Əbu Turxan fenomeni və ya kimdir Əbu Turxan?!

 

Professor Səlahəddin Xəlilovla söhbət

 

 

İllər öncə mətbuatda, sosial və yazılı mediada bir imza "peyda oldu": Əbu Turxan. Onun cəmiyyət, insan, mənəviyyat, əxlaq, sevgi, ağıl və sair haqqındakı aforizmləri, rübailəri və şeirləri qəzetlərdə çap olunurdu. Sonradan "Əbu Turxanın hikmət dünyası" adlı kitab da çıxdı.

 

Sonralar bu aforizmlər Rusiyada və Almaniyada da kitab halında çap olundu, Türkiyədə də yayıldı. Azərbaycanda bir çox kitablara, hətta dərs kitablarına epiqraf kimi daxil edildi, kataloqlara düşdü, sosial şəbəkələrdə yayıldı, amma müəllif haqqında doğru-dürüst məlumat almaq mümkün olmadı. Əbu Turxanı ictimaiyyətə professor Səlahəddin Xəlilov təqdim etsə də, araşdırmalar bu hikmət sahibinin kimliyi haqqında bir nəticə hasil edə bilmirdi, arxiv materialları susurdu. İnternetdə, sosial mediada axtarışlar Əl-Fərabi ilə bir uyğunluq tapdığında bir çox mənbələrdə müəllif kimi Fərabi qeyd olunurdu.

Kitab haqqında düşüncələrini qələmə alan professor Tehran Əlişanoğlunun son qənaəti isə belə olub: "Kitab boyu təfsilən izlədiyimiz və hər dəfə nurlanma-işıqlanma-İdeyaların emanasiyasından həzz duyduğum mənalar aləmi, mənəviyyat fəlsəfəsi, mənimcə, məhz bundan ibarətdir. Bu, Əbu Turxan - Səlahəddin Xəlilov fəlsəfəsidir. Və burda ikincinin birinciyə nisbəti az qala Platonun Sokrata münasibəti kimi göründü mənə: fiksədirmi, fiktivdirmi... - hər halda mən axıracan anışdıra bilmədim. Çün önəmli də deyil, zənnimcə..."

Bütün bunları nəzərə alaraq, nəhayət, Əbu Turxanı ictimaiyyətə təqdim edən Səlahəddin Xəlilova suallarımızı ünvanladıq. O da bütün suallarımıza səmimiyyətlə cavab verdi:

- Səlahəddin müəllim, Əbu Turxan fəlsəfəsini ictimaiyyətə siz təqdim etdiniz. Bu, ilk başlarda insanlarda bir çaşqınlıq yaratdı. Söhbətimizə də elə bundan başlayaq: kimdir Əbu Turxan?

- Bu sualı tez-tez verirlər. Mənim bütün yaradıcılığım hikmətli söz və aforizmlərdən, bayatı və rübailərdən ibarət olsaydı, təbii ki, hər hansı təxəllüsə, psevdonimə ehtiyac qalmazdı. Amma mən ilk növbədə elm adamıyam, onlarca elmi-fəlsəfi kitabın, yüzlərcə fəlsəfi əsərin müəllifiyəm. Bədii yaradıcılıq, publisistik məqalələr, nəzəri tədqiqatlardan əxlaqi-didaktik mövzuya, maarifçilik fəaliyyətinə keçidlər arxa planda qalır.

Cəlaləddin Rumi, Sədi Şirazi kimi adamların yaradıcılığında hikmət, didaktika ön plandadır. Qərbdə Monten, Laroşfuko, Lixtenşteyn kimi isimlər tarixə sadəcə aforizmləri ilə düşüblər. Amma Blez Paskalın da, Nyutonun da, Eynşteynin də gözəl aforizmləri var - amma onlar öncə fizikdirlər. Nizaminin, Şekspirin, Götenin, Tolstoyun çox dərin hikmətləri var - amma onlar öncə şair, yazıçıdırlar. Tolstoy hətta bədii əsərdə hikmətin, aforizmlərin yer almasının əleyhinə olub.

Akademik elmi-fəlsəfi yaradıcılıqdan milli fəlsəfi fikir müstəvisinə keçəndə istər-istəməz xalq yaradıcılığı, şifahi xalq ədəbiyyatında yer almış əxlaqi-fəlsəfi ideyalar və onların açılışı da aktuallaşır. Milli təfəkkürdə qərarlaşmış bir çox fikirlər müasir fəlsəfi düşüncənin işığında yeni çalarları ilə üzə çıxır və elmi-fəlsəfi dəyər qazanır. Nəticədə fəlsəfi mətnlərin tərkibində aforizm ola biləcək fikirlər də yer alır. Onları seçib ayrıca nəşr eləmək - mənim "təqdimat" adlandırdığım iş bundan ibarətdir.

Kitabın təqdimatı belə başlayır:  "Nəhayət, günlərin bir günü fikir ənginliyinin səmasında bir səs mənə doğma gəldi. O, mənim dilimdə danışırdı. O, mənim kimi düşünürdü. Omu mənim qəlbimin bir parçası idi, mənmi onun - fərqi yoxdur. Sanki o mən idim. - Budur doğmalıq duyğusu!.."

Yəni hikmətli fikirləri mən milli fəlsəfi fikrimizdən arıtlayıb çıxarıram və onları ötən əsrin 70-ci illərindən başlayaraq mənim bütün əsərlərimdə tapmaq mümkündür. Bu fikirlərin əsas mətnlərdən ayrılaraq müstəqil aforizmlər halında ortaya çıxması isə bir qədər sonralara aiddir.

Əbu Turxan adı altındakı hikmətlərdən çıxış edərək müasir dövrün problematikasına nəzər salmaq, insanların fəaliyyətinə fəlsəfə prizmasından işıq salmaq baxımından xeyli aforizmlər toplandı. "Əbu Turxanın hikmət dünyası" adı altında bu kitabı çap etdirərkən özümü müəllif kimi qeyd etməsəm də, "Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında" qeydini yazdım. Mən indi də özümü müəllif saymıram, çünki bu aforizmlər bizim milli fəlsəfi fikirdən, xalq yaradıcılığından qaynaqlanır.  Və bu əsər bizim milli fəlsəfəmizi bir sistem halında oluşdurmaq sahəsində fəaliyyətimin ilk addımlarından biri oldu.

- Deməli, Əbu Turxan sizsiniz. Hardan yarandı bu zərurət?

- Buna qədər mənim fəlsəfə yaradıcılığımdakı mövzu dəyişikliyindən çıxış edərək, fizikanın fəlsəfəsi, sonra elmin fəlsəfəsi, sonra isə bütövlükdə təbiətin və cəmiyyətin inkişaf qanunauyğunluqları və tərəqqinin hərəkətverici qüvvələrini araşdırıb, nəhayət, özümüzə qayıdaraq, Azərbaycanı dərk eləmək, Azərbaycanın min illərdən bəri fəlsəfi yaradıcılıq sahəsindəki potensialını öyrənmək əsas məqsəd idi.

Qərb və Şərq dünyasında, eləcə də İslam və Türk dünyasında fəlsəfi tədqiqatlar hansı istiqamətdə inkişaf edib, hansı sahələrdə geri qalıb və bu geri qalmalar bizə nə kimi ziyanlar verib? Bunları araşdırandan sonra bütünlükdə elmin mənzərəsinin yaradılması və elmin təşkilati mexanizmasının müəyyənləşdirilməsi zərurətini gördüm. Amma Azərbaycanda və Türk dünyasında fəlsəfə ənənələrini öyrənərkən, belə bir mənzərə ortaya çıxdı ki, bizdə fəlsəfi fikir əsasən ədəbiyyat üzərindən ortaya çıxıb. Ayrıca fəlsəfi traktatların yazılması sonrakı dövrlərə aiddir. Təməldə bizim fəlsəfi irsimizin böyük bir qismi şairlərimizin yaradıcılığındadır. Şairlər deyirəm, geniş mənada ədəbiyyat demirəm, ona görə ki, romançılıq daha çox Qərb hadisəsidir. Yəni, mən təkcə elmin deyil, ədəbiyyatın, sənətin də fəlsəfəsini öyrənərək, bunların ortaq məxrəcə gətirilməsi, ümumilli mənəvi dəyərlər mövqeyindən qiymətləndirilməsi istiqamətində araşdırmalar apardım. Bəlli oldu ki, bizim atalar sözlərimiz də çox zəngindir və bunların müasir anlamda fəlsəfəyə çevrilməsi işi getməyib, vaxtilə necə deyilibsə, elə də qalıb. Bu hikmətlər günümüzə sanki təkcə ədəbiyyatıımıza aid imiş kimi, hekayətlər, rəvayətlər, lətifələr, dastanlar, nağıllarımızın tərkibində gəlib çıxıb. Ədəbiyyatçılar da təbii ki, məsələyə ancaq öz sahələrinə uyğun olaraq, ədəbiyyat prizmasından yanaşıblar. Ordakı milli düşüncə özünəməxsusluqları araşdırılmayıb, fərqliliklər ortaya çıxarılmayıb. Bizim Azərbaycan milli düşüncəsinin başqa millətlərin düşüncəsindən nə kimi fərqləri var? Ümumi cəhətlər, əlbəttə ki, var. Hikmətlərin böyük əksəriyyəti dünyada üst-üstə düşür. Çünki yaxşı, pis hər yerdə aşağı-yuxarı eynidir. Amma fərqlər də az deyil. Axı düşüncə tərzində milli komponent var. Təbiətşünaslıq elmlərində millilik yoxdur. Onlar insansızlaşmış, obyektiv dünyanı öyrənirlər. Ona görə də orda nəinki millilik, heç insan faktoru da yoxdur. Amma fəlsəfədə, hikmətdə, ədəbiyyatda millilik var. Mən də hikmətdən fəlsəfəyə gedən yolu araşdırdım. Gördüm ki, bu yol hardasa qırılıb, hikmət fəlsəfəyə dönüşməyib. Olsaydı, bizim də fəlsəfəmiz olardı. Beləcə bu istiqamətdə araşdırmalar apardım. Bu zaman məsələyə yeni dövrün problematikası, cəmiyyətin qarşısında duran vəzifələr baxımından yanaşarkən, müasir dövrümüzlə səsləşən və səsləşməyən məqamlar aşkara çıxardım. Folklorşünaslarımız sağolsunlar, çoxlu folklor nümunələri toplayıblar. Amma topladıqdan sonra bunlar təkcə ədəbiyyat nümunəsi kimi deyil, fəlsəfi istiqamətdə də araşdırılmalı və milli fəlsəfi fikir ortaya qoyulmalı idi. Sovet dövründə bu, heç də mümkün deyildi. Çünki marksist fəlsəfə hamı üçün məcburi idi və başqa, alternativ fəlsəfənin ortaya qoyulmasına izin verilmirdi. Amma müstəqillik qazanandan sonra biz nəhayət, öz milli fəlsəfi fikrimizi ortaya qoymalıyıq. Bunu mən fəlsəfə tarixçilərimizi qınamaq baxımından demirəm. Onlar Sovet vaxtında nə lazım idisə, ediblər. Amma indi dövr başqadır, daha geniş işlər görülməlidir. Bu baxımdan, mən öz üzərimə düşən missiyanı və məhz milli fəlsəfi fikrin öyrənilməsinin bizim üçün vacibliyini anladığımdan tədqiqatlarımı bu istiqamətə yönəltdim və "Mənəviyyat fəlsəfəsi" kitabını yazdım. Bu, Şərq düşüncə tərzinin və onun içərisində Türk-İslam zehniyyətinin öyrənilməsi, mərkəzə isə Azərbaycan düşüncəsinin çəkilməsi idi.

Tarixən bütün xalqlarda hikmətlə fəlsəfə, ədəbiyyatla fəlsəfə arasında keçidlər olub. Məsələn, 18-ci əsr fransız maarifçiliyinin əsasında təkcə fəlsəfə deyil, ədəbiyyat da durur. Hətta maarifçi filosofların özləri - Volter, Russo həm bədii yaradıcılıqla məşğul olublar, həm fəlsəfi. Bizdə Mirzə Fətəli Axundovda da bunlar iç-içədir. Maarifçiliyin təməlində bu ikisi eyni zamanda olur, çünki məqsəd, missiya eynidir. Xalqı maarifləndirmək, xalqın düşüncə tərzini düzgün yönləndirmək, onun öz tarixi-mənəvi mirasına sahib çıxmasına yardımçı olmaq. Bu irsin müasir dövrə tranformasiyasına nail olmaq, müasir terminologiyadan, müasir fəlsəfi sistemlərin verdiyi imkanlardan istifadə edərək biz də qədimlərdən gələn fəlsəfi fikrimizi yenidən qurmalıyıq. Bu yenidənqurma, sistemə salma və şifahi xalq ədəbiyyatından müasir elmi fəlsəfi düşüncə sisteminə keçid işi çox mürəkkəb bir prosesdir. Biz bunu yaşamamışdıq. Bunu yaşamaq üçün mən və davamçılarım çox ciddi bir işin altına girdik. Təəssüf ki, Türkiyə də bu sahədə bizdən irəli deyil, onlar da aşağı-yuxarı bizlə eyni durumdadırlar. Onlar da Türk fəlsəfi irsinin öyrənilməsi, açılması yönündə ciddi işlər görə bilməyiblər. Əksinə, mən indi Türkiyədə onları da bu istiqamətə yönləndirməyə çalışıram.

Bax, bu sahədə ilk addımlardan biri olaraq mən "Əbu Turxanın hikmət dünyasını" yazdım.

- Bəs niyə öz adınızdan vermədiniz bu aforizmləri?

- Çünki mən elm tədqiqatçısı, fizik, filosof, akademik üslubda yazan bir adam olaraq şeir, aforizm, rübai yazmaq əsas işim deyil. Buna görə də bu cür yazılarımı bir təxəllüs altında topladım. Sonra deməsinlər ki, filankəs elm adamıdır, şeir yazır. Bizdə buna tənə ilə yaxınlaşmaq var. Şeir yazanlarımız o qədər çoxdur ki, "bizim elmə daha çox ehtiyacımız var" fikri yaranıb insanlarda. Belə bir durumda mən də bir elm tədqiqatçısı olaraq, dönüb şeir, aforizm, bayatı yazıram demək istəmədim, bunları təxəllüslə təqdim etdim.

- Dediniz ki, bu təxəllüsü ilk dəfə 1999-cu ildə götürmüsünüz. Nədir onun tarixçəsi?

- 1999-cu ildə mənim oğlum anadan oldu və adını Turxan qoydum. Turxan türk adıdır. Sonradan ağlıma gəldi ki, həm türklüyü ifadə edən, həm də Şərq, türk-islam fəlsəfəsi ənənəsini özündə cəmləşdirən "Əbu Turxan", "Turxanın atası" təxəllüsünü götürüm. Bu adla "Ədəbiyyat" qəzetində bir səhifə şeirlər çıxdı. Çoxları bunun orta çağ ədəbiyyatı nümunələri olduğunu düşünürdülər. Sonradan "Ədəbiyyat", "525-ci qəzet" və başqa mətbuat orqanlarında Əbu Turxanın elm, sənət, ədəbiyyat, mənəviyyat, ağıl, məhəbbət mövzusunda silsilə aforizmləri çap olundu. Məhəbbət mövzusuna gəlmişkən, 2007-ci ildə bu mövzuda "Məhəbbət və intellekt" adında kitabım çap olundu. Bu da yenə həmin ədəbiyyatdan qaynaqlanan milli fəlsəfi yaradıcılıq hadisəsi və onun davamı idi. Bizim klassik (Nizami, Füzuli, Nəsimi) və müasir şairlərimizin (Səməd Vurğun, Mikayıl Müşfiq və s.) tərənnüm etdiyi məhəbbət mövzusunu mən fəlsəfi kontekstdə yenidən qələmə aldım, məhəbbətlə ağılın müqayisəsini apardım. İstər-istəməz burada aforizmlər də ortaya çıxdı. Həmin kitabın axırıncı hissəsi müxtəlif filosofların, şairlərin məhəbbət haqqındakı aforizmləri oldu. Amma bəlli oldu ki, burada da yarıdan çoxu Əbu Turxan aforizmləridir.  Bütün bunlar 2012-ci ildə onun ayrıca kitab halında çıxmasına səbəb oldu.

- Əbu Turxanın ilk aforizmini xatırlayırsınızmı?

- Bəli. Fəlsəfənin bir özəlliyi var. Burada zaman işləmir, fəlsəfi fikirlər zamanın fövqündədir. 2001-ci ildə Oksford Universitetində keçirilən fəlsəfi simpoziumda məruzəm vardı. Orda bizim filosofların bəzi fikirlərinin təməldə durduğunu, o cümlədən, Kant fəlsəfəsinin bəzi fikirlərinin bizdən alındığını, Dekart fəlsəfəsinin bəzi məqamlarının, o cümlədən Dekart koordinat sisteminin eyniylə İbn Sinadan götürüldüyünü və sair bu kimi şeylər dedim. Amma onlar razılaşmaq istəmədilər. Faktlarla göstərəndə başqa söz tapa bilməyib dedilər ki, əgər sizin əvvəl elə fəlsəfəniz vardısa, indi niyə yoxdur? Bunun qarşısında cavab tapa bilmədim. Ordan döndükdən sonra öz-özümə qərar verdim. Siyasətdən, rektorluqdan uzaqlaşdım və başladım milli fəlsəfi irsimizi yenidən araşdırmağa. O dövrdə mənim stolumun arxasında belə bir aforizm asılmışdı: "Keçmişi olmayan xalqın bu günü də yoxdur". İlk onu sildim və yerinə belə bir fikir yazdım: "Bu günü olmayan xalqın keçmişi də yoxdur"- Əbu Turxan. Bu təxəllüslə yazdığım ilk aforizmlərdən biri budur. Görürəm ki, tarixdə də onların sözü keçir. Deməli, bizim əsas işimiz bu gün onlardan irəliyə çıxmaqdır ki, sözümüz keçsin, tariximizi və müəlliflik hüququmuzu da qəbul eləsinlər.

- Sizcə, göstərdiyiniz səbəb olmasaydı, o aforizmləri  "Səlahəddin Xəlilovun hikmət dünyası" adı ilə çap etdirsəydiniz, bu cür reaksiya doğuracaqdımı?

- Yox, olmazdı. Əbu Turxan təxəllüsünün seçilməsi səbəbinin birini dedim. Amma mən bunu elmi fəaliyyətim, araşdırmalarım hesabına etməmişəm. Yenə də elmi araşdırmalarımı aparıb, bir növ istirahət saatlarımdamı, ya da öz-özünə yaranan hal kimimi meydana gəlib və mən də onları toplamışam. Düşünürəm ki, bunlar da mənim elmi araşdırmalarımdan heç də az əhəmiyyəti olmayan bir töhfədir. Xalqımızın buna ehtiyacı var.

Amma kitab çap olunandan sonra uzun müddət Əbu Turxanın kimliyiylə bağlı suallara cavab vermədim. Akademiklər, professorlar, alimlər kitabın özündən bir mühüm maarif və irfan hadisəsi olaraq çox yazıblar və bir növ milli-fəlsəfi fikrimizin mərhələsi kimi təqdimatı gedib. Müəllifin kimliyi bilinməyib. Xalq isə aforizmlərin özündən daha çox müəlliflə maraqlanıb, onun kimliyini öyrənməyə çalışıblar. Çox maraqlananlar bunun axırına kimi gediblər, araşdırıblar.

- Hətta müəlliflə bağlı yalnış fikirə düşənlər, başqasıyla qarışdıranlar da oldu.

- Elədir. Bir gün gördüm ki, saytlarda bu aforizmlər Fərabinin adı ilə təqdim olunub. Hardan çıxdı bu, nə əlaqəsi var deyə araşdırarkən, gördüm onun adı Əbu Nəsir Məhəmməd ibn Tarxan əl Fərabidir. Ordakı "İbn Tarxan"ı Əbu Turxana bənzədib, bu cür yanılmaya düşüblər. Beləcə bu aforizmləri Orta çağ filosofumuza yaraşdırıblar. Belə təqdimatdan sonra bir sual da çıxdı ortaya: necə olur ki, İbn Sinanın, Biruninin, Qəzalinin və digər görkəmli filosofların 10-15-dən artıq aforizmi gəlib çatmayıb, Fərabinin isə birdən-birə mindən artıq aforizmi gəlib çatıb. Onlardan da bəziləri müasir dövrlə çox səsləşir. Bunlar insanlarda şübhələr yaratdı. Bir dəfə Azərbaycan Tərcümə Mərkəzinin sədri, Xalq yazıçısı Afaq Məsud söhbət əsnasında dedi ki, məni bir şey maraqlandırır, onun o qədər gözəl azərbaycancası var ki, görəsən kim tərcümə edib? Mən də dedim, o, ərəb dilində deyil, türk dilindədir. Türk dilindən tərcümə rahatdır. Onun milliyətini soruşanlara da deyirdim ki, türkdür. Və bu, doğrudan da belə idi.

- Əbu Turxan türk-islam fəlsəfi fikri, mənəviyyat aləmiylə bağlı aforizmlər söyləyir. Amma zaman dayanmır, dövr dəyişir. Yəqin ki, müasir dövrümüzlə səsləşən, bu çağımızı ifadə edən aforizmlər də var. Və Əbu Turxanın bunları deməyi heç də təbii görünməz. Bəs onları necə, Səlahəddin Xəlilov deyir, yoxsa...?

- Yox, mən onlar üçün də başqa bir ad düşünmüşəm. O adı hələ ki, aça bilməyiblər. Görünür, onun açılışı çətindir. Moskvada çıxan kitabda həmin addan istifadə elədim. O, Tur Xanderdir. Orada da məndən Tur Xanderin kimliyini soruşurlar. Bununla bağlı da gördüm ki, saytlar onun Skandinaviyalı filosof olduğunu yazırlar. Almaniyada və Turkiyədə Tur Xanderin yox, Əbu Turxanın aforizmlərini çap elətdirdim. Tur Xanderin yayılmasına özüm də çox maraqlı deyiləm. Çünki onsuz da müasir fikir Qərb filosofları, alimləri tərəfindən yetərincə ifadə olunub. Bununla belə, Tur Xanderin bəzi fikirləri çox maraqla qarşılandı.

- "Tur Xander"in əsasında nə dayanır?

- Sözün bir yazılışı var, bir də deyilişi. "Turxan deyir" ifadəsini işlədirik aforizmləri yayarkən. Sonradan düşündüm ki, müasir dövrlə, elmlə, texnologiyayla bağlı çox ciddi fikirlər var ki, cəmiyyətə çatdırılmalıdır, elə bunu Tur Xander adı ilə verim. 300-dən çox da onun aforizmləri var.

- Neçə illərdir ki, Əbu Turxan, sonradan Tur Xander imzasıyla bu aforizmləri təqdim edirsiniz. Bəs niyə sonradan onun kimliyini açmaq qərarına gəldiniz?

- Mənim onun kimliyini açmaq kimi bir fikrim yox idi. Çünki mənim işim elmdir, fəlsəfədir, fəlsəfələr arasındakı əlaqələri öyrənməkdir. Amma birinci dəfə almanlar çox ciddi israrla onun kimliyini tələb elədilər. Orada yazıçı Orhan Arasın vasitəsiylə alman dilinə tərcümə olunmuşdu və "Referans" jurnalının hər nömrəsi Əbu Turxanın sözləri ilə başlayırdı. Kitab kimi çap olunanda nəşriyyat Əbu Turxanın kimliyi mövzusunda çox israr edincə, mən də məcbur oldum ki, açıb həqiqəti deyim. Amma onlar bir səhv etdilər. Xəbərim olmadan şəklimi kitabın üz qabığına çıxartdılar. Artıq orada gizlədəcək yer qalmamışdı. Kitab haqqında məlumat verərkən sosial şəbəkədə çox insan həqiqəti öyrənmiş oldu.

- Nədənsə, mənə elə gəlir ki, siz hələ də Əbu Turxandan və onun aforizmlərindən başqası haqqında danışırmış kimi danışırsınız.

- Çünki həmişə fikrim o olub ki, mənim bu aforizmlər üzərində müəlliflik haqqım yoxdur. Axı mən bunları öz içərimdən çıxarmıram ki, min illik bir təfəkkürün nəticəsi olaraq, çıxarıram. O düşüncələri bir növ ümumiləşdirib onları fəlsəfi sistem halına saldıqca arasından ayrı-ayrı yığcam fikirlər də çıxır ki, onlara aforizmlər deyirik. Əslində bu yığcam fikirlər o böyük fəlsəfənin hissələridir. Bu, artıq ayrı-ayrı fraqmentlər və aforizmlər, atalar sözü kimi hazır idisə, səslənirdisə, bunları millətə çatdırmağın nə problemi var ki? Ona görə də onlara yer verdik. Beləcə fəlsəfi sistemdən öncə onun sonuçları olan aforizmlər ortaya çıxdı. Mən həmişə yazmışam ki, bu, bizim milli fəlsəfi fikrin nəticəsidir. Yəni bu Bəhmənyarın, Sührəvərdinin, Nəsiminin məhsuludur, bu, onlardan öncə "Dədə Qorqud"dan, dastanlardan gələn fikirlərin nəticəsidir. Bu, bizim bayatıların, rübailərin bir növ müasir dövrdə transformasiyasıdır. Amma yaradıcılıq da elə belə olur, onsuz da heç bir öz adından yazan adam onu özündən qoşmur ki, onlar da milli fikrin davamı kimi ortaya çıxır. Gördüm ki, qaçılası yer yoxdur, artıq bəzi müsahibələrimdə bunu açıqlamağa məcbur oldum. Geniş kütlə üçün ilk dəfə nəyə görə "525"də bunu açıqlayıram, çünki ilk aforizmlər də hələ 20 il öncədən başlayaraq bu qəzetdə çap olunub. Eləcə də bu kitaba resenziyalar, rəylər də ən çox bu qəzetdə çıxıb. Sağolsunlar çox yüksək qiymət də verirlər. Bəziləri yəqin kimliyi dəqiq bilmədikləri üçün yazırlar ki, İslam dünyasının, Türk dünyasının böyük mütəfəkkiri... Çox vaxt İstanbulda oluram, Bakıya gələndə görürəm ki, kitab dükanlarında, sərgilərdə Əbu Turxanın aforizmləri divarlara yazılıb. 3-4 il bundan öncə Milli Elmlər Akademiyasında kataloq çıxdı. Orda Aristotel, İbn Sina və başqalarından fikirləri verilmişdi. Hərəsindən bir fikir, Əbu Turxandan isə iki fikir vardı. Dərs kitablarına epiqraf kimi düşür. Amma müəllifin özümüzdən olduğunu bilsələr, çox ehtimal ki, silərlər.

Sonralar mən saytlara müraciət etdim ki, siz bunu Fərabinin sözləri kimi təqdim edirsiniz, amma bu yanlışdır. Bəziləri bunu dəyişdilər, amma bəzilərində qalır. Bir söz demirəm. Onun da halal xoşu olsun. Bu aforizmlərdə hardasa onun da haqqı var. Çünki mənim dünyagörüşümün formalaşmasında onun da böyük rolu olub. Amma tək Fərabi deyil. Nizami, Füzuli, nisbətən müasir dövrdə Mirzə Fətəli Axundov, Hüseyn Cavid və başqaları. Hüseyn Cavid, Cəfər Cabbarlı fəlsəfələrindən kitablar yazmışam. Hərəsindən də nələrsə almışam... Almışam deyəndə, təbii ki, köçürmək mənasında deyil, onların ruhunu duyunca, bu ruhu mənimsəyincə, indi sağ olsaydı belə deyərdi anlamında.  Bir sözlə, bu fikirlərin tək müəllifi mən deyiləm, bizim Azərbaycan fəlsəfə klassiklərimiz, yazıçılarımız və ən mühümü isə Azərbaycan dilidir. Mənim aforizmlərim dilin imkanlarını üzə çıxarır. Bununla bağlı "Dildə yatan fəlsəfə" adlı məqaləm var. Araşdırdım ki, bizim dilimizdə böyük fikirlər, fəlsəfələr yatır. Yatır və onları sadəcə oyatmaq, canlandırmaq lazımdır. Təkcə atalar sözlərində yox, adicə ifadələrin özündə belə böyük hikmətlər var. Məsələn, Əbu Turxan aforizmlərindən biri belədir: "Yuxarıda durmağa o adamlar layiqdir ki, onlar özündən aşağıdakılara yuxarıdan aşağı baxmırlar." Bu, xalqın "yuxarıdan aşağı baxmaq" ifadəsi üzərində qurulub və bu aforizmin yüzdə doxsan müəllifi dildir. Bu tipdə çoxlu misallar var. Ona görə də kim deyirsə ki, Azərbaycan dilində fəlsəfə yaradıla bilməz, boş söhbətdir. Məhz Azərbaycan dilində yaradıla bilər fəlsəfə. Çünki bu dil o qədər gözəldir, dərindir ki, mən sadəcə başlayıram, sonra dilin özü məni aparır. Xüsusən folkloru biliriksə, onlar bizə əlavə bir güc verir və özü yönləndirir. Mən Aristoteldən, Kantdan daha çox, öz ulu babalarımızın təsiri altında formalaşmışam, fikirlərim də ordan gəlir. Ona görə də yazdıqlarımı sadəcə özümün deyil, milli fikrin məhsulu hesab edirəm. Tur Xanderdə isə açıq deyim ki, millilikdən daha çox, müasir elm, texnologiya, çağdaş dövrün analizi və mənim fizikliyim rol oynayır.

- Bayaq dediniz ki, Əbu Turxanın milliyətini soruşanlara türk olduğu cavabını vermisiniz. Bu baxımdan Türkiyənin və türklərin Əbu Turxana münasibəti maraqlıdır.

- Türkiyədə bu aforizmlər hələ geniş şəkildə yayılmayıb, kitab halında çıxmayıb. Ayrı-ayrı aforizmlər mətbuatda, sosial şəbəkələrdə yayılıb. Kitab isə hazırlanır. Yəqin ki, çap olunandan sonra eyni və ya oxşar suallar çıxacaq ortaya. Orda "Ebu Turhan" yazırlar və indidən ona müraciətlər, alıntılar var. Amma müəllifin kimliyiylə hələ ki, elə də maraqlanmırlar. Ya da Türkiyə böyük olduğundan bu suallar birbaşa mənə ünvanlanmır. Azərbaycanda sualların birbaşa ünvanı mən idim. Türkiyədə isə məni şəxsən tanıyan hələ azdır. Yəqin onlar da bilsələr ki, bu aforizmlərin mənimlə bağlılığı var, məndən soruşarlar.

- Hikmət və fəlsəfə... Bunlar ara sındakı qarşılıqlı münasibət necədir?

- Bir var hikmətdən fəlsəfəyə gedən yol, bir də var fəlsəfədən hikmətə gedən yol. Mənim yaradıcılığımda hər iki yol açıqdır. Çünki əvvəl fəlsəfə professoru kimi formalaşandan sonra hikmət fəlsəfəsini yaratmışam. Mən həm Şərq, həm Qərb fəlsəfəsini, böyük fikir adamlarının aforizmlərini biləndən sonra görmüşəm ki, bizim dilimizdən qaynaqlanan elə fikirlər var ki, onlar nə Montendən, nə Paskaldan, nə Kantdan geri qalır, hətta daha yığcam və yığcam olmasına rəğmən daha dərin fikirlər var. Və bu dilin potensialını ortaya çıxararaq, dildə yatan fəlsəfəni oyatmışam. İnanıram ki, bunlar öz faydasını göstərəcək. Çünki dilimizin potensialı yüksəkdir. Getdikcə daha çox sevirəm dilimizi. 

Əbu Turxana görə dünya üç kitabdır. Biri müqəddəs kitablardır ki, vəhylə gəlib. İkincisi təbiətdir. Allah onu bir kitab halında yaradıb, amma biz onun dilini hələ yavaş-yavaş öyrənirik. Elmdir təbiətin dili. Öyrəndiklərimiz isə bu kitabın çox az bir hissəsidir. Üçüncüsü insan və insanda təcəlli olunan əql. Yunan fəlsəfəsində buna "loqos" deyirlər. Əqlin dillə ifadə olunması var deyə, dil, ağıl və məntiq bir sözdə birləşir. Mənim qurduğum fəlsəfə bu üçünün eyniyyətini anlamaqdır. Eyni zamanda Şərq və Qərb fəlsəfəsinin ümumi cəhətlərini ortaya çıxartmaqdır. Əslində, hər ikisi eyni şeyi deyiblər, hərəsi başqa tərzdə.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 18 dekabr.- S.14-15.