Türk dünyasında
parlament diplomatiyası
Məlum olduğu kimi, türkdilli xalqları tarixi
köklər, ortaq mədəniyyət, milli-mənəvi və
dini dəyərlər, adət-ənənələr birləşdirir
və bu amillər qarşılıqlı səmərəli
fəaliyyət üçün əsas təməldir. Türkdilli
ölkələr arasında əlaqələr hər
keçən gün artmaqda və inkişaf etməkdədir.
Son 10 il ərzində Türkdilli ölkələr
arasında əməkdaşlıq keyfiyyətcə yeni səviyyəyə
keçmişdir və ölkələrimiz arasında əlaqələr
konkret mexanizmlərin əsasında inkişaf etdirilir. Məlum olduğu kimi, çoxtərəfli formatda əlaqələrin
qurulmasına ötən əsrin 90-cı illərinin əvvəllərində
qədəm qoyuldu. Məhz 1992-ci ildə
Türkdilli Dövlət Başçılarının Birinci
Zirvə Toplantısı keçirildi və bundan sonra ölkələrimizin
liderləri müntəzəm olaraq bir araya gəlib əməkdaşlığın
əsas prioritetləri və istiqamətlərini müzakirə
edirdilər. Lakin o dövrdə həmin
zirvə toplantıları daha çox məsləhətləşmələr
funksiyasını daşıyırdı və əməkdaşlığın
daimi platforması hələ ki formalaşmamışdı.
İllər keçdikcə, ölkələr
arasında həm iqtisadi, həm mədəni, həm də
siyasi münasibətlər sürətlə inkişaf edirdi və
həmin münasibətlərin institusional çərçivəyə
salınması zamanın tələbi idi. 1993-cü ildə TÜRKSOY-un yaradılması,
2008-ci ildə TÜRKPA-nın, onun ardından 2009-cu ildə
Türk Şurasının təsisi məhz bu zərurətdən
irəli gəlmişdir.
Qeyd olunan qurumların yaradılması regionda
Türkdilli ölkələrin hərtərəfli
qarşılıqlı fəaliyyəti və əməkdaşlığı
üçün önəmli təkan vermişdir. Daha sonra Beynəlxalq
Türk Akademiyası, Türk Mədəniyyəti və Miras
Fondu və Türk Biznes Şurası kimi bənzər və
ya bağlı təşkilatların qurulması müvafiq sahələrdəki
əməkdaşlığımızı daha da dərinləşdirmişdir.
Təbii ki, ölkələr arasında müxtəlif
sahələr üzrə qanunların
yaxınlaşdırılması və əlaqələrin
daha da inkişaf etdirilməsi sahəsində ən önəmli
rolu parlamentlər həyata keçirir. Bu baxımdan,
Türkdilli Ölkələrin Parlament Assambleyası
(TÜRKPA) regional əməkdaşlıq platforması kimi
Türk əməkdaşlığının parlament səviyyəsində
təzahürüdür. TÜRKPA Türk
dünyasında çoxtərəfli əməkdaşlığın
parlament səviyyəsində tək formasıdır. Təşkilat 21 noyabr 2008-ci ildə İstanbul
Sazişi ilə təsis edilmişdir. Assambleyanın
vəzifəsi və məqsədi türk əməkdaşlığı
çərçivəsində parlamentlərarası əlaqələri
genişləndirmək, irəli sürülən təşəbbüslərə
və öhdəliklərə hüquqi dəstək verməkdir.
Azərbaycan,
Qazaxıstan, Qırğızıstan və Türkiyə
TÜRKPA-nın təsisçi üzvləridir. Macarıstan Parlamenti 2014-cü ildən etibarən
Assambleyanın fəaliyyətlərində müşahidəçi
qismində fəal şəkildə iştirak edir.
TÜRKPA digər Türkdilli dövlətlər ilə
sıx qarşılıqlı əlaqələrin qurulmasında
xüsusən maraqlıdır. Belə ki, Türkmənistan
və Özbəkistan parlamentləri ilə təmasların
qurulması prosesi davam edir. Türk
dünyası üçün sevindirici və tarixi bir hadisəni
də qeyd etmək lazımdır ki, Özbəkistan artıq
Naxçıvan Sazişini imzalamışdır. Məlum
olduğu kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurası Dövlət Başçılarının 7-ci
Zirvə görüşü 15 oktyabr 2019-cu il tarixində, Azərbaycanda
keçirilmişdir və Özbəkistan Prezidenti cənab
Şevkat Mirziyoyev Zirvə görüşündə Türk
Şurasının tamhüquqlu üzvü kimi iştirak
etmişdir. Həm TÜRKPA Ətraf mühit və
təbii ehtiyatlar Komissiyasının Sədri və həm də
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun rəhbəri olaraq inanıram
ki, Özbəkistan parlamenti yaxın zamanlarda TÜRKPA-nın
fəaliyyətlərində də tamhüquqlu üzv kimi
iştirak edəcəkdir.
Türkdilli ölkələr arasında əməkdaşlığın
parlament ölçüsü olaraq, Assambleya üzv ölkələr
arasında hüquqi, iqtisadi, sosial-mədəni, ətraf
mühit və ortaq maraq doğuran digər sahələrdə
əməkdaşlığın inkişaf etdirilməsi
üçün hüquqi zəmin təmin edir. Təşkilatın
ana xətti məhz inteqrasiya prosesinin inkişafı
üçün qanunvericilik bazasının
yaradılmasıdır. Bu kontekstdə TÜRKPA çərçivəsində
dörd ixtisaslaşmış komissiya fəaliyyət göstərməkdədir:
*
Hüquq məsələləri və beynəlxalq əlaqələr
komissiyası
* Sosial, mədəni
və humanitar məsələlər komissiyası
*
İqtisadi əməkdaşlıq komissiyası
*
Ətraf mühit və təbii ehtiyatlar komissiyası
Hazırda TÜRKPA çərçivəsində
dörd ölkənin mümkün olan istiqamətlərdə
qanunvericilik bazasının yaxınlaşdırılması məsələsi
yaxından oyrənilir və bu sahədə müəyyən
addımlar atılır. TÜRKPA-nın təsis sənədi olan
İstanbul Sazişi Assambleyanın prioritet məsələlərindən
biri kimi üzv ölkələrin qanunvericiliklərinin
yaxınlaşdırılmasını özündə əks
etdirir. Bu məqsədlə, TÜRKPA-nın
dörd daimi Komissiyası öz fəaliyyət sahələri
çərçivəsində model qanun layihələrinin
hazırlanması ilə məşğuldur. Bu sahədə, TÜRKPA Katibliyi üzv ölkə
parlamentlərinin hüquq ekspertləri ilə birgə sıx əməkdaşlıq
edir. İndiyə kimi, TÜRKPA üzv
ölkələrinin milli qanunvericiliklərinin
uyğunlaşdırılması üzrə hüquq ekspertlərinin
iştirakı ilə 4 seminar keçirilmişdir.
Seminarlar zamanı üzv ölkələrimiz
üçün model qanun layihələrinin
hazırlanması istiqamətində prioritet sahələr
müzakirə edilib müəyyənləşdirilmişdir.
Əməkdaşlığın parlament
ölçüsü olaraq, TÜRKPA siyasi, iqtisadi, humanitar və
digər önəmli sahələrdə dialoqun inkişaf
etdirilməsini hər zaman diqqətdə saxlayır. BMT-nin Minillik
İnkişaf Hədəflərinin əsasında
formalaşdırılmış Davamlı İnkişaf Hədəfləri,
digər bir ifadə ilə desək Qlobal Hədəflər
dünyanın bütün ölkələri
üçün çətir vəzifə rolunu oynayır.
Assambleya öz Komissiyalarının fəaliyyətlərində
BMT-nin Minillik İnkişaf Hədəflərindən önəmli
platforma kimi istifadə edir.
TÜRKPA Ətraf mühit və təbii ehtiyatlar
Komissiyasının sədri kimi, qeyd edə bilərəm ki, təsis
edildiyi 2014-cü idən etibarən Komissiyamız 5 iclas və
Komissiya çərçivəsində 3 seminar
keçirmişdir. Bu keçirilmiş bütün iclas və
seminarların mövzuları BMT-nin Davamlı İnkişaf Hədəflərində
əks olunmuş məsələlərə həsr
olunmuşdur. Keçirilmiş iclas və
seminarların yekun hesabatları və tövsiyə qərarları
qəbul edilmiş və üzv ölkələrimizin
parlamentlərinə göndərilmişdir.
Cari ilin
14 iyun tarixində, TÜRKPA tərəfindən
"Davamlı İnkişaf Məqsədlərinə nail
olmasında Türk Dünyası Qadınlarının
rolu" mövzusunda Qadın Parlamentarilərin Beynəlxalq
Konfransı Bakı şəhərində
keçirilmişdir. Yəni bunlar Davamlı İnkişaf Hədəflərinə
nail olunması istiqamətində TÜRKPA fəaliyyətlərindən
bəzi nümunələrdir və göründüyü kimi
təşkilat bu məsələlərə çox
böyük diqqət yetirir.
TÜRKPA İstanbul Anlaşmasına uyğun olaraq,
parlamentlərarası əməkdaşlığı
inkişaf etdirmək və təcrübənin daha geniş
mübadiləsini təmin etmək məqsədilə üzv
parlamentlərin aparat işçiləri arasında təcrübə
mübadilə proqramlarını həyata keçirir. Bu sahədə
uğurlu nəticələr əldə edilmişdir və bu
proseslər davam etdirilir.
2010-cu ildən etibarən TÜRKPA-nın təsis etdiyi
seçkilər üzrə Beynəlxalq Müşahidəçilər
Missiyası üzv ölkələrdə keçirilən
prezident və parlament seçkilərini müşahidə
edir. TÜRKPA bugünə qədər üzv ölkələrdə
keçirilmiş seçkiləri müşahidə etmiş
və bəyannamələrini yaymışdır. Assambleyanın seçki müşahidəsi işlərində
üzv ölkələrdən olan millət vəkilləri və
TÜRKPA Katibliyində işləyən diplomatlar iştirak
edir. Qeyd olunan seçki müşahidələri
qısa dövrlü müşahidə işləri olub,
seçkilərə aid qanuni çərçivə,
seçici, partiya və namizədlərin qeydiyyat əməliyyatları,
seçki kampaniyaları, səsvermə, sayma və
siyahıya alınma kimi mövzuları əhatə edən
bir şəkildə həyata keçirilir. Qeyd etmək olar ki, artıq TÜRKPA-nın
müşahidəçilər mandatı beynəlxalq ictimaiyyət
tərəfindən qəbul olunan və tanınan bir missiyaya
çevrilmişdir.
TÜRKPA beynəlxalq münasibətlər sistemində
aktiv fəaliyyət göstərir. TÜRKPA parlament
diplomatiyasının gələcək inkişafına
töhfə verməyə və Avrasiya regionunda mövcud
parlamentlər və beynəlxalq təşkilatlarla əlaqələrin
qurulması və inkişaf etdirilməsində
maraqlıdır. Təşkilat beynəlxalq
əməkdaşlıq çərçivəsində
Katibliyinin də aktiv iştirakı ilə bir çox
uğurlara imza atmışdır. TÜRKPA Beynəlxalq
Parlamentlərin Baş Katibləri Assosiasiyasına üzv, 179
ölkəni birləşdirən dünyanın ən
böyük beynəlxalq parlament təşkilatı olan Beynəlxalq
Parlamentlər Birliyi (IPU), İslam Əməkdaşlığı
Təşkilatının Parlamentlər İttifaqı,
(İƏT Pİ) Asiyada Qarşılıqlı Fəaliyyət
və Etimad Tədbirləri üzrə Konfrans (CICA), Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatının
Parlament Assambleyası (QDİƏT PA) və Asiya Parlament
Assambleyasına (APA)
müşahidəçi kimi qəbul olunmuş, ATƏT
Parlament Assambleyasında isə qonaq statusunda iştirak etmək
hüququna nail olmuşdur. Həmçinin,
Avropa Parlamenti, MDB Parlamentlərarası Assambleyası, GUAM
Parlament Assambleyası kimi qurumlarla əməkdaşlıq
möhkəmləndirilmiş və inkişaf etməkdədir.
TÜRKPA
Türkdilli ölkələr arasında iqtisadi, siyasi, mədəni
və elmi əməkdaşlıq üzrə birgə model
formalaşdırmaq üçün Türk Şurası,
Türk Akademiyası və TÜRKSOY-la sıx əməkdaşlıq
edir. Bundan başqa, TÜRKPA üzv ölkələrin
akademik və təhsil müəssisələri, habelə
Türk əməkdaşlığında iştirak edən
digər təşkilatlarla səmərəli əməkdaşlıq
mexanizmlərinin yaradılmasına və çərçivə
əməkdaşlığın qurulmasına önəm
verir. Bu istiqamətdə TÜRKPA Türk Akademiyası,
Türk Dünyası Bələdiyyələr Birliyi, Manas
Qırğız-Türk Universiteti və Ahmet Yassavi Qazax-Türk
Universiteti ilə əməkdaşlıq haqqında
memorandumlar imzalayıb.
Türkdilli dövlətlər arasında iqtisadiyyat, elm, təhsil, nəqliyyat, gömrük, turizm və digər müxtəlif sahələr üzrə əməkdaşlıq platformaları mövcuddur və hal-hazırda mövcud ikitərəfli əməkdaşlıq sahələri genişləndirilir. Yuxarıda qeyd olunduğu kimi, bu əməkdaşlığın parlament ölçüsü olaraq, TÜRKPA öz növbəsində, Türk əməkdaşlığı qurumlarının qeyd olunan bütün sahələrdəki fəaliyyətlərinə, layihə və təşəbbüslərinə qanunvericilik sahəsində dəstəyinin təmin edilməsi öhdəliyini üzərinə götürmüşdür. TÜRKPA bu istiqamətdə Türk əməkdaşlığı qurumlarına hər zaman dəstək verməyə hazırdır.
Sonda qeyd etmək istərdim ki, TÜRKPA qlobal dialoqun ümumi parlamentlərarası platformasının möhkəmlənməsinə xüsusi önəm verir. TÜRKPA ənənəvi diplomatiyanı tamamlayan bir amil kimi parlament diplomatiyasından istifadə olunmasının dünyada sülhün, demokratiya və iqtisadi inkişafın bərqərar olmasında xüsusi rol oynayacağına inanır. TÜRKPA-nın Avropa və Asiya beynəlxalq institutları ilə sıx işbirliyi, dünyada çox vacib faktor olan mədəniyyətlər və dinlərarası dialoqun intensivləşməsində və tolerantlıq amilinin ön plana çıxmasında önəmli rol oynamaqdadır.
İnanıram ki, TÜRKPA
çərçivəsində üzv ölkələrimiz
arasında və eyni zamanda, Türk işbirliyi qurumları
arasındakı əməkdaşlıq regional və beynəlxalq
sabitlik, həmçinin, təhlükəsizlik kontekstində
mühüm töhfələr verəcək.
Əhliman
ƏMİRASLANOV
Milli
Məclisin Səhiyyə komitəsinin sədri, TÜRKPA
Ətraf mühit və təbii ehtiyatlar komissiyasının sədri,
akademik
525-ci qəzet.- 2019.- 14 dekabr.- S.7.