Ədəbiyyatşünaslığımıza yeni töhfə

 

Bu günlərdə Latviyada beynəlxalq Globe edit mətbəəsində işıq üzü görən AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun "Ədəbiyyatşünaslıq" şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın "Məmməd Səid Ordubadi: Şərq və Qərb" monoqrafiyası olduqca maraqlı bir mövzuya həsr edilib.

Şərqlə Qərbin qovuşuğunda var olan, multikultural dəyərlərin, sivilizasiyalararası mədəniyyətin beşiyi Azərbaycan, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan ədəbi mühiti üçün bu, əlamətdar hadisələrdəndir. Əsərə Ulu öndər Heydər Əliyevin "Yönümüz Şərqə olsa da, yolumuz Qərbədir" fikri ilə başlayan ədəbiyyatşünas alim Şərq və Qərb, bu iki qütbün qarşılıqlı elmi-mədəni əlaqə və münasibətləri kontekstində Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, həyat və fəaliyyətinin müəyyən bir hissəsinə Naxçıvanda keçirən, burada doğulub boya-başa çatmış Məmməd Səid Ordubadi yaradıcılığını tədqiqat obyektinə çevirib. Üç fəsildən ibarət monoqrafiyada özünəməxsus tədqiqat üsulu ilə hadisələri təhlil edən, onları milli ədəbi düşüncə süzgəcindən keçirən müəllifin hər bir araşdırmanın nəticəsində gəldiyi qənaətlər öz elmi sanbalı ilə diqqəti cəlb edir. Monoqrafiyanın birinci fəslində Şərq və Qərb, bununla bağlı nəzəriyyələr Azərbaycan və Naxçıvan ədəbi mühiti, burada yaşayıb fəaliyyət göstərən görkəmli simalar, Şərq və Qərb konsepsiyasına ayrı-ayrı tədqiqatçıların yanaşma və münasibətləri kimi məsələlər önə çəkilib. Monoqrafiyanın ikinci fəslində böyük sənətkar Məmməd Səid Ordubadinin həyatı və fəaliyyətinin xronoloji ardıcıllıqla tədqiqinə, bu dövrdə onun qələmə aldığı əsərlərin mövzu dairəsi kimi məsələlərin təhlilinə geniş yer verilib. Monoqrafiyanın üçüncü fəsli isə konkret olaraq Məmməd Səid Ordubadi yaradıcılığında Şərq və Qərb probleminin qoyuluşu və digər ədəbi nümunələrlə müqayisəli araşdırılmasına həsr olunub. Çünki ədəbiyyat tariximizin müxtəlif mərhələlərində yaşayıb fəaliyyət göstərən sənətkarlarımızın yaradıcılığında Şərq və Qərb faktoru buya digər dərəcədə özünü göstərib. Bu proses xüsusilə XIX yüzilliyin ikinci yarısı, XX yüzilliyin əvvəllərində daha geniş vüsət alıb. Ona görə yox ki, Şərqdə elm və ədəbiyyat zəifləmişdi. Əksinə, bu dövr Azərbaycanda A.Bakıxanov, M.F.Axundzadə, M.Ə.Sabir, N.Vəzirov, C.Məmmədquluzadə, E.Sultanov, H.Cavid kimi yazıçı və şairlərin, "Şərqi Rus" qəzeti, "Molla Nəsrəddin", "Füyuzat" kimi jurnalların fəaliyyət göstərdiyi bir dövr idi. Sadəcə bu dövrdə Qərbdə belə demək mümkünsə, bütün sahələrdə, o cümlədən də, elm və ədəbiyyat sahəsində ciddi irəliləyişlər əldə edilir. Bunun da məntiqi davamı kimi həmin mərhələdə müxtəlif Avropa ölkələrinə səyahət edən, oradakı tərəqqini görən dövrün qabaqcıl düşüncəli ziyalıları Şərqin bu inkişafda geri qalmaması arzuyla çıxış edirdilər. Unutmayaq ki, hələ əsrlər öncə Şərqdə ədəbiyyat İntibah dövrünü yaşayıb Nizamilər, Nəsimilər, Füzulilər, Xətailər yetişdiyi bir vaxtda, Bağdadda belə demək mümkünsə universitet fəaliyyət göstərdiyi bir zamanda hələ qərblilər, qərb dünyası dağınıqlıq dövrünü yaşayır, "çəpərləmələr" siyasəti həyata keçirirdi. Lakin bütün bunlara baxmayaraq, elm və ədəbiyyatda qarşılıqlı təsirin olduğunu inkar etmək olmaz. Əsrlər boyu Qərb Şərqdən bəhrələndiyi kimi, zamanla Şərqdə Qərbdən faydalanıb. Bütün bu aspektləri nəzərə aldığımız zaman geosiyasi maraqların mərkəzində yerləşən Naxçıvan ədəbi mühitindəki mütəfəkkirlərin, o cümlədən, Məmməd Səid Ordubadinin can yanğısını, inkişafa çatmaq ideallarını başa düşmək o qədər də çətin olmur. Monoqrafiyanın müəllifinin də qeyd etdiyi kimi, M.S.Ordubadi nəinki qoca Şərqi, həm də Avropanı cəmiyyətimizə tanıdan ədəbiyyat nəhənglərindəndir. Onun yaradıcılığında, xüsusilə romanlarında Şərq və Qərb baxışbucağı, onların sintezini əyani şəkildə görmək olur. Həmin əsərlərdən "İki çocuğun Avropa səyahəti", "Dumanlı Təbriz" əsərində Nina və İraidanın dialoqunu, "Qılınc və Qələm" əsərindəki fikirlər, faktlar buna misal ola bilər. Kitabda araşdırmalar konteksində Nizami dövrünə də səyahət edən müəllif hətta həmin dövrdə belə Şərq ədəbiyyatında Qərb mədəniyyətinə müsbət münasibət izlərinin olduğunu qeyd etmişdir. Belə ki, N.Gəncəvinin utopik ideallarının ümumiləşdirildiyi "İsgəndərnamə" poemasında İsgəndər obrazına yanaşma bu faktın təzahürlərindəndir. Eyni zamanda, məsələləri obyektiv təhlil edən müəllif göstərir ki, Nizami Gəncəvi öz humanist ideyaları, düşüncələri ilə avropalı utopistlər Tomas Moru və Kampanellanı altı əsr qabaqlamışdır. Başqa bir fakt. Əgər M.S.Ordubadinin "İki çocuğun Avropa səyahəti" romanı 1908-ci ildə nəşr edilmişdirsə, bu ənənənin təsiri ilə Jean de la Hirenin "İki çocuğun devri-aləmi" ("Le Tour du monde de deux enfants") əsəri 1912-ci ildə işıq üzü görmüşdür. Bu faktlar sübut edir ki, Şərq ədəbiyyatı və mədəniyyəti heç də Qərbdən geri qalmır, əksinə, ona təsir edir, zənginləşdirir. Müəllifin fikrincə, M.S.Ordubadi daha çox Şərqə meylli yazıçı olmaqla yanaşı, milliyətçi mövqeyi ilə də diqqəti cəlb edir. "Qılınc və Qələm" əsərində Fəxrəddin surətinin dili ilə deyilən fikirlərdə bunu müşahidə edirik. M.S.Ordubadi yaradıcılığında Şərq və Qərb məsələlərini ətraflı araşdıran Nərgiz İsmayılovanın gəldiyi ümumi nəticə bundan ibarətdir ki, bütün sahələrdə olduğu kimi, ədəbiyyatda da Qərbi Şərqsiz, Şərqi Qərbsiz təsəvvür etmək olmaz. Onlar biri digərinə qarşılıqlı təsir etməklə inkişaf edir, zənginləşir. Onun fikrincə, istər o dövrdə, istərsə də yaşadığımız zamanda Qərb dünyasına meyl şüurlu xarakter daşımış və bu gün də daşımaqdadır. Müəllifə görə, gerçəkliyi dərk etmədən qərbə meyllənmək, "qərbliləşmək" gələcəkdə ciddi fəsadlar törədə bilər. Buna görə də milli kimliyimizin, mədəniyyətimizin, mentalitetimizin, dəyərlərimizin ön planda tutulması bütün dövrlərdə hər bir azərbaycanlının müqəddəs amalı olmuş və günümüzdə də olmalıdır.

İnanırıq ki, ədəbiyyatşünaslıqda öz orijinallığı ilə diqqəti cəlb edən Şərq və Qərb konsepsiyası, həmin konsepsiyanın nümunəvi tədqiqat əsərlərindən olan "Məmməd Səid Ordubadi: Şərq və Qərb" monoqrafiyası azərbaycançılıq ideologiyasının, ədəbiyyatımızın, milli-mənəvi dəyərlərimizin, tolerantlığımızın, humanizminin təbliğatçısı və carçısına çevrilərək Azərbaycan elm və mədəniyyətinin, Naxçıvan ədəbi-mədəni mühitinin, bu mühitin yetişdirdiyi görkəmli simaların dünyada tanıdılmasında mühüm mənbə rolunu oynayacaq. Əsərin müəllifi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Rəşad ZÜLFÜQAROV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2019.- 20 dekabr.- S.11.