Rasimi "ortastatistik"liyə
yuvarladan "qüvvə"
Uşaqlığıma geri dönmək istədikdə qulaqlarımda
cingildəyən ilk cümlə
"mama, ata maaş alanda bunu alarıq
(onu edərik)?" sualıdır. Elə bilərsiniz, bu,
bizim üçün
travmadır, xeyr, əksinə, həmişə
anamın bizə öyrətdiyi bu cümləylə qürur
duymuşam. Çünki bu cümlə bir növ bizim
tərbiyəmizin əlifbası
olub, bizi varlıqla yanaşı, yoxluğun da olduğu, hətta bəzən ancaq yoxluğun olduğu o çətin həyata hazırlayan açar rolunu oynayıb.
90-ların əksər uşağı kimi biz də gözümüzü
yenicə müstəqillik
əldə edən bir dövlətin həm siyasi, həm də iqtisadi qarışıqlıq,
hərc-mərclik, yoxsulluq
dövrünə açmışdıq. Aylarla maaşlar
verilmir, adicə çörək üçün
saatlarla növbə gözlənilirdi.
Yataqxanadakı bircə otağa sığındığımız həmin zamanlarda bizdən bir qapı sağda ingilis dili müəllimi
olan qadın iki uşağıyla qalırdı (bir müddət öncə rəhmətə gedib!). Yoldaşı Qarabağda döyüşürdü,
sonra bir müddət də xidmətini davam etdirmişdi. Onun uşaqları
bizdən cəmi 2-3 yaş böyük idi. Mənim yadıma gəlmir, amma anam danışır
ki, biz lap balaca olduğumuz vaxtlarda həyətə o vaxtlar
"xoruz", "şirinquş"
dediyimiz şirnilərdən
satan gəlibmiş.
"Şirinquş"un
da qiyməti o vaxtın puluyla 250 manat (indiki 5 qəpik). Qonşu uşaqları sevimli
"şirinquş"larını almaq üçün növbəyə düzülürlər.
Həmin
qonşumuzun balaca oğluyla qızı da analarının üstünə qaçıb,
"şirinquş" istədiklərini
deyirlər (biz lap balaca
olduğumuz üçün
hələ onda "şirinquş" yeyə
bilmirikmiş). Anaları isə
"pulum yoxdur, olanda alaram" deyir. Uşaqlar ağlayırlar, amma ana dediyindən
dönmür. Balacaların ağlamağına dözə
bilməyən anam deyir ki, istəyirsən
mən alım. Qonşu isə cavab verir: "Yəni mənim 250 manat verib uşağıma
“şirinquş” almağa
pulum yoxdur? Əlbəttə ki, var. Amma almıram. Qoy uşaq indidən
"var"la "yox"u
anlasın. Bu gün
hər kiçik istəyini yerinə yetirsəm, sabah böyük tələblərini
eləməyə gücüm
çatmasa, ona "yoxdu"nu anlatmaq mümkün olmayacaq"
Biz nisbətən böyüdükdə,
nəsə istəmək
yaşımıza çatanda
isə anamdan eşitdiyimiz cümlə bu olardı "atan maaş alanda..." Bu cümləylə
anam həm bizə yoxluq anlayışını aşılayır,
həm səbri, gözləməyi öyrədir,
həm də atamı övladlarının
qarşısında pis
vəziyyətdə qalmaqdan,
utanmaqdan xilas edirdi. O, bizi elə öyrətmişdi
ki, bugünkü gündə belə biz atamıza "bunu istəyirik" demirik, deməmişik. İstəklərimizi anamıza bildirmişik.
O da ya bizə
vəziyyəti başa
salıb, ya da atamla aramızda
əlaqəçi olub.
Bütün bunları tanınmış
aktyor Taleh Yüzbəyovun dekabrın
21-i internetdə yayımlanan
"Ortastatistik Rasim"
filminə baxarkən yenidən xatırladım. Pulsuzluq üzündən
övladının ad gününə
istədiyi hədiyyəni
ala bilməyən Rasim
hamımızın tanıdığı,
ətrafında, qohum-qonşusunda,
ailəsinin içində
gördüyü obrazdır.
Bəlkə də filmin az
zamanda bu qədər çox baxılmasının və
sevilməsinin səbəbi
də budur. Ümumiyyətlə, Talehin böyük
ustalıqla qazandığı
uğurdur cəmiyyətdə
hər kəsin tanıdığı, bəzən
özünü, bəzən
dost-tanışını gördüyü
obrazları ekran önünə gətirmək.
Filmin nəzəri
cəhətləri, texniki
məslələri haqqında
danışmağı mütəxəssislərin
öhdəsinə buraxıb,
bu yazımda diqqəti Rasimin arvadının üzərinə
çəkmək istəyirəm. Yazının sərlövhəsində də,
elə içərisində
də siz o qadını "həyat
yoldaşı" adlandırmağıma
rast gəlməyəcəksiniz.
Çünki elə bir qadın Rasimin həyatına yoldaş deyil, onu "ortastatistik" edən başlıca qüvvədir.
Kəmalə Onurun böyük
ustalıqla canlandırdığı
qadın bir saatlıq filmin və Rasimin həyatının ən həlledici qüvvəsidir.
Ananın ver(mə)diyi
tərbiyənin nəticəsidir
ki, 12 yaşlı oğlan atasının dediyi "yoxdur" kəlməsini başa düşmür, başa düşmək istəmir.
Ananın öyrətmədiyi kəlmədir çünki
bu. Qadın həyat yoldaşının vəziyyətini
anlamır, övladına
da anlatmırsa, Rasimin "ortastatistik"
olması qaçınılmazdır.
Əgər Rasim oğluyla üz-üzə gəlməyə, ona "yoxdur"u anladarkən məğlubiyyətə uğramağa və oğlunun istədiyi o bahalıqda hədiyyədən ötrü qapı-qapı gəzməyə, sonda isə özünü alçaltmaq müqabilində oğurluq etməyə məcbur qalırsa, yenə də günahkar qadındır. Əgər oğlu o cür bahalı hədiyyəni atasından istəyərkən anası ərinin üzünə durub "ürəyimə damıb ki, pulunu bu gün ala bilməyəcəksən" deyə rişxənd etmək əvəzinə, ailənin və atanın vəziyyətini oğluna başa salmağa cəhd göstərsəydi, nə uşaq bu cür israr edəcəkdi, nə də Rasim oğurluq.
Maraqlıdır ki, bu obraz da bizə yad deyil. Yoxdurmu aza qane olmayıb ərini qapı-qapı borc dalınca gəzdirən, o borc istədiklərinin qarşısında alçalmağına, əyilməyinə, utanmağına yol açan qadınlar?! Arvadının, övladının tələblərini yerinə yetirmək üçün ya kişi başqalarının, bəzən isə özündən də aşağıların qarşısında əyilir, utanır, rəzil duruma düşür, ya da qadın övladını da götürüb evi tərk edir.
İlk növbədə varla yoxu qanan
ananın övladının Rasimin oğlu kimi o bahalıqda hədiyyə istəməyə
ürəyi gəlməz. Əgər gəlirsə, demək ki, hardasa boşluq
və o boşluğu
yaradan qadın var!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 25 dekabr.- S.14.