Örnək sayılası ömür yolu

 

Tanınmış səhiyyə xadimi İsa Hacıyevin 90 illik yubileyinə

 

Ömür hər kəsə bir dəfə verilir. Amma bu ömrü mənalı yaşamaq, el-obanın dərd-sərinə yaramaq, cəmiyyətdə nüfuz qazanmaq, sayılıb-seçilmək, həyatı ilə başqalarının örnəyinə çevrilmək hər adama nəsib olmur. Bu mənada deyə bilərik ki, hər bir insan əməlləri ilə, gördüyü işlərlə öz taleyini həm də özü yazır...

Söz var, təbabətdə birinci məlhəm həkimin özüdür. Bu yazıda biz ömrünün aşağı-yuxarı 70 ilini Azərbaycan səhiyyəsinə həsr etmiş, yüzlərlə xəstəyə şəfa vermiş, bu günlərdə 90 illik yubileyi qeyd olunan tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent İsa Hacıyevin ömür yoluna qısaca nəzər yetirməyə çalışacağıq.

İsa Ağamusa oğlu Hacıyev 1929-cu il noyabrın 23-də Kürdəmir rayonunun Yenikənd kəndində, Baloğlanlılar nəslinə mənsub bir ailədə dünyaya gəlib. 1946-cı ildə orta məktəbi başa vurub Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olan İ.Hacıyev 1952-ci ildə həmin institutun sanitar-gigiyena fakültəsini biririb. Məktəb illəri dövrü yeniyetmə İsa Hacıyev üçün hamar, rahat keçməyib. Özünün dediyi kimi, uşaqlığı müharibənin qanlı-qadalı illərinə təsadüf etdiyindən xeyli çətinliklərlə üzləşib, 1942-1946-cı illərdə məktəbdə oxumaqla bərabər, həm də işləmək, ailəyə köməklik göstərmək məcburiyyətində qalıb.

Gənc İ.Hacıyev ali məktəb illərində öz davranışı, çalışqanlığı ilə insititut və fakültə rəhbərliyinin, müəllimlərin, tələbə yoldaşlarının böyük hörmətini qazanıb. Həmin illəri onun özü belə xatırlayır: "Mən istitutun birinci kursundan sonra həmişə müxtəlif ictimai işlərdə olmuşam. Əla qiymətlərlə oxuduğuma və təşkilatçılığıma görə tələbə ikən kommunist partiyası sıralarına qəbul edilmişəm. Buna baxmayaraq, tələbəlik illərinin də çətinlikləri az olmayıb. Müharibə qurtarsa da, onun vurduğu yaralar sağalmamışdı. Çörək hələ də kart sistemi ilə verilirdi, kitab, digər dərs vəsaitləri çatışmırdı. Amma çətinliklərə baxmayaraq, həmin illərdə biz tapşırığın, xahişin, rüşvətin nə olduğunu bilmirdik. Bunu sübut edən bir faktı deyəcəm. Biz instituta qəbul olunanda qrupumuzda 40 nəfər tələbə var idi, amma yalnız 21 nəfər institutu bitirə bildik. Oxuya bilməyənlər özləri çıxıb gedirdilər. Bizim yüksək savada malik, tələbkar, pedaqogikanı mükəmməl bilən müəllimlərimiz var idi".

İnstitutu bitirəndən sonra əlaçı və nümunəvi məzun kimi Respublika Səhiyyə Nazirliyinin sərəncamına göndərilən İsa Hacıyev gənc yaşlarında Gəncə Vilayət Səhiyyə İdarəsinə məsul vəzifəyə təyinat alıb. Bundan sonra həyatın ziqzaqlı yollarında öz ixtisası üzrə təxminən 70 il gülüng çalıb, onun 25 ilindən çoxunu məsul vəzifələrdə çalışıb, qəsəbə, rayon və şəhər səhiyyə şöbələrinə rəhbərlik edib. 1981-ci ildən Elmi-Tədqiqat Parazitologiya və Tropik Təbabət İnstitutunda, hazırda isə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunda "Malyariya və leyşmaniozlar" laboratoriyasında baş elmi işçi vəzifəsində işləyən İsa Hacıyev indi də fəaliyyətini tədqiqatçı alim kimi davam etdirir.

Bugünlərdə 90 illik yubileyi qeyd olunan dəyərli tədqiqatçı alimin, fədakar səhiyyə işiçisinin 70 ilə dayanan əmək fəaliyyəti onun həmkarları tərəfindən də yüksək qiymətləndirilir.

İsa Hacıyevi tələbkar elm adamı, həqiqəti çəkinmədən deməyi bacaran bir insan kimi xarakterizə edən V.Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Namiq Əliyev onun öz ömrünün ən azı 50 ilini Azərbaycanda malyariyanın profilaktika, diaqnostika və müalicə işinə həsr etdiyini vurğulayır: "İsa Hacıyev elmi tədqiqatlara həmişə böyük məsuliyyətlə yanaşan, ətrafındakı insanlardan da bunu tələb edən bir alimdir. O, həm də şəxsi keyfiyyətləri, universallığı, ensiklopedikliyi ilə seçilir. İstər institutumuz, istərsə də elm aləmi üçün İsa Hacıyevin xüsusi yeri var. Alim dostumuz həm də çox nəcib və sadə insandır. İnsanları, millətini, torpağını çox sevir. Bir sözlə, o, "qızıl insan"dır".

İ.Seçenov adına Moskva Tibb Akademiyasının professoru Alla Baranova, Əməkdar həkimlər - Oqtay İbrahimov, Şərəbanı Məlikova, dosent Mübariz Əliyev, Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həkimi Zöhrab Mahmudov, eləcə də digər bir çox dostları və həmkarları da İsa Hacıyevi öz sənətinin mahir bilicisi, yorulmaz tədqiqatçı və fədakar insan kimi dəyərləndirir, bir alim, bir insan, bir ağsaqqal kimi onu tanıdıqlarınıdan məmnunluqlarını ifadə edirlər.

... İsa Hacıyev həm də gözəl ailə başçısıdır. 4 övlad atası olan İsa müəllimin 8 nəvəsi, 6 nəticəsi var. Ailəsi ilə qürur duyduğunu dilə gətirən İ.Hacıyev ailə üzvlərini, nəvə-nəticələrini özünün göz bəbəyi, varidatı sayır: "Mən ailəmlə fəxr edirəm. 4 övladım var, onların hər biri, demək olar, hər gün zəng edib hal-əhvalımı soruşurlar. Övladlarımın hər biri ali təhsilli mütəxəssislərdir. Mən onlardan da, nəvələrimdən də çox razıyam. Nəvələrim də ali təhsil alıblar. Hamısını çox istəyirəm. 6 nəticəm var, onların hər biri mənim göz bəbəyim, varidatımdırlar".

Bir ata, bir baba üçün bundan gözəl, bu səadətdən ötə nə ola bilər ki? Elə övladları, nəvələri də ona - İsa Hacıyevə böyük sevgi və istəklə bağlıdırlar.

Qızı Elmira Mahmudovanın dediklərindən: "İstər öz müqəddəs peşəsinin sahibi olan bir həkim, istəsə də nəcib bir insan kimi daima ictimaiyyətin onunla bağlı təşəkkürlərini eşitmək bizim üçün fəxrdir. Atam həmişə təkcə ailəsinə yox, ətrafında olan hər kəsə elmin, təhsilin həyatda əsas rol oynadığını deyib, özü müntəzəm mütaliə ilə məşğul olub və indi də olur, hər kəsə də oxumağı tövsiyə edir.

Atamın bizə uşaqkən söylədiyi hekayələr, şeirlər hələ də xatirə dəftərimin ən dəyərli səhifələri olmaqla həm də dilimin əzbəridir. O, məsul vəzifə sahibi, baş həkim olması ilə bərabər, həm də bizim təhsil aldığımız məktəbin ən fəal valideyni olub. Biz də ondan örnək götürüb bu şərəfli missiyanı davam etdirməyi övlad və nəvələrə tövsiyə edirik".

Oğlu Davud Hacıyevin dediklərindən: "Mən atamla həmişə fəxr etmişəm. Hər zaman qürurla demişəm ki, mən doktor Hacıyevin oğluyam. Atam haqqında saatlarla, günlərlə danışmaq olar. Özü ilə söhbətlər isə lap maraqlıdır. Adam onun istər elmi, siyasi, istər həyati, tərbiyəvi, istərsə də duzlu-məzəli söhbətlərindən ayrılmaq istəmir.

Atam hər zaman öz üzərində çalışan, elmdə, siyasi aləmdə baş verən yeniliklərdən xəbərdar olan, ölkəmizdə, xaricdə baş verən hadisələri hər gün izləyən böyük ziyalıdır. Mən atamın mütaliə etmədiyi bir günü də xatırlamıram.

Atam ömrünün ağsaqqal çağına, yaşına baxmayaraq, tez-tez, demək olar, hər gün bütün övladlarından, nəvə-nəticələrindən xəbər tutan, ailəcanlı, qayğıkeş, alicənab valideyn, görkəmli alim olmaqla yanaşı, həm də çox səmimi və nəcib insandır. Atam bu ağsaqqal yaşında necə ki övladlarını qoruyur, onlara arxa olur, qoy Tanrı da atama arxa olsun, onu qorusun, ona sağlam ömür bəxş eləsin".

Nəvəsi Nicat Hacıyevin dediklərindən: "Hər kəsin həyatında örnək bildiyi, öz idealı saydığı biri var. Mənim həyatımda idealım olan şəxsiyyət ilk növbədə babam, görkəmli alim və həkim İsa Hacıyevdir. Babamın ailəcanlılığı, uzaqgörənliyi, ailəsinə, vətəninə olan sonsuz sevgisi daima məni özünə cəlb edib. O, həkim kimi sayız-hesabsız insanların xəstəliklərinə çarə tapıb, gördüyü işlərlə, qayıkeş əməlləri ilə hər zaman sevilib-seçilən alimlərimizdən olub və indi də elədir. Babamın tövsiyə və məsləhətlərini eşitmək hər zaman mənim üçün böyük şərəfdir. O, həmişə bizə elmlə məşğul olmağı, ailəmizi, vətənimizi sevməyi və qorumağı tövsiyə edir. Bunun nəticəsidir ki, mən Londonun Kinqstone və Queen Mari universitetlərini bitirmişəm və ona layiq olmağa çalışmışam. Bundan sonrakı həyatımda da ən böyük vəzifəm babamın başını daima uca etmək olacaq".

... Yazının əvvəlində demişdik, ömür hər kəsə bir dəfə verilsə də, hamı bu ömrü mənalı yaşamağı bacarmır. Yəqin razılaşarsınız ki, ömrün 90-cı ilini bax beləcə mənalı, el-oba üçün gərəkli başa vurmağı isə az, lap az insan bacara bilir - haqqında danışdığımız tanınmış səhiyyə xadimi İsa Hacıyev kimi.

Yuxarıda adlarını çəkdiyimiz hər kəs - İsa Hacıyevin həmkarları da, dostları da, övladları da sözlərinin sonunda 90 illik yubileyi münasibəti ilə onu təbrik edib sağlam ömür, cansağlığı arzuladılar. Bu təbriklərin birində belə bir fikir var idi: "Sizə yüz yaşa!" - deyir, gümrahlıq və səadət dolu ömür arzulayırıq". Biz də bu yazını ömrünün nurani çağını yaşayan yubilyarı özünə doğma bilən o insanların xoş arzuları ilə tamamlayırıq: 90 illik yubileyiniz mübarək! Yüz yaşayın!..

 

S.QARAYEVA

P.S. Yazı yazıçı-publisist Ağa Zeynallının bu yaxınlarda çapdan çıxmış, İsa Hacıyevin 90 illik yubileyinə həsr olunmuş "Ömrün müdrik çağı" kitabındakı materiallar əsasında hazırlanıb.

 

525-ci qəzet.- 2019.- 13 dekabr.- S.12..