Məmmədağa Şirəliyevin türkoloji dilçiliyin inkişafında rolu

 

Akademik Məmmədağa Şirəliyevin 110 illiyinə

 

Azərbaycan dilçiliyinin görkəmli nümayəndələrindən olan, dialektoloq, türkoloq-alim akademik Məmmədağa Şirəliyev türk dünyasına qəlbən bağlı olan böyük alim idi. O, 1941-ci ildə "Bakı dialekti" adlı fundamental əsəri ilə Azərbaycan dialektologiya məktəbinin əsasını qoymuşdu. M.Ş.Şirəliyev türkologiyada, o cümlədən, Azərbaycan dilçiliyində dilçilik coğrafiyasının banisidir. Onun rəhbərliyi ilə "Azərbaycan dilinin dialektoloji atlası" tərtib və nəşr edilmişdir. Keçmiş Sovet İttifaqı məkanında yaşayan türk dillərinin dialektoloji atlaslarının tərtibinə rəhbərlik də M.Ş.Şirəliyevə tapşırılmışdır.

O, Azərbaycan dilçiləri arasında ilk elmlər doktoru, ilk professor, ilk əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının ilk müxbir üzvü və ilk akademiki, "Sovetskaya tyurkologiya" jurnalının ilk baş redaktoru, Türk Dil Qurumunun ilk azərbaycanlı müxbir üzvü (1957) və ali məktəblər üçün dialektologiya üzrə ilk dərsliyin müəllifi olmuşdur.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 19 iyul 2019-cu il sərəncamı ilə 110 illik yubileyini keçirdiyimiz məşhur Azərbaycan türkoloqu, akademik Məmmədağa Şirəliyev sovet türkologiyasının əbədi sütunlarından biri olmuşdur. Postsovet məkanında bütün türk dillərinin dialekt və şivələrinin öyrənilməsinə rəhbərlik edən, dialektoloji məsələləri əlaqələndirən və istiqamətləndirən, Bakıda fəaliyyət göstərən Dialektologiya Komitəsinin sədri də akademik M.Ş.Şirəliyev olmuşdur.

Türk dillərinin bütün dialekt və şivələrini tədqiq etmədən, dilçilik coğrafiyasını yaratmadan Türk dillərinin həqiqi tarixini bilə bilmərik. Türkologiyada dilçilik coğrafiyasının əsasını da məhz akademik Məmmədağa Şirəliyev yaratmışdır. Türkologiya tarixində ilk dəfə olaraq Məmmədağa Şirəliyevin təşəbbüsü, rəhbərliyi və fədakarlığı ilə "Azərbaycan dilinin dialektoloji atlası" ərsəyə gətirilmişdir. Bu atlas türkologiya aləmində bu sahədə atılan ilk və uğurlu addım sayılmalıdır.

Sevindirici haldır ki, akademik M.Ş.Şirəliyevin 20 ildən çox müddətdə rəhbərlik etdiyi Dilçilik İnstitutunda onun tələbələrinin və yetirmələrinin təşəbbüsü ilə bu iş yenidən canlandırılmış və "Bütöv Azərbaycanın dialektoloji atlası" layihəsinə start verilmişdir. Bu layihə əsasında yaranan Azərbaycan dialektologiya məktəbinin nümayəndləri - AMEA Nəsimi adına Dilçilik İnstitutunun Dialektologiya şöbəsinin alimləri 2017-ci ildə "Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası" kimi irihəcmli fundamental dialektoloji atlas hazırlamışdır. Hal-hazırda işlərin davamı kimi "Qarabağ dialektoloji atlası" bitmək ərəfəsindədir. Bundan başqa, şöbə tərəfindən Borçalı, Dərbənd, Cənubi Azərbaycan dialektoloji atlaslarının hazırlanması nəzərdə tutulub. Bu işlər bitdikdən sonra "Bütöv Türk dünyasının dialektoloji" atlasının hazırlanması planlaşdırılır. Ümid və arzu edək ki, bu işin də icrasını M.Ş.Şirəliyevin əsasını qoyduğu Azərbaycan dialektoloji məktəbi yerinə yetirəcəkdir.

M.Ş.Şirəliyevi nəinki Azərbaycanda, keçmiş Sovet İttifaqında, Avropada və Türkiyədə də yaxşı tanıyırdılar. 1957-ci ildən Türk Dil Qurumunun müxbir üzvü olan M.Şirəliyev dəfələrlə Türkiyədə elmi toplantılarda türkologiyanın ən aktual problemləri, dialektoloji araşdırmalar barədə maraqlı məruzələrlə çıxış etmişdir. O, 1953-1954-cü illərdə Bolqarıstanda Sofiya Universitetində türk filologiyası kafedrasına rəhbərlik etmiş, 1963-cü ildə isə Polşada Varşava və Krakov universitetlərində türk dilindən dərs demişdir.

Görkəmli alim M.Şirəliyevin elmi-pedaqoji fəaliyyəti təkcə respublikamızla məhdudlaşmamış, o, ölkəmizin hüdudlarından kənarda, xüsusən Bolqarıstan Respublikasında da ədəbi məktəb yaratmışdır. Belə ki, Bolqarıstanın Sofiya Universitetində mühazirələr oxuyan alim, praktiki fəaliyyətini də davam etdirmiş, oradakı türk kəndlərini gəzərək dialektlərə dair dəyərli materiallar toplamış və bunun əsasında "Türk dialektologiyası" əsərini yazmışdır. O, həmçinin, türk dili materialları əsasında "Dilçiliyə giriş" əsərini yazmış və bu fəndən mühazirələr oxumuşdur. Sofiya Universitetinin dosenti Emil Boyev 1966-cı ildə Ankarada XI Türk Dili Qurultayında "Bolqarıstanda türk dialektlərinin araşdırılması" mövzusunda məruzə edərkən bu məqamı xüsusi vurğulamışdır: "Bolqarıstanda türk dialektlərinin araşdırılmasının əsasını professor M.Şirəliyev qoydu. Biz - onun tələbələri isə bu işi davam etdiririk".

Akademik M.Şirəliyevin fundamental elmi əsəri "Azərbaycan dialektologiyasının əsasları" adlansa da, məsələlərə tarixi-müqayisəli yanaşma, türk ədəbi dilləri və türk dillərinin dialektləri ilə müqayisə fonunda aparılan elmi təhlillər əsərin ümumtürkoloji səviyyəsini təmin etmişdir. Bu gün də aktuallığını itirməyən kitab hər bir türkoloq və dialektoloq üçün əvəzsiz mənbədir.

M.Şirəliyev böyük dialektoloji və türkoloji məktəb idi. O, türk respublikaları üçün bu gün də onu məhəbbətlə yad edən layiqli türkoloq və dialektoloqlar yetirmişdir. Onun rəhbərliyi altında neçə-neçə balkan, qaqauz, qaraqalpaq, özbək, başqırd, tatar, türkmən, qazax, qaraçay doktor olmuşdur. Bundan başqa, M.Şirəliyevin rəhbərliyi altında 1 nəfər Balkan, 1 nəfər qaqauz, 1 nəfər qaraqalpaq namizədlik dissertasiyası müdafiə edib. Eləcə də 9 özbək, 2 başqırd, 2 tatar, 1 qaraçay və 1 qazax aliminin filologiya elmləri doktoru alimlik dərəcəsi almasında da M.Şirəliyevin xidmətləri olmuşdur. Türk dünyası üçün türk kadrlarının yetişdirilməsində əvəzsiz xidmətləri olan M.Şirəliyevin yetirmələri sırasında Bolqarıstan türklərinin dialektlərinin əvəzsiz araşdırıcıları - Məfkurə Mollova, Xeyriyyə Yenisoy kimi görkəmli tədqiqatçılar da vardır. Onun fəaliyyəti istər bolqar, istərsə də sovet alimləri tərəfindən yüksək qiymətləndirilmişdir.

Ümumiyyətlə, dünya alimləri, türkoloqları akademik M.Şirəliyevi həmişə hörmətlə yad etmişlər. Onun xələfi, akademik Ağamusa Axundov M.Ş.Şirəliyevə həsr etdiyi "Görkəmli Azərbaycan dilçisi" adlı yazısında bu xüsusda bildirmişdir ki, "Məmmədağa Şirəliyev Azərbaycan dilçiliyi hüdudlarını yarıb beynəlxalq aləmə çıxan, elmi türkologiyanın zəngin üfüqlərində öz işıqlı yeri olan ilk Azərbaycan dilçisidir".

Tatarıstandan olan görkəmli dilçi alim Dilara Tumaşyeva təcrübəli dialektoloq, professor M.Şirəliyevin rəhbərliyi altında fəaliyyət göstərən Azərbaycan dialektoloqlarının digər respublikaların dialektoloqları qarşısında üstünlüyə malik olduqlarını qeyd etmişdir.

Başqırdıstandan olan Qabdulxay Axatov M.Şirəliyev məktəbinin dialektoloji tədqiqatlarda qalib məktəb olduğunu vurğulamış və bildirmişdir ki, "professor M.Şirəliyevin dialekt və şivələrin öyrənilməsi metodu digər türk dillərinin dialekt və şivələrinin öyrənilməsində münasibdir".

Ural-Altay cəmiyyətinin sədri Yarrinq Qunnarın da akademik M.Ş.Şirəliyevlə bağlı fikri maraq doğurur: "Türk dillərinin dilçilik coğafiyası üsulu ilə öyrənilməsi sahəsində M.Şirəliyevin xidmətləri danılmazdır, o, bu sahədəki tədqiqatları ilə böyük bir məktəb yaratmışdır".

Qazaxıstanlı alim Alibi Şapayov məşhur dilçilər V.V.Vinoqradov, M.B.Xrapçenko və başqalarının sırasında M.Şirəliyevin də adını çəkərək bildirmişdir ki, "onlar bədii əsərlərin dil və üslub məsələlərinə xüsusi diqqət ayırmış, filoloji tədqiqatlarda onları önəmli və ayrıca sahə hesab etmişlər".

Akademik M.Şirəliyev də özünün elmi dünyagörüşünün formalaşmasında müəyyən rol oynamış, hətta onun dissertasiya işinin müdafiəsində opponent kimi çıxış etmiş görkəmli türkoloq, Azərbaycan, başqırd, qumuq, türkmən dillərinə aid orijinal əsərlər müəllifi N.K.Dmitriyevin vəfatı zamanı yazdığı nekroloqda sələfinə olan dərin ehtiramını əks etdirmişdir.

XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın paytaxtı Bakı həm də sovet Türkologiyasının mərkəzinə - paytaxtına çevrilmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, ilk dəfə milli dillə bağlı qərarların verilməsi, bundan sonra bütövlükdə türk dünyasında başlanan əlifba islahatı hərakatı, 1926-cı ildə Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsi kimi böyük türkoloji hadisələri qeyd edə bilərik. 1966-cı ildə I Bakı Türkoloji Qurultayın 40 illiyi ilə bağlı SSRİ Elmlər Akademiyasının Rəyasət Heyətində keçirilən iclas zamanı Rəyasət Heyəti əsasən Qurultayın materiallarının çapı üçün nəzərdə tutulan bir toplunun hazırlanması haqda qərar qəbul edir. Sonrakı müzakirələr zamanı bütün SSRİ-də yaşayan türk xalqlarını əhatə edəcək bir jurnalın nəşr olunması qərara alınır. "Sovetskaya Tyurkologiya" adlı bu jurnalın harada nəşr olunması məsələsi ciddi müzakirə olunur. Həmin dövrdə Kazan, Moskva kimi şəhərlərdə çap edilməsi nəzərdə tutulur. Rəyasət Heyətinin iclasında Bakının hər zaman türkoloji tədqiqatların mərkəzi olduğunu vurğulayan akademik M.Şirəliyev jurnalın Bakıda nəşr olunması fikrini irəli sürür.

M.Ş.Şirəliyevin SSRİ-də böyük nüfuzu və həmin dövrdə Bakıda aparılan hərtərəfli türkoloji tədqiqatlar nəzərə alınaraq Beynəlxalq "Sovetskaya Tyurkologiya" jurnalının nəşri Bakıya - Azərbaycan alimi akademik M.Ş.Şirəliyevə etibar edilir. Beləliklə, 4 il davam edən müzakirələrdən sonra SSRİ EA Rəyasət Heyətinin qərarı ilə M.Ş.Şirəliyev baş redaktorluğu altında 1970-ci ilin aprel ayında jurnalın ilk sayı buraxılır. M.Ş.Şirəliyev 17 il jurnalın baş redaktoru olur.

Əlbəttə, "Türkologiya" jurnalının keçmişi zənginliklərlə doludur. Bu gün jurnalın söykəndiyi tarixi ənənələr davam etdirilir və müasir dövrün tələbləri ilə qurulan münasibətlər sayəsində jurnal dünya səviyyəsində tanınır. Təkcə bir faktı deyə bilərəm ki, jurnal bu gün dünyanın 7 ən nüfuzlu indeks təşkilatlarının bazasına daxil edilmişdir.

Təbii ki, zamanın süzgəcindən neçə-neçə alimlər keçir, nəsillər bir-birini əvəz edir və respublikamızda məhz akademik M.Şirəliyevin bilavasitə və ya bilvasitə rəhbərliyi altında yetişmiş, doktorluq dissertasiyası müdafiə etmiş Vaqif Aslanov, Zərifə Budaqova, Mirzə Rəhimov, Ağamusa Axundov, Tofiq Hacıyev Musa Adilov, Kamal Abdullayev, Qəzənfər Paşayev, Rəhilə Məhərrəmova kimi alimlər - akademikin layiqli xələfləri bugünkü nəslin dəyərli sələfləri kimi yaddaşlara həkk olunur.

Bəli, akademik M.Şirəliyevin yaratdığı dialektologiya məktəbi, onun elmi irsi, türk dünyası üçün yetişdirdiyi türkoloqlar, dialektoloqlar nəsli onun adını və ideallarını daim yaşadacaq.

 

 

Elçin İBRAHİMOV

"Türkologiya" jurnalının məsul katibi, Azərbaycan Mətbuat Şurasının üzvü

 

525-ci qəzet.- 2019.- 11 dekabr.- S.15.