Milli-mədəni müxtəliflik xəzinəsi

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin gördüyü mühüm işlər, həyata keçirdiyi dövlət əhəmiyyətli tədbirlər sırasında multikulturalizmin elmi əsaslarla öyrənilib təbliğ edilməsi xüsusi yer tutur.

Mərkəzin son vaxtlar bir-birinin ardınca hazırlayıb çap etdirdiyi "Azərbaycanda birgə yaşayış və multikulturalizm", "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları", "Azərbaycan multikulturalizmi", "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında", "Azərbaycan multikulturalizminə giriş" və s. kimi sanballı kitablar milli-mədəni müxtəlifliyin elmi-nəzəri araşdırılmasına parlaq nümunələrdir. Bu sahədə fəaliyyətini davam etdirən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu il Mənəvi Dəyərlərin Təbliği Fondu ilə birlikdə Şərq-Qərb nəşriyyatında, ingilis dilində (Fialə Abdullayevanın tərcüməsində) "Azərbaycan Multikulturalizmi. Milli müxtəliflik xəzinəsi" adlı yeni kitab çap etdirib. Rəvan Həsənov və Mehman İsmayılovun rəhbərlik etdikləri böyük bir layihə çərçivəsində hazırlanıb işıq üzü görən bu kitabın ideya müəllifləri akademik Kamal Abdullaprofessor Etibar Nəcəfovdur. Kitab professor Məhəbbət PaşayevaAraz Qurbanov tərəfindən yazılan ayrı-ayrı oçerklər və nəfis şəkillər əsasında tərtib edilib. Kitabdakı oçerklər, həmçinin, Anar Qasımovun təqdim etdiyi foto-şəkillər və müxtəlif rəsm nümunələri Azərbaycanda yaşayan müxtəlif xalqların tarixi, etnoqrafiyası və mədəniyyəti barədə aydın təsəvvür yaradır.

Kitabda Azərbaycan multikulturalizmindən bəhs edilərkən, ilk növbədə, tarixi-coğrafi faktor diqqət mərkəzinə çəkilir. Qeyd olunur ki, Azərbaycan multikulturalizmi tarixi ənənələrə əsaslanır. Uzun əsrlər boyu Azərbaycan türkləri ilə eyni ərazidə yaşayan yəhudilər, avarlar, ingilaylar, udilər, ləzgilər, saxurlar, kürdlər, talışlar, tatlar, rutullarb. milli azlıqlar etnik, dini, irqi mənsubiyyətlərinə görə təzyiq və təqiblərə məruz qalmamış, əhalinin əksəriyyətini təşkil edən Azərbaycan türkləri ilə qaynayıb-qarışmışlar.

Azərbaycanda multikultural dəyərlərin formalaşmasında tarixi faktorla yanaşı, coğrafi faktor da mühüm rol oynamışdır. Müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda yerləşməsi, qədim İpək Yolunun bu ərazidən keçməsi Azərbaycanı coğrafi baxımdan əlverişli bir ölkə kimi tanıtmışdır. Bu cür əlverişli şəraitdə məskən salan xalqların bir-biri ilə iqtisadi və mədəni əlaqələri multikultural dəyərlərin formalaşmasında mühüm rol oynamışdır. Həm coğrafi, həm də tarixi faktorlar Azərbaycanda multikulturalizmin formalaşıb bir ənənəyə çevrilməsində mühüm rol oynayan obyektiv səbəblərdir. Lakin Azərbaycan multikulturalizminin yaranıb möhkəm əsaslar üzərində möhkəmlənməsində subyektiv səbəblərin də mövcud olduğunu qətiyyən unutmaq olmaz. Unutmaq olmaz ki, multikulturalizmin inkişaf səviyyəsi həm xalqın və həm də ölkəni idarə edən dövlət xadimlərinin mövqeyindən çox asılıdır. Qonşu Ermənistandakı ictimai-siyasi vəziyyət bir daha göstərir ki, ölkəni idarə edən siyasi xadimlər milli müxtəlifliyin dövlət səviyyəsində qorunmasına çalışmasalar, coğrafi şərait multikultural mühitin yaranması üçün həlledici faktora çevrilə bilməz. Ermənistanda aparılan etnik təmizləmə siyasəti, söz yox ki, o ölkədə multikultural mühitdən danışmağa heç bir əsas vermir. Monoetik bir cəmiyyət qurmağa çalışan və Azərbaycan türklərini son nəfərinədək təzyiqlərə məruz qoyub bugünkü Ermənistan (və tarixi Azərbaycan!) torpaqlarından zorla çıxaran daşnak siyasətçiləri Dağlıq Qarabağ münaqişəsini dünyaya təhrif olunmuş şəkildə çatdırmaq üçün dəridən-qabıqdan çıxırlar. Onların bu gün Dağlıq Qarabağ münaqişəsini etnik zəmində başlayan münaqişə kimi qələmə verməsi cəfəngiyyatdan başqa bir şey deyil. Haqqında bəhs etdiyimiz "Azərbaycan multikulturalizmi. Milli müxtəliflik xəzinəsi" kitabında ermənilərə ayrıca bir bölmə həsr edilməsi də bir daha göstərir ki, digər milli azlıqlar kimi, ermənilərin də Azərbaycanda hüquqları həmişə qorunmuş, çar Rusiyası dövründə kütləvi şəkildə köçürülüb Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən, Dağlıq Qarabağ ərazisində yerləşdirilən erməni əhalisinin normal yaşayış səviyyəsi hər cür təmin edilmişdir. Aydın məsələdir ki, Dağlıq Qarabağ münaqişəsi heçetnik zəmində yox, Ermənistanın Azərbaycana ərazi iddiaları zəminində başlamış və Dağlıq Qarabağın Azərbaycanın tərkibindən ayrılıb, Ermənistana birləşdirilməsi məqsədi güdülmüşdür. Bu məkrli siyasətin yolverilməz olduğumultikultural dəyərlərlə qətiyyən bir araya sığmadığı Azərbaycanda dövlət səviyyəsində dəfələrlə bəyan edilmiş və Azərbaycanın ərazi bütövlüyünün pozulmasının qeyri-mümkünlüyü ən yüksək beynəlxalq kürsülərdən dünya ictimaiyyətinə çatdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy əbəs yerə gözləməsin. Bu olmayacaq!"

Azərbaycanda multikulturalizmin subyektiv səbəblərinin tarixi ənənəsi vardır. Bunun bariz nümunəsini 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində görürük. Xalq Cümhuriyyəti dövründə ölkədəki milli azlıqların hüquqlarının nə dərəcədə qorunmasını göstərən mühüm tarixi faktorlardan biri onların nümayəndələrinin Parlamentdə lazımi şəkildə təmsil olunmasıdır. Cümhuriyyətin Parlamentində bəzi milli azlıqların hətta siyasi təşkilatları təmsil olunur, onların nümayəndələri hökumətin tərkibində yüksək vəzifələr tuturdular. Çox təəssüf ki, cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti digər sahələrdə olduğu kimi, multikulturalizm sahəsində öz işlərini davam etdirə bilmədi.

Azərbaycanda multikulturalizmlə bağlı siyasi kursun formalaşması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Tarixən Azərbaycanda mövcud olan, Azərbaycan folklorunda qabarıq ifadəsini tapan multikultural dəyərlərin hüquqisiyasi müstəvidə yerini müəyyənləşdirməkdə Heydər Əliyev müstəsna rol oynadı. Dilindən, dinindən, milli-mədəni mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların Azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi təlimini irəli sürən, "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir" deyən Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Konstitusiyasında multikulturazim və tolerantlıqla bağlı bir sıra maddələr öz əksini tapdı.

Bu gün Azərbaycan multikulturalizm siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. "Bu gün multikulturalizmin dünyada alternativi yoxdur" deyən İlham Əliyev çoxəsrlik ənənələrimizə arxalanaraq multikulturalizmin bir çox ölkələrə nümunə ola biləcək Azərbaycan modelindən bəhs edir. Ölkə başçısının dönə-dönə vurğuladığı multikulturalizmin Azərbaycan modelində bir sıra digər amillərlə yanaşı, mədəniyyət amili xüsusi yer tutur. Haqqında danışdığımız "Azərbaycan multikulturalizmi. Milli müxtəliflik xəzinəsi" kitabında da milli azlıqların maddiqeyri-maddi mədəni irsi xüsusi diqqət mərkəzindədir. Kitabda belə bir ideya irəli sürülür ki, Azərbaycanda yaşayan hər milli azlığın özünəməxsus mədəniyyəti vardır və bu, bütövlükdə Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. Müasir qloballaşma şəraitində dünyaya inteqrasiya olunarkən öz milli-mədəni varlığımızı, o cümlədən, Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan milli azlıqların maddiqeyri-maddi mədəni irsinin özünəməxsusluğunu qoruyub saxlamalı, bu irsi həm özümüzə, həm də dünyanın başqa xalqlarına daha dərindən tanıtmalıyıq. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin bu il Mənəvi Dəyərlərin Təbliği Fondu ilə birlikdə ingilis dilində çap etdirdiyi "Azərbaycan multikulturalizmi. Milli müxtəlifliyin xəzinəsi" adlı kitab dediyimiz istiqamətdə atılan növbəti addımlardan biridir.

 

Xanım İMANOVA

Nərimanov Rayon İcra Hakimiyyətində Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantı

 

525-ci qəzet.- 2019.- 13 dekabr.- S.13.