Üslubun sehri

 

 

Hər oxuduğumuz mətn növündən, janrından, həcmindən asılı olmadan hansısa bir keyfiyyəti ilə yaddaşımızda yer alır. Həm də hər kəsin mütaliəsinə durduğu yazının dərki prosesində ona müəyyən bir baxış bucağının da yeri olduğu şübhəsizdir.

Kimsənin yaradıcı şüurunda hasilə gəlib yetişən hər hansı növ əsəri mütaliəyə başlayanı maraqlandırıb onu oxutmağa təhrik edən nəsnə isə, fikrimcə, məqsəddən ötəki yazanın üslubudur. Maraqlı bir əhvalat xatirimdədir. Müzakirəsi keçiriləcək bir dissertasiya işi oxuyurdum. Müəllifini tanımırdım. Yazıdan tələskən, işgüzar təbiətli, az qala çığıra-çığıra danışan gənc bir qızla həmsöhbət olmuşdum. Çox müsahibinə açıq, cəsarətli fikirləri var idi. Üslubuna elə aludə olmuşdum ki, az qala səsini də eşidir, özünü də tanımağa başlayırdım. Tədqiqatın 2-ci fəslinə çatdım. Bircə səhifə oxuyandan sonra duruxub qaldım. Bu nədir belə? Üslubundakı işgüzarlıq ilə mənim də oxu sürətimə temp qatan o gənc qız necə oldu? Yorğun, xəstəhal, ləngərli bu ahıl kişi üslubu haradan çıxdı? 2-3 səhifə də oxudum. Nə yonulmuş, qəlibdən çıxmış cümlələr, fikirlərdir belə?! Elə bil, dərslik oxuyursan... Dissertasiyanın müəllifini yaxşı tanıyan bir əməkdaşımıza təəccübümü izah etdim. Gülüb dedi ki, qızı düz təyin etmisən, xasiyyəti elə sən deyən kimidir. Qaldı 2-ci fəsli yazana... Onun atası qocaman alimdir, həm də müəllim; sən də yaxşı tanıyırsan. Yəqin qız tələsib, özü bitirməyə hövsələsi çatmayıb, həm də körpəsi olub, 2-ci fəsli atası yazıb... İşin ardını oxumağa daha marağım olmadı... Səhifələr məlum tərzdə, ölçülü-biçili akademik üslubda danışırdı.

Üslub, üslub, üslub... Səni duyumumla nə qədər bədii, qeyri-bədii yazını əvvəlindən 2-3 cümlə oxuyub, davamına marağımı bitmiş hiss etmişəm... Üslubun bir termin kimi min illərdən bəri çox alimlər şərhinə durub, tərifini vermişlər. Ən ürəyimcə olanı fransız Lüi Byuffonun "Üslub - insanın özüdür" - tərifi olub. Son günlər şəxsən özünü yaxşı tanıdığım bir xanımın səfər təəssüratlarını qələmə aldığı kitabını oxuyarkən bu aqilanə hökmə bir daha nidalar qoydum. Yetər ki, yazının müəllifi öz varlığının həqiqətinə sadiq olsun. Həmsöhbətinə də nə yuxarıdan, nə arxadan, nə yanpörtü baxsın, məhz onu özünə tay bilib, şüurundan keçənləri, yaddaşında yaşatdıqlarını açıqürəklə bəyan etməyə cürətli olsun. Kitab "Şərqdə 36 günya üç dəniz arxasına səyahətim" adlanır. Müəllifi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi Dilarə xanım Adilgildir. Dərhal bir neçə nümunə vermək istəyirəm ki, bu yazıya nə üçün üslubla başlamağıma aydınlıq gətirmiş olum: "Gözəlim Qahirəyə gözəl bir axşam düşürdü... Şəhər axşam üçün bəzənməyə hazırlaşırdı. Gecələr hər şəhər özünün qara paltarını geyinir, şəhərin işıqları da bu paltarın bəzəyi, daş-qaşı olur... Qahirəni də ilk dəfə belə bir ziyafət geyimində gördük..." "İçəri keçib hamını oyadıram. Böyük gün başlayır! Mənimlə varmısınız?.."  "Özümü gah nağıllar aləminə, gah da kino pavilyonuna düşmüş kimi hiss edirdim. Hətta bax, bu dəm o sıldırım qayanın arxasından Təpəgöz çıxsa, heç təəccüblənmərəm, deyə düşünürdüm". "İlahinin yaratdığı göydələnlərdə təbiətin günboyu qarışdırdığı rənglərin rəqsi davam edir". "Nil Misirin zümrüd rəngli şah damarıdır. Ölkənin bütün şəhərlərini sanki muncuq kimi sapa düzərək birləşdirirdi"...

Göründüyü kimi, kitabın müəllifi açıq ürəkli, ünsiyyətcil, bədii-estetik duyumlu, incə yumorlu bir xanımdır. Əlinə qələm almaqda məramı "İnsanlığın beşiyi" sayılan qədim Misirİordaniyaya səyahəti zamanı gördüklərini, heyran qaldıqlarını və öyrəndiklərini paylaşmaq istəyi olub. Vəssalam...

İlk səyahətnamənin nə vaxt, harada, kim tərəfindən yazıldığını bilmirəm. Ancaq türk dünyasının məşhur şəxsiyyətlərindən olan Övliya Çələbinin XVII əsrin ortalarında yazdığı oncildlik "Səyahətnamə" əsərinin nəinki tarixçi, coğrafiyaşünas və etnoqrafların, həmçinin, ədəbiyyat, folklor, dil, incəsənət və s. elm sahələri üzrə tədqiqatçıların da daim müraciət etdikləri və edəcəkləri bir əsər olduğu məlumdur. Çünki bu növ əsərdə təkcə müəllifin gəzdiyi yerlərdə gördükləri deyil, həyatı boyu yaddaşına topladığı, məlumatlandığı hər nəsnədən də xəbər tutmaq mümkündür. Təki təxəyyülünün meqabaytı tutumlu və yetərli olsun.

XX yüzillikdə xarici ölkələrə yaradıcılıq ezamiyyətinə gedən şair və yazıçılarımızın öz səfər təəssüratlarını, yol qeydlərini yazıb çap etdirmələri proqramvarı bir vəziyyət almışdı. İndiki zamanda da bu janra həvəs göstərənlər az deyil.

Qayıdaq Dilarə xanımın səyahətnaməsinə. Əslində, isti avqust günlərində onun qismətinə düşən səfər marşrutu qədim və zəngin tarixi olmaqla yanaşı, möhtəşəmliyinə və əsrarəngizliyinə görə əsrlərdir ki, çox istedadlı insanları müxtəlif növ əsərlər yaratmağa ruhlandırmışdır. Bu kitabın səhifələrində yeri gəldikcə həmin əsərlərdən bəhs edilir, yaxud sitatlar gətirilir. Dilarə xanım da öz həyəcanlı təəssüratlarını gəncliyindən çox xoşladığı və həvəslə mütaliə etdiyi memuar janrında qələmə almağa qərar verir. Qeyd edək ki, müəllif bu janrın məlum forma imkanlarının genişliyinə arxayınlıqla səyahətinin başqaları üçün də maraqlı ola biləcək məqamlarını öz yaradıcılıq qabiliyyəti ilə də dolğunlaşdırıb, çox oxunaqlı bir əsər hasilə gətirmişdir.

Proloqepiloqdan savayı, yönəldici başlıqları olan otuz beş bölümün hər biri müdrik deyimlər, dini hədislər, yaxud da sadəcə internet saytından gətirilən epiqraflarla məzmuna açar salır. Və kəlamlar dəryasından seçilmiş bu zərrəciklər müəllifin intellekti, bədii-estetik zövqü, dünyaya baxışı, hətta xarakterindən "ufaq damlacıqlar" təsiri bağışlayır. İki-üç nümunəyə diqqət edin: "Bitdi deyə kədərlənmə, yaşandı deyə sevin" (Q.Q.Markes), "Ən xəsis insan salam verməkdə xəsislik edəndir... Birinci salam verən təkəbbürdən uzaqdır" (hədislərdən), "Ən başlıcası həyata sevinməkdir. Əgər alınmırsa, xasiyyətini dəyiş" (H.Veller), "Buyurun bağçaya! Mən sizi qızılgüllərə təqdim edim" (R.Şeridan), "Xeyirxahlıq elə bir şeydir ki, onu kar eşidir, kor görür" və s.

Müəllifin bizi səyahətə çıxardığı məkanın əvvəlcə tarixi, coğrafiyası, təbii özəllikləri, şəxsiyyətləri barədə yığcam, təqdimvarı məlumatlar alırıq - ancaq vikipediya üslubunda deyil, çox maraqlı həmsöhbət olan erudisiyalı, zövqlü, ziyalı bir xanımın səriştəli təhkiyəçiliyi sayəsində.

İlk səfərin yönü İordaniya Haşimilər Krallığının "vizit kartı" olan qədim Petraya olur. Müəllif bizi dünyanın "yeni yeddi möcüzəsindən biri" sayılan iki min yaşlı "qırmızı qızılgül rəngli" şəhərin ecazkar gözəllikləri ilə tanış edir. O, öz məzmunlu, ürəyəyatımlı üslubu ilə təcrübəli bir bələdçi kimi hər qarışında insanı heyrətə salan qədim Petra haqqında rəsmi bilgilərdən sonra rəvayətlər, tarixi şəxsiyyətləri ilə, dünya incəsənəti, kinosu ilə ilişkiləri və s. barədə xeyli məlumatlandırır. Vadi-Ram səhra qoruğuNeolit dövründən qalan şəhər-muzey ÇaraşAmmanda gördüklərini elə hissiyyatla nəql edir ki, təsvirlər vizuallaşır, onun yaşantıları bizdə də əks-səda verir. Dilarə xanım üslubundakı sirayətedici qüvvə ilə bizə də səyahətin emosional ləzzətini yaşadır; "qeyri-real peyzajı ilə görəni tutub-buraxmayan bu yerlərin" cazibəsinə düşürük.

Eləcə də təyyarədən enib, ayağı yerə dəyən kimi: "Afrikadayıq!.. Yerin ən isti materikindəyik!.." nidaları ilə müsahibini yeni səfərə hazır vəziyyətə gətirir, "elə bil, materiklər coğrafiyasının kontur xəritəsində Xili, Viktoriya gölünü, Zambezi çayını rəngləməyim dünən idi" - deyə yaddaşımıza işıq səpir. Qitə barədə oturuşmuş məlumatlarla bahəm, həm də  ekspressiv təəssüratlarını sərgiləyərək diqqətimizi cəmləyir. Qədim dünya abidələrinin, demək olar ki, yarısının qərar tutduğu Misirin təqdimatı üçün kim nə həcmdə fikrini çatdıra bilər çatdırsın, təki təsəvvür yarada bilsin. Dilarə xanıma isə cəmi üç sadə cümlə bəs edir: "Misir -Allahlar, Nefertiti, fironlar, qullar, ehramlar, qızıldan sərdabələr, mumiyalar, heroqliflər deməkdir. Misir - Qahirə, azan səsi, Nil, palmalar, səhralar, dənizlər, dadlı yeməklər deməkdir. Misir - məscidlər, Şərq nağılları, Yusif Peyğəmbər, Musa Peyğəmbər, kilsələr, Ra (günəş allahı), Ramzes, Xeops, Sfinks, Luksor qarışıq bir koleydoskop deməkdir".

Hər daşı sözün həqiqi mənasında tarixlə nəfəs alan İskəndəriyyə ilə tanışlıq elə emosional, elə təfərrüatlıdır ki, ancaq oxuyub həmin təəssüratı yaşamanızı məsləhət bilərdim. İskəndəriyyə parkları, qədim abidələri, Kleopatranın sarayı, Faros mayakı, Stenli körpüsü, xüsusilə məşhur İskəndəriyyə kitabxanasının yaranışı, tarix boyu uğraşdığı hadisələr, arxitektorunun taleyis. barədə müəllifin söhbətləri elə maraqlı və məzmunludur ki, bircə sözünü belə diqqətsiz ötürmək olmur. Kiçik bir nümunə: "Bu şəhər haqqında məlumatlardan biri də... Ay aman, nələr olmur bu dünyada?! Aralıq dənizinin dibi tək Neptunun səltənəti deyilmiş! Sən demə, daha bir İskəndəriyyə suyun altında imiş! Dəhşətli zəlzələlər və kataklizmlər şəhərin əsas tarixi abidələrini dənizin altına aparmış, İskəndəriyyənin gələcək sualtı turizmini təmin etmişdir. Günü bu gün dayvinqlə dənizin dərin qatlarına düşüb orada məşhur İskəndəriyyə mayakının xarabalıqlarını, Kleopatranın sarayını, qədim İskəndəriyyənin küçələrini görmək olar..."

Kitabda iyirmi milyon əhalisi olan Qahirə ilə görüş, bu qədim meqapolislə tanışlıq müəllifin təhkiyə üslubunda da yeni çalarları üzə çıxarır, bədii təsvirlər, bənzətmələr, müqayisələr, təzadlar bu "şipşirin şəhər"i səyahət edərkən daha dolğunlaşır, daha məzmunlu və "qabaritli" təsir bağışlayır. Qahirənin, ümumilikdə Misirin bugünündən keçmişinə yol alan yaddaşdakı sıçrantıları onun siyasi, ictimai-iqtisadi, mədəniyyət, maarif sahəsindəki geriləmələrinə ürəkağrısı və təəssüflər riqqətləndirir.

Ecazkar Qahirə muzeyinin təsisçisi fransız arxeoloqu Oqyust Ferdinand barədə Dilarə xanım elə dərin rəğbətlə yerli-yataqlı danışır ki, oxucuda da həmin hissləri oyandırmağı bacarır. Yaxud muzeydəki eksponatlardan elə heyranlıqla məlumat verilir ki, biz də onları görmüş kimi heyrətə gəlirik. Nümunəsiz ötüşmək olmur: Qahirə muzeyinə eksklüziv ekskursiyamız başlasın! İkimərtəbəli binanın qapısından girən kimi bir anlığa çaşıb qalırsan, bura haradı görəsən?! İlk baxışda bu salon mənə ağacları daşdan, qranitdən olan qalın bir meşəni xatırlatdı". "Mən Səbahəddin qalasının rəmzi mənasına görə Nyu-Yorkun Azadlıq heykəli ilə, Rio de Janeyronun qollarını şəhərin üstünə gərmiş İsa Məsih abidəsi ilə müqayisə edərdim".

"İlk fərqinə vardığım hədsiz böyüklüyü oldu... Ucu-bucağı olmayan Qahirədə köhnə ilə təzə, qədim ilə yeni, gözəllik ilə çirkinlik qucaq-qucağa yaşayır". Və yaxud: "Bu da O!!! Sirlər dağarcığı! Sehrli Gizənin gizəmli sahibi!.. Səhranın solisti! Əlahəzrət Sfinks!.. Bütün gözəlliyi ilə!!!"

Dəfələrlə doğma vətənlə bağlı epizodlar müxtəlif rakurslardan boylanır: istər əsrarəngiz təbiət gözəlliklərinin qoynunda, istər nəcib, qonaqpərvər insanlarla təmasda, istərsə də dərmanların hədsiz ucuzluğundan (qiymətin70 faizi dövlət tərəfindən ödənilir) və keyfiyyətindən bəhs olunandas. və i. Elə alaq dünyanın ən sulu çayına - möhtəşəm Nilə həsr olunmuş yüksək bədiiliklə yazılmış odavarı "Nil" bölməsini: əvvəl doğma Kür, ona həsr olunmuş şeir və mahnılar yad edilir, sonra isə "sanki tanrı bu xalqa Nillə xeyri-dua verib. Dörd bir yanı səhralarla əhatə olunmuşdur. Saxaranın toz-torpağının qabağında Nildi ki, əjdaha kimi dayanıb, hamısını dayanmadan udur. Yoxsa bu ölkənin halı necə olardı?" kimi düşüncələr...

"Böyük, əzəmətli, dəli-dolu" Nillə bağlı müəllifin çox yığcam ştrixlərlə yaddaşında oyananlardan bütöv bir kitab bağlamaq olar. Fikrimizcə, "detektiv janrın kraliçası" Aqata Kristinin romanlarında Nil obrazı və "Nil üzərində ölüm" əsərində əsas bədii personaj kimi verilsə də, Dilarə xanımın Nil haqqındakı söhbətləri də çox maraqlı, rəngarəng və məzmunludur. Özü demişkən: Bunları heç düşünməmişdim. Amma yaddaşımı vərəqlədikcə öz tapıntılarım, kiçik kəşflərim özümə xoş, həm də maraqlı gəlirdi". Onun təsvirlərində Nil canlı bir obrazdır. Yaranışından onun çox mötəbər bir missiyası vardır. Hər şeydən əvvəl, Nil səhralar məskəni Misir torpağının həyat çeşməsi, anası, fədakar vətəndaşıdır. Müəllifin yaddaşındakı sıçrantılar isə bilgisinin əhatəliliyi, mənəvi-əxlaqi gözəlliyi və intellektual yetkinliyini əks etdirib, dərin rəğbət oyadır, təhkiyəsinin, cəlbediciliyini artırır. Onun bələdçilik etdiyi təbiət və tarixi təsvirlərdən emosional yaşantılara, yumorlu əhvalatlara keçidləri, bədii əsərlər, insan taleləri, yaxud öz ömür dolaylarından fraqmentlər nəinki oxucunu bezdirir, əksinə, diqqət kəsilirsən ki, söhbətin daha duzlu, daha şirin məqamlarını ötürməyəsən. "Çünki məscidin səmaya açılan baca-pəncərəsi yaddaşımdakı xatirələri silkələyib oyatdı" - kimi haşiyələr səyahət təəssüratlarından heçaz maraq kəsb etmir. Xüsusilə Dilarə xanımın səfər zamanı ünsiyyətdə olduğu yerli insanlar - Mahmud Anatinin ailəsi, bir romanlıq tale yaşayan gözəl azərbaycanlı qızı Natəvan və b. haqqında, yaxud uşaqlıqdan bəri öz əhatəsindəki sevimli doğmaları ilə bağlı təsirli əhvalatlar, sərgüzəştlər bu dəyərli səfər təəssüratlarının zərif naxışlarıdır, gərək özün oxuyasan, məgər birdir, ikidir?!. Bir əhvalatdan heç cür keçə bilmədim. Çünki "adam bilmir gülsün, yoxsa ağlasın?!" Varlı bir ərəb ailəsində oğullar atalarına "ad günü sürprizi" etmək fikrinə düşürlər. Onlar qocanı yüzlərlə şar bağladıqları stula oturdub havaya qaldırırlar. Sosial şəbəkələrdə paylaşmaq üçün tez video çəkməyə başlayırlar ki, "internet ulduzu olub, rekord qırsınlar". Stula bağlanmış qocanı külək aparır və o, gözdən itir. Üç gün sonra yazıq qocanı ölümcül tapırlar. Doğrusu, mən də bilmədim bu cahilliyə ağlayım, ya gülüm. Necə bizim televiziya kanallarındakı bəzi seriallara baxanda ağlayımmı, yaxud gülümmü - heç cür kəsdirə bilmirəm. Ancaq onu bilirəm ki, hər dəfə xeyli əsəbim korlanır, qanım qaralır. Axı bu serial yaradıcılarının bədii əsərin tipikləşdirmə şərtindən xəbərləri yoxdur, məgər? Bu gün kiminsə hansı tanışınınsa ailəsində yaşanan çox anormal hadisələrə mədəniyyət cildi geyindirib xalqımıza sırımağa nə haqqı var?.. Bu seriallardakı bütün günü yalnız neqativ ovqatla çığıra-çığıra dalaşan, yaxud ağlayıb-sısqayan bədbəxt, mənən şikəst insanların ailə münaqişələrini təbliğ etməklə müəlliflər nə demək istəyirlər?.. Ədəbiyyatımızda, eləcə də kinomuzda azərbaycanlı ailəsi heç vaxt bu qədər qara boyalarla təqdim edilməmişdir.

Yaxşı ki, həmin dövrdə Dilarə xanımın "Üç dəniz arxasına səyahət" kitabını oxuyurdum. Onun gəzdiyi yerlərdən ürəkaçıqlığı ilə bələdçi kimi söhbətləri arasında çıxdığı haşiyələrdə yaxın qohumları barədə çox zərif, kövrək duyğulu xatirələrində milli ailə mədəniyyətimiz, doğmalıq münasibətləri, "böyük-kiçik" adət-ənənələrimiz öz hərarəti, şəfqəti, səmimiyyəti ilə ürəyi isindirir, yaddaşa işıq səpir.

Yazıma üslubla bağlı düşüncələrlə başlamışdım. Kitabı oxuduqca yaxından tanıyıb dostlaşdığım təhkiyəçinin pozitiv üslubundan ruhumda oyanan xoş ovqat sona kimi əskilmədi. Üstəlik, mütaliə edə-edə müəlliflə birgə İordaniyaMisirin qədim, füsunkar gözəlliklərini seyrə çıxdım, yüksək mənəviyyatlı insanlarla tanış oldum, təəssüratlardan xeyli zövq alıb zənginləşdim.

Dilarə xanım Adilgilin oxucu üçün nağılabənzər bir mühit yaradan "Şərqdə 36 günya üç dəniz arxasına səyahətim" kitabı son dövr memuar ədəbiyyatımızın layiqli nümunəsidir.

 

Safurə QULİYEVA

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2019.- 20 dekabr.- S.12.