni,

Bir az söhbət edək bu yerdən uzaq,

Bir az xəyallarda axtarın məni,

Qaçaq bu çirkabdan, qaçaq qurtulaq.

Aydın sabahlarda axtarın məni,

Orda günəş başqa, gülüş başqadı,

Tanrı günahları bağışlayan yer,

Xəyalım o yerdə dolaşmaqdadı.

Ömür vəfa qılsa yazacam, bilin,

Bu günün, sabahın nəğməsini mən.

Məni öz içimdə axtarın bir az,

Bir gün öz içimdə azacam, bilin.

"Ad günümdə dostlarıma" şeirində rasional düşüncə canlanır. Şairin poeziyası ilə hardasa sinonim kimi səsləşən "hiss və duyğular" qəribədi, hamının bildiyi və dərk etdiyi kimi deyil. Öz içində dolaşan, özünü, "mən"ində axtaran şair itməklə nəyisə tapmağa, tapdığı ilə nəyisə itirməyə çalışır. Musiqi notları ilə ifadə etsək, şairin şeirləri həzin bir musiqi üzərində köklənir. Oxucunun qəlbinin dərinliyində, qaranlıqda mirvari kimi gizlənən xəzinənin yerini göstərməyi bacaran şair həm də hisslərin montaj effektini artırır.

Güzgüdə təskinliyin

gözəlliyin deyilsə,

heç olmasa dadına

yetişsin diriliyin.

Balaca şəhərlərin

çox rahat dünyası var:

üç-dükan, meydança,

klub və qəbristanlıq.

"Həmin qadına məktub" şeirindən olan bir parçada şairzamanın və məkanın sevgi dünyasındakı dəyişməsini, ömür adlı bir nəğmənin əvvəlki kimi oxunmamasının təsvirini verir. Burada həm də ədəbi priyom baxımından istifadə olunan tənhalıq, tənhalıqda unudulmaq qorxusu ehtiva olunur:

Amma əsas bu deyil,

orda bütün söhbətlər

dünyanın özü qədər

yaman çəkər adamı.

Ömür harda yaşansa

tale orda qonaqdı.

Qonağısa qovmazlar,

Ağrıları ifadə etmək şairin düşüncələrinin əsas məqamıdır. Bu məqam isə ancaq təsvir elementi kimi yox, həm də poetik diktənin məhsuludur. Bu da spesifik bir hadisədir.

Digər bir məsələ isə Səlim Babullaoğlunun yaradıcılığının məhsuldarlığı, kəmiyyətlə keyfiyyət uzlaşmasının qorunması prinsipinin üstünlüyüdür. Bu mənada şairin oxucusu olmaq əlavə bir üstünlükdür...

J.P.Sartr bir yazısında belə deyir: "İnsanları ağaclar kimi görmək, ağacları insanlar kimi tanımaq, həm də əvvəl-axır ölüm haqqqında həqiqətləri bilmək, sevdiyin bir şeiri əzbərləmədən oxumaq kimidir". Bu yazı nədənsə məni şairlərin dünyaya baxışı bucağındakı lentləri xatırladır. O lentlər ki, onları kəsib atmaq olmur. Necə ki, aşağıdakı şeirin söz lentləri kimi:

Üzümə gülən sevinci,

Başıma daş kimi dəyən qaxıncı,

Öpüşü-qoy,olsun axrıncı-

Sevirəm...

Sevirəm bu yolun yolçuluğunu,

Qəm hərifliyini,

Hərifliyin puçluğunu...

Burada bir sonun başlanğıcı, yeni bir arzunun, istəyin yaranması var. İnsanın əlvan portreti, həm də naməlum olan taleyinin portreti çəkilir. Qeyd etmək lazımdır ki, buradakı əhval heç də pessimizimlə bağlı deyil. Əksinə, burada optimizm gün kimi aydın görünür.

Səlim Babullaoğlunun yaradıcılığının mərkəz nöqtəsində "ağrıları unutmaq" dayanır. O ağrılar ki, onun cizgiləri hər yerdə var. Amma ağrıları unutmaq olurmu? Əksinə, ağrılar hər dəfə daha kəskin və şiddətli halda xatırlanır. Təsvir olunan həqiqətlər yaddaşı silkələyir, unudulanları poetik meydana dəvət edir. Burada bumeranq effekti verən unutmaq və xatırlamaq nəsnələri şairin missiyası kimi ortaya qoyulur...

Yanan adamlar, ağaclar, evlər

tarixdə yalnız rəqəmdi.

Bilirsən, oğlum, bu eybəcər cəbr,

vəhşi hesabdı.

Biləsən bu, həm də həndəsəylə

vəhşi haqq-hesabdı.

Ya hər şey tarixdi-bitməyib,

ya tarix bitmiş heç nədi.

Atlar, arabalar, maşınlar sürəti artırdılar,

amma getmək felini dəyişmədilər.

Silahlar atıldılar,

amma səs gəlmədi sətirlərdə, misralarda.

Bu, Səlim Babullaoğlunun "tənhalığıdır". Ritm, intonasiya, şeir texnologiyası baxımından şairin yaradıcılığı 3D effekti kimidir. Hadisələri həm altdan, həm üstdən, istənilən bucaqdan seyr etmək mümkündür. Bu tənhalıq ona görə belə fərqlidi. Çünki tənhalıq motivlərinə söykənən şairlər çoxdu. Səlim Babullaoğlunun tənhalığı isə onun yaradıcı texnologiyası, strukturu baxımından seçilir. Bədii təsvir vasitələrinin, xüsusilə metaforaların qəribəlikləri ilə diqqəti çəkir:

Kim oxuyar alnımızdakı sətir-sətir qırışları,

Kim? Hansı dilçi, hansı xəttat?

Axı, bu yazılarla baxan kimsə bu xətti tanımaz.

Göz yaşlarımız yalnız

yanaqlarımızı suvarmaz, hətta

Yanğımızı da yatırar ki, bunu siz

Yenə də üzümüzə baxıb sezə bilməzsiniz.

Şairin yaradıcılığını təhlil etmək imkanı, onu əlçatan etmək fürsəti əslində, yaxşı haldı. Burada əlavə terminlərə, arqumentlərə ehtiyac yoxdu. Çünki terminlərin dili qəliz və hamı tərəfindən anlaşılan olmadığı üçün yorucudur. Bu baxımıdan Səlim Babullaoğlunun yaradıcılıq pillələrini qalxmaq zahirən asandır. Lakin burada bir məsələ var: "Bu yaradıcılıq pillələrini qalxmaq asan olsa da, oradan enmək bir o qədər çətindir. Çünki bu pillələri qalxanda görmədiyin, diqqət etmədiyin məqamlarla, məhz yaradıcı pillələrdən enərkən rastlaşırsan. Bu da səni yenidən düşünməyə, hadisələri yenidən analiz etməyə sövq edir".

İmzanı qorumaq və imzanın arxasında mətin dayanmaq, oxucunu, onun hiss və duyğularını rahatlıqla həzm etdirməyi bacarmaq bir şair üçün nə qədər müsbət cəhətdirsə, bir o qədər də kədərlidir. Çünki burada şair öz ömrünü yox, öz taleyini yox, məhz müxtəlif insanların taleyini, ömrünün yaşayır. Bu ömürdə, bu taledə Səlim Babullaoğlunun şeir və söz dünyasının Günəşi daima parlaq və əzəmətli görünür.

 

 

Tural CƏFƏRLİ

 

525-ci qəzet.- 2019.- 11 dekabr.- S.16.