Yaxın tariximizə güzgü tutan canlı roman yazır

 

Yazıçı Əjdər Olun "Lo" əsərindən yaranan təəssürat və düşüncələr

 

 

Dekabrın 14-də "Park Bulvar" ticarət Mərkəzinin "Əli və Nino" mağazasında tanınmış yazıçı Əjdər Olun "Lo" romanının təqdimat və imza günü keçirildi.

 

İctimaiyyət nümayəndələri, incəsənət və ədəbiyyat xadimlərinin iştirak etdiyi tədbirdə hər kəs romanın həyəcanında idi. Romanı öncədən oxuyanlar isə barmaqla sayılacaq qədərdi. Onlardan biri də mən idim...

***

"Hövsələm daralmışdı. Düşüncələrimdə dolaşıqlıq vardı. Ürəyim az qalırdı qopub yerindən çıxsın..." İlk dəfədir ki, romanın ilk cümlələriylə mənim onu oxuyub bitirərkən yaşadığım ruh halım bu cür üst-üstə düşür.

Romanı birnəfəsə oxumuşdum. Buna oxumaq da demək olmazdı, sanki romanı məlhəm kimi başıma çəkmişdim.az qala bütün məlhəmlər kimi o da dilimi, dodağımı, boğazımı yandıra-yandıra süzülmüşdü bədənimə.

Öncə romanın adı diqqətimi çəkmişdi. "Lo" dilimizdə qarışıqlıq, hərc-mərclik, bədbəxtliyin ifadəçisidirsə, başqa bir tərəfdən yazıçının "Ol" təxəllüsünün tərsidir. Romanı oxuduqca görürük ki, o qarışıqlığın bir vətəndaşın və bir xalqın tərcümeyi-halına çevrilə bilməsi hər iki variantı özündə birləşdirir.

"Lo" romanı mənim və yaşıdlarımın olmadığı, amma valideynlərimizdən, o dövrün şahidlərindən, arxiv sənədlərindən tez-tez eşitdiyimiz, bildiyimiz bir dövrü əhatə edir. Bu əsər bir insanın, bir ailənin, bir nəslin deyil, bütünlükdə böyük bir cəmiyyətin, dövlətin romanıdır. Baş qəhrəman isə ciddi tarixi-siyasi ağrılardan keçmiş, illərlə, hətta əsrlərlə müstəqillik həsrəti çəkmiş, bir sıra qarşıdurmalara, siyasi oyunlara meydan olmuş, nəhayət, özündə təpər, güc-qüvvət tapıb ayağa qalxan, o müstəqilliyini canı, qanı bahasına qazanan Azərbaycan və Azərbaycan xalqıdır.

Bu baxımdan "Lo" romanı hər bir müasir azərbaycanlının tərcümeyi-halıdır. Bunu yazıçı özü də gizlətmir: "Ölkənin tərcümeyi-halı mənim tərcümeyi-halım idi. Bakıda, Azərbaycanda baş verən hər bir hadisə həyat romanımın süjet xəttinə daxil olurdu".

Müəllif əsərini "canlı roman" adlandırır. 528 səhifəlik romanı oxuyarkən az qala hər səhifədə bu ifadəyə haqq qazandırmaya bilmirsən. İlk səhifədən, ilk olaylardan başlamış son cümləsinə qədər əsər tarixi canlandırmaq, onu canlı şəkildə oxucusuna oxutmaq deyil, göstərmək funksiyasını daşıyır.

Bu tarix 1988-1993-cü illər tarixidir. Azərbaycanın çoxəsrlik tarixinin bəlkə də ən qaynar, ən xaotik və də ən şərəfli dövrüdür. Bu illərin içərisində məğlubiyyət də, bezginlik də, güc də, birləşmək əzmi də, düşmənin gözünə dik baxa bilmək cəsarəti də, vətən üçün, yurd üçün, azadlıq üçün əliyalın şəkildə tankların qabağına çıxmaq qorxusuzluğu da, qarışıqlıqlardan istifadə edib "özünə gün ağlamaq" hərisliyi də, nəhayət, qələbə də var.

***

Əsər qəhrəmanın qardaşı Qaranın hərbi xidmətdə olduğu zaman Çernobılda baş verən o məşum qəza ilə başlayır. Dövrün və Sovet dövlətinin ciddi səyi nəticəsində xalq bu hadisənin miqyası və törətdiyi bəlalar haqqında o qədər də dərin bilgiyə sahib deyillər. Ona görə də əsər bir ailənin daxilindəki təlaşla başlayır. Qaranın başına gələn bu hadisə ağırlığına görə bəlkə də ailənin bu vaxta qədər yaşadığı ən ciddi hadisə idi. İlk səhifələrdən oxucunu öz təsiri altına salan bu fon əsərin sonuna qədər də davam edir. Müəllif ustalıqla hadisələr zəncirini getdikcə böyüyən, qalınlaşan planda bir-birinə toxumağı bacarır. Ailədən başlayan hadisələr məhəllə, rayon, şəhər və nəhayət, ölkə miqyasında böyüyür. Bu ölkənin Azərbaycan olduğunu iddia etmək, romana qarşı bəlkə də haqsızlıq olar. 1979-cu ildən başlayaraq dünya siyasətində aparılan planlı siyasət - Böyük Britaniyanın baş naziri Marqaret Tetçerin, Almaniya Federativ Respublikasının kansleri Helmut Kolun, Fransa prezidenti Fransua Mitteranın, Amerika Birləşmiş Ştatlarında hakimiyyətə gələn Ronald Reyqanın birgəliyi sayəsində kommunist sisteminə qarşı başlanan mübarizə və SSRİ-nin süqutunu labüdləşdirən pərdəarxası ssenari - Marqaret Tetçerlə Qorbaçovun iş birliyi, "Xalq Cəbhələri"nin yaranma ideyası, Moskvada aparılan iyrənc oyunlar, böyük Sovet imperiyasının tərkibindəki ayrı-ayrı respublikaların vəziyyəti, SSRİ-nin dağılmasını labüdləşdirən məqamların şərhində Əjdər Ol yazıçı kimliyindən əlavə politoloqvari dəqiq və səlis mühakimələri ilə bir siyasi araşdırmaçı kimi qarşımıza çıxır.

90-cı illər elə də uzaq tarix olmadığından, az qala hər kəs özünü o dövrdə nələrin baş verdiyi, hansı səbəblərin hansı olaylara gətirib çıxartığı ilə bağlı bilgi sahibi hesab edir. Bəlkə də ona görədir ki, bu günə qədər həmin hadisələr haqqında tutarlı əsər yazılmamışdı. Xüsusən nəsr bu baxımdan çox kasad görünürdü. Sanki yazıçılar dövrün ən alt qatlarına qədər enməyə çəkinirdilər. O dövrdə nəsrimizdə simvolizm daha da güclənməyə başladı. Millilik, milli təəssübkeşlik arxa plana keçdi. Xalqın obrazlaşdırıldığı əsər yazılmadı. "Lo" romanı bu baxımdan da yenidir, önəmlidir, uğurlu tapıntıdır.

Romanda hadisələr dəqiq xronoloji və məntiqi ardıcıllıqla davam edir. Sanki Çernobıla tuşlanan projektor sonrakı səhifələrdə birdən-birə Azərbaycana və onun siyasi-iqtisadi durumuna yönəlir. Beləcə, qarşımızda ən mühüm hadisələr sıralanmaqda davam edir: 80-ci illərin sonunda ermənilər tərəfindən başladılan və Azərbaycan xalqının səbrini tarıma çəkən münaqişələr, ardı-arası kəsilməyən qaçqın seli, getdikcə artan Qarabağ iddiaları, meydan hadisələri, 20 Yanvar faciəsi, bir-birinin ardınca itirilən torpaqlar, SSRİ-nin dağılması, Xocalı soyqırımı, mühüm dövlət adamlarımızın, ziyalıların məzarına çevrilən vertalyot qəzası, Azərbaycanda sürətlə bir-birini əvəz edən rəhbərlik, Elçibəy hakimiyyətinin sonu və nəhayət, xalqın, dövlətin nicatı - Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı...

Bütün bu hadisələrin, siyasi oyunların qurbanı isə yenə də xalq idi. Cəbhədə ağırlaşan vəziyyət, quduz kimi torpaqlarımıza daraşan erməni mənfurlarına qarşı mübarizə "ölüm" və "şəhid" sözlərini ölkədə ən çox işlənən, ən çox eşidilən sözə çevirmişdi: "Azərbaycanda ölüm ucuzlaşmışdı. Bütün ölkə boyu hər kənddə, hər şəhərdə eyni vaxtda neçə-neçə yas çadırları qurulurdusa, daha gözdə yaş qalardı?

Hələ ağır yaralananların müsibəti. Onların sayı şəhidlərinkindən qat-qat çoxdur. Onlar haçan, nə şəkildə sağalacaqlar? Kiminin qolu yox, kiminin qıçı, kiminin hər ikisi. Gözü və yaxud gözləri kor olan, çənəsini güllə, mərmi aparan, bədəninə qəlpə dolan, beli qırılan, başına hava gələn, eh, hər çür zədə növü taparsan. Cəbhəyanı bölgələrdə xəstəxanalar hərbi hospitala çevrilib. Bakının, Gəncənin, sərhədyanı rayon mərkəzlərinin xəstəxanaları yaralılarla doludur".

Əsərin bir başqa özəlliyi isə hər kəsin öz adı ilə yazılmasıdır. Bu vasitə ilə müəllif şübhəyə, qeyri-reallığa heç bir yer saxlamır. Obrazların bəzilərinin adlarını eşitmişiksə, bir çoxunu da görmüşük, görməyə davam edirik. Az qala hər gün qarşılaşdığımız insanların Azərbaycanın ən mühüm dövründə tutduqları mövqe, dövlətin taleyində oynadıqları rol nə qədər maraqlıdırsa, bir o qədər də həyəcanlıdır. Mixail Qorbaçov, Raisa Qorbaçova, Kamran Bağırov, Ayaz Mütəllibov, Əbdürrəhman Vəzirov, Əbülfəz Elçibəy, Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Anar, Xəlil Rza Ulutürk, Mirəli Seyidov, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub və başqaları təkcə tarixin deyil, "Lo" romanının da əsas obrazlarına çevrilirlər.

Əbülfəs Elçibəy romanda saflıq, sadəlik rəmzi kimi hörmətlə anılırsa, Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasəti, müdrikliyi ilə xalqın xilaskarı missiyası ilə bu romanda da öz əzəmətilə ucalır.

Yazıçı həmin dövrdə baş verən böyük siyasi hadisələr bir tərəfə, ən kiçik situasiyanı belə nəzərdən kənar qoymur. Hər kiçik ayrıntıya diqqətlə yanaşır. Amma heç bir yerdə heç kim haqqında mühakimə yoxdur. Müəllif dövrün mənzərəsini yalnışlarla, doğrularla olduğu kimi göstərir. O, heç bir yerdə kiməsə haqq qazandırıb, kimisi haqsız qələmə vermir. Hadisələr və obrazlar haqqında nəticə çıxartmağı oxucunun öhdəsinə buraxır. Bu yerdə bütün hadisələrin tam mərkəzində dayanan yazıçı ara-ara görünməz olur, bəzən isə səhifələr arasında bir kölgə kimi gəzişir. Əlbəttə, öz vətəndaş mövqeyini də gizlətmir, öz bilgisi, müşahidəsi çərçivəsində şərhlərindən də qalmır. Xalqın çoxillik qəflət yuxusundan ayılması, hadisələrə daha obyektiv baxmağa başlamasını biz elə müəllifin "açılan gözü"nün fonunda görürük. Məsələn, bu hadisələrin qızışdığı bir dövrdə müəllif (oxu: xalq) birdən-birə anlayır ki, sən demə, onların öz dövlətləri, vətənləri haqqında illərdir oxuduqları, öyrəndikləri tarix uydurma imiş: "Lapdan ayılıb birdən-birə anlamışdıq ki, Azərbaycanın uzaq-yaxın tarixini bilmirik. Dünyaya meydan oxuyan, güclü dövlətləri yerində oturdan, qorxu içində susduran Sovetlər ölkəsi bizi, öz vətəndaşlarını illərlə gözübağlı saxlamışdı.

Keçmişimiz ərəb əlifbasının dolanbaclarında gizlədilibmiş. Gözümüzə soxulan tarix kitabları isə düzgün yazılmayıbmış. O vəziyyətdəyik ki, insanlar Qarabağ, keçmiş erməni-azərbaycanlı münasibətləri mövzusunda savadsızdır. Hamı bir-birinin ağzına baxır ki, görək qarşıdakı təzə nə deyəcək".

***

Bu qədər siyasi olayların arasında yazıçı sadə insanlara, xoş duyğulara, məhrəm hisslərə də yer ayırır, romanı tarixi roman olmaqdan xilas edir.

Qardaşı Qarayla Lalə, Dostu Balaş və İndira, eləcə də Fərəhə duyduğu anlaşılmaz hisslər romanı ağırlıqdan xilas edən məqamlardır. Romanın sonuna kimi ara-ara qarşımıza çıxan Babayar özünün oynaq, macərapərəst ruhu, qorxmazlığı və ədaləti ilə yadda qalmağı bacarır.

Amma ölkədəki xaos və ağır durum onların həyatına da təsirsiz ötüşmür. Hərəsi bu hadisələrdən bir zərbəylə, bir ağrıyla öz nəsiblərini "alıblar". Çernobıl qəzası Qaranın, bu vasitəylə də Lalənin, həyat yoldaşının, atasının ölümü, özünün aldığı güllə yarası Fərəhin həyatlarını zədələyib. Meydan hadisələrində, cəbhədə aktivlik göstərən, sadə toxunuşları ilə dövlətin bu ağır məqamında gedişata az da olsa, yön verməyə çalışan Qara və Lalə, 20 Yanvar hadisəsində ayağından gülləylə yaralanmağını "ellə gələn dərd toy-bayramdır" deyib az qala bununla fərəhlənən Fərəh, xaricdəki işini atıb vətənin dar günündə yanında olmaq üçün Bakıya, ordanda da dostuyla (müəlliflə) cəbhəyə gedən Balaş da hadisələrin mərkəzində qərarlaşıblar. Ölkədəki qarışıqlıq, hər gün eşidilən ölüm-itim xəbərləri, uzaqların gətirdiyi tənhalıq hissi Balaşı əvvəl rədd etdiyi, adi yanaşdığı İndiraya və onun körpəsinə yaxınlaşdırır.

Dövr elə bir dövrdür ki, hərə etirazını bir cür bildirir. "...Dünənəcən piştaxtanın küncündə toz basmış "Qarabağ" siqaretini mataha mindirmişdilər". Bizim qəhrəmanımız da bir erməni sürücüsünün taksisində 10 qəpik qalığı, erməni dəlləkxanasında isə qiymət təlimatını tələb etməyini səmimiyyətlə danışır.

Əjdər Ol burada da dostu, yazıçı Namiq Abdullayevi unutmur. Onunla bağlı səhnə əsərin ən təsirli səhnələrindən biridir. Onun nə vaxtdır başı dövlətin, xalqın vəziyyətinə, dolaşıq işlərə qarışdığından ona baş çəkməyi unudan dostuna "düşünmürdün ki, bu xarabada bir kəsiyin qalıb?" gileyi həmin dövr Azərbaycanının kiçik modeli idi. Azərbaycan da kəsik idi: azadlıqdan kəsik, demokratiyadan kəsik, idarəçilikdən kəsik, nəhayət, torpaqdan kəsik...

***

Əjdər Ol 2010-2018-ci illərdə qələmə aldığı "Lo" romanını "Yenə də işə gedirdim... Artıq yazdığım romandan çıxmışdım"- cümlələrilə bitirir. Bu romana və roman vasitəsilə görmədiyimiz, bilmədiyimiz, bizdən yaşca böyük olan o hadisələrə daxil olmaq növbəsi isə artıq bizim nəsildaşlarımızın və bizdən sonrakı nəsillərindir.

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 18 dekabr.- S.11.