Məhəmməd Hadi yaradıcılığında mənsur şeir örnəkləri

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 140 illiyi qeyd olunan mütəfəkkir şair-publisist Məhəmməd Hadinin ideya-bədii mükəmməlliyi ilə səciyyələnən şeirləri, poemaları, aktual mövzulu məqalələri bu gün də öz dəyərini saxlamaqdadır.

 

Ustad sənətkar Azərbaycan ədəbiyyatında mənsur şeir janrının təşəkkülündə də xüsusi xidmətlər göstərib. Məhəmməd Hadinin 1908-ci ildə Bakıda "Kaspi" mətbəəsində çap olunmuş "Firdovsi-ilhamat" kitabının 221-232-ci səhifələrində "Düşündüklərim" başlığı altında verilmiş mənsur şeirləri ədəbiyyatımızda bu janrın ilk nümunələridir. Müəllif özü də bunları "mənsur şeirlər" adlandırıb.

Mütəfəkkir ədibin yaradıcılığı üçün səciyyəvi olan humanizm konsepsiyasının fəlsəfi aspektdə təqdimi, fərdi romantik duyğularla bəşəri düşüncənin üzvi vəhdəti, dünya kədəri problemi və digər keyfiyyətlər mənsur şeirlərdə də aşkar görünür. Mənsur şeirlər silsiləsinin əvvəlində müəllif bir klubda ziyafətdə olduğunu, az sonra məclisdə sıxıldığını, salonun bir kənarına çəkilərək düşüncələrə, xəyallara daldığını təsvir edir. Olub-keçənlər və gələcək, həyat və ölüm, insan və zaman barədəki düşüncələr müəllif tərəfindən fəlsəfi-romantik səpkidə qələmə alınıb. Onu da deyək ki, düşüncələrin əksəriyyəti məhəbbət mövzusu fonunda dilə gətirilib. Elə ilk mənsur şeirdən anlaşılır ki, M.Hadinin lirik qəhrəmanı dərin məhəbbətlə sevir, lakin eşqi cavabsız qalır, ona görə də dərdlidir, əlindəki siqaradan qalxan mavi tüstünü qəlbindən çıxan odlu aha bənzədir. Sarsıntılı hisslərin və duyğuların emosional təqdimi lirik qəhrəmanın sevdiyinin daşqəlbli, mərhəmətsiz olduğunu, onun ali məhəbbətini lazımınca dəyərləndirə bilmədiyini nəzərə çatdırır: "Bən tanıdığım o qəlb riqqət, şəfəqqət, mərhəmət kimi hissiyyati-aliyyədən məhrum yaradılmış bir səngparədir. Onda istedadi-mərhəmət yoxdur... Fəqət nə yapayım ki, qəlbimə qarşı tifiləm. Sənin könlün əlində, mənim könlüm isə sənin dilindədir, ey sənəm!"

Belə məqamlarda sevən aşiqin həmdəmi yenə öz könlü olur. O könül ki, M.Hadinin "Düşündüklərim" silsiləsindəki ayrı-ayrı mənsur şeirlərdə müxtəlif kontekstlər əsasında bir-birindən fərqli təşbeh və epitetlərlə təqdim olunur və bu təqdimlərin hər biri ideya-estetik qayənin bədii-semantik daşıyıcısı kimi üzə çıxır. Məsələn, bir yerdə "xəyali-həqiqətnəmunla çocuqdan daha çocuq olan könlüm" ifadəsi romantik qəlbin xəyallara inanmasını, uşaq kimi saflığını mənalandırır. Başqa bir məqamda isə ictimai mündəricə qabarıqlaşır, müəllif eşq zəlzələsinin sarsıtdığı, bərbad vəziyyətə saldığı könlünü xarabazar olmuş Vətənə bənzədərək yazır: "Zəlzəleyi-eşqinlə vətənimizdən heç bir fərqi olmayan xarabazar könlüm abad olmaq istərsə, yenə eşqinlə abad və dilşad olur".

Şairin konrastlı duyğuları və deyimləri də mənsur şeirlərə xüsusi bədii dəyər gətirmişdir. M.Hadinin lirik qəhrəmanı sevdiyinə müraciətlə bildirir ki, "acı fəqanlarla həlavətyab iztirab olan könlüm bu həqiqətə məzhər olmuşdur. Məhəbbətinlə abad, həm də bərbaddır". Aşiq sevdiyindən diqqət görmədikdə könülə xitabın xarakteri də dəyişir, qınaq notları ilə çulğaşır: "Ey arsız, ey səfili-eşq olan könlüm!" Lirik qəhrəmanın istiqbala yönələn romantik ovqatı da mənsur şeirlərdən birindəki müraciətdə müvafiq yer tutur. "Qaranlıq dərununda" sıxılan aşiq arabir gələcəyə ümidlə də baxır, nikbin duyğular mühitində xəyallanır: "Ey əsrarəngiz qaranlıqlar ağuşunda işıqlı əməllər, ümidlər bəsləyən könlüm!" Belə təbəddülatlı, sarsıntılı halların, əzablı gerçəkliklə gələcəyə qanadlanan ümidli xəyalların ağuşunda çırpınan könül böhranlı, şaşqın hallara da düşür: "Ey kəndi əlində şaşan könlüm! Tərifə sığmayan bir cəfakarın məczubu bulunan könlüm! Onun vəfası ilə sənin parlaq əməllərin şu əvalimə uçdular. Sən də o yari-şivəkarı salıver uçsun. Qəfəsə düşmüş bir quşcuğazın çarpıntısı daima məni rahatsız ediyor".

Ən müxtəlif duyğuların, rəngarəng və emosional hisslərin məkanı olan könülə edilən bu cür lirik müraciətlər ötəri üztutmalar deyil. M.Hadi mənsur şeirlərdə bunların hər birini doğuran məqamları, yaşantıları təsirli dillə canlandırmış, cavabsız bir eşqin acı taleyinin oyatdığı təəssüratı bədii müstəviyə gətirmişdir.

Mənsur şeirlərdə bir çox ciddi ictimai-fəlsəfi mətləblər sevgi motivi zəminində öz yozumunu tapmışdır. M.Hadi, ilk növbədə, amal və vəfa anlayışlarına fəlsəfi-romantik münasibətini lirik boyalarla açıqlayır, bəşər övladı, cəmiyyət həyatı üçün onların mühüm dəyərini vurğulayır: "Amal, vəfa deyilən şu iki zadeyi-lətafət, iki məxluqi-lətif surətinə təməssül edib, kəsafəti-bəşəriyyədən xali bulunan cahani-safiyyətdə istədikləri kimi qonuşur, aydın bir surətdə yekdigərinə elani-eşq və məhəbbət edə bilərlər". Romantik ədib vurğulayır ki, insan böyük amallar ardınca getməli, bu yolda vəfasızılıq etməməlidir. Yəni amal kölgə kimi qaçıb uzaqlaşmaq istəsə də, ona çatmaq istəyən insan vəfa göstərməli, çətinliklərdən qorxmamalıdır: "Amal nədir? Bir sayeyi-gürizan. Üzərinə atıldıqca uzaqlara qaçır. İnsanlar istiğna göstərən şeyə təbii aşiq olduqlarından amalı, şu sayeyi-pərtövnümayı təqibdən usanmayırlar". Mənsur şeirlərdə romantizmin təbiətinə uyğun olaraq həqiqət məfhumu da amal və xəyal kontekstində mənalandırılır: "Həqiqət nədir? İnsanlara həyatı gözəl göstərmək üçün sırf bir xəyali-həqiqətpərvər". Xəyali həqiqəti və mövhumi amalı "dünyanın iki ziiqtidar hökmdarı" sayan M.Hadi eyni zamanda xəyallardakı şirin həqiqətlərin gerçəkləşmədiyini də kədərlə dilə gətirirdi: "Nerədə həqiqəti-müxəyyilə, nerədə amali-mövhumə? Yazıq xəyalı həqiqət ... şəklində görənlərə! Günah olsun anlaya-anlaya kəndilərini anlamazlığa qoyanlara. Amal, amal, yəni bir məxluqi-müxəyyəl".

Həyatda səadətin mümkünsüzlüyünü təəssüflə nəzərə çatdıran romantik sənətkar gerçəkliyin "həqiqət vüsalından artıq xəyal vüsalının dadlı olduğunu" yazır və əlavə edir: "Ləzzət vüsalda deyil, xəyal vüsaldadır". Romantik ədiblər, o cümlədən də, M.Hadi gerçəkliyin faciələrindən çox yazırdılar. Həyatın acı həqiqətlərinin təsvirinə tez-tez üz tuturdular.

Bəşər övladının xoşbəxt gələcəyi barədə xəyallar bəsləyən M.Hadi "hürriyyət, bərabərlik, həqiqət" məfhumlarına xüsusi önəm verir, hürriyyəti bütün insanlar üçqn əsl gözəllik sayır, zaman-zaman humanist dahilərin söz açdığı elə bir cahan arzulayır ki, orada hürriyyətin qanad açan quşlarını məhv edəcək ədalətsiz daşlar, zülm oxları, istibdad olmasın: "O cahanlarda tayiri-büləndpərvazi-hürriyyətin əcinnəyi-safiyyəyi-lahutiyyəsini qıracaq nə səngi-bidad və nə də tiri-zülm və istibdad vardır. O cahanların ərzinə, səmasına yazılan parlaq xətlər-hürriyyət, müsavat, həqiqət kəlamatından ibarətdir... Zatən hürriyyət təcəssüm edərsə, əhsəni-məxluqat olmazmı? O cahanlar dahilərin əflak idrakı məsəlla fəshətabad, şairlərin xəyalı kimi ali, dilbərlərin istiğnası qədər layətənahidir".

M.Hadinin mənsur şeirlərində həyat və ölüm barədə lirik-fəlsəfi fikirlər də mühüm yer tutur. Bu həyatda əzablı ömür yaşayan, "işıqlı cahanı qaranlıq məzarə dönən" lirik qəhrəmanın ölüm və axirət barədəki düşüncələri həm onun fəlsəfi mühakimələri kimi maraq doğurur, həm də sevgidəki sabitqədəmliyini, məhəbbətinə bu dünyada da, axirətdə də sadiq qalacağını bir daha göstərir: "Ah! Sevdiciyim! İkimiz də qərargahi-əbədiyyətə çəkiləcəyiz. Naz və nemət içində bəslənən nazik bədənlərimiz arayişi-xaki-məzar olacaqdır. Aqibət torpaq olacağız. Bən xaliq olsaydım, nə o gözəlliyi səndən alar və nə də şu nur kimi vücudunu qara torpaqlara düşürməyə qıyardım... Qorxma, ey vəfasız! İşıqlı dünyada sən bəni buraxmaqla cahanı bana qaranlıq məzar etdin. Bən səni o cahani-müzəlləmdə yalnız buraxmam".

Alovlu qəlbini çırağa çevirib sevdiyinin məzarını işıqlandırmaq istəyən aşiq onu da anlayır ki, hər şey - yaxşı da, pis də, onların anlaşılması, düşünülməsi də bu dünyadadır, ölüm hər şeyin sükunəti və əbədi yuxudur. Bütün bunların ardınca M.Hadi yenə üstünlüyü həyata, canlı mühitə verir, yaşamaq eşqinin gözəlliyindən danışır, bildirir ki, əgər insanlar həmişə ancaq ömrün sonunun fani olduğunu düşünsəydilər, hamı ruhdan düşər, kimsə bir amal ardınca getməzdi, "dünya bir tətilgahi-ümumi olurdu". Deməli, şair bütün əzablarına, ağrı-acılarına baxmayaraq, son nəticədə yenə də üstünlüyü həyata verir, hər anı xəzinələrdən dəyərli olan həyatın qədrini bilməyə çağırır: "Hər saniyəsi yüz min gəncinələrə müadil bulunan ömrü-bahadarımızın hər ləmhəsindən istifadə edəlim. Mənfəət verib, mənfəət alalım. Mənayi-həyat nədir? - İfadə, istifadə. Başqası varsa, göstər, baxalım!"

Bakıda çıxan "Tərəqqi" qəzetinin 1 aprel 1909-cu il tarixli sayında M.Hadinin "Aydınlıq gecə" adlı daha bir mənsur şeirinə rast gəlirik. Bu əsərdə müəllif səmada Ayın (Qəmərin) parlaq işıq saçmasından, sonra isə batmasından söz açır, lakin buna təəssüflənmir. Çünki M.Hadi azadlığın əbədi nur saçan Ayına məftundur: "Bunların nuru müvəqqəti olduğunu bildiyimdən qəmərin üfuluna çox da təəssüf etməmişdim. Çünki müvəqqəti parlayıb sönən həqiqət şayani-məhəbbət deyildir. Mənim sevdiyim, layiqi-pərəstiş gördüyüm bir dilbər gündən-günə təzyidi-nur edərək qocaldıqca cavanlaşmalıdır, işlədikcə kəskin olmalıdır. O nədir? Bilirmisiniz? Hürriyyətin parlaq qəməri! Ey qəməri-hürriyyət! Mən səni istərəm, sevirəm".

M.Hadinin Bakıda çıxan "Səda" qəzetinin 21 yanvar 1910-cu il tarixli sayında "Düşünmüşdüm" rubrikasında dərc etdirdiyi "Duman süpürgəsi" adlı əsəri də dərin ictimai mündəricəsi və bədii-emosional gücü ilə seçilir. Müəllif yazır ki, Türkiyə qəzetlərinin birində bir ingilis ixtiraçısının gəmilərin hərəkətinə mane olan dumanı dağıtmaq üçün "Duman süpürgəsi" adlı alət icad etdiyini oxuyub. Şərq "ixtiraçılarının" isə ancaq xalqı avamlıqda saxlayan vasitələr icad etdiklərini kədərlə sadalayan azadlıqsevər ədib bu düşüncələrin sonunda arzu edir ki, kaş Şərqin cəhalət, xurafat dumanını aradan qaldıra biləcək belə bir alət də ixtira olunaydı: "Öylə bir alət ki, Şərqilərin afaqi-idrakını dumanlatmış o xürafələri, o xüliya sislərini birdən-birə süpürsəydi, biz də istiqbalı görsəydik, səfineyi-həyatımızı sahili-salamata çıxarmağa müvəffəq olardıq... Böylə bir aləti-xüliyanın icadını Şərqilərin idrak siyahısı üçün bütün mövcudiyyətim ilə təmənna edirəm... Mən böylə düşünmüşdüm. Siz də başqasını düşününüz!" Göründüyü kimi, hər iki əsərdə müəllifin hürriyyət, istiqlal və tərəqqi barədə romantik arzuları öz bədii ifadəsini tapıb.

Məhəmməd Hadinin mənsur şeirləri ədəbiyyatımzda bu janrın ilk nümunələri kimi mühüm əhəmiyyətə malikdir. Uğurlu yaradıcılıq axtarışları aparan ədib ədəbiyyatımızda mənsur şeirin gələcək nümunələrində sabitləşib aparıcı keyfiyyətə çevrilən bir sıra istiqamətlərin də əsasını qoydu. Mənsur şeir daxilində normativ poeziya örnəklərinin verilməsi və bu mənzum parçaların ideya-bədii arxitektonika ilə üzvi surətdə bağlanması, ənənəvi nəsr üslubundan fərqli olaraq söz sırasının pozulması (inversiya), ahəngdarlıq, lirizmin dərinliyi, emosionallıq, fəlsəfi vüsət, hadisəçiliyin yox, yaşantının, hissiyyatın, duyğu-düşüncənin təqdimi və s. məziyyətlər bu qəbildəndir. Müəllifin işlətdiyi təkrirlər, təşbeh və epitetlər, simvolika, xüsusən təbiət fonunda gerçəkləşən rəmzlər də buraya əlavə olunmalıdır.

 

Hüseyn HƏŞİMLİ

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, Əməkdar elm xadimi, professor

 

525-ci qəzet.- 2019.- 13 dekabr.- S.14.