"Dünyada əmanətəm" kitabının təqdimatı keçirilib

 

Dekabrın 14-də "Akademiya kitab mərkəzi"ndə şair Gilə Əliqızının "Dünyada əmanətəm" adlı yeni şeirlər kitabı təqdim olunub.

 

Görüşü giriş sözü ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış aktrisa Zülfiyyə Eldarqızı açaraq Gilə Əliqızının yeni kitabını iştirakçılara təqdim edib və şeirlərindən bir neçəsini səsləndirib.

Zülfiyyə Eldarqızı qeyd edib ki, Gilə Əliqızı "Azərbaycan Respublikası Təhsil mərkəzi və "Şərqin səsi" qəzetinin sorğu və müsabiqəsinin nəticəsi olaraq "Abdulla Şaiq" mükafatı və "Qızıl Qələm" Media mükafatı laureatı adına layiq görülüb. Bu onun beşinci kitabıdır.

 

Sonra kitabın redaktoruön sözün müəllifi şair Nazim Əhmədli Gilə Əliqızının yaradıcılığı və yeni kitabı barədə danışıb. Qeyd edib ki, Gilə Əliqızı Laçın rayonunda anadan olub, gənc yaşlarından Qarabağ münaqişəsinin ağrılarını yaşayıb, doğma kəndindən, rayonundan köçkün olub: "Bütün bu hadisələr və şəxsi taleyinin acıları Gilənin şeir yaradıcılığına həsrət, ağrı notlarını gətirib. Gilənin şeirləri də bəşəriyyətin ən ağrılı dərdi olan müharibələrin törəməsi olan, ayrılıqlardan, ağrılardan və dərdlərdən qidalanır".

Azərbaycan Texniki Universitetinin tarix kafedrasının müdiri, tarix elmləri doktoru, professor Şikar Qasımov, "Laçın yurdu" jurnalının baş redaktoru, şair Arif Məmmədli, şairlər Xuraman Camalqızı, Leyla Vəkilqızı, Esmira Günəş, Şəhla Vahid, Elza Məmmədova, Natiq Babayev, Səbahəddin Çingizoğlu və başqaları Gilə Əliqızının yaradıcılığı haqqında xoş fikirlərini səsləndiriblər. Saz ifaçısı Elvin Laçınlı görüş iştirakçıları üçün saz havaları ifa edib. Qiraət ustası Lamiyə Eminli Gilə Əliqızının şeirlərindən nümunələr səsləndirib.

Sonda Gilə Əliqızı görüş iştirakçılarına öz şeirlərini oxuyub.

 

525-ci qəzet.- 2019.- 18 dekabr.- S.13.