Azərbaycanın səsi Riga Symphony müsabiqəsinin polifoniyasında

 

Dekabr ayında, yeni il ərəfəsində Latviyanın paytaxtında ənənəvi olaraq gənc vokalçıların Riga Symphony adlı müsabiqə-festivalı keçirilir.

 

2019-cu ildə artıq səkkizinci dəfə baş tutan bu müsabiqəyə 21 ölkəni təmsil edən 300 nəfərdən çox iştirakçı toplaşmışdı. Müsabiqə 5-25 yaş arası vokalçılar üçün bütün əsas nominasiyalar üzrə keçirilir. Burada vokal sənətinin əsas istiqamətləri - akademik vokal, jazz, pop, xalq ifaçılığı təmsil olunur. Müəllif mahnıları, latviyalı bəstəkarların nəğmələrinin ifası da qiymətləndirilir. Bu il Diamond voice nominasiyası, habelə xor ansambl ifaçılığı üzrə yarışma da ümumi proqrama əlavə olundu. Daha bir nominasiya Gənc istedadların kökləri adlanırdı: burada isə müsabiqə iştirakçılarının valideynləri öz bacarığını sərgiləmək imkanı əldə etmişdi.

Xatırladaq ki, ötən il Azərbaycan Riga Symphony müsabiqəsində dünya hiti nominasiyasında Qran-pri (Ləman İbrahimova) xalq ifaçılığı nominasiyasında gümüş mükafat (Nigar Cəlilova) qazanmışdır.

Builki müsabiqədə ölkəmizi İsgəndər Həsənzadə, Nəzrin Həsənzadə Nəfisə Akiyeva təmsil edirdilər. Onların üçü opera müğənnisi, vokal üzrə tanınmış pedaqoq Yevgeniya Məmmədovanın tələbəsidir. Nəfisə rəqabətin xüsusilə böyük olduğu 18-25 yaş kateqoriyasında yarışaraq çox ləyaqətlə çıxış etdi kifayət qədər yüksək qiymətlər alaraq sonda müsabiqənin bürünc mükafatçısı oldu. İsgəndər (8-11 yaş kateqoriyası) Nəzrin ( 12-14 yaş kateqoriyası) öz qüvvələrini akademik vokal dünya hiti nominasiyalarında sınadılar. Onların çıxışı mütəxəssislərin diqqətindən yayınmadı. Hər iki gəncin gözəl səs imkanları musiqi duyumu, habelə zəhmətsevərliyi qeyd olunmalıdır. Hər ikisi səhnədə özünü çox gözəl hiss edir oxuduqları əsərləri dolğun çatdırmağı bacarır. Odur, azərbaycanlı vokalçıların hərəyə müvafiq olaraq - iki qızıl medal alması (cəmi dörd qızıl medal) tamamilə qanunauyğun idi. Nəzrin finalda - festivalın VEF Mədəniyyət Sarayında keçirilən bağlanış konsertində Azərbaycanı təmsil etmək hüququ qazanaraq, Tofiq Quliyevin Sənə qalmaz mahnısını incə zövqlə səsləndirdi. G.Şaroyev adına 35 saylı musiqi məktəbində təhsil alan İsgəndər isə öz artistizmi sehrli səsi (estoniyalı ekspert Y.Kuzminanın ifadəsidir) ilə bir çoxlarını məftun etdi. Onun müvəffəqiyyətini konsertmeyster Lalə Bağırzadə bölüşdürdü.

Müsabiqə günlərində gənc ifaçılar əvvəlcədən tərtib olunmuş proqrama əsasən öz ölkələrinin səfirliklərində olmaq imkanı əldə etdilər. Azərbaycanın Latviyadakı səfirliyində təşkil olunan görüşdə səfir Cavanşir Axundov gənc ifaçıları uğurlu çıxışları münasibətilə təbrik edib, onlara yeni zirvələr fəth etmək arzularını çatdırdı. Səfir xüsusi vurğuladı ki, bu gün Azərbaycanda gənclərin təlim-tərbiyəsi, ən yaxşı təhsil ocaqlarında oxuması, sənətlərini inkişaf etdirməsi üçün yaxşı şərait yaradılıb. Görüşün sonunda gənc artistlərə xatirə hədiyyələri təqdim olundu.

Mənə artıq ikinci dəfə bu gözəl müsabiqənin münsiflər heyətinin işində iştirak etmək nəsib oldu. Yəqin burada müəyyən qanunauyğunluq var. Axı əsas kitabımın adı Simfoniyanın fəzasıdır. Həmin kitabda mən 60-80-ci illər Azərbaycan simfoniyasının inkişafında başlıca təmayülləri nəzərdən keçirirəm. Simfoniya sözü həmsəda kimi tərcümə olunur. Riqada elə müxtəlif çalarlı sədaların ahənginin şahidi olduq: fərqli dillər, ənənələr, üslublar, temperamentlərin bir araya gəlməsi əsrarəngiz polifoniya yaratdı. Mən Riga Symphony müsabiqəsini Şərq xalçası ilə müqayisə edərdim. Bu xalçanın hər bir naxışı gözəl orijinaldır. Bir yerdə həmin naxışlar valehedici al- əlvan panno əmələ gətirir.

Bir cəhəti xüsusi vurğulamağı lazım bilirəm. Riga Symphony rəsmən müsabiqə statusunda olsa da, onu daha çox festival kimi nəzərdən keçirərdim. Axı burada qalib məğlub olanlar yoxdur. Əsas odur ki, müxtəlif millətlərin təmsilçiləri bir araya gələrək musiqinin dili ilə ən ülvi duyğuları - sevgini, xeyirxahlığı, dostluğu, yaradıcılıq harmoniya dolu dinc həyatı vəsf edirlər.

Əlbəttə, mükafatlandırılanlar da oldu və onların sırasında gənc azərbaycanlıları görmək çox sevindirici idi. Onu vurğulayım ki, həmvətənlərimiz müsabiqəyə çox yaxşı hazırlaşmışdılar. Onlar hətta öz zahiri görünüşü, konsert kostyumları ilə də xoş təsir bağışlayırdılar. Hər şey - Azərbaycanın bayraqları, milli şirniyyatın və suvenirlərin təqdimatı əvvəlcədən düşünülüb daşınılmışdı. Burada, əlbəttə, valideynlərin rolu da önəmlidir. Onların zəhməti və qayğısı nəticəsində uşaqlar, demək olar ki, mükəmməl çıxışlar nümayiş etdirə bildilər.

Festivalda iştirak etmək hamımızı son dərəcə zənginləşdirdi. Məsələn, mən İtaliya, Çexiya, Qazaxıstan, Belarus, Litva, Bolqarıstan, Portuqaliya, Polşa, Kuba, Moldova, Ukrayna, Estoniyadan festivala təşrif buyurmuş ali peşəkarlarla tanış olmaq imkanı əldə etdim. Onların çoxu azərbaycanlı iştirakçıları öz müsabiqələrində görmək arzusunu ifadə etdilər. Əsas da elə budur. Belə festivallarda yaranan əlaqələr sonralar öz bəhrəsini verir.

İstedadlı uşaqlarımıza musiqiyə uca münasibət bəsləyərək məqsədyönlü çalışmaq, durmadan dünyagörüşünü genişləndirmək, dilləri öyrənməyi tövsiyə edərdim.

Nəhayət, yeni il öncəsi uşaqlara nağıllar aləminə əsrarəngiz səyahət bəxş etmiş insanı - festivalın yaradıcısı və bədii rəhbəri, bəstəkar, pedaqoq, prodüser, Pumpurini uşaq vokal və rəqs studiyasının direktoru Helena Lorena Şvilpenin xidmətlərini qeyd etməmək mümkün deyil. Məhz onun titanik zəhməti, istedadı və sənətə sevgisi nəticəsində bu musiqi bayramı baş tutdu. Festivala qatılmış heç bir iştirakçı diqqətsiz qalmadı: məhz bu il xüsusi dizayn əsasında hazırlanan kubokmükafatlar, əlbəttə, festivala əlavə rəng qatdı. Münsiflər heyətinin üzvlərinə verilən xatirə mükafatının ürək formasında olması rəmzi məna daşıyırdı. Bununla da Riqa festivalının yaradıcısı hər bir kəsə ürəyinin bir parçasını bəxş etdiyini bildirirdi.

Onu da deyim ki, dünyanın müxtəlif ölkələrində müsabiqələrə münsiflər heyətinin üzvü, ekspert kimi dəvət alan, uşaq və gənclərlə əlaqədar bir çox layihəyə imza atmış H.Şvilpe Azərbaycanda da Baku Symphony adı ilə müsabiqə təşkil etmək arzusunda olduğunu söylədi. Məncə, gözəl təklifdir və ona diqqət yetirməyə dəyər.

Helena Şvilpe əmindir ki, istedadsız uşaq yoxdur. Onun təşkil etdiyi festivalın əsas məqsədi isə uşaqları xoşbəxt etməkdir. Düşünürəm, həmin vəzifə böyük müvəffəqiyyətlə yerinə yetirildi.

 

 

Zümrüd DADAŞZADƏ

Professor, Əməkdar incəsənət xadimi

 

525-ci qəzet.- 2019.- 20 dekabr.- S.9.