Şair Kəramətin "Xatirə muzeyi"

 

 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış şair Kəramətin "Xatirə muzeyi (adam)" adlı şeirlər kitabının təqdimatı olub.

Tədbiri giriş sözü ilə AYB katibi Rəşad Məcid açaraq qonaqları salamlayıb. O, Kəraməti yeni kitabına görə təbrik edərək aparıcılığı Ağacəfər Həsənliyə verib.

Ağacəfər Həsənli Kəramətin yaradıcılığından söz açıb: "Kəramətin fərqli, özünəməxsus şeirləri var. Sözün keşiyində dayanan, uğurlu misralarla dolu yaradıcılığı var. Onun 80-lərdə yazdığı şeirlər indiöz ahəngində, öz üslubundadır".

A.Həsənli daha sonra qonaqlara söz verib.

Yazıçı Vaqif Nəsib Kəramətlə bağlı kiçik bir xatirəsini bölüşərək deyib: "Kəraməti şair kimi qəbul edirəm. Gözəl şairdir, amma çox az görünür. Xahiş edirəm, özü görünməsə də, imzası görünsün".

Şairin qələm dostları Qəşəm Nəcəfzadə, Əli Şirin Şükürlü, Maarif Soltan, Qulu Ağsəs, Əlisəmid Kür, Mübariz Məsimoğlu və başqaları Kəramətin yaradıcılığından, onunla bağlı xatirələrdən danışıblar.

Qeyd edək ki, "Ol" nəşriyyatında çap olunan kitaba müəllifin son otuz ili əhatə edən yaradıcılığından seçmə şeirlər, "Cəzb və kütlə hökmü" adlı poema daxildir.

 

525-ci qəzet.- 2019.- 20 dekabr.- S.11.