Borcumuzu qaytaraq!..  

 

 

Dünən bir qrup ziyalı “Borcumuzu qaytaraq!” çağırışı və Bakıda Məhəmməd Əmin Rəsulzadənin ev muzeyi yaradılması təşəbbüsü ilə ictimaiyyətə müraciət edib. Müraciətin mətnini oxucuların diqqətinə çatdırırıq.

Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ili başa çatmaqdadır.

 

100 illiklə bağlı ümidlər və təntənələrdən sonrakı müddət ərzində bu ümidlərin nə dərəcədə doğrulduğu, təntənələrin isə nə qədər təntənəli olduğu haqda düşünməyə kifayət qədər vaxtımız vardı. Nələr etdiyimizlə yanaşı, “nələri edə bilmədik” üzərində düşünəndə alınan mənzərə elə də ürəkaçan deyil...

 

Gəncə, tarixən olduğu kimi, yenə də fərqləndi - “Cümhuriyyət muzeyi” açdı, Azərbaycanın İstiqlalını elan edərək müvəqqəti paytaxt Gəncəyə gələn Milli Şura üzvlərini tarixi binada yenə də bir yerə topladı, Cümhuriyyət və gəncəli cümhuriyyətçilərin adı ilə bağlı binalara xatirə lövhələri, barelyeflər vuraraq bu möhtəşəm hadisəni yaratmış və yaşatmış böyük insanlara imkanları daxilində, öz borcunu verdi.

 

100 illik qarşısında Paytaxt Bakı nə ilə fərqləndi?..

 

Cümhuriyyət və cümhuriyyətçilər adına gözlənilən abidələr, muzeylər niyə yaranmadı?

 

27 il, Rəsulzadənin təbirincə desək, müstəqilliyin ləzzətini daddığımız halda Sovet dönəmindəki kimi hər işi dövlətdən gözləmək vərdişimizdən niyə əl çəkmədik? Bir cəmiyyət olaraq bu gözləntilərimizin doğrulması üçün özümüzetdik?

 

Sovet Azərbaycanında siyasi xadimlərə, xalqın sevdiyi, qiymət verdiyi ədiblərə, şairlərə, sənət adamlarına – Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Səməd Vurğun, Abdulla Şaiq, Məmməd Səid Ordubadı, Hüseyn Cavid, Bülbül, Səttar Bəhlulzadə, Əzim Əzimzadə və başqalarına qoyulan heykəllər bu gündurur, adlarına açılan ev muzeyləri bu gün də işləyir. Bununla da Azərbaycan xalqı özünün dövlətçilik və tarixi-mədəni ənənələrinə varisliyini nümayiş etdirir.

 

Elə isə Azərbaycan Cümhuriyyətinin qurucusuilk dövlət başçısı, İstiqlal məfkurəsinin və “Azərbaycançılıq” ideologiyasının yaradıcısı, görkəmli ictimai, siyasi və dövlət xadimi, ədib, publisist, jurnalist Məhəmməd Əmin Rəsulzadənin indiyədək ev muzeyinin belə olmadığını necə izah edək? Bir Cəmiyyət olaraq qurduğu dövlətə, yaratdığı ideologiyaya, qaldırdığı bayrağa yiyələndiyimiz halda bu tarixi şəxsiyyətin “evinin” yalnız “qəlblərdə” olduğu iləmi kifayətlənək?

 

Borcu qaytarmaq vaxtıdır!

 

Rəsulzadəni Vətənə qaytarmaq vaxtıdır!

 

Vətən isə Evdən başlayır!

Biz, Təşəbbüs qrupu olaraq, “Borcumuzu qaytaraq!” çağırışı ilə Cəmiyyətimizə müraciət edir və aşağıdakıları diqqətə çatdırırıq:

 

Məhəmməd Əmin Rəsulzadə doğulduğu və uşaqlıq illərini keçirdiyi Novxanı kəndindən yeniyetmə vaxtı çıxıb, Vətəndəki bütün sonrakı həyatını – həbsinə və mühacirətinə qədər – Bakıda yaşayıb. Jurnalist, siyasi xadim, dövlət adamı kimi “Azərbaycan” qəzeti redaksiyasına, Müsavat Partiyasının qərargahına, Azərbaycan Parlamentinə indikiNizami küçəsi 59” ünvanlı mənzilindən gedib-gəlib. 1920-ci ilin məşum payızında Bakını həmişəlik tərk edərkən də ailəsi ilə sonuncu dəfə həmin ünvanda vidalaşıb.

 

Bu ünvandakı bina-mənzildə “Məhəmməd Əmin Rəsulzadənin ev muzeyini yaratmaqla, biz yalnız Məhəmməd Əmin bəyin deyil, Azərbaycan dövlətçiliyi yolunda qurban verdiyi doğmalarının – xanımının və dörd övladının faciəli taleyi qarşısında da borcumuzu qismən ödəmiş olacağıq. Sürgünə göndərilmiş və Vətəndən çox-çox uzaqlarda sonsuz əzab, məşəqqətlər içində dünyalarını dəyişmiş Ümbülbanu xanımın, Lətifənin, Xalidənin, Azərin, 24 yaşında güllələnmiş Rəsulun xatirəsi də Məhəmməd Əmin bəylə birlikdə öz evlərinə qaytarılmalıdır.

 

Bu işə qədirbilən Xalq, minnətdar Millət, şüurlu Vətəndaş Cəmiyyəti olduğumuzu sübut etməklə biz başlamalıyıq və bizonu başa çatdırmalıyıq. Bu işin mənəvi və maddi məsuliyyəti da bizim öhdəmizdə olmalıdır!

 

Bu günlərdə ictimaiyyətə göndərilmiş “Böyüklərə hörmət” ismarışı, milli əhəmiyyət daşıyan təşəbbüslərə daim həssas münasibət müqabilində Dövlət tərəfindən bu məsələdə Cəmiyyətə hər hansı dəstək göstərilərsə, “Məhəmməd Əmin Rəsulzadənin ev muzeyi” layihəsi Dövlətlə Xalqın, Hakimiyyətlə Cəmiyyətin birliyinin ən bariz nümunəsi ola bilər.

Əziz həmvətənlərimiz,

Ölkədə və xaricdə yaşayan soydaşlarımız,

Azərbaycanın dostları!

Bu təşəbbüslə bağlı sizin hər birinizdən dəstək, məsləhət və təkliflər gözləyirik!

ğQeyd edək ki, müraciəti Təşəbbüs qrupunun üzvləri –  Əməkdar elm xadimi, tarix üzrə elmlər doktoru, professor Solmaz Rüstəmova-Tohidi, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar jurnalist Qulu Məhərrəmli, yazıçı-publisist, Rəsulzadələr ailəsinin tədqiqatçısı Nəcibə Bağırzadə, Milli Hüquq Evinin rəhbəri, hüquqşünas Nicat Gözəlov və Azərbaycanın Əməkdar rəssamı, M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə imzalayıblar.

 

525-ci qəzet.- 2019.- 18 dekabr.- S.9.