Beş il Nurəngiz Günsüz

 

 

Bu dünyaya təşrif buyuran hər kəs bir yolçudur əslində. Çünki bu dünya beşikdən məzara uzanan yoldur. Adına ömür yolu deyərik. Hər addımımızda bu yolun bir azını da keçmiş, son ünvanımıza bir az da yaxınlaşmış oluruq. Kimi tələsir, yolu kəsə gedib daha tez çatır ünvana, kimi də ləngimək üçün nə lazımdırsa edir. Amma gec-tez hər kəs yolun sonuna çatır.

1938-ci ilin 21 sentyabrında Azərbaycanın paytaxtında, Bakının dar küçələrinin birindəki evdən bir balaca qız çıxdı ömür yoluna. Gözəlliyi, işvəsi, ədası, ağlı, təmkini, nuruyla yolunun üzərində Günəş kimi addımlamağa başladı. O yol Tibb Məktəbini, Mədəniyyət və İncəsənət Universitetini gördü, Azərbaycan Dövlət Televiziyasından keçdi, Azərbaycan Yazıçılar Birliyinə baş çəkdi... Hamar olmadı, asan başa gəlmədi bu yolun yolçusu olmaq. Yordu öz yolçusunu bu yol. Gah daşa-kəsəyə tuş etdi, gah tikanlar, qanqallarla qarşılaşdırdı. Yağışını yağdırdı zaman-zaman, yoluna səpdiyi xəzanla qəlbinə dərd verdi, qarında üşütdü, istisində yandırdı... Amma yorulmadı yolçu, yolunu tərk etməyi, ya da ünvanına kəsə yolla çatmağı heç düşünmədi. Hər şeyə sinə gərdi, qətiyyətlə, vüqarla addımladı bu yolda. Bəzən addımlamaq yetmədi, qanad açdı, uçdu, daxilindəki azadlığı səmanın ənginliklərində süzdürdü. Yorulub taqətdən düşəndə isə sözə tapındı, qələmin ətəyindən tutub qalxdı, yorğunluğunu, giley-güzarını, sevincini, qəmini, xoşbəxtliyini, məyusluğunu, qəzəbini, fərəhini vərəqlərə tökdü. Gözünün yaşıyla suvardı yolundakı torpağı. Daşda çiçək, qayada gül bitirdi. Daxilində baş qaldıran bütün hisslər bircə-bircə şeirə bürünüb səpələndi yolunun üstünə. Səpələndi ki, özündən sonrakılara bir iz, bir mayak olsun:

Saçlarımda rüzgarım, ruhumda ana laylası,

Başımda məğlub eşqim...

Yol gedirəm, sinəm qaralanadək.

Önümdə silsilə dağlar, sərt qayalar, soyuq dəniz,

Qərib canla, bu tək cana, qürub çağı

Yol gedirəm, öləziyib saralanadək.

Arxamda sarp enişlər, çiynimdə Günəş tayası,

Ağuşumda Jaləm və titrəyişim,

Yol gedirəm, yol olanadək.

Adını nurdan, nurunu gündən alan Nurəngiz Günün yoludur bu yol. Asanıyla çətiniylə, yaxşısıyla pisiylə, dərdiylə xoşbəxtliyi ilə Azərbaycan poeziyasına öz adını qızıl hərflərlə yazdıran bir azad qadının yolu. O, öz yolunu getdi, özü yol olanadək... Və beş il öncə yolun sonuna gəlib bu şərəfli səfərini tamamladı. Amma sönmədi, itmədi, yoxa çıxmadı, unudulmadı. Bir Günəş kimi yolunun üzərində parlamağa davam etdi. Səfəri boyunca yola səpələdiyi hər misrası onun izinə çevrilib Nurəngiz Gün imzasını yaşatmağa davam etdi. Və bu gün təkcə yazdığı şeirlərlə deyil, xanımlığıyla, cəsarətiylə, vüqarıyla, qəlbində daşıdığı sevgisiylə, mərhəmətiylə nəinki özündən sonrakı gənc xanım şairlərə, ümumiyyətlə, yolu ədəbiyyatdan keçən, sözə pənah gətirən bütün gənclərə bir yol oldu.

***

"İstəmirəm nə qışqırıq, nə səda"- deyirdi Nurəngiz Gün. Ömrü də şeirləri kimi pıçıltıya bənzədi. Demədiklərini, deyə bilmədiklərini, demək istəmədiklərini ya gözlərindəki Günəş dilləndirdi, ya əlindəki qələm. Dili gözlərinə də, əllərinə də yenildi. Necə ki, o gözlər gözəlliyi, o əllər yazdığı şeirləriylə çoxlarını lal etmişdi.

Nurəngiz Gün poeziyası modern Azərbaycan şeirinin ən gözəl nümunələrindən biridir. O, daxilindəki sərbəstliyi şeirlərinə, yaradıcılığına da gətirə bilmişdi. Vurğunu olduğu dünyaca məşhur türk şairi Nazim Hikmətin üslubunu müasir ədəbiyyatımızda davam etdirərək öz dəst-xəttini yaratmağı bacarmışdı. Bu modernlik təkcə üslubda, formada deyil, həm də məzmunda idi. O, elə ilk şeirlərindən öz həqiqətini yaratdı və bütün yaradıcılığı boyunca bu həqiqətinə sadiq qaldı:

 

- Bibi, anam deyir bibin gicdi.

- Düzdü, düzdü...

- Deyir yüz il diktor işlədi, adı dəftərə düşmədi.

- Olan işdi.

- Bibi, adamların quyruğu var?

- Necə bəyəm?

- Deyir sünnüdü sənin bibin.

Deyir qapıçıya salam verdi, süpürgəçiyə sovqat,

Sədri-mədri saymadı. Deyir, işin çəmin bilməyir,

İndi çıxıb eyvana, qumruları yemləyir.

- Məni çox istəyir, onunçün hirslənir anan.

Onun qəlbi şüşədi. Başa düşər,

De ki, bibim deyir, əyilmək zor peşədi!

Ətrafında gördüyü hər şey, canlı, cansız bütün nəsnələr onun üçün bir şeir, əsər obyekti idi. O, toxunduğu hər şeyi obrazlaşdırmağı bacarırdı. Özündən əvvəlki şeir üslubundan imtina etdiyi kimi, əvvəlki obyektlərdən, obrazlardan da imtina etmişdi. Günəşi yaradıcılığının bayrağına çevirən şair o günəşin nurunu qələminin köməyilə ətrafındakı hər şey, hər kəs arasında bərabər, ədalətli şəkildə paylayır.

Nurəngiz Günün şeirlərindən bir eşq qoxusu, məhəbbət ətri gəlir. Ən sərt misralarında, ən çox gileyləndiyi şeirində belə o eşq gizli-gizli təqib edir sanki qələmini. Qınayan olmasa, eşqi özünə qələm edib deyərdim. Amma bu eşq bizim bildiyimiz bütün eşqlərdən daha yüksək, daha əzəmətli, daha ülvidir, əbədidir. Çünki bu eşq kövrək şair qəlbinin bütün insanlara duyduğu eşqdir. O, dünyanı da məhz insanlarına görə sevir. Şair üçün fərqi yoxdur o insan yaxşıdır, yoxsa pis. Əsas odur insandır:

İnsandır şeirimin

ilki və qurtaracağı.

İnsanlarsız nə dəniz, nə sahil, nə qaya?

İnsanlarsız nəyə lazımsan, dünya?

Amma Nurəngiz Günün bu ümman sevgisi belə təklikdən xilas edə bilmir onu. "Aman allah, dünya məndən xəbərsiz" deyib təlaş edən şair yavaş-yavaş insanlardan uzaqlaşır, "İnsanla dolu dünyada, Yavaş-yavaş adət edib, daş-divara alışır...", tənhalıq küncündə qələm-vərəqinə sarılıb söz dəryasından incilər toplayır. Ümidsizliyinin son həddində isə bəzən "Allah, neyçün yarandım?" sualından da qalmır. Bəs nə idi onu bu qədər ümidsiz edən, insanlardan, dünyadan soyudan? Cavabı yenə də şeirlərində axtarırıq. Və Nurəngiz Gün deyir ki:

 

Açılıb uzanan

hər sap düzümü ömür deyilmiş,

ömrün hər dözümü ömür deyilmiş!

Bağışla!

Aldandıq, aldatdıq,

nələrdən döndük,

nələrdə yanıban,

nələrdə söndük.

Bilməzdim bu qədər

üzü dönükdük!

Bağışla!

Pisi əzizləyib, yaxşını atdıq,

Olub ki, bəzən xeyrə şər qatdıq,

Beləcə sivişib ömür uçdu ki!

Ömür quşdu ki!

Sevdalı yolları unutmuşuq ki!

Bir kövrək çiçəyi qurutmuşuq ki!

Bağışla!

Bəzən isə bu üsyankarlığı özünü də diksindirir. Axı həyat dolu, sevgi dolu idi Nurəngiz Gün. Axı onun adındakı nura, günə yaraşmazdı solmaq, sönmək, ümidsizləşmək. Yenə də ünvanı çox sevdiyi, şeirlərində tez-tez müraciət etdiyi, söhbətləşdiyi Tanrısı olur, yenə də ona əl açır:

Tanrım, bağışla məni,

dünya çıxıb yadımdan.

Heç bilmirəm səma harda, yer harda?

İnsanlar hardadır, mən harda?

***

Nurəngiz Gün şeiriyyatını romantik poeziya adlandırsaq, yanılmış olarıq. O, bir insan kimi, bir qadın kimi nə qədər romantik idisə, poeziyasında bir o qədər realist şair idi. Bir çox şeirlərində eşq, məhəbbət, saf, ülvi duyğular əks olunsa da, şair poeziyasını bu duyğularla çox da məşğul etmir. Onu cəmiyyətin, xalqın, dövlətin problemləri daha çox düşündürür. İki üzlü, mənfəətpərəst, lovğa, zalım insanlar, daha çox isə bu cür məmurlar onun gözünün bir nömrəli düşmənidir. Az qala hər addımda bu cür insanların olduğu və hətta yüksək vəzifələr tutduğu zamanda şair də qələmi vasitəsiylə onları ifşa edir. Daxili azadlığı, cəsarəti, vüqarı ona bu şəraiti yaradır. O, bütün yaradıcılığı boyu haqsızlıq qarşısında əyilmir, yalana, riyakarlığa, saxtakarlığa göz yummur. Onun bu etirazı pafosdan, yalançı hay-küydən də çox uzaqdır. O, ən səmimi hissləriylə lazımi məqamlarda gerçəyi, həqiqəti deməyi bacarır:

 

Toxunur qəlbimə

Kələkötür bir nadan -

Mən gülürəm,

Gülməyi öyrənmişəm binadan, lap olanı anadan -

Mən gülürəm.

Tanıyası olası: Ördəyi, qazı, qutanı,

Yaxud, ayıra bildiyimdən

birini digərindən

Yəni cini, şeytanı, bir də bu moltanını -

Mən gülürəm...

Tüklərimdir ürpəşən,

Baba,

Büsbütün ruh və bədəndir titrəşən,

çarəsizəm...

Hönkürüb ağlayıram -

gözümü bağlayıram -

Mən gülürəm...

Vətən dərdi, Qarabağ ağrısı onu ən çox göynədən yara idi. Təkcə "Xocalı simfoniyası" onun bu dərdi qəlbinin ən dərinliklərində hər an, hər saniyə yaşadığının ən bariz nümunəsidir.

"Mən ədəbiyyat üzünə, oxucu üzünə utanmadan gəlmişəm. Hər sətiri yazanda bir Allah bilir ki, ürəyimdən nələr süzülürdü... Mən hamını, ən çox da Vətənimi xoşbəxt görmək istəyirəm", - deyən şairin işğal olunmuş torpaqların həsrətiylə ağaran saçları, ağlamaqdan qan çanağına dönən gözləri və əlbəttə, susmayan qələmi səmimiyyətini təcəssüm edirdi:

 

Səni ta qədimdən tanıyıram,

Vətən!

Səni qədəmindən tanıyıram.

Daş-torpağın bəlli mənə,

Göylərin təsəlli mənə...

Ömür yolun nə göynəmli!

İtib getmiş bir qarışına da

göynəməli.

Amma o, bu dərdin qarşısında da ağlamır, sızlamır. Mərdliklə, vüqarla, qorxmazlıqla xalqını kölə edənlərdən hesab sorur, onları ədalətə səsləyir. Hələ 1985-ci ildə yazdığı şeiri oxuyarkən bir qadının zərif, kövrək varlığında bu qədər böyük cəsarət bəsləməsinə heyrətlənməyə bilmirsən. O, tez-tez xalqının oğullarına səslənir, onları haqsızlıq qarşısında susmamağa çağırır. Çünki ölkənin nicatının məhz susmamaqda, etirazda, boyun əyməməkdə olduğunu görür. Nurəngiz Gün və onun kimi şairlərin yazdığı bu cür şeirlərdir ki, cəmi bir neçə il sonra xalqın müstəqillik tələbiylə meydanlara axışmasına və nəticədə Azərbaycanın azadlığa qovuşmasına gətirib çıxartdı:

 

Ey, siz! Səsimizi boğub, beynimizi gicəllədənlər!

Axı sizi kim doğmuş?

Bu torpağın üstünə sizləri kim doldurmuş?

Ürəyiniz varmı görən? Nə varsa tapdamısız!

Siz "Vətən!" sözüylə alver etmisiz,

Vətən göynəmini hardan biləsiz,

Vətən kölgəsində kölgələnmisiz! -

Küpləriniz yer altında təngnəfəs.

Vəzifəniz sinənizə canlı qəfəs;

Dirçəlməli. Dirçəlməli! Siqlətlərdən dirçəlməli,

"haqq", "ədalət" və "doğru"muz!

Ehehehey!.. Qərib düşüb, qərib gəzib itən oğullar!

Ehehehey!.. Qapılar dalında pörtən oğullar!..

A dədə-oğullar, Vətən-oğullar! Gəlin, gəlin!

Gəlin, gəlin! Gec deyil hələ. Verək əl-ələ,

Sökülməli, dağılmalı, hərrac olmalı bu tələ!!!

***

Akademik İsa Həbibbəylinin Nurəngiz Gün haqqındakı fikirləri özünün orijinallığı və şairə yaraşan kövrəkliyi ilə diqqətimi cəlb elədi: "Məlum olduğu kimi, bənövşə çiçəyi boynu bükük olsa da, həmişə günəşə tərəf boylanır. Mən Nurəngiz Günün yaradıcılığını günəşə boylanan bənövşə çiçəyinə bənzədərdim. Çünki onun şeirlərində kifayət qədər günəş işığı və günəş obrazları vardır. Nurəngiz Günün yaradıcılığındakı günəş işığı altındakı bu bənövşə rəngi Azərbaycanın müstəqilliyinin palitrasını, çoxrəngliyini, poetik bir qammasını çox dolğun şəkildə ifadə edir".

... Günəşim! Tez-tez röyalarımdasan!

Bir dəfə də xəyalımda

səninlə öpüşəndə,

qucaqlaşıb demişdim:

Məhvəşim! Atəşim! Sahib dur!..

Məşum toxunur hər şey.

Çək məni, apar məni.

Apar, apar!..

Yerdə mənə yaman soyuqdur, Günəş!

Düz beş il öncənin 20 dekabrında röyalarının, xəyallarının, arzularının, ümidlərinin, qəlbinin günəşi onu Yerin soyuğundan xilas etdi, çəkib öz qoynuna apardı. Necə ki, özü demişdi...

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 21 dekabr.- S.16.