"Müstəqillik yollarında" kitabının təqdimat mərasimi keçirilib  

 

 

Bu günlərdə Neftçala şəhər Elton Həbibov adına 4 saylı tam orta məktəbində Ələkbər Zahidovun "Müstəqillik yollarında" kitabının təqdimat mərasimi keçirilib. Tanınmış ziyalıların iştirak etdiyi tədbiri məktəbin direktoru Şəfəq Balaşova açıb.

Tədbirin aparıcısı, yazıçı-publisist Ruhəngiz Nəcəfova çıxışına şair Xəlil Rza Ulutürkü məşhur "Azadlığı istəmirəm qram-qram" misrası ilə başlayaraq azadlıq mücahidlərini vəsf edib.

Sonra Ali Hərbi Akademiyanın müəllimi, professor Aydın Abbasov. yazıçı, şair Sayman Aruz, kitabın məsləhətçisi, yazıçı-publisist Aləm Kəngərli, "Kredo" qəzetinin baş redaktoru Əli Rza Xələfli, 20 Yanvar əlili Fərman Hüseynov, şair Avdı Qoşqar, şair, ədəbiyyatşünas Sərvaz Hüseynoğlu, I qrup Qarabağ müharibəsi əlili Əkbər Muradov, "20 yanvar" İctimai Birliyinin sədr müavini Mustafa Əliyev, şairə, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzər, kitabın redaktoru Əlövsət Polad, Neftçala ziyalısı Arif Nağıyev çıxışın edərək kitabla bağlı fikirlərini bölüşüblər, ikinci kitabının işıq üzü görməsi 65 illik yubileyi münasibətilə müəllifi təbrik ediblər.

Neftçala rayon İcra Hakimiyyətinin nümayəndəsi Fərid Əhmədov müəllifi təbrik edərək Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin adından ona fəxri fərman təqdim edib. Sonra Neftçala rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov Neftçala şəhər Elton Həbibov adına 4 saylı tam orta məktəbin direktoru Şəfəq Balaşova tərəfindən Ələkbər Zahidov fəxri fərmanlarla təltif olunub. Müəllif çıxış edərək tədbir iştirakçılara öz təşəkkürünü bildirib.

Söz məktəblilərə verilib. 4-cü sinif şagirdləri Abdullalı Nadir Abdulazadə 28 il sonra 20 yanvar şəhidlərinə qovuşan səma şahini İbrahim Manafov haqqında kitabda yer almış yazını səsləndiriblər: "Vətənin köksünə qürur qarışıq kədərli bir xətt düşər hər övlad itirəndə. Közlənər bağrı. Üçrəngli Bayrağın şöhrətinə bükər, ay-ulduzun şəfəqinə bürüyər qəhrəmanlarını... Vətənin ürəyinin başındakı yeriniz mübarək, Müstəqillik Fədailəri! Ruhunuz şad olsun Müqəddəsləşənlər!"

Sonra məktəblilər müəllifi hazırladıqları kompozisiya ilə təbrik ediblər.

Mən rayonumuzun ziyalısı, əsl ağsaqqala məxsus keyfiyyətləri ilə ictimaiyyət arasında böyük nüfuz qazanmış Ələkbər Zahidovu ikinci kitabının işıq üzü görməsi 65 illik yubileyi münasibətilə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzılayıram.        

 

Gülqədəm MİRZƏZADƏ

 

525-ci qəzet.- 2019.- 11 dekabr.- S.14.