Ekranda yazılan tarix

 

 

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin aparıcı strukturlarından olan "Azərbaycantelefilm" Yaradıcılıq Birliyi, 60 illik sənət yolu keçmiş, yüzlərələ sənədli, bədii, musiqili və cizgi televiziya filmlərinə ekran həyatı bəxş etmişdir.

 

Müasir texniki tərəqqi əsrində milli mənəvi dəyərləri, tarixi həqiqətləri yaşatmaq, gələcək nəsillərə çatdırmaq, dünyaya pəncərə açaraq xalqımızın zəngin mənəvi aləmindən, onun etnoqrafiyasından, folklorundan, tarixə şahidllik edən abidələrindən, yurdumuzun rəngarəng, gözəl təbiətindən və ən nəhayət, onun yurdsevər insanlarından ekranın gözü ilə söz açmaq imkanı yaradan "Azərbaycantelefilm" Yaradıcılıq Birliyi, bu gün özünün ən məhsuldar sənət axtarışları dövrünü yaşamaqdadır. Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin fondunda qorunub saxlanan 2300 adda müxtəlif janr və formalı 1500 saat həcmində, sənədli televiziya filmləri xalqımızın mənəvi sərvəti, tariximizin canlı yaddaş salnaməsidir.

Azərbaycanda televiziya kinosu 1956-cı ilin fevralından fəaliyyətə başlayan Bakı Televiziya Studiyasının qoynunda dünyaya göz açmışdır. 1958-ci ildə Radio və Televiziya Verilişləri Komitəsi nəzdində müxtəlif yaradıcılıq bölmələri, o cümlədən, kinolentdə xronika və sənədli televiziya filmləri çəkən "Kinoqrup" yaradıldı. Həmin ildən başlayaraq Televiziyada çalışan rejissorlar, operatorlar respublikamızın ictimai-siyasi, iqtisadi, mədəni həyatından bəhs edən süjetlər, xronikalar və sənədli televiziya filmləri çəkməyə başladılar. Azərbaycan televiziyasıında 1958-ci ildə operator-rejissor Nəriman Şıxəliyev iki hissəsi "Səməd Vurğun" sənədli televiziya filmini çəkdi. Çox təəssüf ki, bu sənədli filmi bu günə kimi qoruyub saxlamaq mümkün olmamışdır.

Çox keçmədi ki, Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyünü kinolentə almağı operator-rejissor Nəriman Şıxəliyevə həvalə etdilər. Beləcə, 1959-cu ildə "Moskvada Azərbaycan ongünlüyü" adlı televiziya film xronikası yarandı. 1960-cı ildə rejissor-operator Əlibala Ələkbərov, Azərbaycan kinematoqrafçılarının həyatından bəhs edən "Azərbaycan kino sənəti", "Mənim Azərbaycanım", "Sonuncu müsahibə", "Azərbaycan təsviri sənəti" adlı sənədli televiziya filmlərini çəkdi. Qısa bir vaxtda təşəkkül tapmış Bakı Televiziyasında novator sənət axtarışı ilə gecəli-gündüzlü çalışan, öz istedadını realizə etmək istəyən bir qrup entuziast rejissor-operatordan ibarət kinoqrupun tərkibində olan Kamil Rüstəmbəyov, yeni bədii televiziya filmi çəkmək fikrinə düşdü. Səməd Vurğunun eyni adlı poeması əsasında çəkilən "Aygün" bədii televiziya filmi ilə Azərbaycan kinosunda yeni bir yaradıcı qolun əsasını qoyuldu. 1961-ci ildə nümayiş etdirilən "Aygün" filmi rəğbətlə qarşılandı.

Həmin il Rüstəmbəyov bir neçə sənədli televiziya filmləri çəksə də, onun əsas məqsədi bədii filmlər çəkmək idi. Elə də oldu. Ənvər Əlibğəyli "Zəncirlənmiş adam" ssenarisini ona təqdim etdi. Ssenari Argentina yazıçısı O.Draqunun "İtə çevrilən adam" hekayəsinin motivləri əsasıında yazılmışdı. Dramatik süjetli televiziya filminin çəkilişinə başlayan Kamil Rüstəmbəyov əsas rollara Adil İskəndərovu, Ağadadaş Qurbanovu, Tamila Ağamirovanı, Sadıq Hüseynovu və başqalarını dəvət etdi. Aktyor seçimində yanılmayan rejissor orijinal yozumlu, maraqla baxılan, emosional təsir və təlqin gücünə malik olan bədii televiziya filmini çəkdi. 1964-cü ildə çəkilən "Zəncirlənmiş adam" bədii televiziya filmi bu gün də tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır.

Arif Babayev Azərbaycan kinosunda öz filmləri ilə özünün heç kəsə bənzəməyən sənətkar portretini çəkmiş bir imzadır. Özü də nə qədər qəribə görünsə də, illər keçib, nəsillər dəyişsə də, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Arif Babayevin sənət portreti, bu gün də iri planda insanları öz cazibə qüvvəsində saxlamaqdadı. Arif Babayevin yaradıcılıq taleyində Azərbaycan televiziyasının xüsusi yeri var. Kinoda ilk addımlarını o, burada atmışdı. Bakı Telestudiyasıında 1959-cu ildə Elxan İbrahimovun ssenarisi əsasında Nəriman Şıxəliyevin quruluşçu operatorluğu ilə, onun rejissor kimi çəkdiyi ilk sənədli televiziya filmi "Dostluq dili" adlanırdı. Sonradan İmran Qasımovun ssenarisi əsasında Neft daşlarına həsr olunmuş "Xəzərdə möcüzə" (1961) adlı sənədli televiziya filmini çəkən Arif Babayev, kinonun sehrli cazibəsindən yaxa qurtara bilmədi. Bir-birinin ardınca "Xəzərin sahilində şəhər" (1962), "Şəhərimizin uşaqları" (1964), "Bahar gəlir" (1965), "Biz arzu edənlər nəslindənik" (1965), "Molbertlə dünya ölkələrinə səyahət" (1965) kimi müxtəlif mövzulu sənədli televiziya filmləri ərsəyə gəldi. Bu ekran əsərləri Bakı Telestudiyasının bazasında çəkilməklə, Arif Babayevin istedadının pardaxlanıb intişar tapmasında mühüm rol oynadı. Bax beləcə, Arif Babayev üçün böyük kinoya yol öz başlanğıcını Dövlət Televiziyasının mavi ekranından götürdü.

Rauf Kazımovski Dövlət televiziyasının ilk təməl daşını qoyanlardan biri idi. Zəngin intellekti ilə seçilən Rauf Kazımovski bir rejissor kimi müasir, klassik, rus, Avropa, eləcə də Azərbaycan dramaturgiyasının təbliğində çox böyük rol oynamıışdı. Əslində, teatr şinelindən çıxan Rauf Kazımovski televiziya teatrının yaranmasına çalışırdı. Sonradan bu onun Azərbaycan Televiziyasında quruluş verdiyi "Şamdan bəy", "Hacı Qara", "Laçın yuvası", "Bəxtsiz cavan", "Marallarım", "Müsibəti-Fəxrəddin", "Həyat", "Son yarpaq", "General", "Dilbər", "Cənnətin qəbzi", "Aldanmış Kəvakib", "Mirzə Səfər", "Körpə", "Dədəgünəş əfsanəsi", "Anacan", "Mədinənin ürəyi", "Kişmiş oyunu", "Mirzə Fətəli", "Qırmızı fırça", "Əlvida silah" kimi televiziya tamaşalarında özünü göstərdi. Lakin daim sənət axtarışında olan Rauf Kazımovski təkcə televiziya tamaşaları qurmaqla öz işini bitmiş hesab etmir, televiziya filmləri də çəkirdi. Onun çəkdiyi "Aktrisanın təbəssümü", "Bəşir Səfəroğlu", "Yun şal", "Körpə", "Poçt qutusu" bədii televiziya filmləri bu gün xüsusi minnətdarlıq hissi ilə baxılır. Bu ekran əsərlərində rejissor yozumu, aktyor oyunu, operator işi, teatr, kino və televiziyanın sənət peyvəndindən bəhrələnib qidalanmaqla bədii bütövlük və ekran bitkinliyi təşkil edir.

Keçmiş sovet məkanında radio və televiziyanın ideoloji baxımdan cəmiyyətdəki rolu yüksək qiymətləndirilirdi. Sürətli informasiyanın kütləvi vasitəsi olan mətbuatla yanaşı, radio və televiziyaya daha geniş meydan verilməyə başlandı.

1965-ci ildə rejissor Rasim İsmayılov "Danışan işıqlar" adlı ilk cizgi filmini çəkdi. Bu aplikasiya filminin operatoru Vaqif Behbudov, rəssamı Rafis İsmayılov, səs rejissoru İqor Popov, bəstəkarı Ruhəngiz Qasımova idi. Balacaların sevincinə səbəb olan bu ilk televiziya cizgi filminin ardınca, 1969-cu ildə Rasim İsmayılov ikinci "Qırmızılar, qaralar və başqaları" adlı rəngli film alleqoriyası çəkdi. Sonradan rejissor-operator Vaqif Behbudov televiziya cizgi filmlərinin çəkilişi ilə müntəzəm məşğul olmağa başladı. "Göyçək Fatma", "Möcüzədər adası", "İlham", "Qız qalası", "Basatın Qəhrəmanlığı", "Qurbanəli bəy", "Sağ ol, dostum", "Yayın bir günündə" kimi cizgi filmləri ona aiddir. Hər iki rejissorun çəkdiyi televiziya cizgi filmləri təkcə respublikamızda deyil, ümumittifaq televiziya filmləri festivallarında uğurla nümayiş olunaraq, müxtəlif diplom və mükafatlar qazandı.

1968-ci ildə televiziyada fəaliyyət göstərən "kinoqrup" bazasında "Ekran" Yaradıcılıq Birliyi Yaradıldı. Jurnalist Hacı Hacıyev Birliyə baş redaktor, rejissor Rüfət Şabanov baş rejissor təyin olundu. Rejissorlar Tofiq Mirzəyev və Arif Qaziyev çəkdikləri "Abşeron mahnıları", "Polad Bülbüloğlunun mahnıları", "Şur", "Təsnif", "Toyda görüş", "Salam Zeynəb" və başqa filmlərlə janr baxımından ekranda yeni musiqili televiziya filmlərinə meydan açdılar. Bu gün həmin filmlərin dəyəri əvəzsizdi. Bu filmlərdə təkcə Azərbaycanın musiqi korifeyləri, sənətkarları deyil, həm də həmin dövrdə yaranmış musiqilər, bu musiqilərin virtuoz ifaçıları, professional orkestr və ansambllar kinolentin yaddaşında öz təcəssümünü tapmışdı.

"Ekran" Yaradıcılıq Birliyinin adı dəyişdirilərək "Azərbaycantelefilm" oldu. 1970-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin göstərişi ilə televiziyanın maddi-texniki təchizat bazasını möhkəmlətmək məqsədilə "Kinokompleks" inşa olunaraq istifadəyə verildi. Kinobazanın mövcudluğu çox sayda sənədli televiziya filmlərinin çəkilməsinə şərait yaratdı.

Müxtəlif vaxtlarda Yaradıcılıq Birliyinə baş redaktor, rejissor və direktor kimi Rüfət Şabanov, Elxan İbrahimov, Məlik Məlikov, İshaq İbrahimov, Hacı Hacıyev, Kamil Rüstəmbəyov, Kərim Kərimov, Firudin Ağayev, Afaq Məsud, Etibar Babayev, Yalçın Əfəndiyev, Vaqif Behbudov, Rauf İsmayılov, Musa Bağırov, Hafiz Nağıoğlu, Qəhrəman Hümbətov, Nazim Abbas, Vüqar Tapdıqlı, Səyavuş Məmmədov və başqaları rəhbərlik etmişdi. 2019-cu ilin ilk aylarından "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinə rəhbərlik Xalq artisti, rejissor Ramiz Həsənoğluna həvalə olunmuşdu.

Bu illər ərzində "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin bazasında sənədli, cizgi, musiqili televiziya filmləri ilə yanaşı, bədii televiziya filmləri də çəkilmiş və çəkilməkdədi. Müxtəlif nəsil rejissorların çəkib ərsəyə gətirdiyi bədii televizia filmləri təkcə mövzu əlvanlığı, ideya yozumu baxımından deyil, həm də rəngarəng yaradıcı rejissor və operator üslubu ilə fərqlənəməklə diqqət çəkir. Bu ekran əsərlərinin hər birində biri digərinə bənzəməyən orijinal yozumlu rejissor dəsti-xətti ilk kadrdan özünü büruzə verir. "Aygün", "Yun şal", "Poçt qutusu", "Quzu", "Bizi dağlarda axtarın", "Dvorjakın melodiyası", "Zəncirlənmiş adam", "Həyat sən kiminsən?", "Körpə", "Sahil bağı", "Bir az da Bahar bayramı", üç hissəli "Yaz yuxusunun işığı", iki hissəli "Leyli və Məcnun", "Məhəbbətin hökmü", "Bəsdir, ağlama", "Ayna", "Pilləkən", "Sirkə", "Lal", "Başmaq", "Oyun", "Abbas və Gülgəz", "Koroğlu" film dastanı, eləcə də "Son gecə", "Sonuncu" və başqa bədii ekran əsərləri televiziyanın film fondunu zənginləşdirmişdi.

2019-cu ilin yanvarında Azərbaycan televiziyasında baş verən dəyişikliklər öz müsbət təsirini "Azərbaycantelefilm" YB-də göstərməyə başladı. Bu gün yaradıcılıq birliyi "Bədii və Sənədli Filmlər Studiyası" adı ilə öz sənət missiyasını davam etdirir.

Vaxt, zaman haqqında düşünərkən, istər-istəməz keçmişə qayıtmaq lazım gəlir. Geriyə nəzər salarkən, irəli getməyi düşünürsən. Vaxt və zamanın gözləmədiyini çox gözəl dərk edən "Azərbaycantelefilm"də çalışanlar bu gün öz sənət axtarışları ilə sabaha can atırlar.

 

 

Yaqub ƏLİOĞLU

 

525-ci qəzet.- 2019.-18 dekabr.- S.16.