Vüsala səsləyən "Ayrılıq"

Sərhəd hərəkatı-30

 

 

31 dekabr dünya azərbaycanlılarının həmrəylik və birlik günüdür. 1991-ci il ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni  Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib.

...Uzun zaman bir-birinə həsrət qalan xalqımızın 30 il  bundan əvvəl Arazın hər iki sahilində sərhəd yürüşü - Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı-bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində, azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Genişlənən demokratik hərəkatın nəticəsində 30 il əvvəl SSRİ-nin dövlət sərhədinin Naxçıvanda elliklə sökülməsi   Naxçıvan televiziyasının "Ayrılıq" bədii-publisistik verilişində  öz geniş əksini tapmışdı. Tanınmış tədqiqatçı alim Əli Şamilovun "Odlar yurdu" qəzetinin 1989-cu il 11 iyun tarixli 11-ci nömrəsində yazdığı kimi, həmin veriliş o zaman sərhəd hərəkatının vizual salnaməsinə çevrilmiş, onun "təkərciyi və vintciyi" rolunu oynamışdı. Bu proqram 1987-ci ilin sentyabr ayından ekranda görünməyə başlamış, elə ilk günlərdən də özünə geniş tamaşaçı auditoriyası qazanmışdır. "Ayrılıq" titri sərhəd dirəkləri və tikanlı məftillərlə təsvir edilir, arxa planda Araz çayı görünürdü. Yaqub Zurufçunun ifasında "Ayrılıq" mahnısı ilə müşayiət olunan  keçidlərdə parçalanmış nar rəsminin göstərilməsi, arxa planın dekorasiyası, butaforlar uğurlu rejissor işinin nəticəsi idi. Verilişlərin birində mahnının sərhəd dirəklərinin yandırılması kadrları ilə müşayiət olunması qarşıdakı məqsədlərdən xəbər verirdi.

Kollektiv əməyin,  mənim müəllif və aparıcılığımla ərsəyə gələn bu verilişi təkcə naxçıvanlılar səbirsizliklə gözləmirdilər. Şərqi və Qərbi Azərbaycanın Arazboyu kəndləri, Xoy, Mərənd, Maku, Culfa, Ələmdar, Qaraziyəddin və başqa şəhərlərində də "Ayrılığ"a maraqla baxırdılar. Təbrizdən Vəli Uskui adlı bir tamaşaçı Zəfəraniyyə məhəlləsində "cürlədiyi xüsusi dəsgahla" bu verilişə, bütövlükdə Azərbaycan televiziyasına baxdığını bildirirdi.

"Ayrılıq" o tayla bu tay arasında bir körpü yaradırdı. Məhz bu proqramın sayəsində İrandan, eləcə də Türkiyənin İqdır, Aralıq bölgələrindən Naxçıvan televiziyasının ünvanına minlərlə məktub gəlməyə başlamışdı. Məktub müəllifləri uzun illər ayrı düşdükləri qohumlarından xəbər tutmaq məqsədilə Naxçıvan televiziyasına müraciət edirdilər.

İndi belə proqramlarla heç kəsi təəccübləndirmək olmaz. Amma nəzərə alaq ki, bu veriliş Sovet imperiyası dövründə  min  zülmlə efirə yol tapmışdı və efir məkanının cəsarətli addımı  idi.

Sərhəd hərəkatının  30 illiyi  və 31 dekabr Dünya Azərbaycanlıları Həmrəyliyi Günü  ərəfəsində  o dövrün "Ayrılıq" bədii publisistik proqramından bəzi fraqmentləri göz önündən keçirmək elə bilirəm ki, "525-ci qəzet"in oxucuları üçün maraqlı olar.

Dəmir iradənin tikanlı məftillərdən güclü olduğu gün

Dekabrın 31-nə hələ 27 gün vardı. Güney Azərbaycandan görünə bilən dağ və təpələrdə tonqal qalanması ilə sərhəd hərəkatına start verildi. Bu tədbirdən sonra 21 Azər (12 dekabr) inqilabının ildönümü günü hərəkat iştirakçıları bütün sərhəd boyu zəncirvari düzülərək güneyli qardaşlarımızla həmrəylik aksiyası keçirdi. Bu aksiyanın da çox uğurlu alınması hərəkatı üçüncü mərhələyə daşıdı. Bu mərhələdə əvvəlcə sərhəddin içərisində qalmış əkinəyararlı torpaqların və tarixi abidələrin (Culfa rayonu ərazisində olan Gülüstan türbəsi və s.) istifadəyə verilməsi tələbi irəli sürüldü   dekabrın 17-də Ordubadda, Culfada, Nehrəmdə, Böyükdüz və  Şahtaxtı kəndlərində Araz çayı boyunca çadırlar quruldu. İlk gündən çıxışlar edilməsi, şüarlar, milli ruhlu şeirlər və musiqilər səsləndirilməsi üçün o zaman üçün ən yaxşı səsgücləndiricilər qurulmuşdu.  Ən çox səsləndirilən şüarlar belə idi: "Yadlar bizi qırınca, türklər, haydı qılınca", "Azərbaycan oyaqdı, inqilaba dayaqdı", "Bakı-Təbriz bir olsun, istəməyən kor olsun". Bunlarla yanaşı, mübariz şeirlər oxunur, ayrılıq, vüsal haqqında musiqilər və marşlar səslənirdi.

Dekabrın 24-də Naxçıvan şəhərində keçirilən mitinqdə dekabrın 31-i saat 12-  sərhədlərin söküləcəyi qərarı bəyan edildi. Bu, SSRİ tarixində heç kimin düşünmədiyi və gözləmədiyi bir aksiya idi.

Nəhayət, 1989-cu il, 31 dekabr. Bu tarix heç zaman naxçıvanlıların yaddaşından silinməyəcək. Məhz bu gün Sovet imperiyasının dayaqlarının nə qədər çürük olduğunu naxçıvanlılar dünyaya nümayiş etdirirdilər. Bir xalqı ikiyə bölən imperiya zəncirləri məhz Naxçıvanda qırıldı. SSRİ və İran arasındakı sərhəd dirəkləri söküldü, tikanlı məftillər tarixin arxivinə göndərildi.  Sərhəd dirəklərinin sökülməsi də məhz "Ayrılıq" verilişinin reportajı kimi lentə alındı. Bu tarixi gündə hərəkat iştirakçıları arasında olmağımızla, bu müqəddəs işdə fəal iştirakımızla qürur duyurduq. Baxmayaraq ki, bu işdə həbs olunma, ölüm qorxusu da var idi. Bu gün bizim hər birimizin istəyi həbs, ölüm qorxusundan yüksəkdə dayanırdı. Tikanlı məftillər əlimizə batır, yaralayır, qan axırdı. Amma heç birimiz o ağrıları, acıları duymurduq. Sərhədlərin sökülməsi xalqın yüz illik qəzəbinin ifadəsi idi. Sanki vulkan püskürürdü. Bu vulkanın qarşısını heç kəs ala bilməzdi. Həsrətini Arazın buz kimi soyuq sularında ovudanlar da var idi. Hətta üzüb o taya keçənlər də oldu.

31 dekabr sərhəd hərəkatı tarixdə görünməmiş, eşidilməmiş bir hadisə, üzü vüsala gedən günlərimizin başlanğıcı idi. Bu, uzun illər tikanlı məftillər arasına alınmış, SSRİ adlı xalqlar həbsxanasında dünyadan bixəbər bir xalqın hayqırtısı idi. Bir xalqı ağlar qoymaq, ümidsiz yaşatmaq hansı insanlığa yaraşır, ilahi. Azərbaycan torpağını ikiyə bölüb, onun övladlarına azadlıq, xoşbəxtlik təlqin etmək, xoşbəxtlik və günləri tərənnüm edən nəğmələr oxutdurmaq ən azı vicdansızlıqdır. İllər boyu, indinin özündə belə müstəmləkə siyasətinə lənətlər yağdırdığımız çarizm dövründə nə tikanlı məftil olub, nə də bu qədər həsrət. Düzdür, Rusiyanın ucqarlarda yeritdiyi müstəmləkəçilik siyasəti bu məftilləri hazırlamışdı. Amma onun bu qədər sərt, dəhşətli olacağını heç kəs gözləmirdi.

"Təbriz oxuyurdu dağlar başında"

Nəhayət, o gün gəlib yetişdi. 1990-cı il martın 21-i - Novruz həqiqətən də ömrümüzə yeni gün kimi daxil oldu. O gün həsrətin, ayrılığın vüsal dəmi gəlib yetmişdi. O gün muxtar respublikamızdan İrana gedən min nəfərin ömrünə az qala min gün də əlavə olundu. Şəninə şeirlər yazılan, xalqın göz yaşına çevrilən Arazın o gün ilk dəfə üzü güldü. O gün üstündən quş belə keçsə qanad salan Araz üzərindəki körpü gül-çiçəyə bələndi. Min nəfərin içərisində ilk dəfə körpüyə ayaq basmaq səadəti şair Əliyar Yusifliyə, Muxtar Qasımzadəyə, Həmid Arzuluya, İsa Həbibbəyliyə, Həsən Ağayevə (Ağasoy) və mənə nəsib olur.

Körpünü keçəndə yerdimi, göydümü, bilmədik. Sanki adamlara ilahidən qanad gəlmişdi. Uçurduqmu, yeriyirdikmi,  bilmədik.

Körpünün İran Culfası səmtindəki tağbəndi yaşıl don geyinmişdi. Düzlərin, dərələrin bir əlçim heykəli olan səmənilər ömrümüzə növbəti yazın gəldiyini xəbər verirdi. Hər tərəfdən ucalan "xoş gəldin" nidaları sevincdən doğan göz yaşlarına qarışmışdı. İranın müxtəlif kənd və şəhərlərindən gəlmiş minlərlə insan quzeyli soydaşlarını şirniyyatla, ən şirin sözlərlə qarşılayırdı. Taleyin hökmü ilə uzun illər bir-birindən aralı düşən, bir-birinin üzünü ilk dəfə görən qohum-əqrabanın sevincini təsvir etmək o qədər də asan iş deyil. Bu sevincdən yalnız qohum-əqrabaya deyil, o taya qədəm qoyanların hamısına pay düşürdü.

"Hüseyn ağa, xoş gəlmisən" sözlərinin kimə ünvanlandığını müəyyən etmək üçün sağıma-soluma baxıram. Amma yox, deyəsən, bu sözlərlərlə kimsə məni salamlayır. Əl verib görüşürəm, o isə məni qardaşı kimi qucaqlayır və özünü təqdim edir: Doktor Səid! O, bütün Arazboyu kənd və şəhərlərdə hamının "Ayrılıq" verilişini maraqla izlədiyini və məni də həmin verilişin müəllifi və aparıcısı kimi tanıdığını bildirir. Uca qamətli, sivri saqqallı Behruz Muradi ilə də körpüdə tanış oluram. O da məni qonaq aparmaq istəyir. Amma qarşıda hələ Təbriz vardı. Xəyallarımın, gümanlarımın Təbrizi. Onlar və Qulamrza adlı gənc bizi məscidəcən müşayiət edir və çoxlu suallar verirdilər. Gənclər daha çox bu tayda təhsil almaq imkanları ilə maraqlanırdılar.

"Sahibi əz Zəman" məscidində keçirilən qarşılama mərasimindən sonra Təbriz televiziyası üçün müsahibə verdik. Sonra Əhməd Dünyadust adlı bir nəfər bizi öz evinə dəvət etdi. O, Mərənd şəhərindən idi. Evlərində bizi doğma, əziz adamları kimi ağırlayıb əzizlədilər. Günortadan sonra Təbrizə üz tutduq. Yolboyu güneyin kəndləri bir-birini əvəz edirdi. Şahmar, Şüca kəndləri arxada qaldı. Ələmdar-Gərgər qəsəbəsində yolüstü Əhməd kişinin bacısıgildə dayandıq, onun açdığı şirniyyat süfrəsindən bir qismət dadıb çay içdik. Görüşə gəlmiş qonşuların yanında qadının sevinci aşıb-daşır, başımıza fırlanır, bizi yedizdirmək üçün dəridən-qabıqdan çıxardı. Müşahidələrimiz ələmdarlıların gün-güzəranı haqqında müəyyən təsəvvür yaratdı.

Burada demək olar ki, hər bir ailədə əsasən Naxçıvan, Bakı televiziyasına baxırlar. Odur ki, onların əksəriyyəti məni tanıyırdı, doğma adamları kimi bağrına basmaq istəyirdi. Bu sevgi dənizində yelkənsiz bir qayığa çevrilmişdim.

Bir azdan Nasirin "Peykan"ında yola düşürük. Radiodan türk müğənnisi Aişənin şaqraq səslə oxuduğu şərqi səfərimizə rövnəq verir və sanki arzularımızı ifadə edirdi:

Allah bizi qovuşdursun, inşallah!

İkimizi ayırmasın, inşallah!

Qarşıda başı qarlı Mişov dağları görünür. Bir azdan Mərənd şəhəri öz çılpaqlığı ilə gözlərimiz önündə canlanır. Şəhərin girəcəyindəki Rizvan bağını, Şəhidlər Xiyabanını ziyarət edirik. Yolboyu rastabazar, emalatxana və karxanalar, sexlər böyük bir yaşayış məntəqəsinə yaxınlaşdığımızdan xəbər verir. Yolda post qurulub. Polis nəqliyyat vasitələrini yoxlayır, bu taydan gələn qonaqları geri qaytarırlar. Çünki SSRİ və İran arasında bağlanmış memoranduma görə Novruz səfəri sərhəddin 45 kilometrini əhatə edir. Təbriz isə 45 kilometrin əhatəsində deyil. Avtobusda bizi tanımasınlar deyə sərnişinlər qalstukumuzu çıxarmağı təklif edirlər. Birinin bürkünü başımıza qoyur, digərinin paltosunu geyinir, şarfını boynumuza dolayırıq. Postda avtobusu saxlayıb "Şuravidən müsafir varmı" - deyə soruşurlar. Bütün yolçular bir ağızdan "yox" deyirlər. Beləliklə, elə ilk addımda qonaqpərvərlik siyasətə üstün gəlir.

Görünən hər dağ, təpə haqqında məlumat verməkdən məmnunluq duyurlar. Bostanabadlı Həsən Hatəmi isə bu yerlərə daha çox bələddir: Bax, o görünən Haçatəpədir, o tərəf Qaraçəmən, ondan o tərəf Xoşginabdır. Ustad hünərmənd Şəhriyarın doğulduğu kənd. Qaraçəmən, Xoşginab şairin oylağı olub. Onun yaradıcılığına ürəkdən vurğunam. Hərdən özüm də yazıram:

Haçatəpə, gəl dağlıqda bağlaşaq,

Qəmli gündə bahəm olaq, ağlaşaq,

Əcəl yeli əsəndə bir ölək, bir sağlaçaq.

Şair Muxtar Qasımzadə ikinci misraya irad tutur: "Nədən ağlaşaq, bəlkə birləşək yazasan, kişilər ağlamaz axı". Sonra Mirzə Ələkbər Sabirin "Ağladıqca kişi qeyrətsiz olur" satirasını söyləyir.

Deməli, bu yerlərdir Şəhriyarı söz mülkünün ustadı eləyən. Çılpaq təpələrdən, ot-ələfsiz dərələrdən ibarət olan Şəngilova elinə tükənməz məhəbbətdir şairi bəşəri ideyalar və amallar carçısına çevirən.

Culfa-Təbriz şose yolunun son nöqtəsi olan Acı körpüsündə Təbriz dumandan sıyrılıb öz çılpaqlığı ilə gözlərimiz önündə canlanır. Təbriz! Arzularımın, ümidlərimin Təbrizi. Hər qarışından minillik tarix fışqıran əzəmətli şəhər. Kəcil ağzı, Süxab, Əmirxiz, Rastabazar, Leylabad, Əmir Teymur məhəllə və meydanları. Əsasən bişmiş kərpicdən hörülmüş iki-üç mərtəbəli boz binalar, ensiz izdihamlı küçələr, bir-birini əvəz edən dükan-bazarlar, camelər, məscidlər şəhəri... Sürücülər arasında tez-tez qadınlar gözə dəyir, çadraya, çarşafa bürünmüş, manto geyinmiş qızların işıq saçan çöhrələri qaranlıq gecədə ay kimi parlayır.

Həsrət və qovuşmaq yanğısının, azad və hürr olmaq istəyinin sonsuz bir eşqin fədaisinə çevirdiyi Rəsul Rzanın bu misraları qəlbimdə səslənir:

Son zamanlar

səni yuxuda görürəm,

Təbrizim,

Hər gecə.

Suyun, çörəyin varmı?

Nəğmən necə?

Yenə "Qaragilə"?

Yoxsa daha qəmlidir?

Göy məscid necədir?

Ərk qalası necə?

Yanıq dağ qupqurudur,

Ya nəmlidir?

Yuxuma girirsən Təbrizim,

Yoxsa incimisən uzun

həsrət yorub səni?

Yoxsa dözüb-dözüb

İndi yaman qəribsəmisən?

Təbrizim,

Mənsizim...

Yox, artıq bu, yuxu deyildi. Avtobusda tanış olduğumuz sərnişinlərin hər biri təkidlə bizi evinə qonaq dəvət edir. Oteldə qalacağımızı bilən Həsən Hatəmi bizimlə otelə gəlir. Çünki SSRİ-dən gələn müsafirlərin mehmanxanalara yerləşdirilməsinə yasaq qoyulub. Nəsə düzür-qoşur və biz "Terminal" otelinə yerləşirik. Məqsədimiz bələdçisiz-filansız şəhərlə tanış olmaqdır.

İlk  olaraq  məşhur alim, həkim, filosof və şairlərin məzarlarının cəmləşdirildiyi abidəyə  yollandıq . Burada böyük bir memorial kompleks qurulur. Müasir Azərbaycan və fars ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Məhəmmədhüseyn Şəhriyarın məzarı da kompleksdə yerləşdiyindən Şəhriyarın məqbərəsi kimi tanınır.

Reportyorla bir neçə ziyarətçiyə yaxınlaşıb şair haqqında müsahibələr almaq istədim. Lakin nə qədər qəribə olsa da, onların Şəhriyar haqqında məlumatı ya yox idi, ya da olduqca cüzi idi. Səbəbini araşdırarkən hardansa polis peyda oldu, kimliyimlə, nəçiliyimlə maraqlandı. Amma bu "maraqlanma" elə tərzdə həyata keçirildi ki, repartyoru əlimdən almadığına şükr edərək aradan çıxdım və səfər boyu bir daha üzə çıxarmağa cəsarət etmədim.

Şəhriyarın məqbərəsinin yanında bir məscid vardı, yenicə tanış olduğumuz Salam adlı şair bizi ora apardı. Məscidə "Əliyunlar" təşkilatının üzvləri toplaşırdılar. Onlar Həzrət Əlini özləri üçün birinci müqəddəs adam sayır, sonrakı imamlara o qədər də biət etmirdilər. Müəyyən vaxtlarda həmin binaya toplaşan vəliyunlar müxtəlif şəbihlər çıxarır, şaman rəqslərinə bənzər rəqsləriylə ("rəqs" adlandırdığım üçün allah günahımdan keçsin) ekstaz vəziyyətinə gəlirdilər. İştirak etdiyimiz mərasim isə Novruz bayramına həsr olunmuşdu və Novruz xalis dini bayram kimi təbliğ edilirdi.

Məscidin yuxarı başında qara əbalı, əmmaməli bir ruhani oturmuşdu, biz belə adamları mürid kimi tanıyırıq. Qalın qara qaşları altından qartal baxışları ona sərt bir görkəm verirdi. Növbəyə düzülmüş mürşidlər xüsusi ayinlə müridə yaxınlaşır, əllərini öpürdülər. Biz də səfə dayanmışdıq. Əvvəl-əvvəl Muxtar müridə yaxınlaşdı, amma görünür, ayini düzgün icra etmədiyindən müridin təəccüblü və zəhmli baxışına məruz qaldı. Növbə mənə yetişəndə heç bir qayda-qanuna əməl etmədən yüz ilin tanışı kimi əl verib şəstnən görüşdüm. Yaxşı ki, Salam köməyə çatdı:

- Şurəvidəndilər, - dedi, - qonaq gəliblər.

Əvvəlcə ney çalındı, Novruz bayramı haqqında çıxışlardan sonra əsasən fırlanmaqdan ibarət olan ayin başlandı. Bir neçə adamın ekstaz vəziyyətə düşdüyünün şahidi olduq. Bu ayinələrin icrası xüsusi hazırlıq tələb etdiyindən tamaşa etməklə kifayətləndik.

Bizə belə ayinlər kino-filmlərdən, bir də ki "Dumanlı Təbriz"dən tanışdı. Romanda ittihadi-islam şüarlarının yayıldığı Birinci Dünya Müharibəsi dövründə Təbrizdə hər addımda dini ayinlərin icra olunduğu təsvir edilir. Bu hərəkatda Təbriz dübbələri daha böyük rol oynayırdı. Onlar hətta rus kazaklarına da növhə oxumağı öyrətmişdilər. Kazaklar döşlərinə vura-vura oxuyurdular:

İmam Quseyn xoroşi,

Yezid bolşoy sukin sın.

Pilov davay po bolşi,

Yezid bolşoy sukin sın!...

Böyük söz ustadı Şəhriyar "Heydər babaya salam" poemasında yazırdı: "...Qızlar deyər: Atıl-matıl, çərşənbə, ayna təki baxtım açıl, çərşənbə..." Azərbaycanın digər yerlərində olduğu kimi, Təbrizdə də ötən ilin ağırlığını çərşənbələrlə yola salıb yeni ili təmtəraqla ağırlayır, onun uğur gətirəcəyinə inanır, bayram edirlər. Dəvəçi, Qonqabaşı, Şamqazan, Yekədükanlar, Abrəsan, Qarabağlılar, Sento, Bahar, Pastur, Çaharrahe-Şahnaz, Tərbiyət, Qurd meydanı (indi "Qutb" adlanır), Acı körpü, Abbasi, Kuye-vəliəsr, Terminal, Barnava, Bazarağzı, Saatqabağı, Xiyabani, Şəmsul - imarə, Vadiye-rəhmət, Ərk məhəllələrində Naxçıvanın, Şərurun, Ordubadın küçələrində olduğu kimi tonqallar qalanır, "ağırlığım-uğurluğum burada qalsın" söyləyirlər.

Vətənimizin başqa bölgələrində olduğu kimi, Təbrizdə də oxşar yeməklər və şirniyyatlar bişirilir. Bununla belə, Təbrizin bəzi özəllikləri var: O tayda plovun çeşidli növləri - fisincan plov, zəriş plov, mürəssə plov, şirniyyatı ilə ad çıxarmış Şəbüstər şirniləri, şorbalar, Təbriz küftəsi, çizə küftə, qarnıyarıq (badımcan dolması), Qoşaçay kababı, yarma aşı, isgənə, şülən və başqa ləzzətli yeməklər soydaşlarımızın halal süfrəsinə bəzək, ağızlarına dad verir. Şirniyyatlardan isə paxlava, bamiyə, zulbiya, təzə (halva növü), filqulağı (quşfil), qurabiyə, vadambura, lətifə, kişmişli, dil (zəban) süfrələrin yaraşığıdır. Bundan başqa, Təbrizdə badımcandan tutmuş qarpızadək, eləcə də gilənardan qozadək bütün meyvələrdən mürəbbə və şərbət hazırlanır, bu nemətlər də o taylı Azərbaycan türklərinin bayram süfrəsinin bəzəklərindəndir.

Şəhərin dükan-bazarları ayrı bir aləmdir. İnanmıram ki, iqtisadi uğurlarına görə dəmhadəm Amerikaya yetişməkdə və onu ötməkdə olan SSRİ-nin Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında Təbrizin təkcə bir küçəsində satılan kartof, soğan, kələm qədər məhsul istehsal oluna. Yaxud tək Rastabazarda satılan qiymətli zinyət əşyaları qədər Naxçıvanın varı-dövləti ola.

Hər şey özlərinin istehsalıdır: taxıl, düyü, çəltik, bostan-tərəvəz məhsulları. Xurma, püstə, badam, qoz, fındıq, müxtəlif çeşiddə ət, balıq, şəkər, şirniyyat, qənnadı... Burada gopa basmırlar, iş görür, ortaya məhsul çıxarırlar. Bizdə isə ət, qənd, yağ talonladır. Xurma, portağal, sitrus meyvələri, balıq məhsulları nadir adamların süfrəsində tapılar. Axtarsan Şərqi Azərbaycanda kənd təsərrüfatına aid heç bir müşavirə, qurultay, plenum da keçirilməyib, bu sahənin adamları orden və medallarla təltif edilməyib, fəxri adlara layiq görülməyib. İranda məhsul bolluğu üçün ideoloji iş aparmırlar. Zurnaçılar pambıq, yaxud tütün ustalarını əmək qələbəsinə ruhlandırmaq üçün tarla düşərgəsində zurna çalmır. Onlarda heç komsomol da yoxdur. Komsomol yoxdursa, deməli, qəzetlərində "Komsomol həyatı" şöbəsi də yoxdur.  Allah, keç bu binəvaların günahından.

1989-cu il 31 dekabr sərhəd hərəkatından əvvəl Araz sahilində tanışlıq görüşləri keçirilirdi. İnsanlar o tayda, bu tayda üzbəüz dayanıb qohum-əqrəbalarını soraqlayırdılar. Hərdən o tayda təbliğat maşını da işə düşürmüş: -  Sizdə bundan var? - deyə banan göstərirmişlər, bizimkilər, - yox, - deyirmiş. Onlar, - amma biz hər gün muz yeyirik. Sonra xurma göstərirlərmiş, - sizdə bundan var? - deyə davam edirmişlər. Təbii ki, bizdə yox. Onlar isə hər gün xurma yeyirmiş. Nəhayət, bizimkilərdən biri soruşur: - Sizdə bundan var? - deyə partbilet göstərirlər. Onlar deyir yox. Bizimki, - olsaydı bax bundan yeyərdiniz, - deyə dirsəyini göstərir. Rabinoviçin lətifəsinə bənzəsə də, həqiqətdir.

Onlar şüar demədən iqtisadiyyatı bazar yönümündə düzgün qurub, nəticədə idxalçıdan ixracçıya çevriliblər. Qoy Amerika özünü cırıb töksün, Avropa ölkələri nə qədər embarqo tətbiq edirsə, etsin. Bu ölkə özü-özünü yaşatmağa qadirdir, özü öz çörəyini yeyir.

Vahid iqtisadi məkanda yerləşən, eyni təbiətə malik olan, yalnız Arazın ayırdığı bu tayda qarpız şamama boyda, o tayda isə balqabaq boyda bitir. Burda taxılın hər hektarından şişirtmə rəqəmlərlə 20-25 sentner, o tayda isə 50-60 sentner məhsul götürülür. Hər bölgə öz məhsulu ilə tanınır. Günəbaxan, üzüm, qoz-fındıq, sitrus meyvələri, badam-püstə, taxıl, çəltik, düyü və onlarla məhsul təyinatı üzrə rayonlaşdırılıb. Mal-qara, heyvandarlıq, arıçılıq, balıqçılıq da o cümlədən.

Dükan-bazarları gəzdikcə Sovet iqtisadiyyatının çürüklüyünə lənət yağdırmamaq olmur. Məhz buna görə illərdir ki, aramıza dəmir pərdə çəkiblər, dünyanı görməyək, tanımayaq. Avtomobil almaq üçün növbəyə duranlara bəzən ömür yetmir, burada isə dükanlarda müxtəlif markalı maşınlar yanbayan düzülüb, pulunu ver, min get...

Avtomobil ticarəti ilə məşğul olan Mehdi maşınqayırma sənayesi barədə məlumat verir. "Yəqin təbliğat aparır" - deyə o qədər də diqqət yetirmirik. Amma küçələrdə maşınların aramsız hərəkəti, gur axını deyilənləri təsdiqləyir.

Yeni tanışlarımızdan biri bizi oteldən götürüb axşam evlərinə qonaq apardı. Sən demə, əvvəldən hazırlıq görüb, tanınmış ziyalıları, müğənni və şairləri, jurnalistləri bizimlə görüşə çağırıb. Məşhur bəstəkar Əli Səlimi də məclisdə iştirak edirdi. Onlar sanki bizi dinləmirdi, söhbətimizi suya təşnə adamlar kimi içirdilər. Hərdən suallar da verirdilər. Bu tayda milli azadlıq hərəkatından, sərhədlərin sökülməsindən qürur və iftixar hissi ilə danışırdıq.

O gecə söhbət o tay-bu taylı xalqımızın, dünyanın hər yerinə səpələnmiş soydaşlarımızın mənəvi birliyindən, ortaq mədəni dəyərlərindən başlayıb qardaş həmrəyliyini gücləndirmək, könül ayrılıqlarına son qoymaq arzularımızla, bir də bu söhbətlərin fövqündə duran, fikri-zikri gətirdiyi malın yaxşı qiymətə satılmasının yanında olan sürücümüzün Əli Səlimiyə naqafil sualı ilə bitdi:

- Bağışlayın ha, sizdən bir şey xəbər alım, burada sverlo neçəyədir?

Qəm karvanının yükü

 İran İslam Respublikasının Konstitusiyasına görə milli azlıqlara öz dillərində məktəb açmaq icazəsi verilib. Bundan digər millətlər, xüsusən ermənilər yararlansalar da, Azərbaycan dilində bir dənə də məktəb açılmayıb. Tanıdığımız ziyalılar bunu belə izah etdilər ki, bizimkilər məktəb açmaqdansa, karxana açmağa üstünlük verirlər. Kim məktəb açmaq istəyirsə, buyursun! Əlbəttə, bu məsələdə siyasi polemika üçün geniş meydan var. Siyasət isə "Ayrılıq" verilişinin əhatə dairəsində deyil.

Təbrizli ziyalıların bir qismi Azərbaycan dilində qəzet-jurnal çıxarmağın çətinliyini həm də onların oxucusunun olmaması, maddi çətinliklər, hökumətdən icazə almaq və digər problemlərlə əlaqələndirirlər. Lakin unudurlar ki, sələfləri bu problemi hələ 19-cu əsrdə həll edə bilmişdilər. 1858-ci ildə ziyalıların gərgin fəaliyyəti nəticəsində Təbrizdə "Azərbaycan" qəzeti nəşrə başlamış, müxtəlif adlarla bir neçə il nəşr olunmuşdu.

1875-ci il iyulun 22-də ilk nömrəsinin nəşri ilə Azərbaycan milli mətbuatının bünövrəsini qoyan "Əkinçi" qəzeti də olduqca mürəkkəb bir şəraitdə fəaliyyətə başlamışdı. Həsən bəy Zərdabinin də indi Təbriz ziyalılarını düşündürən problemi var idi: "Bəs qəzetləri necə çıxardım? Pul yox, yazıçı yoldaşı yox, çapxana yox, əmələ yox. Bir-iki yüzdən artıq oxuyan da olmayacaq. Dövlət tərəfindən izn almaq da ki bir böyük bəladır". Amma Həsən bəy Zərdabi hələ o zaman təkbaşına bu problemin öhdəsindən gəldi. Mətbuat tarixçilərinin obrazlı şəkildə söylədiyi kimi, "Əkinçi" milli ictimai şüurun yuxuya verilmiş "xam torpaqlarını" şumlayıb, oraya milli varlığımızın münbit toxumlarını səpdi. Bu toxumlar cücərib sonrakı onilliklərdə yeni-yeni dövri nəşrlərin yaranmasına, milli demokratik mətbuatın inkişafına güclü təkan oldu. "Əkinçi"dən estafeti qəbul edən "Kəşkül" jurnalı ilk dəfə olaraq milləti öz adı ilə çağırmağa başladı. Sonra isə yüzlərlə qəzet-jurnal "Əkinçi"nin çırağını məşələ çevirdi.

Bəs görəsən, o tayda bu çırağı kimi yandıracaq? Doğrudur, İranda "türki dili"ndə qəzetlər çap olunur, teleradio verilişləri var. Lakin mətbuat dövri xarakter daşımır, yaxud "Keyhan" kimi qəzetlərin bir-iki səhifəsi "türki dili"ndə çıxır ki, onlar da əsasən reklam və elanlardan ibarətdir. Teleradio verilişləri cəmiyyətin ovqatını, istəyini, zövqünü, səviyyəsini, hara getdiyini elə aydın göstərir ki... Cəmiyyətin təhtəlşüuruna asta-asta yeridilən, kodlaşdırılıb şifrələnən idbar təfəkkür və davranış kodeksinin məğzinə elə güzgü tutur ki... Verilişlərin əksəriyyəti dini ayinlərdən, aşura mərasimlərindən hazırlanan reportajlardır. Digər verilişlər isə qatışıq bir dildədir, ana dilində yalnız feillərdir, çox vaxt feillərin özü də qarışıq və farslaşmış halda olur. Məsələn, "Təbriz bələdiyyəsinin qərarı ilə bu işə son qoyuldu" cümləsi "Şəhrdare möhtərəme Təbrizin rizayətilə bu işə əncam verildi" şəklində ifadə olunur.

Belə şeylər bizə də yad deyil. Özünü elita sayan kosmopolit təbəqə öz dilində danışmağı eyib sayır, yalnız Moskva televiziyasına baxır, rus dilində yazıb-oxuyur, danışır. Elmi ədəbiyyat əsasən rus dilindədir, ən yaxşı bədii ədəbiyyat rus dilində nəşr olunur.

Bir dəfə Makuda Azərbaycan televiziyasına baxırdıq. Diktor xəbər oxuyurdu: "Aqrar sənaye kompleksində istehlak vasitələrinin istehsalı infrastrukturun gücləndirilməsinin prioritet istiqamətlərindən biridir".

Ev sahibi soruşdu ki, bu nə dilində danışır, bizi də agah elə. Doğrusu, o cümlənin mənasını mənə də agah eləyən gərəkdi.

O tayda elə, bu tayda belə. Məkan fərqli olsa da, sanki eyni taledi. Bəzi ziyalılara qalsaydı, dil çoxdan assimlyasiya edilmişdi. Yaxşı ki sadə xalq var, dili yaşadan onlardır. Makulu tanışımın fars dilini bilməyən ata-anası kimi... Savadsızlığa bəraət qazandırdığım üçün günahımdan keçin.

Qeyd etdiyimiz kimi, Təbriz İranda baş vermiş inqilablarda həmişə öncül rol oynamışdır. İslam inqilabının Xomeynidən əvvəlki lideri təbrizli Şəriətmədari idi. İnqilaba başlayan təbrizlilər öz dini liderlərinin müdafiəsinə qalxıb şəhər radiosunu ələ keçirmiş, "Şəriətmədari" şüarları ilə küçələrə çıxmışdılar. Təbii ki, Tehran məsələnin bu səviyyəyə qalxması ilə barışa bilməzdi və odur ki, Təbrizə böyük bir ordu yeridildi, şəhərdə yenidən "hökuməti-nizami" elan edildi.

İndi Təbrizdə həmin dəhşətli hadisələrlə bağlı yarı gülməli, yarı ağlamalı bir əhvalatı çoxları xatırlayırlar. O qanlı günlərdə Təbrizdəki qədim körpünün üstündə bir dəstə adam yaşlı bir kişini saxlayıb soruşur:

- Sən homeyniçisən, yoxsa şəriətmədariçi?

Cavab vermək çox çətindir. Çünki əks cəbhədən olanları körpüdən aşağı tullayıb öldürürlərmiş. Kişi ha baxır, onu sorğu-suala çəkənlərin kimin adamları olduğunu ayırd eləyə bilmir. Odur ki, bir xeyli tərəddüddən sonra deyir:

- Mən qurumsağam.

Ağlına gələn yeganə xilasedici cavab silahlı adamları güldürür və kişini buraxırlar.

Ərk qalası yaxınlığında siqnal verə-verə gələn böyük bir maşın karvanı qarşımıza çıxdı. Elə bildik bizdəki kimi gəlin gətirlər. Tanışımız Mehdi dedi ki, bunlar İraqda əsirlikdə olanlardır, əfv ediləndən sonra vətənə qayıdırlar. O ki qaldı toylara, indi toy vaxtı bir-iki saat yalnız aşığın çalıb-oxumasına icazə verirlər. Bir dəfə aşıq Dehqanın iştirak etdiyi məclis uzanıb. Aşıq bəylə gəlinin şəninə çalıb oxuyurmuş. Birdən məclisə Mələkkutinin adamları gəlib çıxırlar. Hamı özünü itirir, amma aşıq sazına xitabən vəziyyətdən çıxır:

O yanı quti, bu yanı quti

Yaşasın Mələkkuti!

Adamlar xəlvətə çəkiləndə Mələkkuti ilə bağlı saysız-hesabsız "cok"lar, yəni lətifələr danışırlar.

"Saat qabağı" meydanında tanış bir səs qulağıma dəydi. Yaxınlaşıb adamları yara-yara önə keçdim. Şərurlu müğənni Yavər idi. Qadağaya-filana məhəl qoymadan oxuyurdu:

Bu ocaq, bizim ocaq.

Alovu qucaq-qucaq.

Qoymayın odu sönsün,

Sönsə, yadlar udacaq.

Təbrizdən dönərkən Arazqırağı Nazikkənddə qonaq olduq. Axşam kəndin səfalı yerində qarşımızda qeyri-adi mənzərə açıldı. Gözümüz qarşısında Arazın bulanıq suları bərq vurur, o tayda Naxçıvan şəhəri apaydın görünürdü.

İki gün əvvəl çıxdığımız doğma şəhər üçün yamanca qəribsədik. Yaman olurmuş vətəndən vətənə baxmaq. Bax, o Möminə Xatın məqbərəsidir, bu tərəfdəki mədəniyyət sarayıdır, o biri "Təbriz" otelidir, - deyə nazikkəndlilərə ərz edərkən birdən-birə hər şey yoxa çıxdı, sanki ilğım, xəyal görmüşdük. Şəhər qeybə çəkildi. Nə onlar, nə də biz təəccübləndik. Adi hal idi, şəhərdə yenə işıqlar sönmüşdü.

Üç günlük səfərimizi başa vurub geri qayıdanda İran Culfasında böyük bir qələbəlik gördük. Kimisi Xoydan, kimisi Təbrizdən, kimisi də Mərənddən, Şotdan, Makudan, Qaraziyəddindən, Səlmasdan, Urmiyadan qayıdırdı. Bir çoxunu uzun illərin ayrılığından sonra tapdığı qohum-əqrəbası yola salırdı.

Ələmdarda mənə bir dəstə süni gül hədiyyə etmişdilər. Elə bilirdim ki, Təbrizin, Mərəndin, Xoyun, Meşginin, Gərgərin ətri var o çiçəklərdə. Gülləri sinəmə sıxıb Arazüstü körpüdən keçərkən tələsmirdim. Çünki öndə də Vətən idi, arxada da...

Örtülü bazar dostluğu pozar

"Ayrılıq" bir xalqı ikiyə bölən tikanlı məftillərə kinin, nifrətin ifadəsidir. Bizim istəyimiz o taylı, bu taylı soydaşlarımız arasındakı tilsimi sındırmaq, Arazüstü körpülərdən gediş-gəlişə nail olmaq idi. Artıq bir ildir ki, arzularımız gerçəkləşib, ayrılığın sonu çatıb. O taydakı doğma el-obaya qovuşmaq, sevincinə sevinc qatmaq nə böyük səadət imiş. Sədərəyin erməni hücumlarından müdafiəsində bütün el-oba ayağa qalxmışdı. Onların arasında özünü Arazın soyuq sularına vurub köməyə gəlmiş o taylı soydaşlarımızı da görməkdən əsl qürur duyurduq:

Dağ döşündə damım var,

Bağımda badamım var,

Gəl qapımdan gir, qardaş,

Desinlər, adamım var.

O döyüşlərdə Şahruxun, Puriyanın, ələmdarlı Nurəddinin mərdliyini, cəsurluğunu heç zaman unutmayacağıq.

Qanı qanımızdan, canı canımızdan, dini dinimizdən, dili dilimizdən olan insanlarla görüşüb bir araya gəlmək ulu şairimiz Şəhriyarın da arzusu idi:

Bir uçeydim bu çırpınan yelinən,

Bağlaşeydim dağdan aşan selinən

Ağlaşeydim uzaq düşən elinən

Bir görəydim ayrılığı kim saldı,

Ölkəmizdə kim qırıldı, kim qaldı.

Hərdən bu mövzunu - "uzaq düşən el"nən ayrılığı kimlərin saldığını redaksiyamıza gələn o taylı soydaşlarımızla müzakirə edirik.

Bu söhbətlərdə həm də son vaxtlar qarşılıqlı gediş-gəlişin məhdudlaşdırılmasından narahatçılıq ifadə olunur. Həqiqətən də gömrük-keçid məntəqələrində gediş-gəliş məhdudlaşdırılmış, nəticədə qaçaqmalçılıq halları artmışdır. Belə səhnələrlə Şərurun Qorçulu, Muğanlı, Kərimbəyli, Alışar, Xələc kəndlərində tez-tez rastlaşmaq olar. Televizor keçirən kim, benzin, yanacaq alan kim.

Görəsən, nə üçün sərhədyanı ticarətin qanuni təşkili qaydaya salınmır, bu iş yubadılır? Axı Poldəştdə (keçmiş Ərəblər kəndi) Şərurda, Şotda, Culfada, Yolagəldidə, Naxçıvanda sərhədyanı ticarət təşkil edilsə, bundan həm o taylı, həm də bu taylı soy-daşlarımız fayda götürər.

Doğrudur, "cin bazarları" var, lakin bu bazarlar dövlət nəzarətində deyil, ayrı-ayrı inhisarçıların əlindədir. Belə bazarlar aldatmaq, kələk gəlmək prinsipi üzərində qurulur və arzu-ümidlərimizi, müqəddəs amallarımızı heçə endirməyə xidmət edir.

Bəzən o taylı soydaşlarımızın malları sərbəst ticarət yolu ilə deyil, təhdid yolu ilə alınır, digəri aldadılır, başına "börk" qoyulur. Gör dünyanın nə vaxtıdır ki, ticarət sövdələşmələrində hamıdan usta olan İran tacirləri Naxçıvandan suyu süzülə-süzülə gedir.

Birisi "cin bazarı"ndan BK-1500 markalı kondisioner alıb aparırmış. Həmşərilərinə tərif eləyib ki, qiyamət şeydir, isti-soyuq hava verir, su qiymətinə aldım. Özü də yoxlayıb. Ön tərəfi soyuq püləyir, arxa tərəfi isti. Bir çətinliyi var ki, qışda gərək arxa tərəfini otağın içinə çevirəsən.

Biri redaksiyamıza gəlmişdi, əlində möhürlənmiş sənədi. Bu sənədə görə bir ətək pulundan keçib şair dostundan Möminə Xatın məqbərəsini alıbmış. Diribaş naxçıvanlı məqbərənin ulu nənəsinə məxsus olduğunu, indi isə əli aşağı olduğundan satmaq istədiyini bildirib, şəninə şeir yazdığı Vətən oğlunu soğan qabığı kimi soyaraq aradan çıxıb.

O taylı soydaşımız "Böyük bağ"da gəzərkən təbii ehtiyacı yaranır. Özünü ora-bura vurub ayaqyolu axtarır. Bağda ayaqyolu nə gəzir, odur ki, özünü verir kolların arasına. İşin şirin yerində bağın gözətçisi kəsir başının üstünü:

- Gədə, ekologiyamızı korlayan az idi, sən də bir tərəfdən? Bu saat gedəcəyik şöbəyə.

Şöbə adını eşidən qonaq yalvar-yaxar eləyir ki, məni çevir balalarının başına, şöbəyə aparma. Əvəzində nə deyirsən göz üstə.

Gözətçi insaflı adammış, beş-on manat alır ki, günortadı, gedib yeməkxanada nahar eləsin. Elə ki, kefi kök halda bir azca aralanır, qonaq arxadan səsləyir: - Əmoğlu, soruşmaq ayıb olmasın, mən bu kolluğun dalında o işi görməsəydim, sən naharda nə yeyəcəkdin?

O taylı qoçaq soydaşlarımızdan biri isə gedib Moskvaya çıxır. İki-üç aydan sonra qayıdır vətənə. Eşidən-bilən yığışır başına, orada nə iş gördüyü ilə maraqlanırlar. Soydaşımızdı axı, - bezrabotnuydum, - deyə cavab verir. Yəni baxın-görün rusca necə öyrənmişəm.

Qohum-qəblə məzəmmət edir:

-  Ay sarsaq, adam da elə işi qoyub üstümüzə gələr?

Birisi isə kisədə elektrik lampaları aparırmış, İran Culfasında gömrük işçisi kisəni təpikləyərək soruşub:

- Bu vəsail nəmənədi?

- Bir təpik də vursan heç nə.

Həmin gömrük işçisi danışır ki, şurəvidən birisi kardon qutuda quş gətirirmiş, boğulmasın deyə qutuda deşik açıbmış. Bir də gördüm ki, quş deşikdən başını çıxarıb baxır. Soruşdum ki, bu nədir, dedi bayquş. Dedim ədə, filan-filan şüdə, məgər İranda bayquş az idi ki, birini də sən gətirmisən?

Digəri isə köhnə "Zil-131" markalı yük maşınının dirsəkli valını satmağa aparırmış. İki-üç nəfər ona kömək edib yükü İran gömrüyünə qədər sürükləyir. Gömrükçülər onun nə olduğunu anlamadıqları üçün anbara vurmaq istəyirlər. Lakin yük ağır olduğundan onu qaldıracaq adam tapılmır. Bizim müsafir arada yaranmış nəzarətsizlikdən istifadə edərək yükü dik götürərək aradan çıxır. Malı satmaq istəyi ona iki yüz kiloqramlıq yükü qaldırmağa imkan verir. Heyf ki, azçəkili bu adamın ağırlıqqaldırmada dünya rekordu təzələməyindən İran gömrükçülərindən başqa kimsə xəbər tutmur.

Naxçıvanlı dərzi Təbrizdə sap almaq istəyirmiş. Girir bir dükana:

- Ağa, yorulmayasız, sap almaq istəyirəm.

- Sap nəmənədi, oğlan?

Dərzi başlayır sapın əlamətlərini saymağa. Saydıqca dükançı soruşur:

- Deşik nəmənə deşikdi?

- İynənin deşiyi, sapı oradan keçirib paltar tikərlər.

- Hə, denən qərqərə də, yoxsa nə sap-map salmısan? Qərqərə o yandakı ikinci dükanda satılır.

Dərzi həmin dükana gəlir:

- Ağa, yorulmayasız, sizdə qərqərə var?

- Qərqərə nəmənədi, oğlan?

Birinci dükanda başına gələn burda da başına gəlir. Nəhayət satıcı soruşur:

- Bəlkə sap istəyirsən?

- Hə, hə sap...

- Denən sap də, yoxsa nə qərqərə salmısan?

Təbrizdə beləcə məsxərəçilik də var.

Yol gedirdik. Mənzil başına çatanda təbrizli dostum şoferə dedi:

- Ağa, lütf edib maşını körpünün yanında saxlasan, məmnun olaram.

Sürücü maşını saxladı. Dostum yol pulunu verib dedi:

- Ağa, əllərin ağrımasın!

- Ağa, lütf etdiniz!

Bu dialoqu Naxçıvanda - işdən taksi ilə evə gedərkən xatırladım. Sürücü indicə maşının təmirini qurtarmışdı deynən, heç üst-başının tozunu da çırpmamışdı. Tüklü sir-sifətindən gözləri işarırdı. Yolboyu hardasa bizon açarını itirdiyindən danışırdı. Mənzil başına çatanda eynən təbrizli dostum kimi dedim:

- Usta, lütf edib maşını bazarın yanında saxlasan məmnun olaram.

Sükan az qala sürücünün əlindən çıxdı, maşın səkkiz yaza-yaza bir təhər dayandı. Dönüb tərs-tərs mənə baxdı:

- Məllim, nə dedin?

- Nə deyəcəm, dedim ki, maşını saxla.

- Denən yenirəm da... yoxsa nə lütfbazarlıqdır, məni ələ salmısan?

O dedi ki, mənə indiyədək "dur" deyiblər, "dayan" deyiblər, bir sözlə, əmr ediblər. İndi bizon açarını itirdiyi vaxt birdən-birə...

Lütf edin, ağalar! Biz o taylı elimizlə bir xalqıq, bir soya mənsubuq. Biz bir olanda güclüyük, ayrılıqda isə...

 Ayrılıqda bizim Dağlıq Qarabağ dərdimiz var. Belə bir vaxtda hər birimiz üçün müqəddəs olan Vətən, Millət sevgisini alverə, ticarətə çevirməyin!

Lütf edin, ağalar!

"TƏBRİZ": MEHMANXANA, YA DÜŞMƏNXANA?

Bu günlər (90-cı illər) o taylı, bu taylı soydaşlarımız yetmiş illik ayrılığın acısını çıxararaq qarşılıqlı səfərlər edir, sorağında olduğu qohum-əqrabasına qovuşur, kəndləri, şəhərləri gəzir, görməli yerlərlə tanış olurlar. Naxçıvana gələn qonaqlar əsasən şəhərin mərkəzindəki "Təbriz" mehmanxanasında yerləşirlər.

Bu otel memarlıq baxımından şəhərin ən gözəl binalarından biridir. Keçən onilliyin quruculuq ünvanları sırasında mehmanxana öz möhtəşəmliyi ilə seçilir. Ona "Təbriz" adının qoyulması da bir çox mətləblərdən xəbər verir. Əvvəllər xidmət müəssisəsi səliqə-sahmanı, kommunal şəraiti ilə heç də Avropa standartlarından geri qalmayıb. Otel yaxın-uzaq ünvanlardan gələn qonaqlarda həmişə xoş təəssüratlar yaradıb.

Lakin son illər laqeydlik və baxımsızlıq ucbatından bu xidmət müəssisəsində çoxlu problemlər ortaya çıxıb. İsti su bir tərəfə qalsın, soyuq su saatlarla, bəzən günlərlə kəsilir. Nəticədə yaranmış vəziyyətin şərhinə ehtiyac varmı? Qonaqlar narazı halda tez-tez soruşur: bura mehmanxanadı, ya düşmənxana? Otaqlarda, sanitar-texniki qurğularda antisanitariya hökm sürür, iaşə xidməti yoxdur və s. Bütün bunların müqabilində isə müsafirlər bir gün üçün 20 manat ödəməli olurlar. Ümumiyyətlə, mehmanxanada yaranmış vəziyyət təcili tədbirlər görülməsini tələb edir.

Yaxşı ki, xalqımıza məxsus yüksək milli-mənəvi dəyərlər var. Bu dəyərlərdən biri də qonaqpərvərlikdir. Otelə gələn o taylı soydaşlarımız evlərə qonaq dəvət edilir, qarşılıqlı mehribançılıq, gediş-gəliş yaranır. Lakin etiraf edək ki, indi qonaq qabağına çıxmaq hər oğulun işi deyil. Sosial-iqtisadi çətinliklər, ərzağın talonla satıldığı bir dövrdə qonaq qəbul etmək hünər sayılmalıdır. Vay odur ki, qonaq da üzlü ola, ev sahibinin qonaqpərvərliyindən sui-istifadə edərək onun acı xəmrəsini kəsə. Necə ki, tamaşaçılarımızdan birinin başına gəlib və məşhur çex satiriki Yaroslav Qaşekin qələmə aldığı əhvalat onun yanında toya getməlidir.

AXIRINCI XORUZ

Günlərin bir günündə Seyyid Məşədi İbadulla Rza müəllimin evinə qonaq gəldi. Tək özü deyildi, özünün üç, qızının dörd ailə üzvünü nəzərə almasaq, qudasının doxsan yaşlı anası da onunla idi. Ev yiyəsi qonaqların rahatlığından ötrü əlindən gələni əsirgəmirdi.

Bu minval ilə bir həftə keçəndən sonra Rza müəllimin ömür-gün yoldaşı ərinə dedi:

- Göydə Allahdı, yerdə sən, ey mənim əziz ərim! Qonaqlardan yaxamızı qurtarmağın vaxtı çatmayıbmı? Bu zalımların hərəsi bir oturuma üç nəfərin yeməyini yeyir, bir azdan evimizdə heç nə qalmayacaq.

- Yox, belə yaramaz, - deyə Rza müəllim dərdli-dərdli cavab verdi, - Allahın mömin bəndələrini evdən qovmaq olmaz, şəhərdə rüsvay-caiz olarıq.

Həmin minval ilə ikinci həftə də ötüb keçəndən, soyuducu, ərzaq şkafları boşalandan, həyətdəki bibər, badımcan, pomidor və xiyar kollarının qorası da tükənəndən sonra Rza müəllimin arvadı yenə öz ərinə müraciət etdi:

 

Hüseyn ƏSGƏROV

Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

metbuat1950@box.az

 

525-ci qəzet.- 2019.- 21 dekabr.- S.18-19.